VİCDAN

melahet zeynalliBilmirəm, “cənnət”, “cəhənnəm” deyilən anlayışlar, onun arxasında real nəsə varmı? Amma mənə elə gəlir ki, cənnət də, cəhənnəm də hər bir insanın qəlbində, vicdanındadır. Allah insanı yaradarkən ona əməllərinin ölçü meyarı olan VİCDAN-ı verib. Yaşadığı həyatın fərqində olmayan insana “dur” deyib, onu dilləndirən VİCDAN haqq-hesabı qarışdırmır, çəki-düzənə haram qatmır, insana birbaşa yol göstərir – ya cənnətə, ya da cəhənnəmə. Heç insanı döyən, təpikləyən, yuxusunu ərşə çəkən VİCDAN görmüsünüzmü? Görmüsünüzmü ki, gözlə görünməyən bu VİCDAN insanı necə ağladır, necə ona əzab verir, necə bitirir, tükəndirir? Mən görmüşəm. Bir dəfə təsadüfən rastlaşdım belə bir hadisə ilə. Bir neçə il əvvəl oğul ilə gəlin birləşərək, qaynananı öldürmüşdü. Sonra da cəsədi kanalizasiya borularından birinə atmışdılar. İllər sonra hadisənin üstü açılmasa da, gəlin hüquq-mühafizə orqanlarına müraciət edərək, hadisəni olduğu kimi danışırdı. Danışırdı… Özü yox, vicdanı danışırdı, inildəyirdi, peşmançılıqdan qovrulurdu, göz yaşı sel kimi axırdı, “gecələr yata bilmirəm, ruhu məni qarabaqara izləyir” deyirdi. Vicdanı deyirdi, özü yox. Hüquq “Ana qatili” olan bu varlıqlara hansı cəzanı kəssə də, bu qadının sızlayan vicdanının kəsdiyi cəzadan ağır ola bilməzdi. Demirəm ki, Vicdanını illərlə susdurmağı bacaran insanlar yoxdur. Var. Özü də az deyil. Bacarıb. İllərlə ona bağıran, qışqıran, qarğayan, söyən, lənətləyən vicdanına birdəfəlik “SUS” deyib.

İnanmıram ki, insanın varlığı vicdanından qüvvətli olsun. Tanrı insanı ölçüsündə yaradıb – yaradanda, ona vicdan verəndə güc ölçüsünü də hesablayıb. Nə qədər “SUS” desələr də, özlərini laqeyid göstərsələr də ağır zamanlarında vicdanları başlarının üstünü kəsib, hesab sorub. Bir məmur var, əlilə şəkk eləyib, sonradan özünün qəzaya düşərək, əlil arabasına məhkum olduğunu görmüşəm. Bütün vəzifəsini, varidatını, hörmətini bir gündə itirən məmurlar görmüşəm. Dilində ayə, əməlində min günaha batan, haqqın yolunu bilərəkdən azan mollalar, dindarlar, hacılar, “kəbləyi”lər görmüşəm. Bilirlər günahları nədir, özlərilə, daha döğrusu, vicdanları ilə təkbətək danışmaqdan onlar da qaça bilməyiblər. Başlarını əlləri arasına alıb, “Allahım, mən harada səhv etdim”- deyə hayqırdıqları da olub. Yəqin vicdanları açıq qapıdan onlara bir şeyləri xatırladıb, günahlarının – cəhənnəmin ünvanını göstərib. Əminəm ki, şan-şöhrətə, saxta hörmət-izzətə əsir düşüb, xalqının milyonlarını yelə sovuran məmurlar da bir gün onun – VİCDAN-larının qarşısında hesab verəcəklər. Dünyanın düzəni elə qurulub. Heç kəs hesab vermədən, haramına halallıq almadan bu dünyadan köçmür.

Hacını xatırladım. Hacı Zeynalabidin Tağıyevi. Xeyirxah insanlar hər dövrlərdə az olublar. Sayla olublar. Onlar kimlərdənsə “təşəkkür” gözləməyiblər. Hər zaman əməlləri saleh olub, vicdanları ilə canbir olublar. Onunla sakit dolanıblar, sakit davranıblar. Vicdanları da onları mükafatsız qoymayıb, oxşayıb, rahatlıq verib, sevgi ilə yaşadıb. Ona görə real həyatda hansı durumda, vəziyyətdə yaşamasından asılı olmayaraq, insan yaşadıqlarının, etdiklərinin, bir sözlə, əməllərinin baiskarıdır. Öz əlindədir, istəyir yaxşı və xeyirxah yaşayıb, cənnəti bu dünyada qazansın, istəyir xəbis olsun, özünü bitirsin, tükəndirsin, cəhənnəminə yol açsın. Özü bilər.

İ.S. Sözüm vicdanı ilə canbir olanlaradır. Həyat hansı sınaqdan çıxarırsa, çıxarsın, onu ləkələməyin, incitməyin. Qoy sizi oxşasın, rahatlıq versin, gecələr yuxunuza cənnəti gətirsin. Mükafatını görəcəksiniz.

Əlaqəli məqalələr

2 şərh

  1. Məşur milyonçu Hacı Zeynalabdin Tağıyevin qızı SARA xanın Azərbaycana qayıdarkən gecə,
    milyonlarla atasının mülkləri olan saraylarda daldalanmağa icazə verilməyib. Ölənə qədər
    qəpik-qruşu ilə yaşadı. O, bizi xacalətdə qoyub getdi. Hanımız ona botclu qaldıq.
    O, bu xalqa onun dünəninə sabahına öyündüyümüz yeraltı- yerüstü sərvətinə gülə-gülə
    öldü. Əlində olmayan sərvətinin ucbatından həyatını da qura bilməyən tənha ölümüylə
    bizlərdən, alimlərimizdən, tarixcilərimizdən bir koma umacaqlı dövlətimizdən
    QİSASIN ALA BİLDİ RUHUNUN XƏTİRİNƏ DƏYMƏSƏ
    məni, bizləri xatırlatdığıma görə QƏZƏBİ TUTMASA və bu haqlı hikkədən sadə qəbir daşı çatlayıb sökülməsə

    ONA VƏ ATASINA ALLAH RƏHMƏT ELƏSİN DEYƏRDİM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button