“Xəmsə”nin sahibi bir-birinə zidd ifadələr verdi

21.09.2012

Sentyabrın 20-də keçirilən məhkəmənin stenoqrammının I hissəsi

Ramazan Hadıyev:   “İlkin istintaqa verdiyiniz ifadəni təsdiq edirsinizmi?”

Mürvət Həsənli:   ” Edirəm. Ancaq mən  Əvəz Zeynallıya nə pul vermişəm, nə də o məndən pul istəməyib.”.

Əvəz Zeynallı: ” Mürvət, bura Ağbulaq deyil. Bayaq pul vermədiyini deyirsən, sonra da ibtidai istintaqa verdiyin ifadəni burda təsdiqlədiyini bildirirsən. Kimi aldatdığını düşünürsən?

Sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədliyilə “Xural” qəzetinin hazırda həbsdə saxlanılan baş redaktoru Əvəz Zeynallının məhkəmə işinə baxılıb. Bu dəfə məhkəmədə “Xəmsə” restoranının sahibi Mürvət Həsənli şahid qismində ifadə verib. Hakim şahidə xatırladıb ki, məhkəmədə yalan ifadə verdiyi təqdirdə onun haqqında AR Cinayət Məcəlləsinin 297 və 298-ci maddələrilə cinayət işi açıla bilər. Proses zamanı şahidin dediklərində ziddiyyət yarandığından məhkəmənin stenoqramını təqdim etmək qərarına gəldik.

 Əvəz Zeynallı artıq bir neçə məhkəmə iclasının keçirilməsinə baxmayaraq hələ də vəsatətlərinə baxılmadığı üçün etirazını bildirdi: “İyulun 2-də verdiyim vəsatətə hələ də baxılmayıb.”

Hakim növbəti məhkəmə prosesi zamanı baş redaktorun bütün vəsatətlərinə baxılacağını söylədi.

Mürvət Həsənli hakimin Ə.Zeynallı ilə qohumluq əlaqələrinin və hansısa ədavətinin olub-olmaması ilə bağlı sualına cavab verərək bildirib ki, onunla qohumluq əlaqəsi var.

Hakim:

-İstintaq zamanı verdiyiniz ifadə haqda nə deyə bilərsiniz?

Mürvət Həsənli:

–          Məni dekabrın 14-də KQMİ-nə çağırdılar.

–          Nə ilə bağlı?

–          “Kurort” ASC-nin sabiq sədri Akif Məmmədovun işi ilə bağlı.

–          Akif Məmmədovu necə tanıyırsınız?

–          2004-cü ildən onu tanıyıram. Restoranda onunla tanış olmuşuq. Sonralar ailəvi dostluğumuz yaranıb.

–          İstintaq zamanı verdiyiniz ifadədə nəyi bildirmisiniz?

–          İstintaq zamanı mənə bildirdilər ki, mən Əvəz Zeynallıya Akif Məmmədovun adından pul vermişəm? Mən isə inkar etdim ki, mən orda olmamışam, heç nə də bilmirəm.

Dövlət ittihamçısı Ramazan Hadıyev məsələnin bu cür dönüşünü gözləmədiyindən, həyəcanını gizlədə bilmuir və dərhal M.Həsənlinin istintaq ifadələrini inkar edən çıxışını yönləndirməyə çalışır:

–          Siz əvvəlcə hadisəni olduğu kimi danışın. Sonra sual yaranarsa, cavab verərsiniz. Sual, deyilməyən məsələlərdən yaranacaq. Sual insanı danışdırmaq üçün aqreqat deyil.

–          Bir daha deyirəm ki, mən o hadisənin iştirakçısı olmamışam… O hadisədə birbaşa mən iştirak etməmişəm və onunla bağlı da heç nə görməmişəm. İzahatım var, oxuya da bilərsiniz.

–          Xanoğlan Muxtarovu (ötən məhkəmə iclasında X.Mxtaov özünü kölə adlandırmış və öz istəyilə deyil, göstərişlə hərəkət etdiyini deməyə çalışmışdı) tanıyırsınızmı?

–          Bəli. 2003-2007-ci ilədək mənim yanımda, yəni Xəmsə restoranında baş administrator işləyib.

