Vüqar Səfərlidən böyük saxtakarlıq!!!

«Mövqe» qəzetinin çap tarixi niyə saxtalaşdırıldı?

Vüqar Səfərlinin öz oğlunu qalib etməkliyi

KİVDF-nin biabırçı müsabiqəsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, korrupsiya faktları

I yazı

Buna inanmaq çox çətindir və həqiqətən normal təfəkkürə sığışdırmaq olmur: Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri Vüqar Səfərli belə saxtakarlığa gedərmi? Onu bu boyda rüsvayçılığa nə məcbur edib: oğlunu qalib etmək, yoxsa cəmi-cümlətanı 1.000 manata sahiblənmək ehtirası?

Pul ehtirasının insanının mənəviyytını dəhşətli dərəcədə sarsıtdığını hamı müşahidə edib. Amma hələ də psixoloqlar, sosioloqlar bu suala cavab tapa bilmirər: hərisliklə, acgözlüklə, olan-olmaz nüfuz və layaqətini itirmək bahasına hər işi fürsət bilib yığdıqca yığmaq, qamarlaıqca-qamarlamaq bəzi insanların psixologiyasına nədən bu qədər hakimdir?

Vaxtilə mərhum Heydər Əliyev ciddi elm adamlarından birini vəzifəyə təyin etmişdi və qısa müddətdən sonra məlum oldu ki, bu adam sözün bütün mənalarında balaca padşaha çevrilib, rüşvətə bulaşıb, özünü amansız bir məmur kimi aparır. Bundan qəzəblənən Heydər Əliyev nəhayət dilə gəldi: «Ziyalını vəzifəyə qoyursan, 3 aydan sonra rüşvətxor məmura dönür».

Yox, qətiyyən elə düşünməyin ki, ifadələr Vüqar Səfərliyə aiddir. Vüqar Səfərli Prezident yanında KİVDF təsis olunana qədər elm aləmində çalışmayıb və heç də cəmiyyətdə akademik ziyalı kimi tanınmayıb. O, qəzet satmaq, yayımını təşkil etmək, mətbəədə qəzet çeşidləməklə, başqa sözlə, pul qazanmaqla məşğul olub. Yəni Vüqar Səfərli Azərbaycan reallığında xırda biznes fəaliyyətinə imkan tanınan sıradan bir iş adamı kimi 1996-cı ildən «Azərmətbuatyayımı» ASC-nin sədri olub.

O ayrı məsələdir ki, alverlə məşğul olan bəzi insanların dünyagörüşü və ictimai baxışları da «al və ver» üstündə formalaşır və belədə bütün münasibətlər necəsə, nə təhərsə, hansı yollasa qazanc götürməyə hesablanır. Biz 2 ildir hörmətli İlham Əliyevin etimadı ilə Prezidentin yanında KİVDF-yə sədrlik edən Vüqar Səfərlinin alverçi təfəkkürü ilə məsələlərə yanaşdığını və vəzifəsindən sui-istifadə edərək saxtakarlığa getdiyini, korrupsiyaya bulaşdığını, çirkaba batdığını iddia etməkdən nəinki çox-çox uzağıq, hətta belə sərsəmləmələr yuxumuza da girməz.

Amma əlimizə keçən faktlar ayrı zadlardan soraq verir.

KİVDF-nin «ekoloji» müsabiqə elanı

KİVDF vaxtaşırı olaraq jurnalist müsabiqələri keçirir, Allah qoymasa, mətbuatımızın inkişafına töhfələrini verməyə çalışır. Zatən prezident yanında yaradılan bu qurumun də vəzifəsi budur: müstəqil mətbuata maddi dəstək vermək, müəyyən milli layihələrin reallaşmasını maliyyələşdirmək.

Belə layihələrdən biri də bu ilin 14 aprel tarixində elan olundu.

Əvvəlcə, elanı diqqətinizə çatdıraq – Sizə nə qədər əziyyət olsa da, bu cümləni oxumağınızı xahiş edirik:

«Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə 05 iyun Ümumdünya ətraf mühit günü ilə əlaqədar jurnalistlər arasında «Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək» birgə layihəsi üzrə müsabiqə ELAN edir» (fərqləndirmələr bizimdir, təhlildə yardımınız olacaq).

