Xaç qayınatası – IX yazı

Rahat Əliyev

Pulları Astanada kimlər və necə qazanır?..

Becet Pakkoli və onun qalmaqalla məşhur olan tikinti şirkəti “Mabeteks”

Pakkoli Astanada 1995-ci ildə peyda oldu. O zaman onun 300 milyon dollar məbləğində olan Kremlin rekonstruksiyası kimi bir sıra müəmmalı və qəribə sövdələşmələri barədə yazmayan qalmamışdı. Rusiya hakimiyyəti dəhlizlərində ustalıqla müvazinətini saxlayan, Yeltsinin və Kremlin bütün işlərini idarə edən Pavel Borodinin dostu olan albaniyalı, Nursultan Nazarbayevə və onun sağ əli – işlər idarəsinin rəhbəri Vladimir Niyə sübut etdi ki, onlara lazım olan adam məhz elə onun özüdür. Ən əsası, bu adamla bütün tələbləri yerinə yetirməkdən əlavə, rus dilində bəzi “vəsait dövriyyələri” məsələlərini də danışmaq olardı.

Tələb çox sadə idi. Podratçı Qazaxıstanın yeni paytaxtının hər hansı bir obyektinin tikintisi üzrə tenderdə qalib gəlirdi. Büdcədən ilkin ödəniş alaraq 70-80 faizini həmin obyektin tikintisinə, qalanını ya guya ki, sonradan yaranan hansısa problemin həllinə, ya da ki prezidentin və onun yaxınlarının ixtiyarına veriləcək obyektlərin tikintisinə sərf edirdi.

Təəccüblənməyə dəyməz ki, ağır iqlim şəraitində yeni şəhərin salınmasına (bu da o deməkdir ki, sifarişçi hədsiz qənaət tərəfdarı deyil) dünya tikinti nəhəngləri maraq göstərmədilər. “Samsung” və ya “Skanska” kimi səviyyəli kompaniyalar ciddi maliyyə nəzarətində işlədikləri üçün qanunsuz mənimsənilən vəsaitin “sola” axın sxemindəki sərbəstlik onları ürküdəcəkdi. Məşhur alban Becet Pakkoli kimi işbazları  isə soyuq şimal paytaxtımıza məhz elə bu cür sərbəstliklər cəlb edirdi.

İsveçrənin Luqano şəhərindəki “Mabeteks” şirkəti 1996-cı ildən etibarən Qazaxıstanda işləyirdi. O zaman bu şirkət yeni şəhərin salınmasına dair tikinti şirkətləri arasında keçirilən tenderin qalibi olmuşdu. Tikinti işləri iki mərhələdən ibarət idi. Birinci mərhələ 1998-ci il 10 oktyabrda yekunlaşdı. Buraya 200.000 kvadrat metrə yaxın sahəsi olan hökümət ofisləri, prezident iqamətgahı, parlament binası və bank idarələri daxildir.

Tikintinin ikinci mərhələsinə isə prezidentin İşım çayının sol sahilindəki növbəti yeni “Ağ Orda” iqamətgahı, İqtisadiyyat Nazirliyi, ticarət mərkəzi və hava limanının ilkin tikiliş mərhələsi aiddir. Bundan əlavə, o vaxtın naziri Tokayevin yüngül əli ilə, tikinti şirkəti Xarici İşlər Nazirliyinin binasını da tikdi. Bu layihənin reallaşması zamanı “komission haqqı” barədə hekayəni başqa kitabımda danışacağam…

Prezidentin sol sahildəki yeni iqamətgahının tikintisi uğurla başa çatdıralaraq 2004-cü ilin sonunda istifadəyə verildi. İcra hakimiyyəti, uşaq xəstəxanası, biznes-mərkəzi binaları isə hələ tikilməyib.