–          Onunla ədavət və düşmənçiliyiniz yoxdur ki?

–          Yox. Heç qohumluq əlaqələrim də yoxdur. Dostluq və qardaşlığımız da bu gün də davam edir.

–          Hazırda münasibətləriniz?

–          Çox yaxşıdır.

–          Akif Məmmədovla münasibətləriniz?

–          2004-cü ildən onu tanıyıram, indi də münasibətlərimiz normaldır.

–          Ə.Zeynallı ilə A.Məmmədov arasında nə kimi münasibətlərin şahidi olmusunuz?

–          Onların münasibətləri 2006-cı ildən başlayıb. “Kurort” Birliyi Pirşağıda kiminsə  torpağını zəbt eləmişdi. və ortada məhkəmə çəkişməsi var idi. O dövrdə “Xural” qəzeti bu məsələ ilə bağlı yazılar dərc edirdi.  Sonradan bu məsələ məhkəmə yolu ilə həll olundu.

–          Sizin o məslələrin həllində iştirakınız olub, olmayıb? O yazıların dərc olunmaması üçün çalışmısınız, çalışmamısınız?

–          Həmin vaxt Ə.Zeynallı ilə danışmırdıq. Ancaq 1-2 dəfə xahiş etmişəm ümumi qohumlardan ki, mən A.Məmmədovla dostam, onun haqqında yazmasın.

–          Demək siz onların münasibətlərinin düzəlməsinə çalışmısınız?

–          Bəli.

–          Konkret o məsələ ilə bağlı Ə.Zeynallı ilə görüşmüsünüz?

–          2006, 2007, 2008-ci illərdə, yox. 2009-da, bəli görüşmüşəm.

–          Nə vaxt və harada?

–          Toylarda…

–          Həmin məsələ ilə bağlı..

–          Yox, görüşməmişəm.

–          X.Muxtarovun Ə.Zeynallı ilə gördüyündən xəbərdar olmusunuz?

–          Onların görüşü 2008-ci ilə təsadüf edərdi. Həmin dövrdə mən olmamışam.

–          Onlar görüşüblər, yoxsa yox?

–          Bilmirəm. Görüşə də bilərlər, hətta çörək də yeyə bilərlər. Hər halda həmin görüşdə mən olmamışam.

–          Eşitmisiz?

–          Eşitmişəm ki, görüşüblər, çay içiblər.

–          A.Məmmədov haqqında qəzetdə gedən silsilə yazıların qarşısının alınması üçün X.Muxtarov Ə.Zeynallı ilə görüşüb, yoxsa yox?

–          Mən bildiyim qədərilə bir dəfə görüş olub. Onda da Xanoğlan ondan xahiş etdi ki, yazılar dayandırılsın. Həmin dövrdə Akif müəllimin oğlu da rəhmətə getmişdi.

–          Yəni Xanoğlan ondan xahiş edib ki. Yazıları yazmasın?

–          Bəli.

–          Bu məlumatı hardan almısınız?

–          X.Muxtarov o vaxt yanımda işləyirdi, hər gün görüşürdük. O dedi ki, yazıları dayandırmaq üçün görüşdük.

–          Yazılar dayandı?

–          Mən qəzet oxumadığım üçün dayanıb, dayanmadığını bilmirəm. Anacaq mən biləni dayandı.

–          Birdəfəlik dayandı, yoxsa yazılar sonradan davam elədi?

–           Bilirsinizmi, mən o qəzeti gündəlik və yaxud da həftəlik oxumuram ki, nə yazıb-yazmadığını biləm.

–          Qohumunuzun qəzetidir və sizi maraqlandıran məslələrdən yazır…

–          Başa düşmədim, belə çıxır ki, siz öz qohumunuzun qəzetlərini oxuyursunuz. Mənim işim o qədərdir ki, gündəlik mütaliəyə vaxtım çatmır.

–          Sizin ona haqqınız yoxdur ki, dövlət ittihamçısına qarşılıqlı sual və ya da məsləhətlər verəsiniz. Oxumamısınızsa, deyin oxumamışam.

–          Oxumamışam.