Müsabiqənin adını dəqiqlik xatirinə KİVDF-nin saytından olduğu kimi yazdıq. Bu cümləni – müsabiqə elanını oxuyan adam dərhal anlayır ki, təşkilatçıların savadı sözün bütün mənalarında qıcğırıb! Ağlınıza gələrmi ki, özlərini peşəkar sayan adamların keçirdikləri müsabiqənin adında bu qədər səhv olsun?

Mətnin özü bir yana, ay kişilər, müsabiqənin adında Azərbaycan dilini bilən hansı savadlı bu qədər səhv buraxar? İnsan nə qədər savadsız olmalıdır ki, belə yanlışlığa yol versin!?

 

Baxın:

1. Nazirlik və KİVDF «ilə birlikdə» nə təhər müsabiqə keçirə bilər? «Və» varsa, «ilə» nədir, «ilə birgə» varsa, «və»-dən niyə istifadə edilib?

2. «Nazirlik və KİVDF «ilə birlikdə» «birgə» layihəsi üzrə…», «…İlə birlikdə» elan olunan layihəni təzədən, bir daha, təkrarən «birgə layihə» adlandırmaq ana dilinin anasını ağlatmaqdır, Vüqar bəy!

3.  Bir cümlədə «ilə» bağlayıcısından bir neçə dəfə istifadə etmək Azərbaycan dilində cümlə xətası hesab olunur, hörmətli Səfərli!

 

Hələ «Ümumdünya ətraf mühit günü» ifadəsinə toxunmadım. Halbuki dil qanunlarına görə bu sözlərin hamısı böyük hərflə yazılmalıdır. «Ətraf Mühitin Beynəlxalq Mühafizəsi Günü» isə yanlış tərcümə olunduğundan, cümlə qura bilməyənlərin yeni uğurlu istilahdan istifadə edəcəyini ummuruq və bunu səhv kimi göstərmirik.

Yeri gəlmişkən, bu il aprelin 25-də KİVDF «Azərbaycan media məkanında ədəbi dilin qorunması» mövzusunda da müsabiqə elan etmişdi. Kül başımıza, görün, mediadakı ədəbi dil normalarını kim qoruyur?!

Vüqar Səfərlinin oğlu müsabiqəyə necə qatılır?!

 

«Ekoloji müsabiqə» haqda bir-iki kəlmə də deyək, sonra keçək faktlara.

Yuxarıda başlığını oxuduğunuz elan bu cümləylə sonuclanır: «Yazılar və telesüjetlər 18 aprel-27 may 2011-ci il tarixədək rəsmi iş günləri saat 10:00-dan 17:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır».

Bir daha hörmətli Vüqar müəllimin elan elədiyi müsabiqə mətninin dilindən danışsam, xahiş edirəm, məni qınamayın. Axı, söhbət ondan getmir ki, KİVDF-nin sayğıdəyər yazarları «tarixədək» və «17:00-dək» kimi sözlərlə bərbad bir cümlə qurublar. Məsələ ondadır ki, «18 aprel-27 may 2011-ci il tarixədək» ifadəsi anlaşılmazdır və mütləq Azərbaycan dilinə tərcümə olunmalıdır!

Yəni hörmətli Səfərli demək istəyir ki, (təxminən, təcrübəmizə əsasən ehtimal edirik!) yazılar və telesüjetlərlərin qəbulu 18 aprel-27 may tarixləri arasında qəbul edilir.

Ənənəvi olaraq bu müsabiqədə də gənc jurnalistlərin aktivlik nümayiş etdirdiyini düşünmək olar. Və belə gənclərdən biri də Seymur Səfərlidir.

Kimdir Seymur Səfərli?

 

KİVDF-nin sədri Vüqar Səfərlinin doğmaca oğlu, «Mövqe» qəzetinin baş redaktoru.

«Mövqe» qəzetinin təsisçisi «Azərmətbuatyayımı» ASC-dir və yuxarıda ərz etdik ki, ASC-yə 1996-cı ildən Vüqar Səfərli sədrlik edib. Yeri gəlmişkən, Vüqar müəllim haqqında bu məqamda qısaca arayış vermək olduqca zəruridir.