Mərkəzi Univermağın yenidən qurulması üçün 1999-cu ilin aprelində keçirilən (ümumi dəyəri 20.5 milyon dollar) tenderdə həmin şirkət qalib oldu. Ancaq o zaman “Mabeteks” icraçı kimi deyil, səhmdar kimi fəalliyyət göstərirdi. Maliyyə “iynələmələrindən” sonra MUM-un idarə heyətinin 93 faiz nəzarət paketinə sahib oldu. Belə çıxdı ki, Pakkoli Qazaxıstan paytaxtının ən böyük mağazasının  rekonstruksiyası üçün qoyduğu vəsaitin əvəzində ona sahib oldu. Əslində isə Pakkoli MUM-un bərpasından komisyonu Nazarbayevə verdiyini, Bulat Utemitovun təhkimində olan MUM və ətrafdakı bütün restoranlar kompleksinin məhz elə prezidentə aid olduğunu indiyə kimi hələ heç kəs bilmir. Pakkoli Astanın tikintisi üçün Qazaxıstanın yüksək çinlilərinə “Mabeteks” şirkəti tərəfindən 10 illik müddətə 15 milyon dollar borc verildiyini jurnalistlərə şəxsən bildirib. Bunu əvəzində isə şəhər rəhbərliyi Pakkolini “Qazaxıstanın fəxri memarı” titulu ilə təltif etməyə və hətta onu Qazaxıstanın fəxri konsulu elan etməyə söz vermişdi. Ancaq alınmadı…

Şirkətin öz məlumatlarına görə “Mabeteks” Astana şəhərinin təxminən  60%-ni tikib!

Əlbəttə ki, Pakkolinin burada prezidentin yaxın ətrafından olan yeni işlər idarəsinin rəhbəri Dosmuhambetov, sonra isə Utemutatov və s. kimi rəqibləri var idi.

1996-1997-ci illərdə baş şəhər – Astananın meri Adilbek Caksıbekov və Kasım –Jomart Tokayev Nazarbayevdən sonra “Mabeteks”-in əsas lobbistləri oldu.

 

Sitat:

“Bizim Qazaxıstanda, Özbəkistanda, Mərkəzi Asiyada işlərimiz çoxdur. Mərkəzi Asiya – bizim üçün böyük bir bazardır; biz Qazaxıstanın yeni paytaxtını cəmi iki ilə və on iki min işçi qüvvəsi ilə tikib başa çatdırdıq. Vədimizə əməl edərək 360.000 kvadrat metrlik hökümət və digər binaları tikib təhvil verdik. Mən Qazaxıstanın fəxri vətəndaşı oldum.

Biz yeni paytaxt Astanada işə başlayaraq ölkənin yeni biznes-maliyyə mərkəzlərini yaratdıq.  Astana kiçik bir kənd olmağına baxmayaraq, indi onlar buranı böyük maliiyyə mərkəzinə çevirmək istəyirlər. Bizim Qazaxıstanda turizm və aviaşirkətlərimiz, Astananın mərkəzində 22 min kvadrat metrlik ərazisi olan nüfuzlu ticarət mərkəzimiz və həmin yerlərdə çalışan təxminən 6.000 adamımız var.”

“Sən hər zaman partnyoruna hörmətlə yanaşaraq onu qorumalısan, – mən uğurumu bunda görürəm. Əminəm ki, mənim böyük  ürəyim var və sizin də  ürəyiniz partnyorunuza aid olmalıdır.”

Becet Pakkoli

Buraxılmış zərbə

Prezident köçürülmə ilə əlaqədar hər şeyi mükəmməl ölçüb-biçmişdi. Daha doğrusu, ona elə gəlirdi. Amma bu planda bir çatışmazlıq var idi.

