Yanan neft yatağında xilasetmə başladı; ölən və itkin düşənlərin olduğu deyilir FOTO VİDEO

Dekabrın 4-ü saat 18 radələrində “Günəşli” neft yatağının 10-cu platformasında qaz sızması nəticəsində güclü yanğın baş verib. Yanğınla bağlı xəbərləri təqdim edirik. Ən yeni xəbər üstə olandır.

Yanan platformadan xilas edilənlərin sayı 32 nəfərə çatıb. Məlumatı ARDNŞ mətbuat xidməti yayıb.

***

NHMT sədri Mirvari Qəhrəmanlı yanan platformada xilasetmə işləri ilə bağlı əldə etdiyi məlumatı paylaşıb.

“Yazdığım məlumatlar mənə göndərilən info əsasındadir. Başqa dəqiqləşdirmə imkanım olmur: Müslüm Moqamayev gəmisi ilə 18 nəfər xilas olunub. Qayıqdan insanları gəmiyə endirən zaman, rezin qayığın gəmi gövdəsinə dəyməsi nəticəsində qayıq partlayıb və 4 nəfər dənizə düşüb”, – deyə o, yazıb.

***

ANS-in yaydığı son məlumata görə, yanan platformada estakadada asılmış birinci xilasedici qayıqda olanların hamısı xilas edilib. Onların sayı 26 nəfərdir.

Qalan işçilərin xilası və axtarışı üzrə əməliyyatlar davam etdirilir.

***

ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov ANS-ə deyib ki, yanan platformada FHN əməkdaşları xilasetmə əməliyyatlarına başlayıblar.

OCAR və FHN-nin rəhbərliyi olan helikopter də platformaya enə bilib.

Son məlumata görə, 9 nəfər neftçi platformadan xilas edilib, onlardan biri qadındır.

Xilasetmə işləri davam edir.

***

Mirvari Qəhrəmanlı aldığı daha bir üzücü xəbəri feysbuk səhifəsində paylaşıb:

“Daha bir məlumat: 10cu blokdan aldığım məlumata görə, 84 nəfər olub… 3 nəfər yaşayış blokunda sağdı. 36 nəfərlik qayıq cırılıb, oradan 4 nəfər xilas edə biliblər, onun da 1-i gəmidə rəhmətə gedib. 32 nəfər itkin duşub. İkinci qayıqda 46 nəfər var. Hələ də qayıq sallaq vəziyyətdə svaylara çırpıla-çırpıla qalıb. Qayıqlar estakadaya bağlı vəziyyətdədirlər”.

***

Yanğın hazırda davam edir. (Video Turxan Qarışqanın fb səhifəsindən götürülüb).

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı feysbuk səhifəsində yazır ki, qayıqlardan birinin partlaması nəticəsində 35 və ya 55 nəfərin itkin düşdüyü haqda iki məlumat alıb, dəqiqləşdirmə aparmağa çalışır.

O, həmçinin FHN xilasedicilərinin platformaya düşə bilibdiyini, yanğını söndürülməyə başladıqlarını qeyd edib.

***

“Yanan özüldən xilas edilən şəxslər hazırda qayıqlardadır. Həmin qayıqlar isə zəncirlərlə yanan estakadaya bərkidilib”.

Bunu ANS PRESS-ə “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov deyib.

Onun sözlərinə görə, nefçilər dənizdən 4-5 metr yüksəklikdədirlər və estakadaya bərkidilmiş qayıqlarda kömək gözləyirlər. Ancaq yanğın şiddətli olduğu üçün gəmilər onlara yaxınlaşa bilmir.

Hazırda xilasetmə əməliyyatlarına müvafiq qurumların bütün şəxsi heyəti cəlb edilib.

***

SOCAR və “Azneft” İstehsalat Birliyinin rəhbərliyi, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Bunu “Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan deyiblər.

Qərargahdan qeyd ediblər ki, yataqda yanğın davam edir, çünki güclü külək və yüksək dalğalar səbəbindən onun söndürülməsi çətinləşir. İnsan itkisi yoxdur, bütün personal dənizdə xilasetmə qayıqlarındadır. Personalın təxliyyə edilməsi üzrə işlər aparılır.

***

SOCAR prezidenti Rövnəq Abdullayev bu gün səhər saatlarında hadisə yerində olub. Bu barədə SOCAR-ın facebook səhifəsində məlumat verilib.

Məlumata görə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb və 42 nəfər işçi yanğın baş verən ərazidən təxliyə olunublar.