Səfərli Vüqar – ixtisasca riyaziyyatçı və rabitəçidir. 1977-ci ildə Culfa üzümçülük sovxozunda fəhlə işləyib, daha sonra Bakı poçtamtının qəzet-jurnal ekspedisiyası sexinə çeşidləyici kimi işə düzəlib; sonra bir müddət mühəndis olaraq çalışıb, 1991-ci ildə Qəzet-Jurnal Ekspedisiyası İdarəsinin rəisi, 1996-cı ildən isə «Azərmətbuatyayımı» İstehsalat Birliyinin rəisi olub. 2007-ci ildə «Azərmətbuatyayımı» İB ASC-yə çevriləndə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə səhmdarların birinci yığıncağı çağırılanadək ASC İH sədri vəzifəsini daşımaq ona həvalə edilib.

2008-ci ildə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Səhmdar Cəmiyyətin özəlləşməsi prosesinə başlayıb və «Kaspi Mətbuat Yayımı» MMC «Azərmətbuatyayımı» ASC-nin səhmlərinin satışı üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi elan edilib.

Qeyd edək ki, «Kaspi Mətbuat Yayımı» MMC-nin sahibi Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun həyat yoldaşı Sona xanım Vəliyevadır.

Vüqar Səfərli «Azərmətbuatyayımı» özəlləşəndən sonra da bir müddət sədr olaraq qalıb; nəhayət, 2009-cu il mayın 22-də KİVDF-yə sədr təyin olunduqdan xeyli sonra ASC rəhbərliyindən istefa verib.

Göründüyü kimi, Vüqar Səfərli karyerası boyu bircə dəfə də olsun, jurnalistika sahəsində çalışmayıb və riyaziyyatçı-rabitəçinin medianın problemlərini bilməməsi, cümlə quruluşundan xəbərsizliyi, elanı moltanı budaq cümləsiylə ifadə etməsi qayət normaldır. Adamın mediaya dəxli yoxdur axı – o, yalnız qəzet alıb-satmağı bacarır, işi-gücü bundan ibarət olub, zatən!

Dərhal mövzuya qayıdıb bildirək ki, 2002-ci ildə, Vüqar Səfərlinin sədrlik etdiyi «Azərmətbuatyayımı» İstehsalat Birliyi «Mövqe» qəzetini təsis edib. Hazırda oğlu Seymur Səfərli bu qəzetin baş redaktorudur.

Haqqında danışdığımız bu gənc – Seymur Səfərli – atası Vüqar Səfərlinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi «ilə birgə birlikdə» keçirdiyi yazı müsabiqəsinə «Nadir və nəsli kəsilmək təhlükəsində olan flora növlərinin mühafizəsi» adlı məqalə təqdim edib.

Yəqin ki, burada qeyri-adi bir hal olmadığını güman edəcəksiniz –Haqlısınız! Vüqar Səfərlinin oğlu olsa da, Seymur Səfərli də jurnalistdir və müsabiqələrdə iştirak etmək hüququ var.

Normal olmayan, yəni anormal sayılan odur ki, əvvəla, bu müsabiqəni onun atası keçirir, ikincisi…

Dəhşət elə bu «ikincidədir».

Saxta «Mövqe»

Yuxarıda təsadüfən xatırlatmadıq ki, elan olunan müsabiqəyə yazı qəbulu 27 may tarixinədək başa çatırdı.

Vüqar Səfərlinin oğlu Seymur Səfərlinin yazısı isə «Mövqe» qəzetinin… bilinmir hansı sayında işıq üzü görüb.

Baxın, bizim əlimizdə hazırda «Mövqe» qəzetinin 26 may tarixində çap olunmuş 2 fərqli nömrəsi var: qəzetlərin hər ikisi 26 may 2011-ci il tarixində işıq üzü «görüb». Bir gündə bir qəzetin 2 fərqli nömrəsi necə çap oluna bilər? Güman edirsiniz ki, korrektə səhvidir, yanlış olaraq belə yazılıb?!

Qətiyyən elə deyil!

Biabırçılığın şok təfərrüatlarını gələn sayımızda izləyərsiniz…

 

“X” Analitik Qrupu

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button