“Xədicə xanımın döyüşəcəyinə inanıram”

ramella“Ramella Allahverdiyeva erməni separatçılığının başında dayanan “Krunk” üzvlərini azadlığa buraxan hakim kimi tanınır”

İyulun 22-də Ağır Cinayətlərə dair Məhkəmədə həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsi keçiriləcək. Artıq prosesi tanınmış hakim Ramella Allahverdiyevanın aparacağı təsdiqlənib.

Ramella Allahverdiyeva “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya 9 il azadlıqdan məhrumetmə hökmü oxuyan hakim kimi tanındı. Eyni zamanda, Ramella Allahverdiyeva 2009-cu ildə ADNA-da terror olayı ilə əlaqədar keçirilən məhkəmədə və sonuncu olaraq Səbail Rayon İcra Hakimiyyətində Asif Əsgərovun oğlu İlham Əsgərovun prosesində də hakim olmuşdu. İlham Əsgərov 5 il 6 ay cəza almasına baxmayaraq, bugünlərdə apellyasiya şikayəti əsasında azad olunub.

xural.com meydan.tv-yə istinadən xəbər verir ki, Ramella Allahverdiyevanın hakimliyi ilə keçəcək prosesdən hansı gözləntisinin olması haqqında sualı baş redaktor Əvəz Zeynallı cavablandırıb və bildirib ki, ümumiyyətlə, bütün hakimlər sifarişlə qərar çıxartdıqlarından onlar haqqında konkret fikir bildirmək olmaz: “Ancaq Ağır Cinayətlər Məhkəməsində elə hakimlər var ki, onlar həm ömürlük hakimlərdir, həm də ən ciddi siyasi işləri bu adamlara verirlər. Bir zamanlar bu məhkəmədə Mənsur İbayev, Ənvər Seyidov vardı, siyasi məhbuslar tarixini bilənlər adlarını çəkdiyim hakimləri yaxşı tanıyırlar. Bax, İbayevin, Seyidovun vaxtilə oynadığı rolu bu gün Ramella Allahverdiyeva, Ramella Nəsrullayeva, Novruz Kərimov oynayır. Novruz Kərimov “Qara kəmər” əməliyyatının müstəntiqi olub, MTN-də işləyib, Ramella Allahverdiyeva erməni separatçılığının başında dayanan “Krunk” üzvlərini azadlığa buraxan hakim kimi tanınır. Tamella Nəsrullayeva isə Binəqədi rayon Məhkəməsinin sədri olub. Onların şəxsiyyəti haqqında heç nə demirik və bəlkə də normal insandırlar. Ancaq Xədicə xanımın məhkəməsini Ramella Allahverdiyevanın heyətinə veriblərsə, cəzası ağır olacaq, 9 ildən yuxarını gözləmək lazımdır”.

evez turme

Jurnalist bildirdi ki, Ağır Cinayətlərə dair Məhkəmədə bəzi hakim heyətlərinə dustaqlar öz aralarında “ət maşını” deyirlər. Ramella Allahverdiyevanın heyəti də bu sıraya daxildir: “Bu baxımdan iş Ramella Allahverdiyevanın heyətindədirsə, sifariş məlumdur”.

Prosesin necə keçəcəyinə gəlincə, Əvəz Zeynallı hesab edir ki, bu, təqsirləndirilən şəxsin özünü necə aparmağından asılıdır: “Mənim məhkəməmdə prosesi hakim heyəti yox, özüm aparırdım. Əgər prosesi Ramella Allahverdiyevanın heyəti aparsa, sakit keçəcək. Mən Xədicə xanımın döyüşəcəyinə inanıram, ona görə maraqlı məhkəmə olacaq. Bütün hallarda neçə il cəza verəcəyindən asılı olmayaraq, Xədicə İsmayılın 1 ildən çox məhbus həyatı yaşayacağını düşünmürəm. Təsəvvür edin ki, mən qanuna əsasən sərt şəkildə hakimlərlə mübarizə aparanda yaxınlarım üstümə gəlirdi ki, Ramella Allahverdiyeva yaxşı qadındır, sən niyə onu incidirsən?! Amma 9 il hökm oxunanda anamın, bacımın, yoldaşımın gözyaşlarını saxlaya bilmirdim. İnsan kimi Ağır Cinayətlər Məhkəməsinin hakimləri aldadıcı olur, sənə elə gəlir ki, onlar ədalətlidir. Ancaq prosesi ona görə o cür aparırlar ki, hamı yatıb “bəlkə yaxşı olar” deyə hökmünü gözləsin. Sonda isə hakimlər başlarını aşağı salıb hökmü oxuyub zalı tərk edirlər”.

xural.com

ramella

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button