Xaraba qalmış Vətən!

Nurəddin XocaNurəddin Xoca

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.

Azərbaycanın dilbər guşələri – Zəngilan, Cəbrayıl, Azərbaycanın tarixi Xudafərin körpüsü və kəndlər, şəhərlər. Xaraba qalmış Vətən. Əslində Vətən nədir – ana, ata, məktəb, məktəbin bizə verdiyi tarixi bilik, qan yaddaşı və s. və i. Bunların hamısı Vətəndir. Adını çəkdiyim və çəkmədiyim kiçik və böyük nəsnələr könlümüzə toxunan gözümüzdən yaş gətirən, diqqətimizi çəkən və çəkməyən müəyyən coğrafi məkanda yerləşən hər bir şey Vətəndir. Əziz, doğma, ülvü yolunda ölməyə hazır olduğumuz Vətən!

Ancaq bü gün Vətənimin bir hissəsi xarabazarlığa çevrilib. Biləsuvardan sərhəddi keçib Araz boyunca Naxçıvan səmtində hərəkət etdikcə, xarabaya çevrilmiş Vətənimi görəndə məni və mənimlə maşında yol yoldaşı olan Əvəz Zeynallını, iş adamları Laçını və Tahiri əsl mənada şok ağlamaq tutdu. Şirin xatirələrimizin şahidi olan xaraba Mincevan, Zəngilanın sərhəd boyu kəndləri, Gəbrayılın kəndləri. Su altında qalmaq təhlükəsi ilə üz-üzə qalan Xudafərin körpüsü. Bizdən imdad uman bu xaraba qalmış Vətənin dilbər guşəsinə ancaq ürək ağrısı və göz yaşları içində baxmaq olurdu. 4 qos-qoca kişi həsrətlə, ümidsizliklə, xəcalətlə o torpaqlara, xaraba qalmış Vətənə baxırdıq. Düzdür, ümidsizlik deyirəm, ancaq ürəyimizin bir guşəsində «Biz bu Vətənə qayıdacağıq!» fikri daim işıldayırdı. Bu müqəddəs torpaqlara baxa-baxa bizə qoşulan millət vəkili Gülər Əhmədova, BDM sədri, köhnə döyüşçü İsmayıl Ağayev, politoloq Cümşüd Nuriyev, qocaman şair Ənvər Əhməd, şairə Nəsibə İsrafilqızı ilə çox ilginc dialoq bizə böyük ümidlər verdi. Türkiyəyə Ermənistandan soydaşlarımızın deportasiyasının 22-ci ildönümü münasibəti ilə əsrin əvvəlində öz torpaqlarından qovulmuş qardaş və bacılarımızla görüşə gedən heyət orada bu gördüklərini anladandan sonra başlanan ikitərəfli müzakirələr zamanı artıq səbrin, danışıqlar limitinin qurtardığı, Avropanın, ATƏT-in, Qərbin ikili mövqe tutduğu meydana çıxdı.

Millət vəkili Gülər Əhmədova: «Azərbaycan ordusu, Azərbaycan dövləti öz torpaqlarını güc tətbiq edərək düşmən quldurlarından azad etmək iqtidarındadır. Mən anayam, ona görə də bütün erməni analarına müraciət edirəm, oğullarınıza ağıl verin, biz qan tökülməsini istəmirik, lakin bizim prezident İlham Əliyevin də səbrinin həddi var. Bu gün o əzəli Azərbaycan torpaqları olan İrəvan və Zəngəzur torpaqlarında qurulmuş erməni dövlətinin başçıları ağıllarını başına yığıb qəsb etdikləri torpaqları azad etsinlər, yoxsa bundan sonra baş verəcək hadisələrə görə rəsmi Yerevan cavabveh olacaq».

BDM rəhbəri İsmayıl Ağayev: «Biz o torpaqlara qayıdacağıq! Bəli, nəinki biz, əsrin əvvəllərində öz dədə-baba torpaqlarından qovulmuş sizlər də – Kərbəlayi İsmayılın, Abbasqulu bəyin, Soltan bəyin övladları o müqəddəs torpaqlara qayıdacaqsınız. Zaman Türkün xeyrinə işləyir. Zaman Azərbaycanın xeyrinə işləyir. Bəli, eşidin, nəyin bahasına olursa olsun, biz o torpaqlara, müqəddəs İrəvan torpaqlarına, Qarabağa qayıdacağıq».

MHP İqdır şəhər təşkilatının sədri Cahid Ərol: «Biz o torpaqlarda ölməyə hazırız. Biz irəvanlı, zəngəzurlu, qarabağlı Azərbaycan sevdalısıyıq. Soyqırım 1915-20-ci illərdə olub. Bir gündə 20.000 min Azərbaycan türkü qətl edilib və onun cəzasızlığı bizə Xocalını, Qarabağı yaşadıb. Bəli, qardaşlarım, biz öz dədə-baba torpaqlarımıza qayıdacaq və caniləri cəzalandıracağıq.»

Bax bü sözlər – deputatın, prezidentin, soydaşlarımızın sözləri və fikri üst-üstə düşəndə qələbənin yaxında olduğunu inanırıq!

Bakı-Naxçıvan-İqdır-Naxçıvan-Bakı

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button