“Xural”ın müsadirə olunan əmlakı qaytarılmadı – VİDEO

EMLAK02.04.2014

“Xural” qəzetinin baş redaktoru məhkəməyə müraciət edəcək

 Əvəz Zeynallı: “Görünür, bu, hansısa dairələrin təşəbbüsləridir”

 “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı aprelin 1-də öz facebook səhifəsində redaksiyanın 2011-ci il oktyabrın 19-da müsadirə olunmuş əmlakının geri qaytarılması ilə bağlı status yazıb. Baş redaktor bildirib ki, Nərimanov Rayon İcra Şöbəsinin nümayəndələri ona zəng vuraraq əmlaklarının geri qaytarılacağı ilə bağlı məlumat veriblər. Aprelin 2-də saat 15:00-da Nərimanov Rayon İcra Şöbəsinə gələn Ə.Zeynallıya əmlakın geriyə qaytarılmayacağını bildiriblər və bunu  Əvəz Zeynallının həbs olunarkən  vergiyə 4576 manat borcu olduğunu, həbsdə olarkən isə bunun üzərinə 2038 manat cərimə gəldiyini və həmin məbləğ ödənilmədən əmlakın geri verilməyəcəyini deyiblər.

Ə.Zeynallı həbsdən prezidentin əfv sərəncamı ilə azadlığa buraxıldığını və məhkəmə hökmünə vergiyə olan borcun salındığını əsas gətirərək, hüquqi cəhətdən verginin də dövlət başçısı tərəfindən əfv olunduğunu dedi. Məhkəmənin yenidən bu məsələni qaldırmasını isə absurd adlandırdı:

“Həbsdən çıxandan sonra əmlakla bağlı icra şöbəsi ilə əlaqə saxladım. Mənə bildirdilər ki, heç bir problem yoxdur. Hətta istədiyim vaxt əşyaları götürə biləcəyimi də söylədilər. Aprelin 1-də yenidən maraqlandım. Əmlakın hazır olduğunu, təmizləndiyini və tozunun alındığını bildirdilər. Bura gəldiyimiz zaman əşyaların həqiqətən də təmizləndiyini hamımız gördük. Əvvəldən mənə iki icra məsələsinin olduğunu demişdilər. 450 manat ekspertiza xərci, 4076 manat vergi borcunu 2012-də ACM-nin hakimi Ramilla Allahverdiyeva təsdiqləmişdi. Mən həbsdən çıxan kimi onları icraya yönəldiblər. İndi məlum olur ki, mən həbsdə ola-ola 4076 manata 2038 manat vergi borcu gəlib. Vergini ödəmədiyimə görə, Vergilər Departamenti bizi məhkəməyə verib. Bundan xəbərimiz olmayıb. Binəqədi Rayon Məhkəməsinin hakimi Hökümə Babayeva mənim iştirakım və xəbərim olmadan sanksiyanın ödənilməsi barədə qərar çıxarıb. İndi icraçı qərara alıb ki, vergiləri ödəmədən əmlakı verməsin. Yəni bunlar dünən yatıblar, bu gün qərar veriblər. Borcların ödənilməsi üçün əmlakdan istifadə etmək istəyirlər. Həbsdə ola-ola necə vergi ödəyə bilərəm? Həmin 4076 manatı ödəsəydim, mənə qarşı irəli sürülən AR CM-nin 213-cü maddəsinə xitam verilməli idi. Bu maddə saxta olduğundan ödəmədik. Məhkəmədə bunu sübut etdik. Sonda məhkəmə qərar verdi və məbləği  də saxladı. Məhz buna görə, mənə cəza verdilər. İndi mən bu cəzanı çəkərək, prezidentin əfvi ilə azadlığa çıxmışam. Belə çıxır ki, olmayan borca görə faiz gəlib. Digər tərəfdən mən həbsdə ola-ola vergiyə olan borcu necə ödəyə bilərdim? Qanun bunu tanıyırmı? Tamamilə absurddur. Bu, hansısa dairələrin görünür, nəyisə köhnə havaya qaytarma təşəbbüsləridir. Çünki mənə zəng edirlər ki, gəlin, əmlakı götürün. Görünür, onlar da buna hazır olublar. Əşyalar səliqə ilə dəhlizə düzülüb. Son anda qərar dəyişib. Görünür, yenidən mətbu fəaliyyətə başlamağımızı belə təbrik edirlər. Məhkəməyə müraciət edəcəyik. Yəqin ki, bu yolla hüquqlarımızı bərpa etməyə çalışacağıq”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button