Xaç qayınatası – V yazı

V yazı

Etiraf edim ki, qərb cəbhələrində güclü təzyiqlə tədbiq edilən strategiya az da olsa təsirini göstərirdi. Mənim əleyhimə bütün cinayət məcəlləsini tətbiq etməyə çalışırdılar (adam oğurluğundan tutmuş maliyyə cinayətlərinədək). Nazarbayev rejimində rüşvətxorluqdan danışmaq əvəzinə, işləmədiyim və mənim üzərimə atılan cinayətlərin mənə aid olmadığını sübut etməyə çalışırdım.

1 iyul 2007-ci il, cümə günü hadisələrin gedişatı pik nöqtəsinə çatmışdı və nə olur olsun, həlli üçün bir yol tapılmalı idi. Həmin gün məndən asılı olan heç nə yox idi. Həmişəki ev-ofis marşrutumu dəyişərək əvvəlcə banka, sonra isə bərbərə getdim. Oradan çıxanda isə məni küçədə şou gözləyirdi – hansı ki, indiyə qədər başıma bu səpkili bir hadisə gəlməmişdi. Küçədə xüsusi geyimdə iki kişi və başında amerikan beysbolkası olan sarışın bir qadın dayanmışdı. Bizi gözlədikləri bəlli idi. Onlardan biri bizə yaxınlaşaraq vəsiqəsini göstərib özünü DİN-İnterpolun Avstriyadakı milli bürosunun nümayəndəsi kimi təqdim etdi:

– Cənab Əliyev sizsiniz?
– Mənəm.

Biz rus dilində danışırdıq…

– Lap yaxşı. Mənə qazax interpolunun sorğu məktubuna əsasən, sizi həbs etmək səlahiyyəti verilib.

Mühafizəçilərə hər şeyin qaydada olub-olmadığını yoxlamaq barədə işarə verdim. Avstriya DİN-in “Kobra” xüsusi mühafizə dəstəsinin rəisi üzr istəyərək bildirdi ki, ona ratsiya vasitəsilə DİN nəzdində fəaliyyət göstərən İnterpol Listriyanın keçirdiyi əməliyyata mane olmamaq barədə təlimat veriblər. Heç mən özüm də burada qızğın atışma olmasının tərəfdarı deyildim. Hərə öz işini görürdü. Mən öz təcrübəmdən bilirəm ki, hakimiyyətin bölünməsi və qanunun hakimliyi, üstünlüyü nədir.

– Sizin silahınız var – polis soruşdu.
– Var, maşındadır.
– Silah gəzdirmə üçün icazəniz var?
– Var, hələ 2002-ci ildən Qazaxıstanın Avstriyadakı səfiri vəsiqəsi ilə birlikdə.

Qrupdan olan ikincisi isə avtomobilimə doğru getdi. Qeyri–iradi olaraq fikir verdim ki, bunların hər üçü amerikan filmlərindəki xüsusi təşkilatların cacucları kimi davranmağa cəhd edərək, özlərini “Qorxmaz Uoker” hesab edirlər.
Polis maşına girərək axtarışa başlayır – nə dərəcədə “kor” və səriştəsiz olasan ki, düz gözünün önündəki diplomat nömrəsini görə bilməyəsən. Maşın axı fəaliyyətdə olan diplomatın, yəni Qazaxıstan Respublikası səfirliyinin əməkdaşının adına qeydiyyatdadır.

Açıq-aydın və şahidlərin də yanında vacib və ən ümdə beynəlxalq qanunu – Vyana Konvensiyasının diplomatik toxunulmazlığı haqda qanunu göz görə-görə pozurlar. Bu barədə daha sonra mənim vəkillərim məşğul olacaqlar.

Hələ də həmin vaxt keçmiş Yuqoslaviya ölkələrində Qazaxıstanın səfiri və BMT-nin Vyana ofisində daimi nümayəndəsi olmağım faktı heç kəsi narahat etmirdi.

Beysbolkalı qadın sərt bir hərəkətlə əllərimə qandal taxdı. Sol əlimin yavaş-yavaş keyiməyə başladığını hiss etdim.

Maraqlıdır ki, mənə şəxsi əşyalarımı köməkçimə verməyə və vəkillərimlə danışmağa imkan verdilər. Sonra dördümüz də “Folksvagen” markalı balaca avtomobilə mindik. Qrupun əsas üzvü sükan arxasında, sarışın qadın da onun yanındakı qabaq oturacaqda əyləşdilər. Yolda məlum oldu ki, bu qadın ukraynalıdır və Vyana polisində işləyir.

