Xain həyatı…

azad mursaliyevAzad Mürsəliyev

“Xəyanət –verilmiş andın pozulmasıdır və ən ağır günahardan hesab olunur.”

Məmləkət insanı üçün yaxınlarndan imtina, onlara xəyanət etmək, böhtan atmaq nədən bu qədər adiləşib? Sözsüz ki, çox vacib və sadə olmayan məsələdir, xüsusi ilə daxilində mənəvi prinsiplərin, şərəf və nəcibliyin çox az qaldığı demokratik cəmiyyət üçün. Bir çox qüsurlar və hətda bəzi hallarda cinayətlər belə insanların irədələrini azad ifadə etməsi kimi qəbul olunur. Bu da ondan xəbər verir ki, bu gün şər bir çox məqamlarda xeyiri üstələyir. Xəyanət nədir? Xəyanət –verilmiş andın pozulmasıdır və ən ağır günahardan hesab olunur. Xəyanət-yalandan qat-qat ağır günahdır, götürülmüş öhdəliklərin yerinə yetirilməməsidir. And verilən sözün ən ali dərəcəsidir və öhdəliklərin pozulması üçün məsüliyyət də böyükdür. Xain – o, şəxsdir ki, ihanət edir, yəni kiməsə, nəyəsə bağlılığını pozur, xaincə kiməsə, nəyəsə xəyanət edir. Bəzi ölkələrdə, istər qədim, istərsə də müasir dunyada xəyanətlərdən ən ağırı sayılan, vətənini, dövlətini satmaq ölümlə cəzalandırılır. Xəyanət çox dəhşətli günahdır. Xəyanətin dərəcəsini, ağırlığını müəyyən etmək üçün andın nə olduğunu dərk etmək kifayət deyil. Belə ki, bəzi hallarda xəyanətin baş verməsi üçün heç öncədən and içməyə və daha sonra həmin andın pozulmasına ehtiyac da yoxdur. Xəyanət dedikdə, ilk olaraq təsəvvürümüzə gələn dövlət və vətən olur. Lakin unutmaq lazım deyil, xəyanət eyni qaydada yaxın insana, qardaşa, bacıya, övlada, ümumiliyyətlə ailəyə qarşı da baş verə bilər və bunun da məsuliyyəti mənəvi olsa belə heç də digərindən yüngül deyil. Xüsusi ilə əgər bu xəyanətə imza atan tərəfindən həyasızcasına bəraət qazandırılırsa. Misal üçün ömrünüz boyu fədakarlıqla sevdiyiniz şəxs günlərin birində sizə xəyanət etsin, arxadan kürəyinizə bıçaq sancsın, atsın, satsın və yaxud da sizə əziz bir insana xəyanət etsinlər və o, isə bunun nəticəsi olaraq dostluğa və insanlara qarşı son dərəcə məyus olsun. Təssüflər olsun ki, bu gün artıq sizi susdurmaq, fəaliyyətinizə xitam vermək məqsədi ilə həyatda heç də perspektivləri pis olmayan, vicdanlı və layiqli bir qohumun, saxta ittihamla birdən birə həbsə atılması sadəcə misal deyil, sözün həqiqi mənasında bir faktır. Heç bir normal insan bunların baş verməsini istəməz. Biz istəyərək ki, sevimli yaxınlarımız, doğmalarımız və dostlarımız səmimi, dürüst və sadiq olsunlar həmişə. Onlar xəyanət etməyə qadir olmasınlar. Sözsüz ki, həyat, onu dərk etmək baxımından çox qəliz və qarmaşık bir şeydir, lakin buna baxmayaraq qara həmişə qara olub, ağ isə ağ olub. Buna görə də tariximizdə bir çoxları bağlılığa və xəyanətə adekvat münasibət formalaşdırmağa cəhd göstərmişdirlər. Ara sıra belə bir fikir yürüdülür ki, son zamanlar baş verən əcaib hadisələr, o, cümlədən qardaşın qardaşdan, qardaşın bacıdan, valideynin övladdan və yaxud da tam əksinə olaraq imtina etmələri, bir-birilərini xəyanətdə suçlaması axirətin yaxınlaşmasının əlamətləridir. Hesab edirəm ki, bu reallığı əks etdirməyən, təmamilə yanlış fikirlərdir. Çünki ta qədim dövrlərdən insanlar övladlarında, yaxınlarında şərəfli, vicdanlı, minnətdar omağı bacarmağı və özlərinə, digər insanlara