Xədicə İsmayılı şüşə qəfəsə saldılar (VİDEO)

xədicə ismayıl2Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda iştirak etmək üçün məhkəmə binasının qarşısına prosesi işıqlandırmaq istəyən media nümayəndələrilə yanaşı, Xədicə İsmayılovanın dostları, həmkar dəstəyi nümayiş etdirməyə gələn jurnalistlər, vətəndaş cəmiyyətinin fəalları, siyasi partiya təmsilçiləri, diplomatik missiya nümayəndələri də toplaşmışdı.

Təxminən 30 nəfərlik tutumu olan məhkəmə zalı dolandan sonra narazılıq yarandı. Çünki prosesi izləməyə gələnlərin böyük əksəriyyəti zala daxil ola bilmədi. Narazı qalanlar alqışlamaqla və “Xədicə, Xədicə” şüarları səsləndirməklə etirazlarını bildirdilər.

Məhkəmə prosesinə sədrlik edən hakim Ramella Allahverdiyeva əvvəlcə Xədicə İsmayılova ilə bağlı anket məlumatlarını dəqiqləşdirib, ondan məhkəmə bildirişini, ittiham aktının surətini alıb-almadığını soruşdu. Xədicə İsmayılova bu sənədləri aldığını təsdiqləsə də, ümumiyyətlə, istər istintaq orqanı, istərsə də məhkəmədən göndərilən məktubların ona çox gec çatdırıldığını bildirdi: “Görünür, ya məktubların sayı çoxdur, ya da bunlar bizim təcrid olunmağımıza o qədər enerji sərf edirlər ki, öz işlərini görməyə vaxtları qalmır. Cinayət Prosessual Məcəllənin 361-ci maddəsinə görə, ən geci 1 gün sonra məktub çatdırılmalıdır. Ancaq mən ən tezi 6 gün sonra alıram. Hesab edirəm ki, vəzifələrini yerinə yetirməkdənsə, bizim təcrid olunmağımıza həddindən artıq enerji sərf edirlər. Məni kameradan çıxaranda dəhlizlərdə elə bir vəziyyət yaradırlar ki, özüm də çaşıb qalıram. Çalışırlar elə mühafizə eləsinlər ki, ətrafdakılar məni görməsin, mən də heç kimi görməyim. Özümü lap Kəmaləddin Heydərov kimi hiss edirəm. Dəhlizi tamamilə boşaldırlar. Bu qədər enerji sərf eləməyə nə ehtiyac var? Ondansa, amnistiya elan eləyib, məhbusların sayını azaltsınlar, hamısını buraxıb, ancaq siyasi məbusları saxlasınlar, bu qədər də əziyyətə düşməsinlər. Məktubların gec çatdırılması barədə iradlarımdan sonra saxtakarlığa əl atdılar. Təsəvvür edin, Ali Məhkəmənin 22 iyulda göndərdiyi məktubu guya 13 iyulda qəbul edilmiş kimi rəsmiləşdiriblər”.

Xədicə İsmayılova eyni zamanda, ibtidai istintaqın əvvəlində hüquqlarını müdafiə etmiş vəkil Yalçın İmanovun yenidən müdafiəçi qismində prosesə buraxılması barədə vəsatət qaldırıb: “Mənə həbs olunarkən verilən birinci ittiham 125-ci maddə ilə idi. Həmin vaxt vəkillərim Elton Quliyev və Yalçın İmanov olub. Yəni onlar ilk gündən işin içində olublar. Sonradan işlər birləşdirildi və Yalçın İmanov müdafiəçi kimi işdən uzaqlaşdırıldı. Səbəb də onun nə vaxtsa “Azadlıq” radiosuna xidmət müqabilində pul alması göstərildi. Bundan sonra o, işə şahid kimi cəlb olundu. Halbuki onun şahid kimi mənimlə bağlı işə heç bir aidiyyatı yoxdur. Baxmayaraq ki, Yalçın İmanov başqa işlərdə mənim vəkilimdir, amma onunla telefon əlaqəsi saxlamağıma belə, imkan verilmir. Xahiş edirəm, Yalçın İmanov yeni müqavilə ilə müdafiəçi qismində bu işə buraxılsın”.

