Vicdan məhbusu Hilal Məmmədovun Bəyanatı

 

09.01.2013

Azərbaycan Respublikası DİN və Baş Prokurorluğu tərəfindən tərtib edilən qondarma “cinayət işi” və “istintaqının yekunu ilə bağlı” siyasi (vicdan) məhbusu Hilal Məmmədovun Bəyanatı

Məlum olduğu kimi, 21 iyun 2012-ci  tarixdə saat 12:00 – 13:00 radələrində yaşadığım binanın qarşısında 6-7 nəfər idmançı görkəmli şəxslərin (sonralar DİN Baş Narkotiklərıə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları olduğu bəlli olan) vəhşicəsinə hücumuna məruz qalıb, əllərim qandallanaraq, zorla bir avtomobilə mindirilmiş və digər bir avtomobilin müşaiyəti ilə BNMİ-nə aparılmışam. Orada və sonra evimizdə (18:00-19:00) aparılan qeyri-qanuni axtarışlar zamanı, guya ciblərimdən, ümumlikdə çəkisi təxminən 35 q. olan narkotik (geroin) vasitə aşkarlanaraq götürülmüş və barəmdə AR CM 234.4.3 maddəsiylə cinayət işinin istintaqına başlanılmışdır. 03 iyul 2012-ci il tarixində isə ünvanıma daha iki ağır maddə – 274 (dövlətə xəyanət) və 283.2.2 (milli-dini ayrıseçkilik salma) ilə ittiham elan edilərək, iş Nizami rayon Pİ-dən AR Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilmişdir.

İstintaqın yenicə başlanmasına baxmayaraq, 04 iyul 2012-ci il tarixində Azərbaycan Respuplikası DİN  və  Azərbaycan Respuplikası Baş Prokurorluğu birgə bəyanat yayaraq, orada məni artıq cinayəti sübut olunmuş şəxs kimi təqdim edib, əvvəlcədən istintaqın istiqaməti və məzmunu barədə öz mövqelərini  ortaya qoymaqla təqsirsizlik prezumpsiyası hüququmu kobud şəkildə pozmuşdur.

Bu barədə Səbail rayon məhkəməsinə, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə DİN və Baş Prokurorluğa qarşı iddia ərizəsiylə müraciət etsək də müvafiq qərarlarla rədd cavabını alıb, Bakı Apellyasiya Məhkəməsinə müraciət etdik. Oradan da müsbət nəticə almayıb, Avropa Məhkəməsinə  şikayətimizi hazırlamışıq.

İlkin həbsim zamanı aldığım işgəncə ilə bağlı digər şikayətimə də müvafiq məhkəmələrdə müsbət cavab verilmədiyindən, Avropa Məhkəməsinə müraciət etməli olmuşam.

Barəmdə qaldırılan bu  saxta cinayət işi ilə bağlı Baş Prokurorluğun, DİN və MTN-nin 8 nəfər əməkdaşından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, 6 ay ərzində 8 cilddən ibarət qondarma bir iş qurulub-yekunlaşdırılaraq, nəhayət ki, 20 dekabr 2012-də Bakı Ağır Cinayət İşləri üzrə Məhkəməyə göndərildi. Əgər Əlikram Hümbətov, Səid Dadaşbəyli, Novruzəli Məmmədovla bağlı köhnə “iş”lərin sürətlərini istisna etsək, barəmdə toplana biləcək 2 cildlik material narkotiklə bağlı “əməliyyatlar”; məqalə və çıxışlarım; barəmdəki xoş müraciət və tələblər; və əsas olaraq Elman Quliyev adlı, 6 ilə yaxın müddətdə 7 saylı CCM-də cəza çəkən, əvvəllər KQB-MTN sistemində işləyən, və sonralar ruhi-xəstə  olan bir zavallının “zon”dan barəmdəki “zəhmətkeş”, “ şikayət ərizələri”dən ibarətdir.

Əslində, bu qondarma cinayət işi və yuxarıda qeyd olunan – DİN və Respublika  Prokurorluğunun birgə bəyanatı bu xəstənin həbsimdən 2 gün öncə hazırladığı şikayət ərizəsi və professor Novruzəli Məmmədova qarşı irəli sürülən bəzi iddiaların əlavəsi əsasında qurulmuşdur. Beləliklə, həbsimlə bağlı DİN və Baş Prokurorluğa verilən “sifariş” 6  ilə yaxın məhkum həyatını yaşayan bir xəstə və “üzdəniraq” kimi tanınan bədbəxtin “əliylə” həyata keçirilmişdir. Ən yüksək hakimiyyət orqanları səviyyəsində mənə qarşı təşkil olunmuş bu qərəzli prosesin bəzi motivlərini bildirməyi vacib sayiram: Rusiyada “BUM” yaradan “Ты кто такой, давай, до свидания” video-rolikimizin youtube saytında yayımlanmasından sonra, Bakıya gələn NTV cəkiliş qrupu ilə 12 iyunda Bakıda, 13 iyunda Astarada, 14 iyunda NTV jurnalistiylə birgə ATV kanalinda çıxışım və  17 iyinda isə NTV-dəki müsahibəmiz hakimiyyətdə kimlərinsə qısqanclıq və qəzəb hisslərinə səbəb olduğundan, DİN və Prokurorluğa həbsim barədə sifariş verilmişdir. 19  iyunda hüquq-mühafizə orqanlarının nümayəndələri (bu barədə məhkəmədə bildiriləcək) 7 saylı CCM-nə  gedib həmin xəstəyə DİN-nə ( Ramil Usubova) ünvanlanmış ərizə yazdırıb ki, guya, biz 2006-cı ildə bir cayxanada (hərçənd ki, 2008-ci ildə mənlə heç vaxt görüşmədiyini məhkəmədə bildirib), bir neçə nəfərin yanında ona etiraf etmişəm ki, “İran Xüsusi Xidmət Orqanları  bizə pul və narkotika verir ki, bunu talış probleminin həllinə sərf etməklə dövlətə zərbə vuraq və i.a.”

