YAZIÇI RAFİQ TAĞININ QƏTLİ İLƏ BAĞLI PREVENTİV TƏHQİQAT QRUPUNUN İLKİN HESABATI

RAFİQ TAĞININ BIÇAQLANMASI (VƏ DÖVLƏT ORQANLARININ İLKİN REAKSİYASI)

Tanınmış yazıçı-publisist, Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Rafiq Tağı (Tağıyev) noyabrın 19-da işdən qayıdarkən yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən hücuma məruz qalaraq soyuq silahla çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər almışdır. Törədilmiş cinayət hadisəsi ilə bağlı Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmış və noyabrın 21-də iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə edilmişdir. Həmin gün əməlin Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə, Rafiq Tağının ölümündən sonra – noyabrın 24-də isə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsi haqqında qərarlar qəbul edilmişdir.

Cinayətin qeyri-aşkar şəraitdə törədilməsi nəzərə alınmaqla, cinayətdə iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə 22 noyabr, 2011-ci il tarixli birgə əmrlə iş üzrə prokurorluq, daxili işlər, milli təhlükəsizlik və ədliyyə orqanlarının təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

Rəsmi orqanların, o cümlədən Baş Prokurorluğun və şəxsən baş prokuror cənab Zakir Qaralovun kütləvi informasiya vasitələrinə təqdim etdiyi məlumata əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına əməl edilməklə hadisənin baş verdiyi yerdən Rafiq Tağının yaşadığı evədək olan əraziyə kriminalistik texnika və avadanlıqlardan istifadə edilməklə müfəssəl baxış keçirilmiş, qətlin törədilməsi ilə bağlı bütün mümkün fərziyyələrin yoxlanılması istiqamətində zərərçəkmiş şəxs Rafiq Tağı və çoxsaylı şahidlər dindirilmiş, müayinə, götürmə, istintaq eksperimentləri aparılmış, zərərçəkmiş şəxsin hərəkət marşrutu üzrə quraşdırılmış müşahidə kameraları müəyyənləşdirilərək mütəxəssislərin iştirakı ilə təxirəsalınmaz istintaq hərəkətləri keçirilmiş, zəruri ekspertizalar təyin edilmiş və digər prosessual tədbirlər görülmüşdür. Baş Prokurorluğun bəyan etdiyinə görə, bu cinayət işinin istintaqı şəxsən baş prokurorun xüsusi nəzarətinə verilmiş və cənab Zakir Qaralov mütəmadi olaraq istintaq-əməliyyat qrupunun hesabatları dinləmiş və cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində konkret göstərişlər vermişdir.

R.Tağının qətlindən dərhal sonra hökumət və hökumətə yaxın KİV-də yer alan xüsusi məlumatda qeyd edildi ki, bu qətlin istintaqı dövlət başçısının xüsusi nəzarətindədir. Bir çox yerli müşahidəçilərin nəzərini cəlb edən bu məqam bəzi paralellərin xatırlanmasını zəruri etdi. Çünki Azərbaycanın ən yaxın tarixində yalnız “Monitor” jurnalının baş redaktoru, jurnalist Elmar Hüseynovun və Azərbaycan Respublikası Hərbi-Hava Qüvvələrinin sabiq komandanı, general Rail Rzayevin qətllərindən sonra bu cinayət işlərinin dövlət başçısının nəzarətinə verilməsi barədə xüsusi məlumatlar dərc olunmuşdur.

Xatırladaq ki, müxtəlif ekspertlər hər iki cinayətin törədilməsində xüsusi xidmət orqanları ilə bağlı şübhələrini ayrı-ayrı vaxtlarda dilə gətirmişdilər. Lakin Rafiq Tağının işində də istintaq rəsmi orqanların operativ-əməliyyat tədbirlərinin təqdimatından savayı heç bir nəticə əldə etməmiş, hadisə yerində xeyli ipuclarının olmasına baxmayaraq cinayətkarların yaxalanmasında uğursuzluğa düçar olmuşdur.