–          Siz başa düşdüyünüzü demirsiniz. Başa düşmədiklərinizi də başa düşəcəksiniz, burda nə var ki?

Əvəz Zeynallı:

–          Möhtərəm hakim, prokuror şahidə təzyiq edir. Özü də çox ciddi təzyiq edir.

Dövlət İttihamçısı

Ramazan Hadıyev:

–          Təzyiq etmirəm, kömək edirəm. Yazıların dayandırılması ilə bağlı nə kimi məlumatlarınız vardı? A.Məmmədovla Ə.Zeynallı arasında görüş olubmu?

–          Onların arasında bir neçə dəfə görüş olub. Torpaq məsələsində çəkişmə olanda da səhv etmirəmsə, bir neçə dəfə görüşüblər.

–          Bunu dəqiq bilirsiniz, yoxsa kimdənsə eşitmisiniz?

–          Həmin dövrdə qəzetdə təkzib də getmişdi. Akif müəllim də müsahibə vermişdi. İndi yadımda deyil, xatırlamıram. 6 il bundan əvvəl olub.

–          A.Məmmədov haqqında qəzetdə silsilə yazılar gedəndə o sizdə narahatlıq yaradıb, ya yox?

–          Yüzdə yüz yaradıb. Mütləq yaradıb. Mən A.Məmmədovla indi də yaxın dostam. Əvəz Zeynallı ilə də həm qohumluq, həm də dostluq əlaqələrimiz olub, istəməmişəm ki, arada belə narazılıq olsun.

–          O yazılarda hansı məqamlar sizi narahat eləyib?

Ə.Zeynallı(replika):

– Ramazan müəllim bu gün çox diqqətlidir. Bu gün dərsindən “5”dir.

–          Qəzetdə 2 yazı var idi. Biri Pirşağıdakı torpaq məsələsi, digəri də A.Məmmədovun oğlunun müəmmalı ölümü ilə bağlı. Mən özüm Ə.Zeynallıya zəng vurub xahiş etdim ki, o yazını saxlasın. Oğlu ilə bağlı yazını sax…lasın. Nəəə bilim?

–          Nə cavab vermişdi?

–          Dedi, araşdırıb, baxarıq, əgər belə şey yoxdursa, dayandırarıq. Mən xatırladığım qədər belə olub.

–          Verdiyiniz ifadədə isə bildirirsiniz ki, siz bu məsələ ilə bağlı Ə.Zeynallı ilə görüşməmisiniz…

–          Toyda, hüzr yerlərində görüşmüşük.

–          Məhz bu məsələ ilə bağlı.

–          Yox, onunla bağlı görüşməmişik.

–          Toyda, başqa məclislərdə görüşəndə bu məsələni müzakirə etmisiniz?

–          İkimiz olanda, bəli.

–          Çox yaxın qohum sizin çox yaxın dostunuz haqda yazılar yazılır. Siz soruşdunuzmu ki, ay Əvəz Zeynallı nə məqsədlə bu yazıları yazırsan?

–          Jurnalistlərin mənə çox sualları olir. Məsələn, dünən toyda zəhərlənmə olub, bu nə məsələdir? Onlar hamıdan yazırlar.

–          Amma sizi həm də o narahat edib ki, qəzetdə həm də A.Məmmədovun ölmüş cavan oğlunun da adı hallandırılıb.

–          Bəli, mən bununla bağlı Əvəz Zeynallıya irad bildirmişəm. Onda dedi, araşdırarıq. Amma sonra da mən biləni müəyyən müddətdə – 6-7 ay yazmadılar.

–          Sizinlə danışıqlarında, sizdə olan məlumata görə Xanoğlanla danışıqlarında Ə.Zeynallı bu yazların dayandırılması üçün əmanət güdübmü?

–          Məndən nə əmanət güdəcək ki? Biz qohum, dost olmuşuq və bir-birimizə qarşı da heç bir vaxt təmənnamız olmayıb. Tale elə gətirib ki, qaçqınlıqdan sonra da hər ikimizin ailəsi Gəncəyə köçüb.

–          Bu axı, sizin özünüzlə bağlı yox, dostunuzla bağlı məsələdir. Mən sizi başa düçürəm. Bu tribuna çox çətin yerdir.

