Vidadi Zeynalovun icra başçısı-ARAŞDIRMA

Azad Mürsəliyev
Birinci yazı
“Hətta o şəxs ölkə prezidenti olsa belə, məmurlar onu da aldatmağı özlərinə rəva görə bilirlər”


ceyhun cəfərovQarşısındakı vətəndaşa olan ədalətsiz, harınlamış məmur mövqeyi mövcud durumda həmin şəxsi potensial narazıların sırasına qoşur. Bundan sonra nə baş verir? Bunun nəticəsi olaraq vətəndaşın hədəfi daha aşağı vəzifəli məmur deyil, ümumi, bütöv idarəetmə mexanizmi, hakimiyyət olur. İcra hakimlərinin vəzifə borcu əhalinin problemlərini dinləmək, həllinə nail olmaq, məsələlərin Prezident Administrasiyası səviyyəsinə qalxmasına imkan verməməkdir. Amma regionlarda bir sıra məmur ordusu var ki, sakinlərə qarşı etdikləri haqsızlıqlarla əhali arasında narazılıq yaradırlar. Ən kiçik şikayət də PA-ya ünvanlanır. Halbuki bir rayon və ya kənd sakinin sosial şikayəti rayon rəhbərliyi səviyyəsində həllini tapmalıdır. Baxmayaraq ki, icra başçılarını yerlərə təyin edilərkən onlara əhali ilə işləmək tapşırılır və bu, birinci prioritet məsələlərdən sayılır. Elə bu deyilənlərin təsdiqi olaraq bir neçə gün bundan öncə kütləvi informasiya vasitələrində, elektron portallarda və eləcə də internet resurslarında “Kürdəmirdə yeznə-qayın Prezidentə problem yaradır – FAKTLAR” başlıqlı məqalə də dərc olunmuşdur. Məqaləyə əsasən, Kürdəmir rayon İcra hakimiyyəti rəhbərliyi bu sarıdan dövlət başçısının tapşırıqlarına zidd fəaliyyətlə əhalidə narazılıq yaradır. Söhbət Kürdəmir rayon icra hakimi Ceyhun Cəfərovdan və onun rayona icra hakimi təyin olunduğu vaxtdan etibarən mətbuatda neqativ əməlləri ilə gündəmə gəlməsindən gedir. Ceyhun Cəfərov Kürdəmirə rəhbər vəzifəyə təyin edilmişdir ki, sakinləri narahat edən məsələlərə son qoysun. Ceyhun Cəfərov isə əksinə, mövcud problemləri böyütməkdə, həllini tapmamış məsələləri saxlamaqda davam etmişdir. Bu arxayınlıq isə onun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın Aparat rəhbəri, faktiki olaraq nazirlikdə Əli Abbasovdan sonra əsas söz sahibinə Vidadi Zeynalovla bağlıdır. İcra başçısının aparat rəhbərinun qaynı olması faktından istifadə edən Ceyhun Cəfərov rayonda şikayətləri qulaqardına vurur, insanları qəbul etmir, onları dinləmək istəmir. Məqaləyə görə, Vidadi Zeynalov Kürdəmir rayonunda 300 hektar dövlət torpağını uzunmüdətli icarəyə götürüb. Aparat rəhbəri qaynının icra başçısı təyinatı almasında mühüm “xidmətləri” olub. Onun uzun müddət ayrı-ayrı yüksək vəzifələrdə işlədiyi dövrlərdə Vidadi Zeynalova xeyli maddi dəstəkdə bulunduğu iddia olunur. Amma Vidadi Zeynalov Rabitə və Yüksək texnologiyalar Nazirliyində Aparat rəhbəri təyinatından və nazirlikdə Əli Abbasovun “qara qutusu” funksiyasını yerinə yetirdikdən sonra qayın-yeznə paytaxta müxtəlif obyektlər, torpaq sahələri almağa başladılar. Hazırda Ceyhun Cəfərovla Vidadi Zeynalovun Xətai rayonunda 25 mənzilləri, 8 obyektləri var. Bu mənzillər və obyektlər icarə kimi işləyir. Ceyhun Cəfərov Yasamal rayonunda icra başçısının müavini işlədiyi dövrlərdə Vidadi Zeynalov onun əli ilə adı çəkilən rayonda onlarla torpaq sahəsi, müxtəlif obyektlər ələ keçirmişdi. Elə həmin məqalədən görünür ki, Kürdəmir rayonunda götürülən torpaq sahəsində Vidadi Zeynalov qaynı ilə birlikdə böyük balıqçılıq gölləri yaratmaq fikrindədir. Bu iş üçün təxminən 1 milyon manata yaxın xərc çəkmək fikrindədirlər. Əvəzində isə ildə ən azı 250-300 ton balıq məhsulu götürməklə yaxşı qazanc əldə etmək iddiasındadırlar. Vidadi Zeynalovla Ceyhun Cəfərovun şərikli biznesi ilə bağlı bildirilir ki, icra başçısı ilə Aparat rəhbəri ölkə xaricində də müxtəlif biznes sahələri yaradıblar. İcra başçısı barəsində bu və mətbuata sızan digər məlumatlar onun barəsində tərəfimizdən qısa araşdırma aparmağımıza səbəb olmuşdur.
