Xaç qayınatası – XXV

Rahat Əliyev

Türkmənbaşının hədiyyəsi

Deyilənə görə, hədiyyə verməyi sevən insanlar da var. Amma Nursultan Abişeviç hədiyyə almağı sevən adamdır. Respublikanın rəisi kreslosunda oturduğu iyirmi il ərzində təbii olaraq çox, hətta lap çox hədiyyə yığmışdır. Onların bəziləri, məsələn,  suvenir “Gözəşirin siçovul” və “Quş yuvası” adlanan Pekin stadionunun maketi Qazaxıstan Respublikasının birinci prezidentinin Alma-Atadakı muzeyinə göndərilib. Bəziləri isə, məsələn, turbiyonlu,  kiçik seriya ilə buraxılan 102.950 evroluq UHREN EKCLUSİV  kataloquna daxil olan “Bruqqeut”, birinci prezidentin muzeyinə düşməyib. Doğrudan da, bu nə qəribə fikirdir, hansısa muzey, budur birinci prezident bizimlədir, hətta konstitusiyaya görə o, bizimlə sonsuzluğa qədər bir olacaq. Amma bir zamanlar məşhur fransız siyasətçisi Edqar For demişkən, sonsuzluq siyasətdə iyirmi il çəkir…

Prezidentə verilən hədiyyələr. Bu haqda yadıma çox maraqlı bir epizod düşdü. 6 iyul 2001-ci ildə Qazaxıstana öz növbəti səfəri zamanı, qonşu Türkmənistanın lideri rəhmətlik Səfərmurad “Türkmənbaşı” Niyazov (“ölülər haqqında ya danışma, ya da yaxşılığına danış” tələbinə uyğun olaraq rəhmətlikdən söz açmayacağam) Nazarbayevin ad gününə qonaq gəldi. Təbii olaraq hədiyyələrlə. O, bizim “baş”a bir neçə gözəl axaltəkin dayçaları, məşhur türkmən xalçaları bağışladı. Ancaq bütün bunlar qonşu “respublikadan” olan ürəyiaçıq həmkarın əsas hədiyyəsinə müqəddimə idi. Səfərinin axırıncı günü, danışıqların rəsmi hissəsi qurtarandan sonra, liderlərin qeyri-rəsmi, yəni diplomatik dildə “qalstuksuz” görüşü başlandı. Niyazov daim özü ilə gəzdirdiyi, heç kimə, hətta saxlamaq üçün belə etibar etmədiyi çantasını açdı. Mərkəzi Asiyanın kasıb dövlətinin liderinin çantası nəhəng brilliant qaşları olan böyük kişi üzükləri ilə dolu idi.

– Seç – deyə Niyazov Nazarbayevə müraciət etdi.

Mənim əski qayınatam hiss olundu ki, nə isə utandı. Düzdür o, elə də utancaq adam deyildi, amma bu dəfə hətta dodaqaltı “yaxşı deyil” belə dedi ki, bu da çox nadir hallarda olur. Niyazov təkid edirdi. O, böyük bir “bolt”la bəzədilmiş totuş barmağını prezidentin burnunun qabağında oynatdı. Hər halda bu üzük prezidentdən çox hansısa qadın alverçisinə və yaxud məşhurlaşmış reperə yaraşardı. Niyazov “bu, göz dəyməməkdən ötrüdür” dedi. O, bu cümləni elə tələffüz etdi ki, elə bil ona ölümsüzlüyün sirri məlumdur və o, öz dostu ilə bu haqda bölüşür. “Qoy üzüyə baxsınlar, sənə yox. Bu, səni paxıl gözlərdən qoruyar.”

Əgər Nursultan Abişeviç bir qədər tərəddüd edirdisə, bu arqument onu razı saldı. O, bu qeyri-adi Türkmənistan liderinin çantasında bir qədər qurdalanandan sonra xoşuna gələn bir üzuyü özünə seçdi. Rəsmi tədbirlərdə o, bu üzüyü taxmağa utanırdı, lakin qeyri-rəsmi görüşlərdə hərdən üzüyü onun barmağında görmək olardı.