O, hər şeyi birbaşa nəzarətində saxlaya biləcəyi bir qala tikdirdi. Burada hər şey – ölkənin pulları, təbii sərvətləri və tabeçiliyində olanların taleləri onun idarəsindədir. Onun qəzəbindən qorxduqlarına görə, rəğbətini qazanmaq üçün yalan-doğru, hər bir üsula əl atırlar (yaxınını zərbə altında qoymaq da ənənəvi ilk üsullardandır). Prezidentə, yəni Nazarbayevə təsir edə bilmək üçün onun yaxın ətrafında güclü “örtükaltı” mübarizələr gedir. Onun hər kəlməsi ən son məqama kimi həqiqətdir. O, dövlət televiziyasında çıxış edərək paralel dünyalar, ən son nanotexnologiyalar barədə çıxışlar, müzakirələr edə bilər. Bu arada heç kəs cürət edib öz ölkəsindəki vətəndaşlarının çörəyə belə möhtac olduqları, əmək haqqını bu aydan o biri aya güclə çatdırdıqları və ölkə əhalisinin yarısının yoxsulluq içərisində yaşaması barədə bir söz deyə bilməz…

O, yaltaq təriflərdən həzz alaraq hətta özünün doğrudan da seçilmiş olduğuna inana bilər. Bütün bunlarla yanaşı, o, səhvə yol verdiyini və bu səhvinin də bədəlinin onun üçün çox qiymətli – hakimiyyət olduğunu başa düşmüşdü.

Qalaların problemi odur ki, onun ərazisi xaricindəki torpaqlarda hər şey yerli qanunlara görə tənzimlənir. Kəndlər hakim dairəyə çoxlu xərac ödəyir, Ağa və onun vassallarının qarşısında səcdə edərək öz qorxularını (qorxmalı səbəb də çoxdur) nümayiş etdirirlər – sədaqət təzahürləri arasındakı fasilə müddətində isə öz həyatlarını yaşayırlar.

Bəziləri, daha doğrusu, əksəriyyəti isə yoxsulluq içərisində sürünərək, öz qayğılarından başlarını belə qaldıra bilmirlər. Amma həmişə yağlı toyuğu, cücəsi, mal-qarası, qoyunu olan kəndlər də tapılır. Bu kəndlərin başında isə hökmdarın qarşısında daha az əyilən müflisləşmiş knyaz durur.

Belə yerlərdən biri də, əvvəlcədən təxmin edildiyi kimi, Alma-Ata oldu. Elə ona görə də prezident bu şəhəri sevmirdi. Qorbaçovun yenidənqurma dönəmində Sovet  İttifaqında ilk etiraz nümayişləri 1986-cı ildə məhz bizim bu şəhərimizdə baş qaldırmışdı. Bu hal Qorbaçovu da, Nazarbayevi də ciddi şəkildə qorxutmuşdu.

1986-cı ilin 17-18 dekabrında azadlıq istəyənlərin sürüklənməsi, cəzalandırılması ilə qara matəmə dönən nümayişlərini insanlar yad etdikcə Nazarbayevi vəhşi bir qorxu bürüyürdü.

Həmin hadisələrdən 10 il sonra Nazarbayev paytaxtı köçürdü. O, ümid edirdi ki, ancaq öz vəzifəlilərinin getdikləri yerlərdə gurultulu inkişaf olacaq. O, təsəvvürünə belə gətirə bilmirdi ki, yeni paytaxta camaatı (həmçinin uzun müddət bu yerdəyişməyə qəti etiraz edən xarici ölkələrin nümayəndəlikləri, səfirlikləri) ancaq qamçı gücünə aparacaq və bu yerlərə tökülən milyardlarla vəsaitin belə bu şəhərin real inkişafına və çiçəklənməsinə köməyi olmayacaq.

Tərk edilmiş Alma-Ata isə özü böyüyür, inkişaf edirdi. Bu şəhərin inkişafında prezident xırda bir məqamı nəzarətdən qaçırmışdı. Bu, hələ ziyanın yarısı idi – ardınca növbəti bağışlanmaz bir səhvə yol verdi. O, burada gündən-günə əriyən səlahiyyətini bərpa etmək üçün bütün rəsmi görünüşünə baxınca, gələcəkdə ölkə rəhbəri ola biləcək birini – yəni təkəbbürlü keçmiş komsomol rəhbərini şəhərə başçılıq etmək üçün göndərdi.