Ardınca hakim Xədicə İsmayılovadan məhkəmə tərkibinə etirazının olub-olmadığını soruşdu və jurnalistin cavabı belə oldu: “Mən sizi Əvəz Zeynallıya oxuduğunuz hökmdən tanıyıram. Bilirəm ki, bu hökm də o hökm kimi sifarişli və qərəzli olacaq. Ümumiyyətlə, Azərbaycan məhkəmə sistemində bulaşmamış hakim yoxdur. Siz də bulaşmısız. Siz də sifarişlə hökm çıxarırsız və çıxaracaqsız”.

Hakim onun sözünü kəsərək, məhkəmə tərkibinə etiraz edib-etmədiyi barədə konkret cavab istədi. Xədicə İsmayıl belə cavab verdi: “Etiraz etməyin mənası yoxdur…”

İş üzrə dövlət ittihamını müdafiə edən prokuror Ramazan Hadıyev təqdimat verdi. Hakim bu haqda məlumat verəndə jurnalist soruşdu: – Rüstəm Usubovu o təmsil edəcək?

Ramazan Hadıyev: – Mən Baş Prokurorluğu təmsil edirəm.

– Məsələ burasındadır ki, ittiham aktına Rüstəm Usubov imza atıb.

Bu zaman məhkəmə zalında çöldə səslənən “Xədicə!”, “Xədicə!” şüarları eşidildi. Xədicə İsmayıl buna əli ilə qələbə işarəsi göstərməklə və gülümsəməklə cavab verdi.

Hakim də çöldən gələn səslərin kəsilmədiyini görüb, reaksiya vermək məcburiyyətində qaldı: “Yer olsa, hamını buraxardıq”.

Xədicə İsmayıl: – Deməli, məhkəmədə iştirak etmək istəyənləri yerlə təmin etmək lazımdır. Məgər Cinayət Prosessual Məcəlləsi sizə başqa yerdə məhkəmə keçirməyə icazə vermir? Sovet vaxtı böyük məhkəmələr başqa məkanlarda keçirilirdi.

Bundan sonra Xədicə İsmayılın Yalçın İmanovla bağlı vəsatəti müzakirəyə çıxarıldı və vəkilləri də jurnalistin vəsatətini dəstəklədi. Lakin prokuror vəsatətin əleyhinə çıxdı.

Ramella Allahverdiyeva, Novruz Kərimov və Tamilla Həsrullayevadan ibarət hakimlər heyəti vəsatəti müzakirə etmək üçün müşavirəyə getdi və təxminən 3-4 dəqiqədən sonra qayıdaraq, onun təmin edilmədiyi barədə qərarı elan etdi. İki səhifəlik qərarın 2-3 dəqiqəyə hazır olması Xədicə İsmayılovanı təəccübləndirdi və onunla hakim arasında belə bir dialoq oldu:

– Bunları indi yazdınız, yoxsa qərar əvvəldən hazır idi?

– Biz bunu sizə deməməliyik.

– Bravo, sürətinizə heyranam…

Daha sonra vəkil Fariz Namazlı Xədicə İsmayılova barəsində cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırdı. Bildirdi ki, ona qarşı irəli sürülən ittihamların heç biri təsdiqini tapmayıb.

Vəkilin digər vəsatəti bir sıra şahid ifadələrinin yolverilməz sübut kimi iş materiallarından çıxarılması haqda oldu. Həmin şahidlər arasında iş üzrə zərərçəkmiş qismində tanınan Tural Mustafayevin yaxınları da var. Vəkil vəsatətini əsaslandırarkən bildirdi ki, həmin şahid ifadələri Tural Mustafayev və onun atasının dediklərinə əsaslanır, yəni dindirilən adamların birbaşa özünə aid fikirlər deyil.

Prokuror Ramazan Hadıyev bu vəsatətə münasibət bildirərkən onun əleyhinə çıxmaqla yanaşı, əlavə etdi ki, burada açıq məhkəmə prosesi keçirilir. Bütün şahidlər gəlib hamının gözü qarşısında ifadə verəcək, insanlar da həqiqəti biləcək. Jurnalistin digər vəkili Fəxrəddin Mehdiyev cinayət işinə xitam verilməsi barədə vəsatət bildirərkən qeyd edib ki, Xədicə İsmayılova yaradıcı fəaliyyətlə məşğul olub, bunu sahibkarlıq kimi qiymətləndirmək son dərəcə yanlışdır: “Bu iş başdan-ayağa cəfəngiyyatdır, hüquq elminin özünə yanaşmada ciddi və təəccübləndirici səhvlərə yol verilib”.