–          Allah heç kimə qismət eləməsin.

Ə.Zeynallı:

– Həm özü ağırdır, həm də məsuliyyəti çox ağırdır. Bu hakimiyyətin idbar, abırsız məmurları insanların dostlarını bu tribunaya gətirib, dostlarının üzünə durmağa məcbur edirlər.

R.Hadıyev:

– Məmurlar abırsız deyil, danışığınıza fikir verin. Görürsünüz ki, burada araşdırma gedir…

– Çox agır və “ədalətli” araşdırma parırsınız. Ayıb olsun o iri çinli məmurlara ki, şəxsi maraqlarına görə insanları ləkələyirlər. Şər-böhtan atıb, sonra da “araşdırma” apardıqlarını deyirlər.  Bunların araşdırmasına bir bax. Budur üzümə duran sizin deputatınız. 2 milyon dollar rüşvət alıb Ramiz Mehdiyevin adından. Niyə onu tutmursunuz. Niyə Gülər Əhmədovanın özü haqqında bu gün cinayət işi qaldırılmır? Baxın, bu işdə adam əlində həm fakt, həm də dəlil olduğunu deyir. Niyə qanun buna işləmir, amma onun yalan, şər-böhtan ifadələrinə görə heç bir cinayət işləmədiyim halda bir ildir məni barmaqlıq arxasında saxlayırsınız? Niyə? Qanun məmurları niyə tanımır? Budur, sizin qanunlarınız?

(Zalda etirazlar səslənir)

–          İmkan verin, şahidi dindirək. Hakimdən də xahiş edək, zalın sakitliyini təmin etsin, reaksiya versin və tədbir görsün. Elə eləməsinlər ki, mən də burda adbaad kiminsə haqqında tədbir görəm…

–          Gülər hamınızın qarşısında üstümə cumurdu. Əl-qol atırdı. Onda niyə adbaad tədbir görmürdünüz? Cəsarətiniz yox idi? Qardaşımı arxadan təpiklə vurub qaçanda bəs, hakimlər, sən – dövlət ittihamçısı hara baxırdınız? Budur, sizin ədalətiniz? Elə burdan görünür, niyyətiniz nədir və hara kimindir? Dünənki məhkəmə zamanı 4 şahid dindirilib, hamısının ifadəsinin saxta olduğu üzə çıxıb, niyə mətbuat bunu yazmır? Belə getsə, bir azdan APA-nın da jurnalistinin məhkəməyə buraxılmasına icazə verməyəcəm. Niyə yazmırsınız ki, Əvəz Zeynallıya qarşı ifadə verənlərinin birinin ifadəsi üst-üstə düşmür? Papaqlarının içində istintaq materialından çıxarışları gətirmişdilər. “Şparqalka”ynan suallara cavab verirdilər. Onların dediklərini uygunlaşdırıb yazırsınız. Bəs mənim cavabım? Bəs müstəqil mətbuatı tərəfkeşlikdə ittiham edirdiniz, siz nə ilə məşğulsunuz? Abırınızı satmayın. Mən burda müstəqil mətbuatın davasını aparıram, bunların gününə bax. Özlərini ağıllı bilirlər, oyun oynayırlar. Əli Həsənov görün mətbuatı nə günə salıb. Ayıb olsun.

–          Zalda mıqqıldamayın.

–          Nə eləməsinlər?

–          Yerdən replika atmaq hansı qaydalara uyğundur?

–          Nə dediniz? Bir də təkrarlayın? Mıqqıldamasınlar? Mən deyəndə ki, siz qanunu çeynəyirsiniz deyəndə vəkilimdən soruşdunuz ki, qanunu pozuram, yoxsa, yox? O sözü təhqir bilirdiniz, indi özünüz təhqirə keçirsiz? Mıqqıldamaq nə deməkdir?

–          Danışmasınlar.

–          O zaman hüquqçusuz və guya ki, həm də müəllimsuiz. O zaman deyin ki, zalda danışmasınlar. Mıqqıldamaq nə deməkdir, Ramazan müəllim, hardan öyrənmisiniz bu ifadələri?