Aparılan araşdırmaların nəticəsi olaraq, məlum olmuşdur ki, Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. 1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləmiş, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-cı il iyunun 19-dan 2011-ci il martın 3-dək Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-ci il martın 3-dən 2014-cü il aprelin 16-dək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. 2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
Vidadi Zeynalov kimdir?

vidadi zeynalovAraşdırma hədəfi hesab olunan Ceyhun Cəfərovun yaxını V.Zeynalov barəsində də oxucunun məlumatlı olması yerinə düşərdi. Araşdırma gedişatında əldə etdiyimiz bilgilərə görə V.Zeynalov hər zaman “qazanclı” vəzifələrdə çalışıb: “O hələ tələbə olarkən əvvəlcə fakültə həmkarlar komitəsinin sədri, daha sonra institut həmkarlar komitəsinin sədr muavini işləyib. O zaman xarici tələbələrin ən çox oxuduğu ali məktəblərdən biri olan Azərbaycan Neft və Kimya institutunda tələbə “profsoyuz”larının maxinasiyaları çox idi. V.Zeynalovun da o zamankı gəlirləri və imkanları onunla birgə oxuyan tələbələrin yaxşı xatirindədir”. Tələbəlik illərindən sonra da V.Zeynalov hər zaman “qara işlər”ə meylli olan vəzifələri hədəfləyib və nəhayət, İqtisadiyyat Universitetinin prorektorluğundan Rabitə Nazirliyinin aparat rəhbərliyinə gəlib.
Nəzərdən keçirilmiş materiallar belə düşünməyə əsas verir ki, elə Ceyhun Cəfərovun da ayrı-ayrı yüksək vəzifələri əlcək kimi dəyişərək, irəliləməsində yaxın qohumlarının, o, cümlədən V.Zeynalovun rolu az deyil.
Başlayaq ondan ki, Ceyhun Cəfərov 2006-cı il iyunun 19-dan 2011-ci il martın 3-dək Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işlədiyi zaman da rayon sakinləri ondan narazı olublar. Qanlıgöl adlı ərazidə 1993-cü ildən məskunlaşaraq burada özlərinə ev tikmiş məcburi köçkünlərin evləri Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Cəfərovun rəhbərliyi altında sökülmüşdü. Həmin zaman bir neçə gün ardıcıl olaraq, Yasamal rayonunda məmurlarla əhali arasında ciddi gərginlik yaşanmışdı. İnsanlarla sərt rəftar evi zorla sökülən hamilə qadının şoka düşməsinə belə səbəb olmuşdu. Əraziyə gələn təcili yardım həkimləri məcburi köçkün, xəstə C.Atakişiyevaya ilkin tibbi yardım göstərir. Qadının halının pisləşməsindən qorxuya düşən icra başçısının müavini evin sökülməsini dayandırır. Hadisə yerində olan jurnalistlərlə məcburi köçkünlər arasında aparılan söhbətlər zamanı sonuncular belə bir fikir yürüdürlər ki, “Yasamalın icra başçısı burada yaşayan 3 minə yaxın adamı prezidentə qarşı qaldırır”. C.Atakişiyevanın səhhətinin pisləşməsindən ehtiyat edən icra hakimiyyətinin müavini C.Cəfərov qadının həyətini tabeçiliyində olanlarla birgə tərk edir. İcra başçısının müavini bu dəfə şəhid ailəsi Rəhman Quliyevə məxsus evə tərəf üz tutdu. Müavinin göstərişi ilə fəhlələr evi yerlə-yeksan edirlər. R.Quliyev şəhid ailəsi olduğunu və ərazidəki torpaq sahəsini 2003-cü ildən hasara aldığını jurnalistlərə söyləyir: “İmkanım olmadı ki, ev tikim. İndi fəhləlik edib ikiotaqlı ev tikmişəm. Gəlib onu da sökdülər”. Ərazidə məskunlaşan məcburi köçkünlərin evi söküldüyü halda Qanlıgöldə qızğın tikinti işləri həyata keçirilirmiş.