Fikir verdim ki, şəhəri boşu-boşuna, mənasız yerə hərlənirik. Mənim vəziyyətimdə, xüsusilə də MTK-nın kirayələdiyi və hal-hazırda “General aviation” terminalında dayanan təyyarələri də nəzərə alsaq, xoş səslənməsə də soruşdum ki, “hara gedirik.” Xanım əvvəlcə “Şvehat” hava limanına gedəcəyimizi, sonra isə zarafat etdiyini dedi. Açığı, bu zarafat mənə heç də gülməli gəlmədi.

Sol əlimdəki qandalı bir az boşaltmalarını xahiş etsəm də, etiraz etdilər. Elə bil ki, mən xüsusi təhlükəli cinayətkaram və buna görə də mənzil başına çatmadan qandalları açmaq, boşaltmaq olmaz. Təxminən 20 dəqiqə yol getdik. Nəhayət, məntəqəyə çatdıqdan sonra əlimdəki qandalı açdılar. Sol əlimdə qandalın yerində əmələ gələn hemotoma (qan laxtası yığıntısı) isə bir neçə həftəyə sağaldı. Heç də Avropa ölkəsinə xas olmayan bir həbs etmə üsulu…

Polis məntəqəsində isə yorğanla təpikləşərək əsl sportan şəraitindəyəm. Əslində bu vəziyyət təyyarənin lüks salonundan daha çox xoşuma gəlir. Qan təzyiqimin yüksəldiyini hiss edirəm. Həkim gəlir və təzyiqimi ölçərək yuxarısı 170 olduğunu deyir. Sonra isə təcili xəstəxanaya gedib ürək kardioqramması çıxarılmasını tələb edir. Mən əvvəlcə etiraz edirəm, amma vəziyyətimin daha da pisləşdiyini və ətrafda baş verənlərdən get-gedə uzaqlaşdığımı hiss edirəm. Məntəqədə yadımda qalan sonuncu an İnterpoldan olan həmin sarışın qadının əyilərək mənə baxması olur. Maraqlıdır… Həmin vaxt ona nə lazım idi?

Ayılanda artıq xəstəxanada, sistem altında idim. Bu yer Ədliyyə Nazirliyinin nəzdində yerləşirdi. Həkimlər danışırdılar ki, ürək infarktı deyil, amma təzyiq normaya düşmür (bir müddət belə davam edəcək) və ürək nahiyəsində ağrılar da azalmır.

Cümə günü belə keçdi. Vəkillərimin hakimlə danışıb girov məbləği ödəmələrindən sonra, həmin gün artıq sərbəst buraxılmalı idim. Bir milyon avro – yaxşı ki, bank hesabımdan əvvəlcədən müəyyən məbləğ çıxarmışdım…

Rəsmi qaydaya əsasən, polis məntəqəsindən çıxıb ödənilən girov müqabilində azadlığa buraxılmağım barədə rəsmi icazə sənədini almaq üçün hakimin yanına, oradan da evə getməli idim. İndi də həkimlər buraxmır.Yüksək təzyiq azmış kimi, səbəbi bilinməyən güclü dəri allergiyası da başlayıb. Kompüter müayinəsi zamanı mədəmdə iki kiçik mənşəyi məlum olmayan metal parçası aşkar olundu. İndi hamının ağlına Litvinenko yox, yaxınlıqda yerləşən Vyana “Rudolfinerhaus” klinikasinda zəhərlənmədən müalicə olunan Ukrayna prezidenti Viktor Yuşşenko gəlirdi. Polis məntəqəsində üzərimə doğru əyilən İnterpoldan olan o xanım mənə də çox şübhəli gəldi və nədənsə heç yadımdan çıxmır…

Nə metal hissəciklər, nə də allergiyanın səbəbi barədə həkimlər bir açıqlama verə bilmədilər.

Şənbə günü növbətçi hakim və bir də mənim vəkillərim – doktor Rifat və professor Brandştetter yanıma gəldilər. Hakim mənim azad olunmalı olduğumu elan etdi və əlavə olaraq bildirdi ki, mənim almancam mükəmməl olmadığı üçün qanuna əsasən, tərcüməçiyə ehtiyac var. Tərslikdən o da yoxdur. Və mənim girov müqabilində azad olunmağım bazar gününədək ertələnir.

İstirahət günlərinədək xəstəxanada bir xeyli məşhurlaşdım. Şöbələrdə, əsasən, viza rejimi pozuntusuna və xırda dələduzluğa görə saxlanılan çoxlu sayda moldaviyalılar, ukraynalılar müxtəlif həkim təyinatı ilə yatırlar.