Xədicə İsmayılova özü də vəkilinin onun barəsində cinayət işinə xitam verilməsilə bağlı vəsatətinə münasibət bildirdi: “Eyni uğurla “Azadlıq” radiosunun təmizlik işlərinə baxan Mətanət xalanı da həbs eləmək olardı. Onun maliyyə işlərinə aidiyyəti nə qədər olubsa, mənimki də o qədər olub. Əgər sizin iş materiallarına göz atmaq imkanınız olubsa – buna əmin deyiləm, amma ümid edirəm ki, olub – orada mənim “Azadlıq” radiosu ilə Bakı bürosunun rəhbəri qismində müqaviləmi görərdiniz. Müqaviləyə əsasən, mənim maliyyə ilə bağlı sərəncam vermək səlahiyyətim olmayıb. Vəzifəli şəxsin bankda imza nümunələri olur, mənim olmayıb. Mən büro rəhbəri kimi, yaradıcılıq məsələləri, gündəlik işin təşkili ilə məşğul olmuşam. Hətta maliyyə məsələlərilə bağlı cinayət hadisəsi baş versəydi belə, onun subyekti mən ola bilməzdim. Məndən əvvəl büro rəhbərlərinə etibarnamə verilib, ancaq mənə belə bir etibarnamə də verilməyb. Görünür, nə Azərbaycan hökuməti mənə etibar edib, nə də “Azadlıq” radiosunun rəhbərliyi. Elə mən özüm də əvvəlcədən demişdim ki, yalnız yaradıcılıq işləri ilə məşğul olacam. Ədliyyə Nazirliyində də olan nizamnamədə göstərilib ki, büro rəhbəri maliyyə işlərini yalnız xüsusi etibarnamə əsasında görə bilər. Jurnalistika fəaliyyəti lisenziya tələb olunan fəaliyyət deyil. Jurnalistika azad fəaliyyətdir. Senzura da rəsmən ləğv olunub. Mən həmişə çalışıram ki, qanunlara tabe olum. Qanunlar da jurnalist faliyyəti ilə məşğul olmağa görə lisenziya tələb etmir. Lisenziya tələb edən fəaliyyət radionun FM-də yayım məsələsi ola bilərdi. Biz yaradıcı materialların hazırlanması ilə məşğul olmuşuq. 2010-cu ildə mən büro rəhbərliyindən getməmişdən bir neçə gün əvvələ qədər Vergilər Nazirliyi radioda yoxlamalar apardı. Əgər hansısa problem olsaydı, deyərdilər, yoxlama aparanlar xalamoğlu deyildi ki…

Cinayət Məcəlləsinin 125-ci maddəsilə verilən ittihama gəlincə, Tural Mustafayev özü də bildirdi ki, təzyiq altında şikayət ərizəsi yazıb. Mən əvvəldən də bilirdim ki, o, təzyiq yolu ilə buna məcbur edilib. Ona görə də bu barədə çox danışmamağa çalışırdım. Çünki insanların zəif durumundan istifadə edib, onları vicdanı ilə sınağa çəkmək sizin təcrübənizdir, bizim yox. Biz insanların azad olması üçün çalışırıq. Təəssüf edirəm ki, hamını qoruya bilməmişik, o cümlədən Tural bəyi. Hamını qorumağa gücümüz çatmır və ona görə də belə hadislər olur”. Bu çıxışı zamanı Xədicə İsmayılova özü də daha bir vəsatət qaldıraraq, iş materiallarının surətinin ona verilməsini istədi: “Mənə cinayət işinin materialları ilə tanış olub qeydlər götürmək yox, sadəcə vərəqləmək imkanı yaradılıb. Mən qeydlər götürmək istəyəndə dedilər ki, istədiyim bütün səhifələrin surətləri veriləcək. Çünki tələsirdilər. Tələsməklərinin də səbəbi o idi ki, bir sıra ittihamlar üzrə 7 illik cəlbetmə müddəti bitirdi. Sonra mən istintaqa vəsatət verərək, bir sıra sənədlərin surətini istədim. Vəsatət də konkret siyahı da göstərdim. Mənə 9 iyul tarixli məktubla cavab verdilər, onda da iş materialları artıq məhkəmədə idi. Ona görə də artıq heç nə edə bilməzdim. Belə olan halda, mən də müstəntiqlərə təxminən “Adam kişi olar” məzmunlu məktub göndərdim. 30 iyunda müstəntiqlər təcridxanaya gəldilər və bildirdilər ki, istədiyim sənədlərin surətini vəkillərə verəcəklər. Amma bunu da etmədilər. Ümid edirəm ki, məhkəmə bunu edəcək və lazım olan iş materiallarının surətini vəkillərimə verəcək”.