Yasamal Rayon İcra Hakimiyyətində söküntü işlərinə baxan bir şəxs kimi, ad çıxarmış Ceyhun Cəfərov 2011-ci ilin mart ayında gözlənilmədən Tərtər rayon İcra Hakimiyyətinin başçısı təyin olunur. Lakin təəssüflər olsun ki, burada da Ceyhun Cəfərov əhali tərəfindən rayonda icra başçısından daha çox, torpaq alverçisi və sahibkarların qənimi kimi tanınır. Tərtər rayonunda vəziyyət acınacaqlı şəkil alır. Əhali icra başçısı Ceyhun Cəfərovla ümumi dil tapmağa çalışsa da, bir nəticə hasil olmur. Səbəb isə icra başçısının pul qazanmaq həvəsi və bunun üçün bütün addımları atması hesab olunur. Elə buna görədir ki, yığılıb qalmış problemlər əhalinin canını boğazına yığır. Hətta rayonda keçirilən aksiya da həmin canadoymanın təzahürlərindən olmuşdur. Tərtərdə sahibkarlara yerli icra hakimiyyəti tərəfindən inanılmaz təzyiqlər başlayır. Bu barədə yerli sahibkarlar KİV-ə də məlumat verirlər. Belə ki, Tərtərdə kiçik və orta sahibkarlıqla məşğul olan bir qrup sahibkar KİV-ə müraciət edərək məmurların təzyiqləri ilə üzləşdiklərini bildirirlər. Sahibkarlar deyir ki, iyulun 26-da günün ikinci yarısında Tərtər şəhərindəki köhnə avtovağzalda yerləşən dükan, çayxana, kafe və bu kimi iaşə obyektləri işlədən sahibkarlar oradan qovulublar. Bununla da onların sahibkarlıq fəaliyyətinə mane olublar. Bundan əlavə, orada dayanan taksi sürücülərini də oradan uzaqlaşdırıblar. Səhər də yenidən həmin ərazidə sahibkarları və taksi sürücüləri ora buraxmayıblar. Sahibkarların oradan qovulmasında Tərtər Rayon Polis Şöbəsinin rəisi Nəriman müəllim şəxsən iştirak edib. Köhnə avtovağzaldan 20-dən çox sahibkarın və taksi sürücüsünün qovulduğunu deyən mənbənin sözlərinə görə, apardıqları araşdırma zamanı məlum olub ki, bu işin arxasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov durur. KİV-də gedən məlumata əsasən, bir neçə ay öncə həmin sahibkarlar öz vəsaitləri hesabına orada abadlaşdırma və təmir işləri aparıblar. Hüquq müdafiəçiləri bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edirlər. Əldə edilmiş məlumata görə, Tərtərdə fəaliyyət göstərən yeni avtovağzalın rəhbəri icra başçısının yaxın adamı olub. Bu məqsədlə də icra başçısı köhnə avtovağzalda işləyən adamları oradan uzaqlaşdırıb, yeni avtovağzalın fəaliyyətini daha da genişlənməsi məqsədi güdüb. Belə ki, köhnə avtovağzal rayonun əlverişli yerində yerləşdiyi üçün oradakı obyektlərə gələn müştərilərin sayı çox olur. Bu da yeni avtovağzalın rəhbərinə sərf etmir. Məlumatda o da bildirilir ki, rayon sakinlərinin köhnə avtovağzalda yerləşən çayxanalara getməsi də qadağan edilibmiş. Məlumatlarda o da bildirilmişdir ki, icra başçısının bu addımı rayonda ciddi narazılığa səbəb olub.
