Xocalı soyqırımının 24-cü ildönümü qeyd olundu

j

ATU-da  Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbiri ATU-nun rektor əvəzi, tədris işləri üzrə prorektor, professor Sabir Əliyev açaraq, ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışdı.

“Bu gün biz Azərbaycan xalqının faciələrindən birini anmağa yığışmışıq. XX əsrdə Azərbaycan xalqının yaşadığı faciələri, soyqırımları, qətliamları demək olar ki, heç bir xalq yaşamayıb. Əgər biz keçən əsrin əvvəlindən danışmağa başlasaq, 18-ci illərdə Azərbaycan xalqı soyqırıma, 48-ci ildə deportasiyaya məruz qalıb. 88-ci ildə xalqımız yenidən həm deportasiya, həm də faciəli günlar yaşadı”.

Xocalı faciəsində vəfat etmiş insanlar bir dəqiqəlik sükutla anıldıqdan sonra, tədbir öz işinə davam etdi.

ATU-nun insan anatomiyası kafedranın professoru, tibb üzrə elmlər doktoru Mübariz Allahverdiyev çıxış edərək bildirdi ki, bütövlükdə Azərbaycan xalqına  qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığılmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır:

“Xocalı soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir – bu sözləri ilk dəfə ümummilli lider Heydər Əliyevin dilindən eşitdim.  Bu sözlərin mənası çox dərindir. Məhz ulu öndər ilk dəfə Xocalı soyqırımına siyasi qiymət verərkən bu qanadlı ifadələri işlətmişdi. Bu ifadələr lakonik şəkildə həm Xocalı soyqırımının əsas mahiyyətini açıqlayır, həm də bu günümüzdə, gələcəyimizdə Xocalı soyqırımını tanıtmaq, bəşəriyyəti erməni vəhşiliklərindən qorumaq istiqamətində güclü projektor kimi yolumuzu işıqlandırır”.

M.Allahverdiyev həmçinin qeyd etdi ki, Xocalı sakinlərinə qarşı edilən hücumun səbəbi nə olursa olsun, onların heç birinə bəraət qazandırmaq olmaz: “Yüzlərlə insanın, onların arasında 70 nəfər yaşlı və qocanın, 106 nəfər qadının və 63 nəfər az yaşlı uşaqların qətlə yetirilməsinə heç vaxt bəraət qazandırıla bilməz”.

O, həmçinin öz ailəsinin başına gələn faciəni də xarıtladı:

“Mənim xalamın həyat yoldaşını və 3 oğlunu onun gözləri önündə, işgəncə verə-verə erməni qəbrinin üstündə başlarını kəsib öldürdülər. Anaya isə dedilər ki, səni buraxırıq get və bunların dərdini çək. Ana oğlunun və ərinin meyitlərini Ağdamda şəhidlər dəfn olunan Gendərədə torpağa tapşırdı. Bakıya gəldi, amma çox yaşamadı, ürəyi partladı öldü.  Əmim və əmim oğlanlarının üçü, 15 yaşlı nəvəsi Xocalıda şəhid oldu, ikisi girov düşdü. Əsgəranda birinin qızıl qapaqlı dişlərini mismar kəlbətinlə söküb çıxartdılar, ikincisinin dırnaqlarını çıxartdılar. Onu ölmüş bilib pəncərədən bayıra atdılar. Erməni meyitləri ilə dəyişdiriləndə dırnaqları çıxarılan əmim oğlu Elşən şok vəziyyətindən çıxıb ayılmışdı”.

Daha sonra ATU-nun ictimai fənnlər kafedrasının müdiri, professor Qoşqar Əliyev və ATU-nun  müalivə profilaktika fakültəsinin tələbəsi Xatın Məmmədova çıxış etdi. Onlar da bildirdilər ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc  əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər.

Rəsmi məlumatlarda göstərilir ki, Xocalı soyqırımı zamanı 613 nəfər vəhşiliklə, amansızcasına qətlə yetirilib.

Onların arasında 106 nəfər qadın, 63 nəfər azyaşlı uşaq 70 nəfər qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-sinin taleyi indi də məlum deyil. 1000 nəfərdən çox müxtəlif yaşlı dinc sakin aldığı güllə və qəlpə yaralarından əlil olub.

jjjjj jjjj jj

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button