RAFİQ TAĞININ GÖZLƏNİLMƏZ ÖLÜMÜ

Noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanan Rafiq Tağı 23 noyabr, 2011-ci il tarixdə saat 15:40 radələrində 1 saylı Klinik Tibbi Mərkəzdə dünyasını dəyişdi. Qəfildən vəziyyəti ağırlaşan yazıçı xəstəxana palatasından reanimasiya şöbəsinə köçürülsə də onun həyatını xilas etmək mümkün olmamışdı. Ümumiyyətlə, ağır sabit vəziyyətdə olan yaralı R.Tağının əməliyyatdan 25 saatdan sonra reanimasiyadan ümumi palataya köçürülməsi təəccüb doğurur. Bir çox tanınmış tibbi ekspertlərin rəyinə görə, həyatına təhlükə yaranan ağır xəstənin reanimasiya şöbəsindən ümumi palataya belə tezliklə köçürülməsi, hətta ağır xəstənin saysız jurnalistlərlə və ziyarətçilərlə təmasına heç bir məhdudiyyət qoyulmaması cinayətə bərabər məsuliyyətsizlik hesab olunmalıdır.

Xəstəxananın baş həkiminin müavini Adil Salahovun mətbuata verdiyi açıqlamaya əsasən, R.Tağının vəziyyəti qusma nəticəsində pisləşib, həmin anda qusuntu nəfəs borusuna düşüb. Xəstənin yanında olan şəxslər kömək üçün tibb işçilərini çağırsalar da yazıçının həyatını xilas etmək mümkün olmayıb.

Yazıçını əməliyyat etmiş həkimlərdən biri – Nizaməddin Əsgərov isə mətbuata açıqlamasında hadisə baş verən vaxt R.Tağının yanında olmadığını bildirib. Ancaq digər həkimlər ona da yazıçının qusuntu kütləsinin nəfəs yolunu tutmasından öldüyünü deyib: “Ağır xəstə idi, ancaq öləsi xəstə deyildi. Ölümündən beş-on dəqiqə əvvəl onun vəziyyəti normal idi. Həkimlər qan təzyiqini ölçmüşdülər. Deyib-gülürmüş. Qəfildən halı pisləşib, yanındakı şəxslər həkimləri çağırıb. Bizim təxmini fikirləşdiyimizə görə, öz qusuntu kütləsindən boğulub ölüb. Dəqiq bilmirəm, ola bilsin, ona çay-su veriblər. Nəsə içib, ürəkbulanması olub, kütlə nəfəs yoluna gedib, boğulub ölüb. Biz başqa səbəb tapa bilmirik. Yenə dəqiq deyə bilmərəm, məhkəmə orqanları öz sözlərini deyərlər”.

Amma Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Şakir Musayev R.Tağının tamamən başqa səbəbdən ölməsini rəsmən bəyan etmişdir: R.Tağı ona yetirilmiş çoxsaylı deşilmiş-kəsilmiş yaraları və bununla bağlı keçirilmiş cərrahi əməliyyatdan sonra inkişaf etmiş süst gedişli peritonit, nazik bağırsağın atoniyası və intoksikasiya, eləcə də hər iki ağciyər divar plevrası ilə tikişmələri fonunda ürəyin xroniki işemiya xəstəliyinin (əvvəllər keçirdiyi infarktdan sonra iri ocaqlı kardioskleroz, ürək əzələsinin qalınlaşması) kəskinləşməsi nəticəsində kəskin ürək-ağciyər çatışmazlığı səbəbindən vəfat etmişdir.

Geyd etmək lazimdır ki, yazıçının ölümü ilə bağlı yekun rəyi onun ailəsinə və ictimai təhqiqat qrupuna bu günədək təqdim etməmişdir.

R.Tağının gözlənilməz ölümü və ya təkrar sui-qəsd nəticəsində qətli onun ailə üzvlərini də şübhələndirib. Yazarın kiçik qardaşı İlqar Tağıyev mətbuata açıqlamasında təsdiqləyib ki, vəfat etməzdən az əvvəl onun səhhəti normal olub, lakin vəziyyəti birdən-birə pisləşdiyi üçün palatadan reanimasiya şöbəsinə aparılıb. Amma reanimasiya şöbəsinə çatanda artıq Rafiq Tağı vəfat edibmiş: “Həkimləri çağırdıq, süni nəfəs verdilər. Həkim dedi ki, ürəyi dayanıb. Süni nəfəs verə-verə reanimasiyaya apardılar. Ora çatanda artıq keçinmişdi”.