Təsdiqlənməmiş digər məlumatlara görə isə yanğın nəticəsində ölənlər və yaralananlar var.

Foto ANS Press-dən götürülüb

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı dekabrın 5-də saat 11:20 radələrində özünün feysbuk səhifəsində yanğınla bağlı yeni məlumat paylaşıb. məlumatda deyilir:

“Mənə daxil olan məlumatda (dəqiqləşdirməyə çalışıram); xilasedici qayıqlardan (rezin qayıq) birinin içində 36 nəfər(bəziləri 26 nəfər deyir) olub.Qayıq ağırlığa dözməyib partlayıb. 36 nəfərdən 2-si xilas ola bilsə də, (birinin adı Asifdir-qazmaçı) qalanları haqqında məlumat yoxdur. Daha bir məlumatda deyilir ki, 5 nəfəri gəmi götürə bilib. Onlardan 4-ü ağır yaralıdır”.

Fotonu fb-də Fuad Aghayev adlı istifadəçi paylaşıb

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı özünün feysbuk səhifəsində dekabrın 5-nə keçən gecə, saat 1.30 radələrində məlumat paylaşıb ki, yanan platformadakı işçilər təhlükəsiz yerə çıxa bilməyiblər. Onlar az tutumlu qayıqlarda platforma ərazisində gözləyirlər. Onları başqa yerə köçürmək mümkün olmur. Onları xilas etmək üçün əraziyə nə gəmi, nə də vertolyot yaxınlaşa bilir. Yaralı və ya tələfat barəsində isə heç bir məlumat yoxdur. M.Qəhrəmanlı qeydlərində platformadakı işçilərdən birinin ailəsinə istinad edib, lakin ad açıqlamayıb.

***

“Günəşli” yatağındakı yanğını söndürmək üçün əraziyə göndərülən gəmilər artıq alovu söndürməyə başlayıb. Yanğın baş verən ərazidən xilas edilən işçilər isə yaxınlıqda olan platformalara yerləşdirilir. Bunları ANS PRESS-ə “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov deyib. Onun sözlərinə görə, dənizdə güclü dalğalar olduğundan əraziyə göndərilən gəmilər yanğın baş verən platformaya yaxınlaşmaqda çətinlik çəkir.

Qurbanov qeyd edib ki, alovun söndürülməsi ilə “BP” və SOCAR-ın yanğın söndürən gəmiləri və FHN xususi texnikaları məşguldur. Lakin küləkli havaya görə yanğının söndürülməsində çətinlik yaşanır. Hətta havadan dəstək verən helikopterlər də çətinlik çəkir.

***

ARDNŞ prezidenti Rövnəq Abdullayev ANS-ə deyib ki, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür. Yanğın nəticəsində heç bir insan itkisi yoxdur.

***

“Yanğın söndürülmək üzrədir. İşçilərin hamısı xilas edilib”. Bunu ANS PRESS-ə “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov açıqlama verib.

Onun sözlərinə görə, işçilərdən heç kim xəsarət almayıb: “Yanğın baş verən platformada 42 nəfərə yaxın işçi olub. Həmin işçilər kiçik qayıqlar vasitəsilə təhlükəli ərazidən uzaqlaşdırılıb. Külək və 8 metrə yaxın dalğa olduğundan gəmilər hadisə yerinə yaxınlaşmaqda çətinlik çəkir”.

İ.Qurbanov bildirib ki, FHN-nin helikopterləri hadisə yerindədir.

***

Yanğın barədə ilk məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı feysbuk səhifəsində paylaşıb. O qeyd edib ki, platformada 84 nəfər çalışır. Yanğınsındürən gəmi platformaya yan ala bilməsə də, işçilər kiçik qayıqlarla xilas olmağa çalışırlar.

Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.

Bir qədər sonra isə SOCAR rəsmi məlumat yayıb. Məlumatda deyilir:

“Dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olmuşdur. Ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılmışdır. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasisi ilə təxliyyə işləri həyata keçirilir. Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb“.

Sosial şəbəkələrdəki müzakirələrdə məlumatlar paylaşılır ki, platformanın xeyli hissəsi yanıb. İşçilərlə əlaqə kəsilib. İşçilərin kiçik qayıqlarla xilas olmasını dənizdəki güclü dalğalar çətinləşdirir.

İşçilərin platformadakı vertalyot meydançasına yığıldığını, amma gəmilərin onalrı götürmək üçün platformaya yan ala bilmədiyi də deyilir.

Yanğından bir görüntü (Foto M.Qəhrəmanlının fb səhifəsindən götürülüb)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button