Xədicə “ən cəsarətli qadın jurnalist” adına namizədlər arasında…

Almaniyanın «Bild» qəzeti azərbaycanlı jurnalistin hansı xidmətlərinə görə mükafata namizəd olmasından yazır

Almaniyanın ən tirajlı “Bild” qəzeti dünyada ən cəsarətli qadın jurnalistlərin mükafatlandırılması barədə məqalə yayımlayıb. Məqalədə bildirilir ki, bu mükafatlandırmanın məqsədi söz azadlığı kimi dəyərin müdafiəsi uğrunda hər gün həyatını riskə ataraq fəaliyyət göstərən jurnalistləri tanıtmaq; Səudiyyə Ərəbistanında tənqidi məqalələrinə görə 1000 şallaq, böyük məbləğdə cərimə və 10 il həbs cəzasına layiq görülən bloggerin məsələsinə, həmçinin bütövlükdə Islam dünyasında insan haqları pozuntularına diqqət çəkməkdir.

Ötən il bu mükafatın sahibi mərakeşli jurnalist Ali Anouzla olub.

“Bild” yazır ki, builki mükafata beş namizəd var. Onların arasında azərbaycanlı araşdırmaçı jurnalist Xədicə Ismayılın da adı var.

“Bu araşdırmaçı jurnalist Azərbaycanda hakim elitanın korrupsiyası, hakimiyyətdən sui-istifadə hallarını öz yazılarında açıb ortaya qoyurdu. O, prezident Ilham Əliyevin qızlarının telekommunikasiya şirkətlərindəki payı, 2012-ci ildə Bakıda ”Eurovision” musiqi yarışmasının keçirildiyi, 134 milyon dollara başa gələn konsert zalının tikintisində prezident ailəsinin rolu barədə araşdırmalar yazıb.

Əvvəlcə hakim klan qarayaxma kampaniyası vasitəsilə Xədicə Ismayılı susdurmağa çalışdı. Xədicənin evinə gizli kamera quraşdıraraq, onun yataq otağını çəkmişdilər. Lakin jurnalist bu şantaj qarşısında geri çəkilmədi. Daha sonra 2014-cü ildə o, həbs olundu və 2015-ci ilin sentyabrında 7 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıldı.

Bu hökmün siyasi motivli olduğu bəyan edildi. ATƏT, ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq insan haqları təşkilatları hökmü pislədi.

Müşahidəçilər bildirir ki, bu hökm Azərbaycanda tənqidçi səslərə, müstəqil mətbuata qarşı sistemli basqıların tərkib hissəsidir. Güclü beynəlxalq təzyiqlərin nəticəsi olaraq, bu ilin mayında Xədicə Ismayıl şərti cəza ilə azadlığa buraxıldı”, – deyə “Bild” yazır.

Mükafata namizədlər arasında Türkiyədən olan jurnalist, bu ölkədə demokratiya və söz azadlığı uğrunda mübarizə aparan aktivist Pınar Selek də var.

İnformasiya şöbəsi

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button