tərtərYuxarıda qeyd olunanlar bir daha onu göstərir ki, Ceyhun Cəfərov Tərtər rayon İcra başçısı vəzifəsində çalışdığı zaman nəinki yerli insanların, heç Prezident Administrasiyası qarşısında hörmət qazanmağa müvəffəq olmayıb. Belə ki, Ceyhun Cəfərovun Tərtər rayon İcra hakimiyyəti başçısı vəzifəsində çalışması zamanı dövlət başçısının ondan narazı olması kimi məlumatlar mətbuata sızmışdır. Belə ki, həmin dövrdə Qarabağətrafı rayonlara səfərləri gözlənilən prezident İlham Əliyev bir neçə rayonda olsa da, Tərtərə baş çəkməmişdi. Halbuki Tərtərdə yeni qurulmuş bir sıra obyektlər var idi ki, onların açılışları üçün ciddi hazırlıq görülmüşdü. Amma dövlət başçısının icra başçısı Ceyhun Cəfərovun başçılıq etdiyi rayondan geri dönməsi bir müddət sual olaraq qalmışdı. Məlumatlara görə, əslində, bu səfərin reallaşmamasının səbəbi heç də bəsit deyilmiş. Daha doğrusu, bu barədə yayılmış məlumatlara əsasən Tərtər rayonunda Heydər Əliyevin heykəlini qoydurmaq istəyən icra başçısı Ceyhun Cəfərov münasib yer tapa bilməyib. (etika xatirinə məlumat tərəfimdən tam açıqlanmır). Bəzi bilgilərə görə, Ceyhun Cəfərovun bu hərəkətindən sonra onun işdən çıxarılmasından tutmuş, həbsinə qədər tədbirlərin görülə biləcəyi ehtimalları irəli sürülübmüş. Sadəcə, bunun üçün əlverişli məqam deyilmiş. Seçki ərəfəsində hansısa icra başçısının həbsi hakimiyyətə sərf etmədiyindən buna gedilməmişdir.
Ümumiyyətlə bu insanın Tərtər rayon İcra Hakimiyyəti başçısı vəzifəsində yaratmaz fəaliyyətinə dair yerli mətbuatda o qədər neqativ xarakterli məlumatlar dərc olunub ki, heç bilmirsən hansından bəhs edəsən. Misal üçün məlumatlara əsasən Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayon ərazisində olan münbit torpaqları satırmış. Mənbənin sözlərinə görə, icra başçısı torpağın hər sotuna görə 2 min manat rüşvət alıb. Qeyd edək ki, həmin zaman başçı tərəfindən necə gəldi satılan torpaqlar 1993-cü ildə erməni işğalçılarından azad edilən ərazilərdir. Həmin əraziləri Azərbaycan əsgəri öz canı-qanı bahasına azad edib. Belə ki, vaxtilə ermənilərin yaşadığı Marquşavan, Levonarx kəndlərinin münbit torpaqları Ceyhun Cəfərov üçün qazanc mənbəyinə çevrilibmiş. Həmin torpaqları düşməndən azad edən əsgərlərin isə əksəriyyəti dünyasını dəyişib (Allah rəhmət eləsin), sağ qalanlar isə bu gün böyük ehtiyac içərisində yaşayır.
Görünür, Ceyhun Cəfərov özünün pul yığmaq adətlərindən qurtula bilməyib. Qeyd etmək yerinə düşər ki, Ceyhun Cəfərov əvvəllər Xətai rayonunda mənzil işlərinə baxıb. Daha doğrusu, rayon ərazisində tikilən ev və obyektlərə görə pul yığmaqla məşğul olub. Həmin vaxt Xətainin başçısı işləyən İbrahim Mehdiyevin qaynı olan Ceyhun Cəfərovun yığdığı sərvəti isə oğrular aparıb. Hətta bunu televizorda nümayiş etdirdilər. Sonra İbrahim Mehdiyev Yasamala icra başçısı gedəndə Ceyhunu özünə müavin gətirdi. Daha sonra isə Ceyhun Cəfərov Tərtərə başçı təyin olundu.