Hakim sənədlərin surətlərinin verilməsilə bağlı vəsatəti açıq saxladı. Bildirdi ki, Xədicə İsmayılovanın istintaqa təqdim etdiyi sənədlər siyahısı bir daha nəzərən keçirilcək, hansını vermək mümkündürsə, veriləcək.

Cinayət işinə xitam verilməsi və bir sıra şahid ifadələrinin sübutlar siyahısından xaric olunmasına dair vəsatətlər isə təmin olunmadı.

Vəkil Fariz Namazovun növbəti vəsatəti isə Tural Mustafayevin bir müddət əvvəl yaydığı video-müraciətin sübutlar siyahısına daxil edilərək, tədqiq edilməsi haqda oldu.

Tural Mustafayev özü də vəsatətə münasibət bildirərkən bir daha təsdiqlədi ki, Xədicə İsmayılovaya qarşı şikayət ərizəsini təzyiq altında yazıb: “Mən vəsatətin təmin olunmasını istəyirəm. Video-mürciətdə dediklərimi bir daha təsdiq edirəm. İbtidai istintaq zamanı təkcə mənim yox, başqalarının da ifadələri dəfələrlə dəyişdirilib. Məhkəmənin gedişində bu barədə daha ətraflı danışacağam”.

Prokuror bu vəsatətin də əleyhinə çıxdı. Bildirdi ki, həmin video-çəkilişin mənbəyi şübhəlidir, ona görə də mötəbər sübut hesab oluna bilməz. Buna cavab olaraq, Xədicə İsmayılova prokurorluğun növbəti dəfə ikili standartlarla yanaşdığını vurğuladı: “Bunların sübutları olanda heç nə araşdırılmır, amma söhbət bizim sübutlardan gedəndə qanun yada düşür. O video-müraciət istintaqa da təqdim olunub. İstintaq zamanı prokurorluq niyə araşdırmayıb? Bizim bu barədə vəsatətimiz də olub”.

Məhkəmə Tural Mustafayevin video-müraciətinin sübutlar siyahısına daxil edilməsi barədə vəsatəti də təmin etmədi. Vəkil Fariz Namazlının növbəti vəsatəti məhəmə prosesinin video və audio yazısına imkan verilməsi haqda olub. Prokuror bu vəsatətə də etirazını bildirərək, onun təmin olunmamasını istədi. Prokurorun bu cür mövqeyinə Xədicə İsmayılova bu şəkildə cavab verdi: “Bayaq bir sıra şahidlərin, o cümlədən Tural Mustafayevin yaxınlarının şahid ifadələrinin sübutlar siyahısından çıxarılması barədə vəsatət müzakirə olunanda prokuror dedi ki, xeyr, açıq məhkəmə prosesidir, onlar gəlsinlər, hamının qarşısında nə var, danışsınlar. Mən yaxşı başa düşürəm ki, prokuror nəyə eyham vurur. İstəyir ki, mənim, Tural Mustafayevin, onun yaxınlarının şəxsi həyatı hamının qarşısında müzakirə olunsun. Birinci dəfə deyil ki, Azərbaycan hakimiyyəti, prokurorluq mənim şəxsi həyatıma müdaxilə edir. Çünki onlar üçün sərhədlər, etik heç nə yoxdur. Bununla belə, mən yenə də məhkəmə prosesinin açıq keçirilməsini istəyirəm. Əgər bunlar düşünürlərsə ki, bu yolla məni biabır edəcəklər, yanılırlar. Biabır olacaq Azərbaycan hkimiyyəti və İlham Əliyevdir. Camaatın şəxsi həyatına müdaxilə edən İlham Əliyevdir”.

Məhkəmə bu vəsatəti də təmin etmədi.

Müdafiə tərəfinin daha bir vəsatəti Xədicə İsmayılova barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək, ev dustaqlığı ilə əvəz olunması haqda oldu. Fariz Namazlı bildirib ki, Xədicə İsmayılova hələ oktyabr ayında Fransada olarkən Bakıya qayıdacağı təqdirdə həbs olunacağını bilirdi. Bununla belə, o, qayıtmağa üstünlük verdi. Yəni onun heç yerə qaçmaq fikri yoxdur, sonadək mübarizə aparıb bəraət almaq niyyətindədir.