Şam yeməyindən sonra televizorda sonuncu xəbərləri izləyirik. Xəbərlərdə mənim həbsim barədə hər şeyi müzakirə edirlər. Tibbi personalın və xəstələrin arasında reytinqim bir xeyli qalxır.

İlk peşəm olan həkimliyi, xəstələrimin məsləhət üçün mənə müraciət etmələrini yadıma salmağa başlayıram.

Şənbə günü Avstriya-qazax münasibətləri və mənim barəmdə yazılar dərc olunmuş yerli mətbuatın qəzetlərini gətirirlər. Hər kəs bilirdi ki, Vyana yaxınlığındakı Avropanın ən iri neft emalı zavodu olan OMV əsasən, bizim neftimizlə işləyir. Jurnalistlər enerji daşıyıcılarına siyasətin təsirinin olub-olmayacağını və Avstriyanın “Əliyevin qarşılığında neft və qaz” kimi şantaja boyun əyib-əyməyəcəyini müzakirə edirdilər.

Hadisələrin ən yaxşı təsvirini “Ştandart” qəzetindəki yazıda oxudum. Sən demə, mən hələ xəstəxanada sistem altında yatarkən, prezident Nazarbayev sakit oturmayaraq şəxsən bundeskansler Quzenbauerə zəng vurub və mənim dərhal ekstradisiya olunmağıma dair qərar çıxarılması üçün hakimə əmr verməsini xahiş edib! İnanılması çətin olsa da, bu faktı Avstriya hökumətinin mətbuat xidməti də təsdiqlədi.

Hadisə belə olub: Quzenbauer Avstriya hökümətinin başına keçməmişdən bir az əvvəl, həftə sonu dincəlmək üçün Türkiyənin Antaliya şəhərinə gedib. Seçki qabağı kampaniya bir az mürəkkəb keçmişdi – sosial-demokratlar cüzi səs üstünlüyü ilə qalib gəldiyi üçün uzun müddət parlamentdə səs çoxluğu ilə koalisiya yaratmaq çətin olmuşdu. Ona görə də Quzenbauerin bu istirahətə bərk ehtiyacı var idi.

Kansler sözün əsl mənasında dincəlmək üçün özü ilə heç bir telefon götürməyibmiş. Onda ancaq ölkə rəhbərliyinin təcili müdaxiləsini tələb edən fövqəladə hallar (bədbəxt hadisə, təbii fəlakət) üçün nəzərdə tutulan əlaqə vasitəsi olub. Bu əlaqə vasitəsi də əksər vaxtlarda susur. Qəflətən bu xəttə zəng gəlir ki, Qazaxıstan prezidenti Nazarbayev dərhal vacib məsələ ilə bağlı kanslerlə danışmaq istəyir. Deyə bilmərəm, kansler Quzenbauer nə eşitməyi gözləyirmiş. Hər halda beynəlxalq səviyyəli bir xəbər olacağını təxmin edirmiş. Söhbətin mənim barəmdə olacağını çox güman ki, gözləmirmiş…

Xaç Qayınatamın zəng vurmağının yeganə səbəbi isə elə bu imiş: dövlətlərarası təxirəsalınmaz xətti məşğul edərək Avstriya kanslerindən üsyankar Əliyevin ona təhvil verilməsini xahiş etmək. Əvəzində də Quzenbauer Avstriyanın ən böyük energetika kampaniyası olan OMV-nin neftlə, qazla kəsintisiz təchizatından arxayın olacaq və bu da bir növ gələcəkdə transxəzər qaz borusu “Nabucco Pipeline”–nin fəaliyyətinə dəstək mənasına gələcək.

Liderlər arasında bundan sonrakı dialoq isə belə davam edib: kansler bildirib ki, onun ölkəsində hakimiyyət çoxşaxəlidir və müstəqil ədliyyə sistemi olan məhkəməyə təzyiq göstərmək mümkün deyil. “Bəli, mən başa düşürəm”, deyə narazılığını bildirən Nazarbayev əlavə edib ki, bizim Qazaxıstanda da belədir, “amma ikimiz də bilirik ki, söhbət nədən gedir.”

Çox güman ki, Nazarbayev kanslerin ədliyyə nazirinə və ya Ali Məhkəmə sədrinə zəng vuraraq daha aşağı instansiyalara (Vyana ərazi məhkəməsinə) bu məsələ ilə bağlı məlum əmri verməsi barədə təzyiq etmə səlahiyyətində olmadığına inanmadı.

Dəqiq bunu başa düşmədiyi bəllidir. Çünki ikinci dəfə də kansler Quzenbaueri inadla fikrindən döndərməyə cəhd etdi.