Ancaq məlum olandan sonra ki,  üzük gözdəymədən qoruya bilmir (bir səhər türkmən xalqına xəbər verdilər ki, gecə Böyük Sərdar, bütün türkmənlərin atası, az qala yarıallah sayılan bu adam halsızlaşmış və canını tapşırmışdır. Onun yerini başqa bir ləyaqətli adam tutdu), Türkmənbaşının hədiyyəsi harasa yoxa çıxdı. Mənə elə gəlir ki, onu birinci prezidentin muzeyində axtarmağın xeyri yoxdur…

Özünün o biri həmkarı, özbək diktatoru ilə isə o, hər şeydə yarışır. Hətta deyilənə görə “İslamı” daim nəzarətdə saxlayır.

Çox səhv fikir olardı ki deyəm, Nazarbayevə müxalifətə keçib vətənə qayıtmaqdan imtina edənə qədər, Qazax kəşfiyyatının xüsusi işləri olmayıb. Mənim kiçik şəxsiyyətimə keçməmişdən əvvəl, onlar xüsusi əhəmiyyətli bir “şəxsi” izləyirdilər. Bu “şəxs” haqqında bir neçə müstəqil mənbələrdən təsdıq olunmuş, detallı, xırdalıqlarına qədər yoxlanılmış məlumat yığılırdı.

Xüsusi xidmət onunla bağlı hər şeylə maraqlanırdı. “Şəxs” kiminlə görüşüb, hansı yeməkləri xoşlayır, hətta srağagün günorta və axşam nə yeyib, dünən nə ilə şam edib və bu gün səhər nə yeyib? Onun hərəkət yerdəyişməsi dəqiq və xırdalıqlarına qədər öyrənilir, nəyi daha çox xoşladığı qeyd edilirdi. Təbii olaraq, ilk növbədə kəşfiyyatçıları onun xəstəlik kitabçası maraqlandırırdı. Bu adamın cavan olmadığını nəzərə alsaq, onun xəstəlik kitabçasında xeyli məlumat olduğunu başa düşərik.

Bizim ceyms bondlar gecə-gündüz işləyirdilər. Onlar bu şəxsin qanında şəkərin mıqdarı ilə bağlı məxfi məlumatları ələ keçirir, onun eritrositləri və leykositləri haqda, süfrədə olacaq yeməklərin qədəri, onun kefinin necə olması, siyasi fikirləri və ən əsası, yaxın ətrafında olan dəyişikliklər barədə məlumatlar əldə edirdilər. Əlbəttə, bu məlumatların nə qədər dürüst olduğunu, hansı məlumatın dəqiq, hansının isə rezidentlərin və casusların fantaziyası olduğunu müəyyən etmək qeyri-mümkün idi. Hətta buna lüzum belə görülmürdü, təki vaxtı-vaxtında mərkəzə məlumat ötürülsün. Həftədə bir dəfə ən əsas məlumatlar Nursultan Abişeviçin masasının üstünə qoyulurdu.

Qazax xüsusi xidmət orqanlarının əsas maraq dairəsində olan bu adam mənim əski qayınatamın həmkarı, Mərkəzi Asiya reqionunda birincilik uğrunda onun rəqibi olan Özbəkistanın başçısı İslam Kərimov idi. Mənə elə gəlir ki, İslam Abduqaniyeviçin özü belə özü haqqında Nursultan Abişeviç qədər bilmir. İllər ərzində izlədiyim bu hadisədə məni heyrətləndirən bir məqam var. İslam Abduqaniyeviçin sidik analizi ilə növbəti dəfə tanış olduqdan və hansı xarici təşkilatları qəbul etdiyi barədə məlumatları nəzərdən keçirdikdən sonra Nazarbayev, heç nə olmamış kimi hökumət telefonu ilə öz həmkarına zəng edir, onunla ən yaxın dost kimi Mərkəzi Asiya reqionunda və dünyada cərəyan edən qəliz problemlər barədə fikir mübadiləsi aparırdı.