İlqar Tağıyev deyib ki, qardaşının bir az təngnəfəsliyi var idi: “Həkimlər sakitləşdirdi, biz də onun sonda belə olacağını ehtimal etmirdik. Çay verdik, hətta o biri qardaşım gələndə ona bulyon və qatıq gətirməsini sifariş etmişdik”.

İ.Tağıyev deyib ki, Rafiq Tağı birdən-birə qusmaq istədiyini bildirib: “Həkim gəlib iynə vurdu. Amma nə iynə olduğunu bilmirəm. O bir daha qaytarmaq istədiyini bildirdi. Mən də sellofan tutdum, o, həddən çox qaytardı. Sonra onun gözləri bərəldi. Amma həkimlər və tibb bacıları yox idi”.

Rafiq Tağının özü isə ölümündən saat yarım əvvəl “Azadlıq” radiosuna qısa müsahibə verib. Yazıçı özünü yaxşı hiss etdiyini bildirib.

Rafiq Tağının tam sağalmadan reanimasiyadan ümumi palataya köçürülməsi və qəfildən dünyasını dəyişməsi həm yerli, həm də beynəlxalq ictimaiyyət üçün gözlənilməz hadisə oldu. Eyni zamanda bir çox müşahidəçilərin əsaslı şübhələrinə görə, peşəkar fəaliyyəti səbəbindən terror aktına məruz qalan yazıçının xəstəxanada mühafizəsinin təşkil olunmaması da məhz onun qətlinə hesablanmış biganəlik kimi dəyərləndirilməlidir. Azərbaycandakı ictimai fikir yazıçının məhz xəstəxanada səhhətinin yaxşılaşdığı bir vaxtda vəfat etməsini onun ikinci qətli kimi təqdim etdi.

İCTİMAİ TƏHQİQAT QRUPUNUN YARANMASI

Yazıçı Rafiq Tağının qətlinin beynəlxalq aləmdə və ölkə daxilində böyük rezonansa səbəb olması, bu qətlin ifadə azadlığının məhdudlaşdırılması və söz azadlığına dövlət orqanları tərəfindən açıq basqıların təşkil olunması dövrünə təsadüf etməsi, hüquq-mühafizə orqanlarının bu qətlin açılması üçün sistemli əməliyyat tədbirlərin görülməsinə ilk günlərdən etibarən heç də həvəsli olmaması qətlin istintaqı və onun ətrafında ictimai fikrin manipulyasiyalaşdırılması üzərində ictimai nəzarəti həyata keçirəcək təhqiqat qrupunun formalaşmasını şərtləndirmiş oldu. Təhqiqat qrupu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) nəzdində yarandı. Təhqiqat qrupuna hüquq müdafiəçisi və jurnalist Eynulla Fətullayev (qrupun rəhbəri), vəkil Elçin Sadıqov, “Yeni Müsavat” qəzetinin müxbiri Elşən Balaxanılı, RATİ-nin əməkdaşı İdrak Abbasov daxil olmuşdular. Hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları da məsləhətçi-ekspert qismində qrupa cəlb edilmişdir.

İCTİMAİ FİKRİN YÖNLƏNDİRİLMƏSİ

Tanınmış yazıçıya hücumun baş verdiyi ilk günlərdə hökumət və xüsusilə hökumətyönlü mətbu orqanları olaya nümayişkaranə şəkildə biganə yanaşaraq bu hadisəyə kriminal xəbərlər sütununda bir neçə sətirlik yer ayırsa da qətldən bir müddət sonra hökumətə yaxın ictimai fikrin təmsilçiləri özlərinə əsla çətinlik vermədən yazıçının öldürülməsində maraqlı olan dairələri “asanlıqla müəyyən etdi”. Onlar 2007-ci ildə Rafiq Tağının kriminal diffamasiyaya görə məhkum olunmasını xatırladaraq yazıçının İslam dəyərlərinə və İran dövlətinin dini ideologiyasına qarşı tənqidlərini əsas götürdü, xüsusilə “Avropa və biz” sərlövhəli məqalənin törətdiyi ictimai-siyasi fəsadları ilə manipulyasiyalar edərək ictimai fikirdə bu qətlin məhz islami qüvvələr tərəfindən törədilməsi barədə birmənalı rəyin formalaşdırılmasına səylər göstərdilər. Təhqiqatımızın bu aspektinə mətbuatın, xüsusilə iqtidaryönlü KİV-in icmalında geniş yer ayrılıb.