–          Onda özünüzə hörmət eləyin.

–          Siz özünüzə hörmət eləmirsiniz. Sən nə danışırsan? Dövlət ittihamçısı hansı qanuni qaydaya riayət edib, zala xitabən “mıqqıldama” deyə bilər? Hardan almısınız bu cəsarəti?

–          Siz prosesi pozmağa çalışırsınız.

–          Mən bu prosesin nə cür getdiyini, niyə bu tonda aparıldığını yaxşı bilirəm və yaxşı da görürəm. Sizin bürokratiyanızın nəticəsidir ki, məhkəmə prosesinə 55 gün fasilə vermisiniz. Siz orda dincələndə, mən burda heç bir günahım olmadan sizi gözləmişəm. Hələ bunu demirəm. Hələ bir danışırsınız da…

–          Mənim istirahət günüm cəmi 36 gündür.

–          Proses gedə-gedə necə istirahətə gedirsiniz? (Zala xitabən) Heç kim bundan sonra “mıqqıldamasın”!

–          Mürvət Həsənov, siz A.Məmmədov haqqında yazıların dayandırılması məqsədilə özünüz və yaxud da kiminsə vasitəsilə pul vermisiniz?

–          Mən Əvəz Zeynallıya nə pul vermişəm, nə də o məndən pul istəməyib.

–          Deməli verməmisiniz?

–          Yox.

–          Kiminsə pul verməsindən də məlumatınız var, yoxsa, yox?

–          Mən çox sonralar eşitdim. Eşitdim ki, guya A.Məmmədov ona kiminsə əli ilə pul verib.

–          Kimsə dediyiniz adamlar kimlərdir?

–          Akif müəllimin, Xanoğlanın dediyinə görə belə bir şey olub, amma özüm görməmişəm, bilmirəm.

–          Nə qədər pul verilib?

–          Eşitdiyimə görə, 4 min dollar veriblər. Amma mən o prosesin iştirakçısı olmamışam və ona görə də bilmirəm.

–          Bunu sizə kim deyib?

–          Xanoğlan.

–          Nə üçün o pulu veriblər?

–          Qəzetin o zaman vəziyyəti pis idi. Ona görə də Akif müəllim kömək etməyə çalışırdı.

–          Oğlu haqqında yazılar dərc edilən bir qəzetin nəşr edilməsinə kömək etmək üçün pul verirdi?

–          Sonralar Ə.Zeynallı ilə A.Məmmədovun öz aralarında dostluq münasibətləri yaranmışdı. Ona görə də, ola bilərdi.

–          4 min ABŞ dollarının içində sizə məxsus hissə var idimi?

–          Orda mənə məxsus pul yoxdur. Amma Akif müəllim onda məndən min dollar borc slmışdı.

–          A.Məmmədov kifayət qədər imkanlı adamdır, o nə üçün səndən borc almalı idi ki?

–          Akif müəllimin imkanı hardandır ki? Biznes qurub ki?

–          Demək, borc alıb?

–          Hə.

–          Sonra borcu qaytardı?

–          Hə.

–          Siz ibtidai istintaqa ifadə veribsiniz. Bu ifadəni təsdiq edirsiniz?

–          … Vallah məın xatırlamıram, ifadələrimdə nə var, amma təxmini təsdiq edirəm.

–          Bu ifadələri sizdən kim alıb?

–          Müstəntiq Qabil Qasımov.

–          Müstəntiq sizdən bu ifadəni alanda sizə qarşı təzyiq, təhdid, qorxutma, müxtəlif hərəkətlərilə hədələmək kimi hərəkətlərə yo veribmi?

–          Qəti. Qabil müəllim mənə nə təzyiq edə bilər ki?

–          Deməli, qətiyyən belə hərəkətlərə yol verməyib.

–          Yox, o mənə nə edə bilər ki?

–          İfadənizdə söylənilən fikirlər sizə məxsusdurmu?

–          Demək olar ki, hə.

–          Demək olmayan hissəsi hansıdır?

–          Yadımda qalsaydı, deyərdim.

–          Siz o vaxt ifadəni oxuyandan sonra imza atmısınız?

–          Hə.