Xədicə İsmayılova özü də bu vəsatətə münasibət bildirərkən dedi ki, onun həbsdə saxlanılmasının əsas məqsədi İlham Əliyevin ailə biznesi barədə araşdırmalarını davam etdirməsinin qarşısını almaqdır: “Mən eləməsəm də, həmkarlarım davam etdirir. Təcridxanada bunların ehtiyatlandığı yeganə məqam mənim yazı yazmağımdır. Yazı yazdığıma görə 3 dəfə akt tərtib ediblər. Mənim yazı yazmağımın istintaq təcridxanasına nə aidiyyəti var? Məni çağırıb soruşurlar ki, niyə yazırsan, necə ötürürsən? Mən də deyirəm ki, telepatiya yolu ilə. Mənim həbsim Azərbaycan dövlətinə böyük yük olub. Həftədə 2 gün xüsusi adam ayırırlar ki, telefon danışıqlarıma qulaq assın. Hər gün alt paltarlarıma qədər yoxlayırlar. İstintaq təcridxanasında xeyli iş yeri yaratmışam. Azərbaycan hakimiyyətinin bu yükdən azad olunmasını istəyirəm. İndiyədək yük olmamışam, əksinə, pul qazanıb, vergi ödəmişəm. Mənim həbsimlə bağlı qərarda göstərilib ki, azadlıqda qalsam, zərərçəkmiş və şahidlərə təzyiq göstərə bilərəm. Mən bilirəm ki, həmin adamlar təzyiq altındadır, heç vaxt onların vəziyyətini daha da ağırlaşdırmaram. İlham Əliyevin mənimlə şəxsi qərəzi var…”

Bu yerdə prokuror Xədicə İsmayılovanın çıxışına etiraz etdi. Jurnalist də ona belə cavab verdi: “Güman edirəm, dövlət başçısının adı sizin inhisarınızda deyil. Bəli, prezident İlham Əliyevin mənimlə şəxsi qərəzi var və ona görə də məni həbsdə saxlatdırır. Siz də o qərəzdən irəli gələn sifarişi icra edirsiniz”.

Fariz Namazlının daha bir vəsatəti Xədicə İsmayılovanın məhkəmə zalındakı şüşə kabinədən çıxarılaraq, vəkillərinin yanında əyləşməsi barədə oldu. Vəkil bildirdi ki, bu, müdafiə baxımından da vacibdir. Çünki prosesin gedişində tez-tez vəkilin öz müvəkkililə məsləhətləşməsinə ehtiyac yaranır.

Prokuror Ramazan Hadıyev istər Xədicə İsmayılovanın barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, istərsə də onun şüşə kabinədən çıxarılaraq, vəkilinin yanında əyləşməsi barədə vəsatətlərin təmin olunmamasını istədi. Bildirdi ki, Xədicə İsmayılova barəsində həbs qərarına səbəb olan əsaslar aradan qalxmayıb: “Onun şahidlərə təzyiq göstərmək imkanları hələ də qalır. Bu adam mühafizə altında belə o imkanlarından istifadə edir”.

Jurnalistin şüşə kabinədən çıxarılmasına gəlincə, prokuror onun təhlükəsizliyi baxımından bunun yolverilməz olduğunu dedi.

Prokurorun çıxışına Xədicə İsmayılova ironik münasibət bildirdi: “Prokuror mənim təhlükəsizliyimin qayğısına qalırmış, lap riqqətə gəldim, bir azdan gözlərim yaşaracaq. Amma özümü birtəhər ələ alıb münasibət bildirəcəm. Bu cinayət işinə elə hazırlıq iclasında xitam verilməli idi. Mənə heç bir əmlak etibar edilməyib ki, onun mənimsəyim, yaxud da israf edim. Vergi ödəməyə məsul şəxs də olmamışam. Heç kimi özünü öldürmə həddinə çatdırmamışam. Tural Mustafayev məndən nə vəzifəcə, nə də maddi baxımdan asılı olub. Mən bu işlərin subyekti deyiləm”. Son vəsatətləri müzakirə etmək üçün qısa müşavirəyə gedən hakimlər heyəti qayıdaraq, onların da təmin olunmadığını elan etdi. Hazırlıq iclasının qərarına əsasən, iş məhkəmə baxışına verildi. Məhkəmə iclası avqustun 7-nə təyin olundu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button