İkinci telefon görüşməsi yenə də Qazaxıstan prezidentinin təşəbbüsü ilə 2007-ci il avqustun 9-da baş verdi. Ssenari də dəyişməz qalırdı. Xaç Qayınatam yəqin ki, Quzenbauerin hələ yeni və təcrübəsiz olduğunu, hakimiyyətin dadını, ləzzətini hələ tam duymadığını hesab edirdi. İndi isə, bir neçə aydan sonra onunla eyni səviyyədə olmasa da (hər halda üç aylıq təcrübəyə qarşılıq on səkkiz illik dövlət başçısı təcrübəsi vardı…), danışıqlar aparmaq olardı.

Lakin Quzenbauer qazax həmkarının xahişini yenə də yerinə yetirmədi. Növbəti dəfə yenə hövsələ ilə başa salmağa çalışdı ki, çoxşaxəli hakimiyyət dairələri bir-birindən asılı olmadan fəaliyyətdədirlər, yəni Qazaxıstandan fərqli olaraq, hakim kansleri mühakimə etmə səlahiyyətində olduğu halda, kanslerin hakimi işdən azad etmə kimi bir səlahiyyəti yoxdur.

Bir həftə sonra Nazarbayev bu dəfə öz baş naziri Kərim Məsimovu bir daha kanslerə zəng vurmağa məcbur edərək, səhvini ört-basdır etməyə çalışdı. Cavab isə dəyişmədi.

Xaç Qayınatam bu dəfə də “Vyana meşəsinin nağılına” inanmadı. Nazarbayevin Avstriya liderini qanunazidd hərəkətə təhriketmə cəhdi 2007-ci il 26 sentyabr tarixli üçüncü və əyani görüşündə gerçəkləşdi. Hadisə Nazarbayevin 7 ildən bəri getmədiyi BMT-nin Nyu-Yorkdakı əsas binasında baş verdi.

Əvvəlki illərdə o, özünü gah xəstəliyə vurur, gah da çox məşğul olduğunu bəhanə gətirərək BMT-nin vacib toplantılarına qatılmırdı. Əslində isə Nazarbayev Nyu-York prokurorluğunda “Qazaxgeyt” adlı korrupsiyaya dair istintaqın gedişatında müstəntiqə ifadə vermək üçün aparılacağından çəkinirdi. “Qlobal Opşons menecment”dən olan amerikan lobbisi nümayəndələri və hüquqşünasları prezidenti inandırdılar ki, bu il onun çəkinəcəyi bir şey yoxdur (işə baxılması ertələnmişdir…) O da BMT-nin əsas qərargahına getməyə qərar verdi. Bu, həm də özünün seçdiyi təkpartiyalı parlamentin yüksəlişini nümayiş etdirməyə çalışan özünəməxsus bir göstəriş-şou idi. Bütün qərb bu seçkiləri tənqid edir, Nazarbayev də amerikalıları və avropalıları sakitləşdirməyə gedir…

Qazaxıstanın Daxili İşlər Nazirliyi Avstriya kanslerindən yüksək səviyyəli 10 dəqiqəlik görüş xahiş edir. Protokola əsasən, bu səpgili görüşlərə etiraz olunmamalıdır. İştirak edən birinin danışdıqlarına əsasən, görüş təxminən belə olub. Təşəbbüs Nazarbayevdən gəlib. Sizin də təxmin etdiyiniz kimi, əl verib salamlaşdıqdan dərhal sonra Nazarbayev kansler Quzenbauerə Əliyevin təcili təhvil verilməsi, Avstriyanın Qazaxıstanla dostluğundan qazana biləcəkləri barədə bir daha düşünməsini təklif edib. Bu dəfə kansler artıq dözə bilməyib. Ölkədə çoxşaxəli hakimiyyətin hökm sürdüyünü dəfələrlə başa salmaq variantının işə yaramadığına istinad edərək, kəskin və açıq şəkildə bir də bu məsələni qaldırmamağı xahiş edib. Çünki onun fikrincə, bu məsələnin müzakirə olunması belə qanuna ziddir.

Və əgər mətbuat bilsə ki, ölkə başçıları məhkəmə orqanlarına aid işləri müzakirə edirlər, onları dərhal rüşvətxorluqla və səlahiyyətlərini aşmaqla təqsirləndirərlər. Qazax prezidentindən fərqli olaraq, Avstriya kansleri üçün bunun nəticəsi qarşısıalınmaz ola bilər: oradan istefaya o qədər də uzaq deyil…

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button