İctimai fikrin yönləndirilməsinə əsas verən səbəblərdən biri də mənşəyi və fəaliyyət dairəsi məlum olmayan, ani məqamda Azərbaycanın kasıb media palitrasında sıçrayan haqqyolu.com saytında vaxtilə “Avropa və biz” məqaləsindən sonra R.Tağı barədə guya ölüm fitvası vermiş İranın məşhur dini alimi, Ayətullah-üzma Fazil Lənkəraninin oğlu Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Lənkəraninin dərc olunan bəyanatı oldu. Həmin bəyanatda yazıçının qətlinə şəriət qanunları nöqteyi-nəzərdən bəraət qazandırılıb və R.Tağının öldürülməsi dəstəklənib.

Lakin İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bu sui-qəsdlə bağlı 22 noyabr tarixində yaydığı xüsusi açıqlamasında R.Tağıya qarşı törədilmiş sui-qəsd olayının İrana aid edilməsi ilə bağlı irəli sürülən iddiaları təkzib edərək bu cəhdləri mənfi atmosfer yaratmaq məqsədi daşıyan əməllər kimi qiymətləndirdi və onun Qərbin təxribatları olduğunu bildirdi. Yalnız “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev və politoloq Ərəstun Oruclu hadisədən dərhal sonra məqalələrlə çıxış edərək bu qətldə xarici amilin təsiri ilə yanaşı yazıçının qətlini şərtləndirən ölkədaxili ictimai-siyasi ab-havanın təsirinə toxunmuşdular.

Xüsusilə qeyd etmək yerinə düşər ki, bu qətl azad mətbuata qarşı növbəti təzyiq dalğasının baş qaldırdığı vaxtla üst-üstə düşdü. Həmin ərəfədə “Gündəm-xəbər” qəzetinin baş redaktoru Şirin Cəfərliyə qarşı cinayət işi qaldırıldı. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və qəzetin əməkdaşı Aydın Caniyev həbs edildi. “Yeni Müsavat” qəzeti isə bir qrup oliqarxın fantastik məbləğli məhkəmə iddiaları ilə üzləşməli oldu. Artıq hakimiyyətin təmsilçiləri, məsələn, millət vəkili Gülər Əhmədova jurnalistlərin həbsini əsaslandırmaq üçün əks halın – qələm əhlinin fiziki zorakılığa məruz qalacağını ictimaiyyət qarşısındakı çıxışlarında dilə gətirməyə başladı.

İRANIN İZİ İLƏ…

İctimai təhqiqat qrupu yaradılandan dərhal sonra qrup üzvləri İranın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşməyə dəfələrlə cəhd göstərsə də rəsmi Tehran bu məsələ ilə bağlı qrupla əməkdaşlıqdan imtina etdi. Lakin qrup üzvlərinin apardığı araşdırmalar müəyyən etdi ki, hələ 2007-ci ildə “Avropa və biz” məqaləsini qələmə alandan sonra R.Tağı barədə İran ayətullahlarının heç biri xüsusi ölüm fitvası ilə çıxış etməyib. İslam əxlaqı ilə bağlı sıravi müsəlmanlar tərəfindən müsahibəyə cəlb edilmiş görkəmli İran alimi Ayətullah-üzma Fazil Lənkərani 2007-ci ildə Peyğəmbər barədə bəzi KİV-də, o cümlədən Azərbaycanda (Rafiq Tağının məqaləsi nəzərdə tutulub) yer almış tənqidlərə və hətta təhqirlərə cavab verilməli olan preventiv tədbirin nə olması sualı ilə qarşılaşdıqda ümumi şəkildə (yalnız Rafiq Tağıya şamil etmədən) bu əməlin cəzasının ölüm hökmü olduğunu bildirmişdi. Digər tərəfdən, təhqiqat qrupunun müraciət etdiyi dinçi alimlərin yekdil rəyinə görə, hər hansı şəxs barəsində ölüm fitvası verilmiş olsa belə onun islami qaydalara uyğun olaraq şəriət məhkəməsinə cəlb edilməsi vacib hüquqi prosedurdur. Eyni zamanda şəriət qanunları barəsində ölüm fitvası verilmiş şəxsin vəhşicəsinə soyuq silahla qətlə yetirməsini nəzərdə tutmur.