 

Otlaq yerini gotürün, villa yerini prezidentə verin…

 

Mənım əski qayınatam öz torpağını sevir. Şəxsən ona məxsus olan torpaqlardan söz gedir. Doğma qazax torpağı onun ürəyindəki öz torpağına sevgisi ilə rəqabət apara bilməz. Nursultan Nazarbayevin şəxsi torpağına olan sevgisinə sübut kimi çox az adama məlum olan bir hadisədən söz açmaq istəyirəm.

2008-ci ilin yazında bizim ölkə, qardaş Qırğızıstanla qarşılıqlı sərfəli şərtlərlə torpaq mübadiləsi  etdi. Qırğızıstana Cambul əyalətində 1.100 hektardan çox sulanan və əkinə yararlı torpaq verildi. Əvəzində qırqızlar Qazaxıstan prezidentinə Bostırı qəsəbəsinin yanında, İssık-Kula gələnlərə tanış olan yerdə 620 hektar torpaq verdilər. 1.100 hektarın əvəzinə biz 620 hektar torpaq aldıq, hansının ki, yarısını o dəqiqə Xaç Qayınatasının şəxsi şirkətinin adına keçirdilər. Bu əməliyyatı Utemuradov və Dosmuxammedov hazırlayıb həyata keçirdilər.

İndi Nazarbayevin şəxsi ərazisində 6 dəbdəbəli villa tikilib. 28 metrəlik tək yaxta İssık-Kul gölündə Nazarbayevindir. Bu yaxtanı ona biznes şəriki, İsveçrədə yaşayan inquş əsilli Əhməd Mestoyev bağışlayıb. Bu şərikin bir vəzifəsi də prezidentin kef məclislərini qızla təchiz etməkdi. Mestoyevin oğlu Ruslanın adı isə dəmir yolunun rəisi Kulekeyevlə bağlı məşhur 100.000 dollarlıq dəmiryolu qalmaqalında fitnəçi kimi məşhurlaşmışdı. Bir sözlə, Nazarbayevdə vətənə qulluqdan yorulanda ruhunun dincəlməsi üçün nə lazımdırsa o da var.

Qırğızıstan isə nə zamansa Qazaxıstana məxsus olan Cambul əyalətindəki məhsuldar torpağa sahib oldu.

 

Prezidentin ilk qurbanları…

 

Nazarbayev rejimi öldürməyə hələ uzaq 90-cı illərdə başlamışdı. Xaç Qayınatasının muzdlu qatillərinin birinci qurbanları quldurlar oldular. Onlar mərkəzi hakimiyyətin kriminal gəlirdən olan paylarına şərik çıxır, kommersiya şirkətlərində, bazarlarda, küçələrdə öz qayda-qanunlarını bərqərar edirdilər. Onlardan qorxur, onlara qulaq asır, onlara “haqq” verirdilər. 90-cı illərin əvvəllərində – məşhur Baxa-Festival, Qara və Kürən Almazlar və qeyri-kriminal nüfuz sahibləri, böhrandan iflic olmuş dövlət maşınından daha böyük gücə sahib idilər.

Çox keçmədi, onlar hakimiyyətə qəsd etmələrinin cəzalarını çəkdilər. Ölkədə başlayan kriminal müharibədən bu böyük nüfuz sahiblərinin heç biri sağ çıxmadı. Rəsmi mənbələrə görə, bu müharibəni cinayətkar qruplar bir-biri ilə aparırdı. Əslində isə bu müharibəni Xaç Qayınatası təkbaşına hamıya qarşı başlamışdı.

 

Kriminal müharibənin xronikası:

Baxa-Festival:

Birinci qurban. 1993-cü ildə xüsusi qəddarlıqla güllələndi. Bu qətl Alma–Atanı sarsıtdı; üzü niqablı naməlum adamlar şəhər qırağında yerləşən bu kriminal nüfuzlusunun evini əhatəyə almış, avtomatla atəş açaraq evdə olanların hamısını oldürmüşdülər.