Bu ərizə dərhal 7 saylı CCM-min rəisinin müsayiətedici məktubuyla elə həmin gün də təcili olaraq DİN-ə daxil olur, nazir Ramil Usubov dərhal bunu  BNMİ-nə göndərir, 21 iyunda BNMİ rəisi dərhal “Hilal” adlı şəxsin tapılıb ifşa edilməsi barədə sərəncam verir, 21 iyunda da həmin Elman Quliyevin 6 il əvvəlki informasiyası “təsdiq”olunur və “Hilal” adlı şəxs “ifşa” olunaraq həbs edilir.

25 iyunda yenə həmin “şəxslər” Elman Quliyevə baş çəkərək, bu dəfə Prokurorluğa  onun (“Hilal” adlı şəxsin) İran Xüsusi Xidmət Orqanlarına xidməti barədə daha ətraflı ərizə yazmağı “xahiş” edirlər. 26 iyunda artıq müstəntiq (işimi aparan) ona baş çəkir, geniş ifadə alır, 30 iyunda çəkiliş aparırlar. Elə həmin gün də  baş prokuror (DİN naziri kimi) barəmdə ciddi istintaq işinin aparılması məqsədiylə istintaq qrupunun yaradılmasını elan edir və s.

Doğrudur, bu “oyunda” MTN demək olar ki, iştirak etməsə də, vaxtı ilə (2007-də) mənim bir şahid kimi (prof.N.Məmmədovun işiylə bağlı) dindirilmə materiallarını və yuxarıda qeyd edilən S.Dadaşbəyli və N.Məmmədovun işinə aid olan surətlərini prokurorluğa təqdim edir.

Əslində həbsimin elə ilk I və II ayında da bu cildlər hazırlanır, Lənkərandan gələn 8-ci cilddə isə bir neçə şahidin dindirilməsi heç bir mahiyyət kəsb etmir…

Beləliklə, bu gün məhkəməyə göndərilən “cinayət” işində əsas şahidlər həmin Elman Quliyev və cibimə narkotika atan polislər və elə özlərinin də “hal şahidləridir”…

Yalnız ilkin həbsim zamanı, “ictimai-siyasi fəaliyyətimizlə bağlı olaraq cibimə narkotika atılmışdır” kimi və işgəncə ilə bağlı ifadələrimdən başqa, sonralar istintaqa ifadə verməkdən qətiyyətlə imtina etdim. 23 noyabr 2012-ci ildə son dindirilmə protokolunda rəsmən aşağıdakı qeydləri etmişəm: “İttiham AR dövlətçilik əleyhinə olan şəxslər tərəfindən, tam yalan, cəfəng iddialarla tərtib edildiyindən, bu kimi xalq və dövlət düşmənlərinə hər hansı formada ifadə verməkdən imtina edirəm. Başqa əlavəm yoxdur! İmza.”

Beləliklə, bir daha bəyan edirəm ki, DİN və Respublika Prokurorluğu onlara himəyadarlıq edən   mənbənin sifarişini yerinə yetirməklə  yeni cinayətlərə birgə  qol qoymuşlar.

Əgər bu  mənbə Bakı Ağır Cinayətlər Məhkəməsinə də  təsir edəcəksə, demək, məhkəmə prosesi tam ya qismən qapalı keçililəcək və bununla da hüquq-mühafizə orqanlarının yuxarıda qeyd olunan və digər “analoqsuz” cinayətlərinin ört-basdır edilməsinə cəhd ediləcək, nəticədə isə, mənim uzunmüddətli azadlıqdan məhrum edilməyim barədə son cinayətkar qərar veriləcəkdir. Lakin, hüquq-mühafizə  orqanlarından bütün bu kimi azğın özbaşınalıqlarına baxmayaraq, mən qətiyyən geri çəkilmək niyyətində deyiləm: belə ki, ölkəmizi bürümüş bu kimi amansız cinayətkarlığa qarşı mübarizəmi – Haqq və Ədalətin bərpası naminə bir vətəndaşlıq və vicdani borcum hesab edirəm. Əmin olmaq istərdim ki, istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə bütün digər haqqsevər qardaş və bacılarımız da bu missiyamda mənə bir daha böyük mənəvi dəstək olacaqlar…

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button