Məlum olduğu kimi, İran ictimaiyyətindən savayı R.Tağıya 2007-ci ildə öz hiddətini bildirərək onun həbsini tələb edən tərəf Azərbaycanda İran şiəçiliyi platformasında duran Nardaran kəndinin dini icması olmuşdur. R.Tağının qətlindən iki həftə sonra təhqiqat qrupunun üzvləri Azərbaycanın ictimai fikrində İranın birmənalı sosial bazası qismində qəbul edilən bu kənddə araşdırma apararaq hüquq-mühafizə orqanlarının Nardaranda R.Tağının işi ilə bağlı hər hansı bir əhəmiyyətli əməliyyat tədbirini həyata keçirmədiyini müəyyən etmişdi.

Bununla yanaşı, hökumətə yaxın olan müəyyən dairələr həddən ziyadə canfəşanlıq göstərərək vaxtilə “Avropa və biz” məqaləsinin “Sənət” qəzetində dərc etmiş bu qəzetin baş redaktoru, 2007-ci ildə R.Tağı ilə birgə məhkum edilmiş Samir Sədaqətoğlunun ölkədən tez bir zamanda mühacirət etməsinə çalışıb, öldürülən jurnalistdən savayı daha bir jurnalistin başı üzərində terror təhlükəsinin olduğu mənzərəsini yaratmağa cəhd etmişlər. Heç bir təhlükə hiss etməyən və çoxdan unudulmuş S.Sədaqətoğlu mühacirət təkliflərindən cidd-cəhdlə imtina etməyə çalışsa da onun məhz R.Tağının qətlinə ən sərt etiraz etmiş Fransaya qaçmaq planının təşkili ictimai fikrin təyin olunan qatilə tərəf yönləndirilməsinə xidmət edən cəhd kimi qiymətləndirilə bilər. Bunun ardınca hökumətə və xüsusi xidmət orqanlarına yaxın şəxslər tərəfindən R.Tağının məhz İran tərəfindən qətlə yetirilməsi barədə hökmə bənzər bəyanat mətni ilə çıxış etməsi və bu bəyanatı dəstəkləmək üçün tanınmış ictimai simaları cəlb etmək səyləri də xüsusilə beynəlxalq ictimai fikri lazımi istiqamətə yönəltmək üçün atılan əməli addım sayıla bilər.

HADİSƏ YERİNƏ BAXIŞ

İctimai təhqiqat qrupu R.Tağının hücuma məruz qaldığı küçəyə – Xətai prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində, Bakı Şəhər Baş Polis İdarəsi istiqamətində gedən cığıra baxış keçirmişdi. Baxış zamanı müəyyən edilmişdir ki, 1A saylı marşrut avtobusu ilə işdən evə qayıdan yazıçı İran və Azərbaycan vətəndaşlarına şərikli qaydada məxsus olan “Seramik mərkəzi” dükanının tinində qəfil hücuma məruz qalmışdı. Aparılan baxış zamanı “Seramik mərkəzi” dükanında 4 müşahidə kamerası və R.Tağının qətlə yetirildiyi yerin yanında yeni inşa olunan binada 2 kamera müəyyən edilmişdi. Eyni zamanda, ümumilikdə bu ərazidə 20-dən artıq müşahidə kamerası təyin edilmişdir ki, onların da mütləq əksəriyyətinin Daxili İşlər Nazirliyinə və Nəqliyyat Nazirliyinə məxsusluğu müəyyən olunmuşdur. Rəsmi istintaq orqanları ictimai təhqiqat qrupu ilə əməkdaşlıq etməkdən imtina etdiyi üçün qrup üzvlərinin rəsmi müşahidə kameralarının yaddaş kartlarına çıxışı mümkün olmamışdı. Lakin qrup üzvləri “Seramik Mərkəzi” dükanının müşahidə kameralarının yaddaşına baxış keçirmək imkanı qazanmışdı.

