YENİ HƏRƏKATI GƏNCLƏR YARATMALIDIR!!!

Millət hələ diridir – bir manata ehtiyacı olan adamı min manata yola gətirə bilmədilər…

Bu dövləti hakimiyyətdə oturub onu quldur yuvasına çevirənlər dağıdacaq

Seçkilərin, əslində isə Milli Məclisə 4-cü çağırış təyinatın baş tutmasından sonra cəmiyyətdə ciddi və ağır şok yaşanır. Əvvəlkilərdən fərqli olaraq bu seçkilərdə nə küçələrə çıxan, nə etiraz edən, nə də təpəsinə dubinka yeyən olmadı. Olmadı, amma yenə əvvəlki seçkilərdən fərqli olaraq bu seçkilərdən sonra cəmiyyətdə için-için bir gərginlik atəşi fitillənməyə başladı. Nə olursa olsun, seçkilərdən sonra səsini çıxaran, dəyirmi masalar keçirən, nələr olub-bitdiyini müzakirə edən bir şərait görmədik və qəribə orasındadır ki, bu məsələdə aktivlik nümayiş etdirməli olan televiziya kanalları və aparıcı mətbuat orqanları da sıradan geridə qaldılar. Televiziya kanallarını başa düşdük – onları hakimiyyət tam zərərsizləşdirib. O zaman haqlı bir sual meydana çıxır – bəs qəzetlər?! Onlar da deyəsən, baş redaktorlarının seçki şokundan hələ ayılmayıblar. Söhbət təbii ki, ölkənin informasiya sahəsinin əsas aktyorlarından olan «Azadlıq» və «Yeni Müsavat» qəzetlərindən gedir…

Hamı seçki şokunda ikən, «Xural» mövzunu masaya yatırmaq qərarına gəldi. Seçkiyə qatılan və nəticələrdən narazı qalan namizədlərin qatılımı ilə bir dəyirmi masa düzənlədik. Dəvət etdiklərimizdən söz verib qatılmayanlar olsa da, qatılanlar da oldu və masanın keçirilməsindən sonra aldığımız reaksiyalar onu göstərdi ki, bu tip dəyirmi masalara hələ çox ehtiyac olacaq. Təbii ki, təyinat rəsmiləşəndən sonra Milli Məclisə təyin olunan və seçkilərin şəffaf keçirildiyini iddia edən deputatları da toplantılarımıza dəvət edəcəyik. Hələlik isə, danışır «Xural»ın «Mətbuatda Canlı Yayın» rubrikası altında keçirdiyi dəyirmi masa. Bu masada seçki adı ilə təşkil olunan aksiyada nələr baş verdiyindən bəhs etdik…
Qərarı isə Siz verəcəksiniz, Əziz «Xural» Oxucuları…

Seçkilərdə saxtakarlıq ediləcəyini bilirdik…

Ruslan İzzətli
Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri:
– Biz hələ imzatoplanma kampaniyası zamanı seçkilərdə saxtakarlıq ediləcəyini bilirdik. Çünki çox böyük haqsızlıqlarla qarşılaşdıq. 108 saylı Ağstafa və 13 saylı Xəzər rayon seçki dairələrində bizim irəli sürdüyümüz namizədlər qeydə alınmadılar. O namizədlər ki, siyasi düşüncələrinə baxmayaraq, millət üçün çox faydalı ziyalılar idilər və bu millət üçün böyük işlər görə bilərdilər. Bu seçkilər Azərbaycan tarixinə hərbi seçki kimi daxil oldu. Çünki müşahidə etdiyimiz məntəqələrin çoxunda seçkilərə 5-6 faiz mülki şəxslər gəldi, amma hərbçilər olan dairələrdə hərbçilərin sayı 40-50 faizi keçdi. 9 saylı Binəqədi seçki dairəsinin 15 saylı məntəqəsində müşahidə aparırdım. 1400-dən çox seçici var idi, onların 500 nəfəri seçkilərə gəlmişdi, onların da 400 nəfəri hərbçilər idi. Təşviqat kampaniyalarının hərbi hissələrdə aparılmadığını nəzərə alsaq və onu da nəzərə alsaq ki, hakim dairələr hərbçilərə kimə səs vermələri üçün göstərişlər edir, onda mənzərə tamamilə aydın olar. Hesab edirəm ki, builki seçkilərdə əsas iki günahkar qüvvə var – biri hakimiyyət, yəni seçkilərin demokratik keçirilməsi üçün məsuliyyəti öz üzərinə götürən qüvvə, ikincisi də müxalifətdir. Hökumət bu seçkidə də ötən seçkilərdə apardığı totalitar siyasəti davam etdirdi. Biz illərlə seçkilərin demokratik keçiriləcəyinə ümid bəsləyirik və hər dəfə də bu ümidlərimiz boşa çıxır. 2005-ci ildə parlamentə müxalifətdən 6-7 nəfər düşmüşdüsə, bu il bir nəfər də düşmədi. Ötən seçkilərdə «Qələbə» kinoteatrının qarşısında müxalifət kütləvi mitinqlər keçirməyə cəhd etsə də, bu il onların heç birinə əl atmadı. Bu il görsəndi ki, artıq müxalifətin də əvvəlki qüvvəsi yoxdur, ya da həddən artıq zəifləyib. İnsanların müxalifətə olan əvvəlki inamları azalıb. Hesab edirəm ki, bütün bunlar da müxalifətin proqramsız və nizamsız fəaliyyət göstərməsindən irəli gəlir. Bu seçkilər bir daha göstərdi ki, müxalifət gənclərlə çox ciddi şəkildə işləməlidir. Gənclərə nə qədər təzyiqlər olunsa da, onlar məntəqələrdə haqsız imza atmadılar, amma yaşlı nəsil bir göstərişlə bu addımı atdı. Bir az qorxu gələn kimi protokola da imza atdılar. Deməli, gənclər milləti və dövləti öz ailələrindən, şəxsi mənafelərindən daha öndə düşünürlər. Gənclər istəyirlər ki, Azərbaycanın adı qara siyahılara düşməsin, əksinə, o daha da qüdrətli olsun.