–          O zaman orada sizə aydın olmayan fikir var idimi?

–          Yox idi.

–          İmzaladınızmı?

–          Bəli, 2 səhifə idi, 2-nə də imza atdım.

Vəkil Rəşid Hacılı:

– Deyirsiniz ki, siz Ə.Zeynallı ilə 2005-2008-ci illərdə birbaşa təmasda olmamısınız?

– Toylarda, hüzr yerlərində görüşmüşük. Bir də bir-birimizə işimiz düşəndə…

– Sizi KQMİ-nə nə vaxt çağırıblar?

– O zaman mən Moskvada idim. Hardasa dekabrın 10-12-də mobil telefonuma zəng gəlmişdi. Sonra isə dekabrın 19-da zəng gəldi və o zaman da KQMİ-nə getdim.

– Aradakı müddətdə  sizin məlumatınız var idimi, kimsə, kiməsə pul verib, pul alıb?

– Əvəz tutulanda mən burda deyildim, xaricdəydim,  sonra da sanatoriyaya getdim.

– Siz ibtidai istintaqa verdiyiniz ifadəni sonadək oxudunuzmu?

– İfadəni özüm oxudum.

– Siz neçə dəfə ifadə vermisiniz?

– Bir dəfə.

Ə.Zeynallı:

– Mürvət, istintaqa verdiyin ifadə sənin ifadəndir, yoxsa, yox?

– Demək olar ki, mənim ifadəmdir.

– Demək sən ibtidai istintaqa verdiyin ifadəni burada təsdiqləməyə gəlibsən?

– İbtidai istintaqa verdiyim ifadə də, burda nə dedim, odur da… İndi dedim, hamı da eşitdi.

– Yox. Bura Ağbulaqda dükanın qabağı deyil. Bura Ağır Cinayətlər Məhkəməsidir.

– Mən Ağbulaqda heç vaxt dükanın qabağında durmamışam.

– Ay sağ ol, dura da bilməzdin. Ağır Cinayətlər Məhkəməsində bu gün guya 2 dostu üz-üzə qoyublar. İndi guya ki, dost olmuşuq. Ona görə də burada “demək olar ki…”, “yanlış xatırlamıramsa” kimi ifadələr keçmir. Ona görə soruşuram ki. Ibtidai istintaqa verdiyin sənin ifadəndirmi?

– Bəli, mənim ifadəmdir.

– Bura da onu təsdiq etməyə gəlibsən?

– Bura gəlmişəm də… Şahid qismində çağırıblar məni.

– Vəssalam. Demək ifadəni də təsdiq edirsən?

– Təbii ki, o ifadəni mən yazmışam da…

– Protokollarda bizim mübahisəmiz çıxacaq, amma xahiş edirəm, mümkün qədər protokollara düzgün qeyd edin. Ziddiyyətlərə toxunmaq istəyirəm. Bayaq dedin ki, 2006-2009-cu illərdə mənimlə ümumiyyətlə görüşməmişik, danışmamışıq.

– Görüşmüşük, ancaq işlə bağlı danışmamışıq.

– Yəni bu işlə bağlı 2006-2009-cu illərdə heç bir söhbət getməyib? O zaman nə vaxt gedib?

– Səndən Akif müəllimin Pirşağıdakı torpaq məsələsilə bağlı yazmamağı xahiş etmişəm, bildiyim qədərincə, siz də yazmamısınız.

– Nə vaxt xahiş etmisən?

– 2008 idi səhv etmirəmsə…

– Onda dost idik, yoxsa münasibətlərimiz sərin olub?

– Dost olmuşuq, amma münasibətlərimizin sərinliyi təxminən 2005-ci ildən başlayıb.

– İfadəndə demisən ki, sən də mənə min dollar vermisən.

– O pulu Akif müəllim məndən borc istəmişdi.

– O zaman bayaq nə üçün deyirsən ki, ibtidai istintaqa verdiyin ifadəni təsdiq edirsən? Ifadəndə demisən ki, “mən bu məsələ üçün min dollar vermişəm”. Möhtərəm hakim, xahiş edirəm, ifadəni elan edəsiniz.

(Ardı var)

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button