Aparılan təhqiqat zamanı müəyyən olunmuşdur ki, hücumu müşahidə edə biləcək 2 kameranın xətləri hadisədən təxminən 3 həftə öncə kəsilmiş və qətl törədilən günü işlək vəziyyətdə olmamışdır. R.Tağının avtobus dayanacağından çıxmasını və Ə.Ağaoğlu küçəsi istiqamətində yollandığını yaddaşına həkk edəcək kameranın texniki və müşahidə qüsurları axşam saatlarında, qaranlıqda aydın təsvirin canlandırmasına imkan yaratmamışdı. Yalnız dükanın birinci sektorunda, dükanın içində quraşdırılmış kamera küçənin bir hissəsini canlandırmışdı. Dekabrın 3-də qrup üzvləri hadisənin baş verdiyi vaxtda yaddaşa baxış keçirərkən Xətai prospektindən hadisə yerinə tərəf iti addımlarla gedən və tələsən bir şübhəli şəxsi müəyyən edə bilmişdi. Həmin şəxs əlində qəzetə bükülü bir alətlə R.Tağının avtobus dayanacağında düşməsi ehtimal olunan saatda hadisənin baş verdiyi yerə yollanırdı. Nə bundan yarım saat öncə, nə də bir saat sonra həmin yerdən heç bir piyada keçməmişdir ki, bu da təbii qarşılanmalıdır – Xətai prospekti ilə Ə.Ağaoğlu küçəsinin kəsişməsində piyadalar üçün nəzərdə tutulmuş trotuar bitir və avtomobil şosesi başlayır. Deməli, dövlət orqanlarına məxsus olan müşahidə kameraları həmin şəxsi tam fiksə etməli idilər. Təhqiqat qrupu əldə edilən nəticənin mətbuata açıqladığı günün ertəsi istintaq orqanları Xətai Rayon Məhkəməsinin müvafiq qərarına istinad edərək qrupun istinad etdiyi kameranın yaddaşını götürmüşdü. Hadisə noyabrın 19-da baş verəndən sonra istintaq orqanları “Seramik Mərkəzi”nə məxsus kameraların yaddaşına baxış keçirsə də istinad edilən kameranın yaddaşı yalnız ictimai qrupun ifadə etdiyi şübhələrdən sonra götürülmüşdü.

İctimai təhqiqat qrupu ərazini tədqiq etdikdən sonra belə bir nəticəyə gəlmişdir ki, açıq və bir neçə tərəfdən müşahidə edilən, piyadaların və avtomobillərin fəal hərəkət elədiyi sahədə, şəhərin mərkəzində belə bir əks-sədalı cinayətin arxayınlıqla törədilməsi bu sui-qəsdin arxasında dayanan qüvvənin cəzasızlığa dərin inam bəsləməsinin təsdiqidir. Bu amili xüsusi vurğulayaraq xarici qüvvələrin bu cür diletant şəkildə törədilən qətlə aidiyyatı qrup üzvlərində dərin şübhə yaradır. Hadisənin baş verdiyi ərazinin Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlığında yerləşməsi amili isə hüquq-mühafizə orqanlarının məntiqlə əməliyyat potensialını daha da artırmış olur. Eyni zamanda R.Tağı vəfatından öncə verdiyi müsahibədə hücum edən şəxsin avtomobillə aradan çıxdığı ehtimalını səsləndirmişdi. Ə.Ağaoğlu küçəsindən Xətai prospekti ilə gedən avtomobil yolu biristiqamətlidir. Təhqiqat qrupunun xüsusi texniki cihazlar vasitəsilə apardığı təhqiqatdan məlum olmuşdur ki, yol boyu Xətai prospektində 10-dan artıq müşahidə kamerası quraşdırılıb.