qarşı alçaqlıq etməməyi aşılamağa çalışmışdırlar. Daxilən isə bir qədər də irəli gedib, daima özlərini kənardan müşahidə etmək arzusunda olublar və təsəvvür edin ki, abstrak şəkildə olsa da onlar buna nail olublar. Bu arzular o, səbəbdən irəli gəlirdi ki, özünə hörmət edən hər kəs şübhəsiz istiyərdi əmin olsun ki, o, xain deyil, sədaqətlidir, şərəf və vicdanı var, onu əşya kimi, satın lamaq olmaz, heyvan kimi, qorxuzmaq, aldatmaq qeyri mümkündür. Onlar insani münasibətlərə və keyfiyyətlərə dəyər vermişdirlər, ali məqsədləri cəmiyyətdə və yaxınları arasında xəyanət etməyən, sözünə düz olan, etibarlı və layiqli reputasiyası olan insan kimi, tanınmaq olmuşdur. Lakin elə insanlar da var ki, sədaqət, şərəf, ləyağət və vicdan kimi, dəyərlərə əhəmiyyət verməyiblər, kimlərəsə xoş gəlsin deyə, bir anda ona yaxın olan insanlardan imtina etməyə, onlara qarşı xəyanətdə bulunmağa, onlarla onu bağlayan telləri qırmağa üstünlük verirlər. Qarşılaşdıqları problemlərin əsl səbəbini dillərinə gətirməkdən qorxaraq, bu problemləri süni şəkildə yaradanların qəzəbinə gəlməsinlər deyə hər şeydə öz əzizlərini suçlayb sığortalanmağa çalışırlar. Bir də görürsən bir yaxınımızın könlünü almaq üçün, ona qarşı diqqətsizliyimizə haqq qazandırmaq məqsədilə “uman yerdən küsərlər” misalını gətirirk və nədənsə qarşı tərəf bizi anlamağa çalışır, san ki, heç bir xoşa gəlməz hal baş verməyib. Təssüflər olsun ki, eyni misalı əsassız olaraq, basqı və bu basqının nəticəsi olaraq əzizlərimizdən imtina etməyə, onlara qarşı xəyanətə aid edə bilmirəm. Hər hansı bir atalar misalı, sevgi, incə hisslər xəyanətə, satqnçılığa heç zaman bəraət qazandıra bilməz. Hər hansı bir vacib qərarın qəbul olunması üçün ciddi səbəblər olmalıdır, əsaslar gətirilməlidir. Ən azından sizin qərarınızdan əziyyət çəkənlər, məyus olanlar nə baş verdiyini anlamalıdırlar. O, ki, qaldı cəmiyyətimizdə özlərinə xas olan yeri tutan, şəxsiyyətləri qismən də olsa içtimayyətə məlum olan, uzun illər səmimi və yaxud da qeyri səmimi olaraq müxalifətdə təmsil olunanlara, özlərini hakimiyyət tərəfindən təqib olunan kimi, qələmə verənlərə məsləhət görərdim ki, xalqa-içtimayyətə ünvanladıqları açıqlamalarında bir qədər ehtiyyatlı olsunlar. Artıq insanlarımız ağı qaradan, həqiqəti yalandan ayırd etməyi bacarırlar. Əgər həmin şəxslər bu xalqın gözündə rəzil olmaq istəmirlərsə, lap məcburiyyət, təzyik qarşısında olsa belə kimlərlə isə yeni münasibətlərin başlanılmas üçün, ilk öncə onlar əski münasibətlərə layiqli şəkildə nöqtə qoymalıdırlar və əgər bu mümkündürsə, keçmiş öhdəliklərdən, keçmiş andlardan azad olunmalıdırlar. Bunun isə ən sadə yolu uzun illər ərzində sahib çıxdıqları və müdafiə etdikləri mövqeylərinin dəyişməsinə dair rəsmi açıqlamaları və yaxud da bəyanatları kifayət edə bilər. Əks halda həmin şəxslərin gətirdikləri bəhanələri dinləməkdən belə vaz keçəcəklər. Bəli, həyatda elə durumlar, məqamlar olur ki, insanlar onlara edilmiş təzyiklər nəticəsində məcbur olub əqidələrinə uyğun gəlməyən öhdəlikləri yerinə yetirməyə razılıq verirlər. Humanistliyimiz bizi belə duruma düşmüş insanları anlamağa çağırır, baxmayaraq ki, bu yanlış münasibətdir. “Ziyanın yarısından qayıtmaq da xеyirdir.”

