“Veysəloğlu” jurnalistlərə rüşvəti necə verir-TAM CİDDİ

“Veysəloğlu” deyə bir şirkət var. Bu şirkət ölkədə konfet-şokolad satışı ilə məşğul olur. Ölkəmizdə davam edən media “azadlığı” “Veysəloğlu” şirkətini də həvəsləndirib. İndi hamı kimi bu şirkət də əlini cibinə atıb, medianın bəzi problemlərini həll etməyə qərar verib. Bu sahədə daha irəli gedən qardaş qurumlarından nümunə götürüb. KİVDF adlı qurum pul və ev paylayır, amma bunların müqabilində jurnalist heç bir halda aldıqlarının müqabilində tənqid yaza bilmir. Hətta hansı jurnalistin hansı toplantıya qatılacağına və nə danışacağına da KİVDF-dəki mətbuat bossları qərar verir. Onlar jurnalistləri aldıqları evlərin əllərindən alınacağı ilə hədələyirlər. Çünki artıq iş həll olunub. Onlara elə gəlir ki, ev alan jurnalist, hər ay icra hakimiyyətlərindən qonorar və hədiyyə alan qələm tutan daha tərs bir şey yazmayacaq.

İndi bizim Aşıq Veysəlin nəvələri də bu yola qədəm qoyublar. Onlar da başıbəlalı milli mətbuatımızın yaranmasının növbəti illiyi münasibəti ilə başqa bir fənd tapıblar. Jurnalistlərə yeni növ rüşvət veriblər. Əla fikirdir. Bu il Şamaxı və İsmayıllıdır, gələn il Qəbələ və Şəki olar. Sonra daha uzaqlara gedərlər.

Beləcə, “Veysəloğlu” şirkəti daha bir il medianın bir hissəsindən başını bağlamış hesab oluna bilər. Nə də olsa, bu mətbuat orqanları ondan yazmayacaqlar. Onlar da rahat şokolad alverlərində olacaqlar. “Veysəloğlu”nun bu əməlini yaymaq və təbliğ etmək lazımdır. Qoy bütün şirkətlər onların etdiyi kimi jurnalistləri yaylaqlara aparsınlar. Məsələn, “Koroğlu” adlı bir konfet şirkəti daha vardı, harada qalıb görəsən. Ona da xəbər salmaq lazımdır, qalan jurnalistləri də onlar aparsınlar – Göygölə-zada. Bir dondurma şirkəti vardı o zamanlar. Fırıldaq-fırıldaq dondurmalar istehsal edirdilər. Onları da bu nəcib işə səsləmək lazımdır. 142 illikdə onlar da əllərini ciblərinə salsınlar. JEK-lərə, İcra Hakimiyyətlərinə də demək olar. Qoy onlar da əllərini daşın altına qoysunlar. 143-cü illiyə hazırlaşsınlar – heç olmasa…

Prezident Administrasiyası, Mətbuat Şurası və KİVDF onlara yardımçı ola bilər. Siyahı onlarda var. Əsas siyahı bahadır, o işə KİVDF baxır, amma 2-ci, 3-cü dərəcəli siyahılar var ki, “Veysəloğlu” kimi konfet şirkətlərinin etdiklərini onlar da edə bilər.

Gorun çatlasın, Həsən bəy Zərdabi, nəvələrini şokolad şirkətləri istirahət adlı rüşvətlə susdurmaq istəyirlər. Gör, qurduğun, yaratdığın jurnalistika kimlərin ümidinə qaldı – konfet satanların. Onlar indi söz bazarına girib söz ticarətinə başlayıblar.

Sən də Aşıq Veysəl, deyəsən, rahat yata bilmirsən. Aşıq adamsan, gör adını nələrə alət edir “Veysəloğlu”!

“Veysəloğlu” şirkətinə mediaya dəstəyinə və qayğısına görə təşəkkür edirik. Şokoladlarınız yaxşı satılsın…

Kərbəlayi Dedeşe

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button