TƏCİLİ YARDIM XƏSTƏXANASINDA TƏHQİQAT

Təhqiqat qrupunun üzvləri dekabrın 5-də Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 2 saylı Köməkçi Yardım Stansiyasında (KYS) tədqiqat apararaq R.Tağının bıçaqlanandan sonra yaşadığı mənzilinə gəlib ailə üzvlərinin köməkliyi ilə təcili tibbi yardıma dərhal müraciət etməsinə baxmayaraq tibbi yardım karetinin daxil olmuş müraciətdən təxminən 1 saatdan sonra gəlməsinin, gecikməsinin səbəblərini araşdırmağa cəhd göstərib. Qrup üzvləri stansiyanın baş həkimi Nüşabə Əsədzadə ilə görüşüb söhbət edib. Xanım Əsədzadənin verdiyi məlumata görə, tibbi yardım üçün müraciət alındıqdan sonra təcili tibbi yardım kareti R.Tağının evinin qarşısında dövr edib və yaralını axtarıb. Baş həkimin sözlərinə görə, R.Tağının yaşadığı mənzildə həkimləri gözlədiyi barədəki məlumat onlara nədənsə yazıçının ailə üzvlərindən daxil olmayıb.

R.Tağının özü isə evindən işlədiyi 8 saylı KYS ilə əlaqə saxlayaraq bıçaqlandığını söyləyib və əlavə edib ki, təcili yardıma müraciət etsə də yardım həkimləri gəlməyib. Bundan sonra 8 saylı KYS-dan (Nəsimi rayonu) 2 saylı KYS (Xətai rayonu) zəng edib və təcili yardım həkimlərinə ratsiya vasitəsilə yaralının öz evində olması barədə məlumat veriblər. Məlumatı alan həkimlər yalnız bundan sonra R.Tağının yaşadığı mənzilə gediblər. Əslində təcili yardım R.Tağının evinə ən pis halda 20 dəqiqə ərzində çata bilərdi.

Baş həkim isə R.Tağıya vaxtında təcili yardım göstərildiyini, həddən artıq qan itirməsinə baxmayaraq həkimlərin onu Klinik Tibbi Mərkəzə lazımi yardım göstərməklə çatdırdığını söylədi. Xanım Əsədzadə yazıçının bıçaqlandıqdan 4 gün sonra dünyasını dəyişməsindən isə təəccübünü gizlətmədi. Baş həkim KYS-ya daxil olan çağırış zənglərinin qeydiyyat kitabının Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına təhvil verildiyi səbəbini əsas gətirərək R.Tağı tərəfindən çağırışın daxil olması ilə bağlı sorğumuzu da həmin stansiyaya ünvanlamağımızı xahiş etdi.

RAFİQ TAĞININ İŞ YERİNDƏ ARAŞDIRMA

Rafiq Tağının işlədiyi 8 saylı KYS-də də araşdırma apararaq tərəfimizdən müəyyən edilib ki, stansiyada hər gün növbədə 7 həkim olub. Növbə səhər 09:00-dan axşam saat 21:00-a qədər və yenə növbəti gün saat 09:00-a qədər davam edib. Hadisənin baş verdiyi gün, yəni 19 noyabrda, şənbə günü yarım iş günü sayıldığından növbədə olan R.Tağı həmin gün işə səhər saat 09:00-da deyil, günorta 15:00-da gəlib. R.Tağı ilə dostluq münasibətlərində olan həkim Baba Əlizadə və digər həkimlər – Mətanət Vəkilova, İbrahim Məmmədov, Jalə Muradova, Faiq Hümbətov, Fəxriyyə Məmmədova, dispetçer Gülya Əhmədova, feldşer Dilavər Məcidov həmin vaxt işdə olublar.

Həmkarı M.Vəkilovanın sözlərinə görə, R.Tağı palataya köçürüləndən sonra həmkarları ona baş çəkib. Hadisənin baş verməsini R.Tağının özü bu cür təsvir edib. Avtobusdan düşəndən sonra Xətai prospekti ilə Ə.Ağaoğlu küçəsinin kəsişdiyi küçə ilə addımlayıb, qəflətən kimsə arxadan hücum edib və bıçaq zərbələrini endirib. Sonra da qaçıb onu gözləyən maşına minərək hadisə yerindən uzaqlaşıb. Maşında həmin adamı iki nəfər gözləyib. R.Tağının vəziyyəti ağır olduğuna görə avtomobil barədə heç nə soruşmayıblar.