İnsanı cinayət törətməyə, insanlığa və öz vicdanına qarşı hərəkətə təhrik edən öhdəlik düşünülmədən elə onun özü tərəfindən ləğv olunmalıdır. Və o, zaman bu kimi öhdəliklərin, yazılmamış, mənəvi qanunlara əsasən yerinə yetirilməsindən imtina xəyanət sayılmayacaq. Mənəvi normaların gözlənilməsi əski dövrlərdən konkret insan və yaxud da hər hansı bir təşkilat qarşısındakı sədaqətdən yüksəkdə durub. Xəyanətin məqsədyönlü və yaxud da qeyri şüuri başverməsindən asılı olmayaraq, ona heç vaxt, heç nə ilə bəraət qazandırmaq mümkün deyil (qorxuya, xəsisliyə, sərsəmliyə görə və s.,). Bir sözlə elə yaşamaq lazımdır ki, bir gün uca Allah qarşısında deyə biləsən ki, “mənim vicdanım təmizdir, şərəfim ləkələnməyib, mən həmişə layiqincə hərəkət etmişəm. Qorxaq və xain daima bu xalqın nifrət obyekti hesab olunub. Xainlərə hətda onlarfın xidmət etdikləri şəxslər belə nifrət edirlər. Ümumiyyətlə sədaqətlə, öhdəliyin demək olar ki, bir-birilərinə bağlılıqları var, bu iki anlayış həyatda bir-birini müşaiyət edirlər və bu bağlıllıq vətənpərvərlik hisslərinin formalaşmasına birbaşa təsir göstərir. Vətənpərvərlik-mənəvi və siyasi prinsipdir, sosial hisslərdir ki, vətənə məhəbbəti tənzimləyir və hər an onun maraqlarını öz maraqlarından üstün tutmaqdır. Burda vətənpərvərlik hisslərinə toxunmağımız heç də təsadüfi deyil. O, səbəbdən ki, xəyanət sevgiyə, ailəyə, qardaşa, dosta olduğu kimi, vətənə də olur. Lakin iş burasındadır ki, fərq etməz, sən məcburiyyət qarşısında və yaxud da könüllü olaraq xəyanət etmisən, bütün hallarda sən xainsən. Ən dəhşətlisi odur ki, keçmişdə olduğu kimi, bu gün də vicdansız siyasətçilər çirkli texnologiyalardan yararlanaraq bu insani hisslərdən aidiyyatı üzrə istifadə etmək əvəzinə, onlara basqı etməkdən çəkinmirlər. Xüsusi ilə banal xəyanətin vətənpərvərlik ranqına ucaldılması cəhdi daha iyrənc və qorxuncdur. Nə qədər təəccüblü olsa belə fərdiyyətçilik, mənfəət, gücün tətbiqi, fırıldaqçılıq, rüşvətxorluq, vəfasızlıq ideologiyası həmin şəxslərin ümumi ideologiyalarının əsasıdır. Bütün bunlar “demokratik azadlıqlar” və “sivil arzular” sousu adı altında bizə təqdim olunur və bununla da kütlənin şuurunda ara-sıra effekt verən, lakin ümumilikdə əhəmiyyətsiz çevriliş etməyə cəhd göstərirlər. Dunya tarixindən bizə bir sıra şəxslərin xəyanətləri məlumdur ki, minillərlədir insanlar həmin xainlərin hərəkətlərini qınayırlar və bu hərəkətlərin edilməsi üçün bəhanə tapa bilmirlər. Lakin bütün bunlara başqa aspektdən baxmaq olar. Kimin üçün xain, kimin üçün qəhraman prinsipi daima bu xalqın bel sutununu qıran amillərdən olub. Hakimiyyət texnoloqları və sifarişli mətbuat insanların şuurunda sanki eksperiment apararaq ağa qara, qaraya ağ deməyə insanları vadar edirlər. Heç bir ciddi əsas olmadan ən yaxın insanından imtina edən, ən həssas məsələrdə ona xəyanət edən birisi mənim, sənin, ümumiyyətlə bu xalqın dərdinə necə şərik ola bilər və yaxud da bu gün hər hansı bir dividentə görə (əslində əldə nə etdikləri də məlum deyil) öz əzizini çirkaba bulamağa çalışan insana mən niyə inanmalıyam?

