Xədicə İsmayılın məhkəməsi başladı, amma şikayətçisiz…

jgfkfgkgTural Mustafayev prosesə gəlmədi, onun barəsində məcburi gətirilmə çıxarıldı
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim məhkəmənin tərkibini elan edərək, X.İsmayıldan tərkibə etirazı olub-olmamasını soruşub. Qeyd edək ki, cinayət işinə  Ramella Allahverdiyeva, Novruz Kərimov və Tamilla Nəsrullayevadan ibarət hakimlər kollegiyası baxır. X.İsmayıl hakimin sualına cavab olaraq  cavabında iş materialları ilə tanış olmadığını bildirsə də, hakim “buna kifayət qədər vaxtınız olub” deməklə kifayətlənib. Təqsirləndirilən şəxs  məhkəmə iclasının keçirildiyi günün sonunda  protokolları ilə tanış olmasını istəyib. Hakim deyib ki, məhkəmə istintaqının sonunda protokollarla tanış olması üçün təqsirləndirilən şəxsə vaxt veriləcək. X.İsmayıl hakimlərin çoxunun “sifarişlə işlədiyini” deyərək, onları “vicdansızlıqda” günahlandırıb. Hakim ona xəbərdarlıq edərək, təhqirə yol verdiyini vurğulayıb.
Şikayətçi məhkəməyə gəlmədi
 
X.İsmayıl Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham üzrə zərərçəkən şəxs qismində tanınan Tural Mustafayevin prosesdə iştirak etməməsini əsas gətirərək, prosesin davam etdirilməsini məqsədəuyğun saymadığını bildirdi. Vəkillər prosesin təxirə salınmasını, zərərçəkmişin prosesdə iştirak etməsinin təmin edilməsini istəyiblər. Prokuror Ramazan Hacıyev bildirib ki, zərərçəkmişə məhkəmə iclasının keçirildiyi yer və vaxtı barədə məlumat verilib. Hakimlər zərərçəkmişin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar qəbul ediblər. Qərar icra olunması üçün müvafiq polis şöbəsinə göndəriləcək.
X.İsmayıl isə bildirib ki, T.Mustafayevin həyatına təhlükə görür. “Bəlkə də onu oğurlayıblar. Mustafayev verdiyi açıqlamalarda onun hüquq-mühafizə orqanları tərəfindən saxlanması və ifadələrə məcbur edilməsi ittihamları vardı. İynə vurulması, şantaj edilməsi haqda açıqlamalar vermişdi. İndi də ehtimal ola bilər ki, onun başına nəsə iş gəlib, bu üzdən bu iş üzrə zərərçəkmiş şəxsin iştirakı olmadan ifadə verməyəcəm”.
Vəsatətlər təmin edilmədi
 
Vəkilləri X.İsmayılın şüşə qəfəsdən çıxarılması barədə vəsatət qaldırsalar da, vəsatət təmin olunmayıb. Hakim bildirib ki, bu, Xədicə İsmayılın təhlükəsizliyi üçündür. Jurnalist isə cavabında bildirib ki, o, Azərbaycan vətəndaşlarından təhlükəsizliyinə hər hansı zərər gözləmir.
Digər vəsatət Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi üzrə ittihamı ilə bağlı olub. Vəkillər bildiriblər ki, “Azadlıq” radiosu haqqında yanvarın 5-də başlanan səyyar vergi yoxlaması bitmədiyi və mayın 15-dən dondurulduğu üçün bu hallar məhkəmədə nəzərə alınmalıdır.
Daha bir vəsatət “Beynəlxalq Bank”a sorğu verilməsi ilə bağlı olub. “İstintaq hesab edir ki, Xədicə İsmayılovanın təşkilati maliyyə sərəncamverici funksiyaları var. Bu məsələnin aydınlaşdırılması üçün banka sorğu verilməsini xahiş etsək də, təəssüf ki, məhkəmə təmin etmədi” – deyə vəkil Fariz Namazlı bildirdi.
“Bu ittiham təsdiqini taparsa, sizi 15 il həbs cəzası gözləyir”
 
