Xədicəyə daha bir mükafat

xediceİsveç Milli Mətbuat Klubu 2015-ci il üçün “Anna Politkovskaya Söz Azadlığı” mükafatını azərbaycanlı jurnalist Xədicə İsmayıla təqdim edib. Qurumun yaydığı press-relizdə qeyd olunur ki, bu mükafat ona araşdırmacı jurnalistika və qeyri-adi cəsarətinə görə təqdim olunur.
“Xədicə İsmayıl Azərbaycanda ən yüksək səviyyədə korrupsiyanı ifşa etmək üçün böyük cəsarət göstərib. O, həqiqətin üzə çıxmasında üzərinə böyük risklər götürüb. Bu risklərə “Telia Sonera” şirkətinin Azərbaycanda hakim elitayla biznes əlaqələri də daxildir. İsmayılovanın həbsi mətbuat azadlığının pozulması və digər jurnalistləri rejimin hakimiyyətdən sui-istifadəsini üzə çıxarmaqdan çəkindirməyə yönəlik utancverici səydir”, – İsveç Milli Mətbuat Klubunun prezidenti Björn Häger deyir.
Xədicə İsmayıl 2014-cü ilin dekabrında həbs olunub. Ölkənin tanınmış araşdırmaçı jurnalistlərindəndir. O, Azad Avropa/AzadlıqRadiosu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Layihəsi (OCCRP) ilə əməkdaşlıq edib.
Press-relizdə vurğulanır ki, Xədicə İsmayıl İsveç Televiziyasının “Uppdrag Granskning” araşdırmaçı proqramının hazırlanmasında da əsas rol oynayıb. Həmin proqram “Telia Sonera”nın Azərbaycan hakimiyyəti ilə biznesinə həsr olunub.
Xədicə İsmayıl ötən il dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib. Fevralın 13-də isə ona qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.
Azadlıq Radiosu və beynəlxalq təşkilatlar Xədicə İsmayılın məhz jurnalist fəaliyyətinə, araşdırmalarına və Azadlıq Radiosunda gördüyü işlərə görə həbs olunduğunu düşünür.
“Amnesty International” jurnalistin həbsini pisləyib, ona qarşı ittihamların siyasi motivli olduğunu bəyan edib.
İsveç Milli Mətbuat Klubunun “Anna Politkovskaya Söz Azadlığı” mükafatı “ifadə və mətbuat azadlığını müdafiə edən jurnalistə” təqdim olunur. Bu mükafat 2007-ci ildən, jurnalist Anna Politkovskaya qətlə yetiriləndən təqdim edilir.
Mərasim aprelin 27-də Stokholmda keçirilib.
Anna Politkovskaya mənzilinin qarşısında muzdlu qatilin gülləsinə tuş gələn rusiyalı jurnalistdir. O, 1990-cı illərin əvvəllərindən müstəqil mətbuatın ilk nümunəsi olan “Meqapolis Ekspress”, “Ümumi qəzet” və “Novaya qazeta”da çalışıb. Daha çox Çeçenistan münaqişəsi ilə bağlı araşdırmalar aparan jurnalist Rusiya ordusunun münaqişə bölgəsində törətdiyi özbaşınalıqlardan, adam oğurluqlarından və korrupsiyadan geniş yazılar yazıb. Anna Politkovskaya həmçinin Çeçenistan rəhbəri Ramzan Kadırovu da müxtəlif cinayətlərdə ittiham edirdi. Anna Politkovskaya “Putin Rusiyası” və “Putinsiz Rusiya”, “Çeçensitan: Rusiyanın utancı” sənədli kitablarının müəllifidir. Həmin kitablarda prezident Vladimir Putinin siyasi kursu kəskin tənqidə məruz qalıb.
Qeyd edək ki, bir müddət əvvəl Xədicə İsmayıl beynəlxalq PEN mükafatına da layiq görülüb. Xədicə İcmayıla PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatı verilib. Onlarla idman yazarı PEN-ə qoşularaq, Xədicə İsmayılı ilk Avropa Oyunları ərəfəsində azadlığa buraxmağa çağırır. PEN Amerika Mərkəzi bildirir ki, mükafat bu il mayın 5-də Nyu Yorkda Amerika Təbiət Tarixi Muzeyində təqdim olunacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button