Bu insan hətta ona ehtimad göstərmiş, vəzifəyə təyin etmiş dövlət başçısını belə aldadıbmış. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonuna səfər etdiyi zaman, həmin səfər haqqında rəsmi və qeyri-rəsmi informasiya agentlikləri məlumatlar yayıblar. Dövlət başçısının Tərtər rayonuna səfəri haqqında rəsmi məlumat prezidentin rəsmi saytı olan www.president.gov.az da bu haqda rəsmi məlumat yerləşdirilib. president.az/articles/6372 -ünvanda yerləşdirilən həmin məlumatda Tərtər rayon icra hakimiyyətinin başçısı bildirir ki, Tərtər rayonunun Köçərli kəndində 3 min tonluq “soyuducu anbar” kompleksi inşa edilib. Bu obyektin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına tikildiyini bildirən icra başçısı obyektin fəaliyyətini təmin etmək üçün rayonda 30 hektar ərazidə soğan əkildiyini də bildirib. İcra başçısının prezidentə verdiyi məlumatlar Tərtər rayonunda, özü də cəbhə xəttində yerləşən bir rayonda infrastruktur layihələrin inşasının uğurla həyata keçirildiyindən xəbər verir. Necə deyərlər, Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun avazı yaxşı gəlir, ancaq …. Bu məsələnin qəliz tərəfi ondan ibarət olub ki, Tərtər rayon Köçərli kəndində heç bir infrastruktur layihə, o cümlədən də “soyuducu anbar” həmin zaman inşa edilməmişdir və bəlkə də heç bu gün də belə obyekt yoxdur (sonradan tikilib-tikilməməsi məlum deyil). Tərtər rayon sakinləri icra başçısının bu addımına ad qoymağa çətinlik çəkmişdirlər. Bilmək olmur bu icra başçısının Prezidentə 7 oktyabr zarafatı olub, yoxsa məmur dövlət başçısını həqiqətən də aldatmaq niyyəti ilə bunu edib. Məsələnin maraqlı məqamlarından biri də budur ki, bu haqda rəsmi mətbuatın məlumatları da var və həmin məlumatlara inanan insanlar da aldanıb. Necə ki, rəsmi məlumatlara inanan bir sahibkar 40 ton soğanı maşınalara yükləyərək Tərtər rayonunun Köçərli kəndinə gedib ki, məhsulunu anbara yığıb, sonra satsın. Tərtər rayon Köçərli kəndinə çatdıqda isə burada heç bir Soyuducu anbar olmadığını görüb, geri qayıtmaq məcburiyyətində qalıb. Həmin gündən isə rəsmi məlumatlara inanmır və hər bir məlumatı məmurların növbəti yalanı kimi qəbul edir. Buna baxmayaraq, Ceyhun Cəfərov isə Tərtər rayon icra hakimiyyətinin başçısı vəzifəsini bundan sonra da daşımaqda davam etmişdir.
Araşdırma zamanı Ceyhun Cəfərov barəsində qarşılaşdığım bir sıra xoşagəlməz məlumatlarla bərabər oxucunu təəccübləndirəcək məqamlara da təsadüf etdim. Sən demə, Tərtər rayon icra başçısı Ceyhun Cəfərov yerli sahibkarları müflis etməyi, cəbhə xəttində rayonun münbit torpaqlarını ayrı-ayrı şəxslərə satmaqla bərabər radikal dini cərəyanın nümayəndələrini də himayə edirmiş. Təsəvvür edin, bu barədə sosial şəbəkələrdə məlumatlar var. Gizli deyil ki, son zamanlar bölgələrdə “vəhhabi”lər və digər dini cərəyanlar kifayət qədər aktivləşib və əhalini ətraflarına toplamağa səy göstərirlər. Hətta o da məlumdur ki, ciddi kapitala sahib olan vəhhabilər rayonlarda fermer təsərrüfatı yaratmaqla yüzlərlə şəxsi həm də maddi baxımdan öz təsir dairələrində saxlayırlar. Onların Tərtərdə biznes şəbəkələri yaratmalarına dair öncədən də məlumatlar ara-sıra mətbuata sızmışdır. Maraqlısı budur ki, sən demə, bir zamanlar “vəhhabi”lərə “yaşıl işıq” yandıran Ceyhun Cəfərov onlarla işbirliyində olmuş, məhz onun icra başçısı kimi, dəstəyi nəticəsində “vəhhabi”lər əsasən məcburi köçkünlər arasında təbliğat işi aparıb, həmçinin rayonda xırda və orta sahibkarlığı tam olaraq nəzarətlərinə götürüblərmiş. “Vəhhabi”lərə icra başçısının dəstək verməsinin isə əsas səbəbi kimi onların yaratdığı ticarət obyektlərində Ceyhun Cəfərovun yaxın adamlarının şərikliyimiş. Obyektivlik xatirinə onu da qeyd edim ki, bu məlumatların meydana çıxmasında sonra media nümayəndələri Tərtər rayonun sabiq icra başçısı Ceyhun Cəfərovun dövründə Tərtər rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsində çalışan Tofiq Hüseynovla əlaqə saxlayırlar. O, Qaynar.info-ya açıqlamasında məlumatı təkzib edir: “Mən tərtərliyəm, amma burada belə bir şey yoxdu.” Düzdür, bu bir rəsmi şəxsin cavabıdır, amma onu da gözəl bilirik ki, Tofiq Hüseynovun bu sualı fərqli cavablandırması onun karyerasının sonu ola bilərdi.