Məhkəmə istintaqının başlanması elan edilib və dövlət ittihamçısı Ramazan Hadıyev ittiham aktını elan edib. İttiham aktına əsasən, Xədicə İsmayılova qanunsuz sahibkarlıq, külli miqdarda mənimsəmə və israf etmə, külli miqdarda vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir.
Prokuror ittiham aktını elan etdikdən sonra hakim X.İsmayıldan özünü təqsirli bilib-bilmədiyini soruşub. Xədicə İsmayılova isə ittihamlarla razılaşmayıb. O, nədə ittiham olunduğunu ümumiyyətlə bilmədiyini vurğulayıb və mahiyyətin izah edilməsini istəyib. Jurnalist qeyd edib ki, “Azadlıq Radiosu”nda ancaq efirə gedən materiallara görə məsuliyyət daşıyır və vergi məsələləri ilə məşğul olmayıb. “Mən vergi ödəmələri ilə bağlı qərar qəbul edən səlahiyyətli şəxs olmamışam. Radioda müəlliflər tərəfindən gətirilən yazıların keyfiyyətini yoxlamışam. İşçilərlə əmək müqaviləsini radionun Praqa bürosu bağlayıb. Tural Mustafayevlə ümumiyyətlə ünsiyyətim olmayıb” – deyə X.İsmayıl bildirib.
Hakimin “Bu ittiham təqsdiqini taparsa, sizi 15 il həbs cəzası gözləyir” deməsinə X. İsmayıl belə cavab verib:  “Siz sifarişlə işləyirsiniz. İstəyirsiniz, lap 25 il cəza verin. Tural gəlib burada ifadə verməyənə qədər mən də ifadə verməyəcəyəm”.
“Həbs edəcəksinizsə, elə indi edin”
 
Daha sonra prosesdə fasilə elan edilib.  Fasilədən sonra Xədicə İsmayıl və vəkilləri məhkəmə tərkibinə etiraz veriblər. X.İsmayıl jurnalistlərin, xüsusilə də “Azadlıq” radiosunun və “Azadlıq” qəzetinin əməkdaşlarının zala buraxılmamasını istəyib. O bildirib ki, məhkəməyə yalnız konkret siyahı üzrə adları müəyyənləşdirilmiş media qurumlarının əməkdaşları buraxılır. Hakim isə bildirib ki, məhkəmə prosesi açıq və şəffaf keçirilir. Bundan sonra X.İsmayılova isə israrla eyni tələbini təkrarladı: “Jurnalistlər zala buraxılsın! Əks halda ifadə verməkdən imtina edirəm”.
Prokuror təqsirləndirilən şəxsin bu hərəkətinin məhkəməyə hörmətsizlik kimi qiymətləndirilməsini tələb etdi. X.İsmayılova “Siz məndən hörmət gözləyirdiniz ki? Həbs edəcəksinizsə, elə indi edin” – deyə ona replika ilə cavab verib.
Məhkəmə kollegiyası müdafiə tərəfinin etirazı ilə bağlı müşavirəyə gedib. Müşavirədən sonra məhkəmə etirazın baxılmamış saxlanıldığını elan edib.
Xədicə İsmayıl bildirib ki, vəkillərin xahişini nəzərə alaraq, məhkəmə prosesinin pozulmasını istəmir. O vurğulayıb ki, növbəti prosesdə müstəqil media nümayəndələri məhkəməyə buraxılmasa, o, ifadə verməkdən və sualları cavablandırmaqdan imtina edəcək.
Daha sonra jurnalist A.İmranova ifadə verib. O, bildirib ki, X.İsmayılın onu özünü öldürmə həddinə çatdırması ilə bağlı prokurorluğa şikayət edən Tural Mustafayev içki düşkünü olub və nişanlısından ayrılan zaman da bir neçə dəfə intihara cəhd edib. Şahid əlavə edib ki, X.İsmayılın əleyhinə ifadə verməsi üçün ona iş və ev təklif olunsa da, o, bundan imtina edib. Daha sonra Azadlıq radiosunun əməkdaşı Babək Bəkir və digər iki şahid dindirilib.
Çəkilişə görə polis tərəfindən saxlanıldı
 