Astanadan Alma-Ataya getməzdən əvvəl çemodanlarını yığan İmangəli Tasmaqambetov əlbəttə ki, dahi rəhbərə daimi sədaqət andı içərək necə uyumlu, nəzarətə tabe və münasib olduğunu bir daha bəyan etdi. Məclislərdə gitara çalaraq, ağasını gözəl mahnılarla əyləndirən Tasmaqambetov Nazarbayevin ona verdiyi başçı kürsüsündən artığını heç istəmirdi də.

Bəs necə oldu ki, Prezident özünü boş buraxaraq sayıqlığını itirdi? Axı oxunan bütün bu mahnılar onun yaddaşındakı tanış səhnələri oyatmalı idi… Heç iki on illik keçməyib ki, o, özü onu heç nədən qaldırıb 1984-cü ildə Qazaxıstan SSR-nin Nazirlər Sovetinə rəhbər vəzifəsinə təyin edən ağasına sədaqət andı içmişdi. Axı o, özü də ağasına olan sədaqətini, bağlılığını, itaətkarlğını durmadan nümayişkəranə bildirənlərdən idi. O da ağasının diqqətini daim üzərinə çəkmək üçün məzəli mahnılarla, lətifələrlə onu əyləndirirdi. Yeri gəlmişkən, hələ o zamanlar gənc Nazarbayev bütün yeni lətifələri həmişə pencəyinin cibində saxladığı bloknotda qeyd edir və sonra da əzbərləyirdi.

Respublikanın kommunist lideri Dinmuhamed Kunayevin hakimiyyəti zəifləyən kimi sədaqətdən, minnətdarlıqdan heç iz də qalmadı. Müstəqil Qazaxıstanın ilk prezidenti şəxsi təcrübəsindən bilməli idi ki, söhbət xan taxt-tacından gedirsə, bütün andların, vədlərin dəyəri sıfıra düşür.

Bununla yanaşı, hər bir insan inanmaq istəyir ki, ona qədərki təcrübədən keçən hər şey elə onun özündə bitir. Müdriklərin və ağıllı insanların buraxdığı səhvləri bir daha təkrarlamayacaq qədər özünü ağıllı və təcrübəli hesab edir. Yəqin prezident hər şeyi tarazlayan, nəzarətdə saxlayan, az da olsa digərlərindən seçilən siyasətçiləri zərərsizləşdirən – yəni siyasi “çəmənliyi” qayçılayan otbiçən aparatına o qədər güvənirdi ki, qərb zonasından olan İmangəlinin cənub torpaqlarında qalxmasına çox da əhəmiyyət vermədi.

Bir dəfə Nazarbayevdən, Tasmaqambetova güvənmədiyi halda niyə onu Alma-Ataya mer təyin etdiyini soruşdum. Onun cavabı məni heyrətə saldı – “qoy bir az işləsin, rüşvətlə bir az da çikaba batsın…”

Anladım ki, Nazarbayev qurbanlıq üçün – baş çobana qulaq asmayacağı və şıllaq atacağı təqdirdə növbəti tələ hazırlayır. Nazarbayev Tasmaqambetovu nə Şanırak mikrorayonunda nümayişçilərin qovulmasına, nə Şımkənddə uşaqların AİDS-lə yoluxmasına, nə də digər problemlərə görə bağışlamayacaq.

Səbəbi nə olursa olsun, nəticələr prezidenti təşvişə salmışdı: onun “adamı” çox böyüyüb və “otbiçən aparat” bu yerdə işləmirdi. Hər dəfə Alma-Ataya “biçinə” göndərildikcə, aparat dişini sındırıb qayıdırdı. Prezident artıq açıq şəkildə öz əlaltılarından Tasmaqambetovun başını gətirməyi tələb edirdi. Olimpin şimşəkləri isə indiki Astana şəhər hakimi-merinə zərər vura bilmirdi.

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button