kürdəmirƏslində, bu araşdırmanı birbaşa Ceyhun Cəfərovun bu gün icra başçısı olduğu Kürdəmir rayonundan başlamaq olardı, əgər nəzərə alsaq ki, mən həmin rayonda anadan olub böyüyüb-başa çatmışam, rayon sakinlərini yaxından tanıyıram, bunun üçün kifayət qədər səbəb və məlumat əldə etmək imkanları vardır. Lakin hansısa daxili bir səs məni vadar etdi ki, araşdırmanı Ceyhun Cəfərovun öncədən çalışdığı şəhər və rayonlardan başlayım. Çünki bu şəxsin Kürdəmir rayonunda baş verən bir sıra müəmmalı hadisələrdə adının hallanması məndə belə bir şübhə yaratmışdı ki, digər rayon və şəhərlərdə də onun barəsində önəmli məlumatlar əldə edə bilərəm. Və görünən də odur ki, hisslərimdə yanılmamışam. Belə götürəndə respublikanın media nümayəndələri bu araşdırmanı ayrı-ayrılıqda aparıblar. Mənə qalan isə onların əziyyətlə topladıqları məlumatları ümumiləşdirib bu şəxsin əsl simasını ifşa etməkdir. Bəlkə də Ceyhun Cəfərovun qanunsuzluqlarına rayon fəalları tutarlı cavab versəydilər, bu gün bu araşdırmaya ehtiyac da duyulmazdı. Amma nə etmək olar, sonuncu dəfə bu şəxsə etiraz edən, ondan dövlət başçısına şikayət edən şəxslər, elə onun göstərişi ilə polis tərəfindən saxlanılmışdırlar. Yəni bu gün mənim heç kimi, nə rayon sakinlərini, nə də Kürdəmir rayonunda içtimai əsayişin keşiyində duran hüquq mühafizə orqanlarını qınamağı luzum bilmirəm. Axı Kürdəmir rayonuna aidiyyatı olan hər birimiz onun tapşırıqlarını müzakirə etmədən “yerinə yetirməliyik”.
Sevindirici hal budur ki, araşdırma prosesində Ceyhun Cəfərovun digər regionlarda, xüsusilə Tərtər rayonunda icra başçısı işlədiyi zaman, onun qanunsuzluqlarına tutarlı cavab verən insanlarımız olub. 2013-cü ildə Tərtər rayon İcra hakimiyyətinin sabiq başçısı tanınmış politoloq Qabil Hüseynlinin Tərtərdə yaşayan qardaşının kiçik ticarət obyektini sökdürməyə çalışır. “Ceyhun Cəfərovun birbaşa göstərişi ilə Qabil Hüseynlinin Savalan adlı qardaşının ticarət obyektini sökmək istəyiblər. Bu zaman etiraz edən politoloqun qardaşına sərt cavab verilib. Başçı bildirib ki, o, müsavatçı Qabil Hüseynlinin qardaşıdır, burada işləmək haqqını çoxdan itirib”, – deyə yazıda qeyd olunur. Nəzərdən keçirdiyim materiallara əsasən İH başçısının hərəkəti Qabil Hüseynlini narahat edib və o, kütləvi informasiya vasitələrinə açıqlama verərək Tərtərdə baş verənlərə aydınlıq gətirib. Politoloq bildirib ki, həqiqətən də onun rayonda yaşayan qardaşına təzyiqlər edilib, ancaq durum bir az fərqli olub: “Qardaşımın adı Qədirdir. ”Reytinq”də yazıldığı kimi, Tərtərdə deyil, Seyidimli kəndində, əslinə qalanda kənddən bir az aralıda ona düşən pay torpağında kiçik çayxana açıb. 90 sot pay torpağında bağ salmışdı, budka qoyub gözətçi otağı kimi istifadə edirdi. Sonradan bu budkanı həm də çayxana kimi istifadə edirdi. Ancaq bu günlərdə yerli icra nümayəndəsi gələrək bağlamağı tələb edib. Qardaşım özünə kiçik iş yeri yaradıb, amma onu təzyiq edib bağlatmaq nə qədər doğrudur? İş o yerə çatıb ki, insanların şəxsi təsərrüfatına qarışırlar. Özüm tərtərli kimi bu rayonu yaxşı tanıyıram. Su qıtlığı var. Bu da insanları həyat uğrunda mübarizəyə sövq edir”. Qabil Hüseynli baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşdığını bildirib: “Deyirlər ki, müsavatçının qardaşıdır. Rayonda belə görünür ki, qəzet oxuyan, televiziyaya baxan yoxdur. Tərtərdə hələ də onu Müsavat Partiyasında hesab edirlər və təqib edirlər. Bu özbaşınalıq məni narahat edir. Çalışacağam bu hadisəni hakimiyyətin bəlli orqanlarına çatdırım. Onların bu işə müdaxiləsini gözləyirəm. Bu məmur özbaşınalığı prezident seçkiləri qabağı əhalini ölkə rəhbərliyindən süni surətdə narazı salmaqdır”. Tanınmış politoloqun faktla bağlı dövlət başçısına müraciət edib-etməməyinə dair məlumat əldə etməyim imkansız oldu.
