XUNTA RƏHBƏRİNİN MÜHAKİMƏSİ

Xalid KAZIMLI

Dünənki günün ən maraqlı xəbərlərindən biri Argentinanın keçmiş prezidenti, general Reynaldo Binyonenin ömürlük həbs cəzasına məhkum edilməsiydi. Adamın indi 85 yaşı var. Ömürlük həbsinə səbəb olmuş cinayətləri isə o, 55 yaşı olanda, 1982-83-cü illərdə törədib. 

“Gümüşlər” ölkəsində hərbi xuntanın rəhbəri olmuş Binyone insanlığa qarşı cinayətlər törədib, siyasi rəqiblərini öldürtdürüb, oğurlatıdırıb, ilim-ilim itirtdirib (bir qrup adam hələ də tapılmayıb), işgəncə verdirib.
Buna görə sabiq diktatoru üç dəfə ayrı-ayrı uzunmüddətli həbs cəzalarına məhkum ediblər. Belə görünür ki, hələ də ondan əl çəkmirlər. Generalın yeganə çıxış yolu ölüm imiş, amma bu da ona qismət olmayıb, sinninin bu çağında yaxası hakimlərin əlində qalıb.

Başqa cür də mümkün deyildi, argentinalı hərbçilərin müxalifət fəallarına qarşı apardığı müharibə zamanı 30 minədək insanın məhkəmə qərarı olmadan öldürülməsinə kimlərsə cavab verməliydi.

Bu informasiya Azərbaycan tipli ölkələrdə xüsusi diqqətlə qarşılanır. Ona görə ki, kiçik miqyasda olsa da, bu ölkələrdə də bənzər “müharibə”lər aparılıb və aparılır, insanların haqqı kütləvi şəkildə boğulur.

İndinin xuntaları və dövlətləri ələ keçirmiş mafiyaları hesab edirlər ki, onlar sona qədər cəzasız qalacaqlar. Bir zamanlar Çilidə Pinoçet və onun başçılıq etdiyi “qara polkovniklər”də elə düşünürdülər, amma Çili diktatoru ömrünün ixtiyar çağında hakim qarşısında dayandı, kövərlib ağladı, törətdiyi əməllərinə görə peşman oldu.

Eyni aqibət Türkiyənin eks-diktatoru Kənan Evrenin və onun komandasının da başına gəldi. Onlar da təxminən 30 ildən sonra vaxtilə törətdikləri əməllərə görə cavab verməli oldular. Çünki onlar çox qana bais olmuşdular. Onlar 1980-ci ilin 12 sentyabrında hərbi çevriliş törətmələrini nə qədər əsaslandırsalar da, o qədər günahsız insanın qətlə yetirilməsinin, işgəncəyə məruz qoyulmasının zəruriliyini əsaslandıra bilmirlər.

Qətl və işgəncə heç vaxt bağışlanmayan cinayət hərəkətləridir. Bu əməli törədən şəxslərin ən optimal qurtuluş yolu ölümləridir, yoxsa ömürləri uzun olsa, mütləq qara cağın arxasında və ya qəfəs içində oturub sorğu-suala cavab verəcəklər.

Ancaq baxaq görək, Samosanın, Stressnerin, İdi Aminin, Səddam Hüseynin, Pinoçetin, Qəzzafinin, Markosun, digər məşhur diktatorların aqibəti müasir tiranlar üçün ibrət dərsi olurmu?

Olmur. Onlar başçılıq etdikləri ölkələri istədikləri kimi idarə etməkdə, çapıb-talamaqda davam edirlər və bir gün xalqın gücü ilə hakimiyyətdən uzaqlaşdırılana qədər də öz işlərində olacaqlar. Ən pisi odur ki, müasir diktatorlar da sələfləri kimi öz müxaliflərinə divan tutmaqdadırlar.

Düzdür, hazırda 30 il əvvəlki xuntaların etdiyi kimi insanları kütləvi şəkildə tutub güllələmirlər, oğurlayıb yoxa çıxarmırlar, ancaq işgəncəyə məruz qoyur, iztirab çəkdirir, günahsız olduqları halda məhbəsdə yatırdır, sonradan vaxtsız ölümlərinə səbəb olacaq fiziki xəsarət yetirirlər.

Təbii ki, 30 il əvvəlki diktatorun yolunu gedənlər və ya getmək istəyənlər də var. Lakin müxalif insanlara qarşı faciəvi aqressiyanın xeyli azalması faktdır. Bu təmayül insanları əmin edir ki, onların öz ölkələrində bərqərar etməyə çalışdıqları demokratiya və haqq-ədalət rejimi bir gün mütləq başa gələcək.

İndilikdə isə ədalətsizliklər dünyanı başına alıb. Konkret öz ölkəmizi götürək. Srağagün təxminən eyni ittihamlarla mühakimə olunan bir şəxsə (jurnalist Əvəz Zeynallıya) 9 il, digərinə (ali məktəb müəllimi Məhəmməd İmanlıya) 3 il həbs cəzası verirlər. Hələ birincinin günahı, rəsmi versiyaya görə niyyət şəklində olub, ikincinin rüşvətini isə əlində tutublar.

Eyni ədalətsizliyi, ayrı-seçkiliyi avtomobil qəzalarına uğrayan tanınmış adamların taleyində də gördük. Müxalifətçi olan qəza törədən sürücünü 6 ay məhbəsdə yatırdandan sonra 2.6 ay cəza verdilər, hökumətə yaxın sürücünü isə formal şəkildə iltizamını alıb buraxdılar.

Yəqin ki, nə vaxtsa hakim qarşısında cavab verməli olacaqları fikri jurnalist Elmar Hüseynovu, general Rail Rzayevi öldürənlərin, Mahir Abdullayevi oğurlayıb itirənlərin də ağlına gəlir. Başqa cür mümkün deyil. Sadəcə, bu işin bişməsi zamana bağlıdır. Təki qəddarların ömrü uzun olsun.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button