Yeni Günəşlidə 16 mərtəbli yeni tikilən binada çatlar yarandı- Səbəb

Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivindəki “Günəşli Yaylası” çökmə-oturma sahəsində 16 mərtəbli binada çatlar yaranıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, bu halı bu gün Zığ və “Günəşli Yaylası”ndakı əraziyə baxış keçirərkən müşahidə ediblər:

“Günəşli Yaylası” təxminən Qaraçuxur qəsəbəsində yerləşən “Lukoyl” yanacaq doldurma məntəsindən başlayır və dəniz istiqamətində davam edir. “Günəşli Yaylası”nda tektonik qırılma xətti keçir. Oradakı çatları, torpaq qatı üzərində baş vermiş deformasiyaları aydın şəkildə gözlə görmək mümkündür. Burada həmin tektonik qırılma xətti boyunca yamac istiqamətində evlərin əskəriyyətində çatlar, deformasiyalar yaranıb. Bu günki müşahidələrimiz də onu göstərdi ki, son günlər ərzində çatlar artıb. Eyni zamanda, həmin ərazidə 16 mərtəbli yeni bir bina da inşa olunub. Həmin binanın bir güncü qırılma xəttinə düşür. Bu gün orada xırda da olsa, çatlar müşahidə etdik. Binanın 5-6 metrlik məsafəsində olan tikililər isə tam yararsız vəziyyətə düşüb”.

Günəşli yaylasında yamacın həddindən artıq yükləndiyini deyən Ə.Qaralov əlavə edib ki, mövsümlə əlaqədar yağıntıların miqdarının artması, məişət sularının axıdılması nəticəsində torpaq qatı həddindən artıq ağırlaşıb:

“Eyni zamanda, tektonik qırılma baş verib. Yamac da dikdir. Orada da çoxsaylı evlər tikilib”.

Onun sözlərinə görə, bu halı Zıq və “Günəşli Yaylası” sürüşmə zonasında bu gün apardıqları müşahidə zamanı görüblər.(strateq.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button