Xədicə İsmayılın işi üzrə prosesə məhdud sayda adam buraxılıb. Hətta onun anasını zala buraxmayıblar. Məhkəmə zalına yalnız ABŞ, Almaniya və Fransa səfirliklərinin nümayəndələri daxil ola biliblər. Niderland və Böyük Britaniya diplomatik missiyalarının əməkdaşları da içəri buraxılmayıb. Proseslə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Ağır Cinayətlər Məhkəməsinin binasının ətrafında gücləndirilmiş polis dəstələri qoyulub. Məhkəmə prosesindən reportaj hazırlamaq üçün gələn jurnalistlərin əksəriyyəti də bayırda gözləyərək, vəkillərdən məlumat almaqla kifayətlənməli olublar. Məhkəmə nəzarətçiləri jurnalistlərə zalda yer olmadığını deyiblər.
Məhkəmənin binası qarşısında çəkiliş aparan zaman jurnalist Orxan Rüstəmzadə saxlanılaraq, Nəsimi rayon  Polis İdarəsinin 22-ci polis bölməsinə aparılıb. Jurnalist Orxan Rüstəmzadə iki saat sonra Nəsimi rayon polis idarəsinin 22-ci polis bölməsindən sərbəst buraxılıb. O, Turana bildirib ki, saxlanmasına səbəb məhkəmə binasının yaxınlığındakı binanın damından çəkiliş aparmaq istəməsi olub. Bölmədə onunla nəzakətli danışıblar, amma gələcəkdə belə bir halın təkrarlanmasının yolverilməz olduğu barədə xəbərdarlıq ediblər.
Həmçinin onunla bağlı məlumat almaq üçün polis bölməsinə gedən zaman özləri də saxlanılmış reportyorlar Şirin Abbasov və Rəvan Seyfullayev da sərbəst buraxılıb.
Mətbuat Şurası: “Saxlananlar adi vətəndaş olublar”
 
Mətbuat Şurasının sədri Əflatun Amaşov baş verən hadisəyə münasibətini bildirib. Şura sədri APA-ya açıqlamasında deyib ki, bu barədə məlumat aldıqdan dərhal sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Sadiq Gözəlovla əlaqə saxlayıb: “Sadiq Gözəlov dedi ki, bu gün saat 11.33-də Daxili İşlər Nazirliyinin “102” xidmətinə bir nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin yanındakı binanın damında olması və oradan çəkiliş aparması barədə məlumat daxil olub. Həmin şəxsin hərəkətləri sakinlərdə narahatlıq yaradıb və bununla bağlı “102” xidmətinə müraciət olunub. Bundan sonra həmin şəxs 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən şəxsiyyəti müəyyən olunmaq üçün saxlanılıb. Məlum olub ki, onun üzərində şəxsiyyətini təsdiqləyən hər hansı sənəd olmayıb”.
Ə. Amaşov qeyd edib ki, polisdə aparılan araşdırma zamanı saxlanılan şəxsin 1993-cü il təvəllüdlü Orxan Rüstəmzadə adlı vətəndaş olduğu məlum olub: “Şəxsiyyəti müəyyənləşdikdən sonra o və onun yanındakı daha iki nəfər azadlığa buraxılıb”.
Qeyd: X.İsmayılova jurnalist Tural Mustafayevin şikayəti əsasında saxlanılıb. Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbail Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham üzrə 5 dekabr 2014-cü ildə X.İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan X.İsmayılovaya qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. X.İsmayıl ittihamları qəbul etmir, siyasi sifarişlə həbs edildiyini bildirir. Amnesty İnternational təşkilatı X.İsmayılı “vicdan məhbusu” kimi tanıyıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button