Xalq artisti Zərnigar Ağakişiyeva dünyasını dəyişib

Zərnigar Ağakişiyeva

Aktrisa bu gün Qubada dəfn ediləcək

Tanınmış teatr və kino aktrisa, xalq artisti Zərnigar Ağakişiyeva dünyasını dəyişib.

APA-nın verdiyi xəbərə görə, aktrisanın cəsədi dünən Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov “Repor”ta deyib ki, xalq artisti Zərnigar Ağakişiyeva fevralın 8-də yox, azı 2-3 gün əvvəl dünyasını dəyişib. Hazırda mərhumun meyitinin müayinəsi davam etdirilir, ölümün dəqiq səbəbləri araşdırılır.

Z.Ağakişiyeva bu gün doğulduğu Quba rayonunun Rustov kəndində, anasının yanında torpağa tapşırılacaq.

Zərnigar Ağakişiyeva 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin “Müdriklər” dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyeva kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım – İ.Əfəndiyev “Mahnı dağlarda qaldı”, Zivər – Anar “Təhminə və Zaur”, Kərbəlayi Fatma – C.Məmmədquluzadə “Ölülər” və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014 ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button