Araşdırma zamanı müəyyən edildi ki, hadisə günü R.Tağının növbəsi saat 21:00-da bitsə də o, çağırışlarla bağlı zəruri sənədləşmə işlərini yekunlaşdırmaq üçün saat 21:50-yə qədər işdə olub. Bundan sonra isə o, iş yerindən çıxaraq evə yollanıb. 8 saylı KYS Fuad İbrahimbəyov küçəsində yerləşir. KYS-nin yaxınlığında, F.İbrahimbəyov küçəsi, 19/21 ünvanında yerləşən Beynəlxalq Elmlər Akademiyasının binası qarşısında tərəfimizdən 2 müşahidə kamerası müəyyən edilmişdir. Təhqiqat qrupunun bu kameraların yaddaşının yoxlanılması barədəki vəsatəti isə istintaq qrupu tərəfindən cavablandırılmayıb.

İSTİNTAQA ÜNVANLANAN VƏSATƏT VƏ SORĞULAR

Yuxarıda qeyd etdiyimiz kimi, ənənəvi olaraq bütün siyasi qətllər üzrə cinayət işlərində olduğu kimi, istintaq bu dəfə də qeyri-şəffaf və qapalı şəraitdə aparılıb. İstintaq hərəkətləri ilə bağlı ictimaiyyətə heç bir məlumat və açıqlama verilməyib. Lakin təhqiqat qrupu istintaq orqanın 5 (beş) vəsatətlə müraciət etməyi zəruri hesab etmişdir. Əfsuslar olsun ki, istintaq vəsatətlərin heç birinə cavab verməyərək hətta mərhumun həyat yoldaşını Tağıyeva Mailə Bulud qızını zərərçəkmiş şəxs (hüquqi varis) qismində tanınması haqda qərarın qəbul edilməsindən və onun zərərçəkən şəxs qismində dindirilməsindən də əsassız olaraq imtina etmişdir.

Bundan savayı, istintaq orqanı müşahidə və təhlükəsizlik kameralarının 01 noyabr, 2011-ci il tarixdən 22 noyabr, 2011-ci il tarixədək yaddaş lentlərinin müvafiq təşkilat və idarələrdən alınması haqqında qərarın qəbul edilməsindən;

qatilin və kriminal dəstənin üzvlərinin aşkar edilməsi üçün 01 noyabr, 2011-ci il tarixdən 22 noyabr, 2011-ci il tarixədək 8 saylı Təcili Tibbi Yardım Stansiyasının yerləşdiyi yer üzrə mobil telefon lokalizasiyalarının və onların hərəkət trayektoriyalarının, 01 noyabr, 2011-ci il tarixdən 22 noyabr, 2011-ci il tarixədək Bakı şəhəri, Xətai prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsinin mobil telefon lokalizasiyasının, onların hərəkət trayektoriyalarının, bu lokalizasiyada olan telefonlar arasındakı zənglərin və SMS-lərin siyahısının müvafiq olaraq “Azercell”, “Azerfon” və “Bakcell” mobil telefon operatorlarından alınaraq cinayət işinə əlavə edilməsi və surətlərinin qrupa təqdim edilməsi haqqında qərarın qəbul edilməsindən;

Rafiq Tağının xəstəxanada təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olmuş şəxslərin dindirilməsindən;

Rafiq Tağının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq qərarların DİN-dən və MTN-dən alınmasından;

Rafiq Tağının bıçaqlandığı ərazidə DİN və MTN-in əməliyyat məlumatlarının alınmasından;

həmin ərazidə DİN və MTN-in agenturasının dindirilməsi barədə vəsatətin baxılmasından heç bir əsas gətirmədən imtina etmişdir.

İstintaq orqanı R.Tağı barədə xəstəlik tarixinin surətinin ictimai təhqiqat qrupuna və ailə üzvlərinə təqdim etməkdən də imtina etmişdir.

Preventiv Cavab Qrupu:

Qrupun rəhbəri Eynulla Fətullayev

Elçin Sadıqov

İdrak Abbasov

Elşən Məmmədəliyev

Layhə Açiq Cəmiyət İnstitutu – Yardim Fondu tərəfindən dəstklənir

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button