Bu rakursdan xəyanət etmiş şəxsin hərəkətləri mətbuatda xəyanət kimi deyil, qəhrəmanlıq kimi qiymətləndirilir. Axı bizim sizinlə atalarımızın həmişə başqa prinsipləri və əsasları olmuşdur. Belə olan halda nəyə görə bu gün xainləri milli qəhrəmanlar ranqına-Azərbaycanın azadlığı uğrunda mübarizə aparan şəxslər kimi qələmə verirlər. Bəyəm bunlar öz hərəkətləri ilə öz yaxınlarını və yaxud da uzun illər içində olduqları xalq hərəkatını satmayıblar, hansının ki, hesabına bu gün tanınmış insanlar sayılırlar ? Bəyəm onlar iqtidarla anlaşıb öz yaxınlarına xəyanət etməyiblərmi ? Bəyəm həmin şəxslər uzun illər bundan öncə bu düşərgədə təmsil olunaraq, iqtidara qarşı mübarizə aparmamışdırlar? Hanı burda vətənpərvərlik ? Hanı burda Azərbaycanın azadlığı uğrunda mübarizə ? Yoxsa bütün bular şirma, bir teatr səhnəsində oynanılan möhtəşəm obraz olub? Bunların bütün həyatları vətənpərvərlik, müxalifətçilik deyil, xain həyatıdır. Əsası xəyanatla qoyulmuş müxalifçikilik məhfə məruzdur, əvvlcədən ölü doğulmuşdur, çünki belə müxalifətçilik özündə dəyərsizlik kompleksini, günahkarlıq və məhrumiyyət hissini bürüzə verir,. Ümumiyyətlə tarixdən bizə məlum olan xainlərin ümumi oxşarlıqları olub. Onları bir birindən fərqləndirən demək olar ki, ancaq yaşadıqları dövrlər olub. Onların hər birini ayrı-ayrı vaxtlarda qəhraman kimi qələmə verməyə çalışıblar. Kağız üzərində, mətbuat səhifələrində bunu etmək mümkündür, lakin xalq yaddaşında, əsla. Ayıbdır, cənablar, ağrılıdı və eyni zamanda xəcalətdidir hamımıza görə. Yəni həqiqətənmi biz yaddaşımızı itirmişik, həqiqətənmi biz öz tariximizi və əsl xalq qəhrəmanlarımızı unutmuşuq, hansılar ki, tarixən bu xalq uğrunda canlarından keçiblər. Axı qürurlu və başı bəlalı Azərbaycan xalqı dunyaya yüzlərlə qəhrəmanlar verib, onlar bu gün də var, sadəcə bizi onlardan imtina etməyə, elə bizim vasitəmizlə onlara xəyanət etməyə, xalqın gözündən salmağa çalışırlar və bunu etiraf etmək nə qədər acınacaqlı olsa da deməliyik ki, hələ ki, biz bunun qarşısını almağa acizik. Bunlar ayrı ayrı dövrlərin, fərqli baxışlı və düşüncəli insanları olmalarına baxmayaraq, onlar vətənpərvər olublar. Onlar özləri mübarizə aparıblar və kənarda dəstək axtarmayıblar. Yəni həqiqətənmi keçmişini, bu gününü unudanların sayəsində odioz mətbuat bizim şuurumuzda xain anlayışını vətənpərvər anlayışı ilə əvəz edə bilər? Əgər bu onlarda alınsa, o, zaman bir xalq kimi, bizim formalaşmağımız sual altında qalır. Onlar xalqın şuurun zəhərləyərək, mövcud problemlərdən bizi yayındırıb öz “qəhrəmanlarını” bizə sırımağa çalışırlar. Xalq qəhrəmanları onlar üçün təhlükəlidirlər, bu onların talançılıq yolu ilə topladıqları və oğurladıqları var-dövlətin ekspropriasiyasıdır, xalq qəhrəmanları onlar üçün ölümdür. Odur ki, nəticə çıxardın cənablar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button