Tərtər rayonu sabiq icra başçısı Ceyhun Cəfərovun rayondakı qanunsuzluqlarından, yarıtmaz fəaliyyətindən narazı qalan ancaq yerli sakinlər deyil, eyni zamanda paytaxtda, Prezident Administrasiyasında da razı olmayıblar. Dəfələrlə başı dərddə olan bir neçə icra başçısı ilə bərabər Ceyhun Cəfərovun da adı mətbuat səhifələrində hallanıb, hətda onun işdən qovula biləcəyinə dair ehtimallar irəli sürülüb. İşinin öhdəsindən gələ bilməyən icra başçılsının həmin zaman Prezident Adminstrasiyasına çağrılması faktdır (Reportyor.tv Azerinews.tv-yə istinadən). Daxil olan məlumatlarda bildirilir ki, son zamanlar (Ceyhun Cəfərovun Tərtər rayon icra hakimiyyəti başçısı olduğu dövr) rayon sakinlərinin davamlı olaraq incidilməsi, problemlərinin həll olunmaması adı keçən rayonda haqlı narazılıq yaradıb. Çıxış yolunu ölkə başçısının müdaxiləsində görən sakinlər Prezident İlham Əliyevə şikayət məktubu ilə müraciət edərək kömək istəyiblər. Verilən məlumata görə, Zeynal Nağdeliyev rayon sakinlərinin müraciətinə baxaraq ölkə başçısına məruzə etmişdir. Mənbə qeyd edir ki, Pirezident Administrasiyasında bir sıra icra hakimləri ilə bərabər Ceyhun Cəfərova da xəbərdarlıq edilmiş və digərlərindən olduğu kimi, ondan da hesabat tələb olunmuşdu. Belə ki, verilən məlumatda göstərilir ki, Ceyhun Cəfərovun nəzərinə çatdırılıb ki, onun rəhbəri olduğu rayonda sosial problemlərə özünün biganəlik nümayiş etdirməsi dözülməz hala çevrilib. Bu dözülməzlik də aksiyalara və etirazlara səbəb olub. Bu hal da onun rəhbəri olduğu rayonda, ölkədə sabitliyin pozulmasına gətirib çıxarır. Lakin bütün bunlara baxmayaraq Ceyhun Cəfərov növbəti dəfə vəzifəsini itirib tarixin arxivinə gedəcəyi təhlükəsindən müəmmalı şəkildə qurtulur. (Azerinews.tv)
Dəhşət burasındadır ki, bu qədər üstbəüst qeyri-qanuni hərəkətlərə dair məlumatların heç biri bu günə kimi, hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyib. Əgər bu məlumatlar vaxtında obyektiv araşdırılsaydı, ən azından Ceyhun Cəfərovun vəzifəsindən azad olunması məsələsi dərhal gündəmə gələ bilərdi.
Mən bəlkə də bu günə qədər birisi barəsində bu qədər ittiham edici materiallarla rastlaşmamışdım. Özünüz diqqət yetirin 17.10.2014-ci il tarixdə sensasiya.com elektron portalında “Tərtərin mədəniyyət və turizminə ayrılmış yüzminlər necə olub? – Şok faktlar!!! “ başlığı altında gedən məqalədə Ceyhun Cəfərov barəsində nə yazılır: “Tərtərin mədəniyyət və turizminə ayrılmış yüzminlər necə olub? Gündüz Mürsəlov yeni icra başçısını yol axtarır. Tərtər rayonunda mədəniyyət sahəsində baş verən özbaşınalıq əndazə tanımır. Hətta iş o yerə çatıb ki, dövlət büdcəsi tərəfindən ayrılmış pulları silmək üçün onlarla mexanizm işlənilərək, hazırlanıb. Sensasiya.com-a verilən məlumata görə, rayonun mədəniyyət şöbəsinin müdiri Gündüz Mürsəlov bu işləri təkbaşına həyata keçirmir. Əksinə, o, elan edilmiş tenderləri əvvəllər keçmiş icra başçısı Ceyhun Cəfərovun yaxın adamlarının əliylə yoluna qoyurdu”.
Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır. Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər. Son vaxtlar yuxarı instansiyalara ünvanlanan şikayətlərdə icra başçılarının adları haqlı olaraq tez-tez hallandırılır. Uzaq keçmişimizdə olmayan Quba rayonunda İcra Hakimiyyəti başçısının istefası ilə nəticələnən kütləvi etiraz aksiyası da sakinlərin regiondakı məmur özbaşınalığıa qarşı bir çıxışı idi.. Maraqlıdır, Azərbaycanda rayonların icra başçıları kimdirlər, hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb? Əgər rayon İcra Hakimiyyəti başçılarının tərcümeyi-hallarını araşdırsaq bizə məlum olar ki, onların əksəriyyəti tutduqları vəzifəyə uyğun təyinat almayıblar. İnsanlarla rəftar etmək, kütlə qarşısına çıxmaq, çətin durumlarda əsəbləri cilovlamaq qabiliyyətinə malik deyillər. Çünki onların bəzilərinin tərcümeyi hallarına diqqət yetirsək görərik ki, bunların arasında “Jek müdiri”, “Aviator”, “Kimyaçı”, “Çilingər”, “Hüquqşünas” və sairə peşə sahibləri var, ancaq ən əsası içərisində yaşadığı insanların dilini, dərdini bilənlər yoxdur. Çox təəssüflər olsun ki, onların bəziləri ancaq insanlığın bitdiyi yerdə yuxarı başda oturmağa layiqdirlər.
Məmurların, xüsusilə də yerli məmurların vətəndaşları aldatması cəmiyyətimizdə o qədər adiləşib ki, artıq bu haqda məlumatlarla insanları təəccübləndirmək mümkün deyil. Ancaq deyəsən məmurlarımız bununla kifayətlənmək niyyətində deyillər. Artıq bir növ adətkar olan məmurlar qarşılarına gələn istənilən şəxsi aldatmaq niyyətinə düşürlər. Hətta o şəxs ölkə prezidenti olsa belə, məmurlar onu da aldatmağı özlərinə rəva görə bilirlər.

YAZIDA AYRI-AYRI İNSANLARIN, HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN VERDİKLƏRİ, KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNDƏ, ONLARA AİD ELEKTRON PORTALLARDA DƏRC OLUNMUŞ MATERİALLARDAN İSTİFADƏ OLUNMUŞDUR:
1. “Bakısesi.com”, “Gündemxeber.com” elektron portallarında və eləcə də internet resurslarında- “Kürdəmirdə yeznə-qayın Prezidentə problem yaradır – FAKTLAR”
2. “MUSAVAT” – “QANLIGÖL ƏTRAFINDA QANSIZLIQ” YAYIM TARİXİ: 22 Fevral 2009 04:30
3. C.Cəfərovun Tərtər rayonunda macaraları (“QAYNARİNFO.XEBER”, “MOZALAN”, “AZERINEWS/TV”- “Tərtərin icra başçısı rayonda sahibkar “ovuna” çıxıb.”
4. Ислам – Правда Азербайджана — РАБ АЛЛАХА – ДЖАМКАРАН (SON XƏBƏR ! AZƏRBAYCANIN , TƏRTƏR RAYONUNUN iCRA HAKiMiYYƏTi “VƏHHABi”LƏRi ( SƏLƏFiLƏRi ) HiMAYƏ EdiR)
5. onxeber.info/…/”kurdəmirin-icra-bascisina-qarsi-sok-itti…”
6. ”REPORTYOR” –“Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla politoloq Qabil Hüseynli arasında nifaq yaranıb”- 05.08.2013
7. “MUSAVAT”-“PLİTOLOQ QABİL HÜSEYNLİ DÖLƏT BAŞÇISINA MÜRACİYYƏT EDƏCƏK.”
8. “XEBERÇİ.TV”- “Başı dərddə olan bir neçə icra başçıları işdən qovula bilər (Sİayhı)
9. “Reportyor.tv”, “Azerinews.tv.”
10. “SENSASİYA.COM”- “Tərtərin mədəniyyət və turizminə ayrılmış yüzminlər necə olub? – Şok faktlar!!!”- 17-10-2014, 01:08
11. “AVROMED”, “modern.az”- “Regionların “kiçik padşahları” – icra başçıları” – VIII 31.03.2012, 17:00
12. “Modern.az”, “MOZALAN”- 14.03.2013 Fərəsətli icra başçısı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button