Yadigar Sadıqlının “Qaynar Qazan”dakı müsahibəsinə Müsavat başqanının müavini cavab yazdı

Müsavat başqanının müavini Yadigar Sadıqlının “Qaynar Qazan”a verdiyi müsahibənin dərcindən bir neçə gün sonra daha bir Müsavat başqanının müavini Yadigar bəyin dediklərinə özünün facebook səhifəsində münasibət bildirib. Səxavət Soltanlının cavab haqqı olduğu üçün onun facebook səhifəsində yazdığı statusunu olduğu kimi xural.com-da dərc edirik. Müsavat başqanının müavini Səxavət Soltanlı yazır:

“Bu mövzuda yazmaq istəməzdim, əgər dostum və həmkarım Yadigar Sadiqovla hörmətli Evez Zeynallinın “Qaynar Qazan”dakı söhbətlərində bir facebook statusum ətrafında verilən suallar olmasaydı, dəfələrlə adım çəkilməsəydi.
Sivil normalara, demokratiyanın və mətbuatın qaydalarına görə ad çəkilirsə, cavab hüququmuz yaranır və bu hüquqdan istifadə edərək bəzi məsələlərə münasibət bildirmək istəyirəm.

Facebookda yazdığım bir yazıdan fərqli və səhv nəticələr çıxarıb (hətta düz nəticə çıxarsa belə) şəxsi düşüncələrimi Müsavat Partiyasının mövqei kimi cəmiyyətə çatdırmaqla insanları çaşdırmağa çalışanların oxuması və başa düşməsi üçün xırda, amma,vacib xatırlatmalar.

Sosial şəbəkədə, şəxsi səhifəmdə yazdıqlarım yalnız mənə aiddir və bu yazılarım partiyanın ümumi mövqei ilə üst-üstə düşməyə bilər. Bunu hər kəs qəbul etməli və başa düşməlidir.

Müsavat Partiyasının sonuncu qurultayı partiyanın mövqeyini ifadə və təmsil etmək üçün hazırkı başqan Arif Hacılıya səlahiyyət verib.
Müsavat Partiyasının mövqei partiyanın Mətbuat Xidməti və sosial şəbəkədə Müsavat Partiyasının rəsmi səhifəsi vasitəsi ilə yayılan məlumatlarda öz əksini tapır.

Partiyanın Məclisi, Divanı, başqanı adından yayılan informasiya, məlumatlar və münasibətlər partiyanın rəsmi mövqeidir.

Əgər hər hansı mətbuat nümayəndəsi Müsavat Partiyasının Divan üzvü, başqan müavini kimi hansısa məsələ və hadisə haqda mənə və ya digər həmkarlarıma müraciət edib mövqe öyrənmək istəyərsə, bu başqa məsələdir.

Facebookun “Düşüncəndə nə var?”, “Nə düşünürsən?” (What’s on your mind?) sualı şəxsən nə düşündüyümüzü soruşur, bu suala verilən “cavab” da şəxsi mövqe kimi qəbul edilməlidir.

Əgər hörmətli Əvəz bəyin, həmçinin başqa jurnalistlərin də, hansısa şəxsi status və ya kommentimlə bağlı sualı yaranarsa, dostlarımla müsahibədə adımı 14 dəfə hallandırmağa ehtiyac yoxdur. Özümə 1 sual verməklə lazım olan cavabı ala bilər.”

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button