Kürən Almaz:

Nasibbey Hasenovun ləqəbidir. 31 may 1998-ci ildə İspaniyada qətlə yetirildi. Altı nəfər üzü niqablı adam Nasibbeyin Barselonada yerləşən villasına soxulmuşdular. Kürən Almaz İspaniyaya qazax cəza evindən vaxtından əvvəl buraxılandan sonra, Yunanıstan üzərindən saxta sənədlərlə girmişdi. O, kiçik və böyük topdansatış bazarlarında olan nəzarəti əlində saxlayır və oradan çox böyük gəlirlər götürürdü. Hər ay yüz minlərlə dollar onun Moskva banklarındakı hesablarına köçürülürdü. Bu qətl əməliyyatının başında KQB–MTK polkovniki Averşin Viktor Qriqoryeviç dururdu. Onu isti izlərlə qətldən dərhal sonra ispan polisi saxlamışdı. Bizim səfirlik və şəxsən xarici işlər naziri Qasımjomart Tokayev (Qazaxıstan Təhlükəsizlik Şurasının katibi Marat Tajinanın əmri ilə) Averşinə arxa tarixlə diplomatik pasport verəndən sonra onu azad etdilər. Hal-hazırda o, MTK-nın sədri Şabdarbayevin məsləhətçisi vəzifəsində işləyir (cənub paytaxtında antiterror əməliyyatlarına cavabdehdir).

Qara Almaz:

Zamanbəy Nurkadilovun qardaşı oğlu, cənub reqionlarında hərəkət edən mütəşəkkil cinayətkar dəstənin başçısıdır. 1994-cü ilin noyabr ayında Alma–Ata yaxınlığında çox müəmmalı bir avtomobil qəzasında həlak oldu. Nurkadilov hesab edirdi ki, qardaşı oğlunu onu qorxudub, küncə sıxışdırmaq üçün öldürüblər. Tarix kitablarından bizə tanış olan bir ssenaridir. Öz vaxtında Al–Kapone Çikaqo mafiyasının donu olmaq üçün məşhur gülləbaran hadisəsini törətmişdi. Valentin günü yeddi rəqib mafiya ailə başçılarını qətl etmişdi. Lakin Luçiano Salvatore Maranzananı öz əlləri ilə güllələdi ki, Nyu–York mafiyasında birinci olsun.

Xaç Qayınatası da onların yolunu tutdu. Əlbəttə, onun əlindəki kartlar onun əfsanəvi sələflərinin kartlarından daha güclü idi. Lakidən fərqli olaraq o, öz əlləri ilə heç bir iş görmürdü. Bütün çirkli işləri görmək üçün xüsusi xidmət orqanlarının (MTK) hərbi bölməsinin elit antiterror dəstəsi olan “Arıstan”ın döyüşçüləri var idi.

Al-Kaponedən fərqli olaraq o, vergi müfəttişlərinin və başqa hüquq-mühafizə orqanlarının basqınından qorxmurdu. Çünki özü ayrıca bir dövlətdə hakimiyyət pilləsinin Camalunqmasında oturmuşdu. Belə bir şey heç bir mafiozun yuxusuna belə girməzdi.

Mafiya həmişə siyasətçiləri, polisi, hakimləri korrupsiyaya bulaşdırmaq istəmişdi və bu, ona çox vaxt müyəssər olurdu. Hərdən polislər öz vəzifələrinə güvənərək qara biznesin xeyirli hissələrini ələ keçirməyə çalışırlar, eynən “Los-Ancelesin sirləri” filmindəki kimi. Bizdə isə dünya tarixində ilk dəfə korrupsiyadan və mütəşəkkil cinayətkarlıqdan gələn gəlir üstündə   mafiyalararası davalarda hakimiyyət maşınının bütün gücündən istifadə olundu.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button