Müxalifətin heç bir proqram və məramı yoxdur…

İkinci tərəfdən, bir məqama da diqqət yetirməyinizi xahiş edərdim. Seçkilərdə əhalinin diqqətini yayındırmaq üçün milli qəhrəmanlarımız Mübariz İbrahimovun və Fərid Əhmədovun dəfn mərasimi düzənləndi. Halbuki bunu bir gün sonra da etmək olardı. Hərbi dəfn mərasimi nəzərdə tutulurdu, o da baş tutmadı, dini mərasim keçirildi. Kimlərinsə agenturası burada çox güclü işlədi. Müxalifət nədən zəifdir? Çünki onun heç bir proqram və məramı yoxdur. Hakimiyyətin korrupsioner və rüşvətxor olduğunu iddia edən müxalifət cəmiyyətin qarşısına nə qoyur? Nə ilə özünü sübut etməyə çalışır? Heç nə ilə. Ona görə də bu gün gənclərin və insanların narazılığı getdikcə artır, amma onların ümid bəslədiyi ikinci bir qüvvə də yoxdur. Mənim həmyaşıdlarım bu qüvvəni görmürlər. Elə hesab edirəm ki, dəyişsə də simalar dəyişəcək, təfəkkürlər dəyişməyəcək. Ona görə də cəmi 2-3 islahat ola bilər, ondan artıq yox. Seçkilərə də 1992-93-cü illərin taktikası ilə yox, yeni bir taktika ilə getmək lazımdır. 2005-ci ildə sosial şəbəkədən bu qədər istifadə olunmuşdu? Xeyr. Amma bu il sosial şəbəkədən çox güclü istifadə olundu. Məsələn, biz Azər Həsrəti həmin dairədən dəstəklədik. Onun qədər də elektron vasitələrdən istifadə edən ikinci namizəd olmadı. Çox da real oldu. Gənclər tanıdı, onun fikirlərini eşitdi və harada görüşlər keçirdisə ora da gəldilər. Buna görə də hesab edirəm ki, seçkilərdə yeni taktikalardan istifadə etmək vacibdir. KİV-in, xüsusilə də internet şəbəkəsinin bu prosesdə gücünü artırmaq lazımdır. Ən əsası da proqram məsələsidir. Proqramsız nə namizəd, nə siyasi partiyalar, nə də blok qalib gələ bilməz. Bəli, insanlar narazıdır və yeni qüvvəyə ehtiyac var. Kimlərsə partiyalarını buraxıb hərəkat yaratmaq naminə fəaliyyət göstərə bilərlər. Amma mən hesab edirəm ki, hərəkatı kimlərsə yaratmır, hərəkat təbii olaraq yaranır. Vaxtı çatanda xalq özü bu hərəkatı yaradacaq. Gözləmədiyimiz bir adam da çıxıb o hərəkatın önündə gedəcək.

Total saxtakarlığın şahidi oldum, gördüm…

Vüqar Qasımov
9 saylı Binəqədi seçki dairəsindən namizəd Elşad Musayevin vəkili:
– Hamımız hərəkatın içindən çıxmış adamlarıq. Biz Azərbaycan xalqının hərəkatda nələrə qadir olduğunu gördük. Nə işlər gördüyünü də gördük. Amma bir müddət elə oldu ki, Azərbaycandan uzaqlaşası olduq (Vüqar Qasımlı Türkiyədə təhsil alan tələbələrimizdəndir – Red.). Bu uzaqlaşmanın bizim üçün müsbət tərəfləri də oldu. Dünyanın, mübarizənin, dövlətin nə olduğunu gördük, öyrəndik. Qayıdandan sonra bir müddət siyasətdən uzaq qaldıq. Və… yenidən siyasətə girdik, amma çox təəssüflər olsun ki, Azərbaycan xalqının bu müddət ərzində nə qədər korşaldığını, nə qədər laqeydləşdiyini və əksər insanların nə qədər riyakarlaşdığının şahidi olduq. Seçkilərin təşkil edilməsi, seçicilərin səslərinin saxtalaşdırılması bizdə ikrah hissi yaratdı. Total saxtakarlığın və hər cür saxtakarlığın şahidi oldum, gördüm. Tək-tək sadalamaq istəmirəm, sadəcə bir məqama toxunmaq istəyirəm ki, bu seçkilərin təşkili və keçirilməsi insanları iyrəndirdi, azərbaycançılıqdan və dövlətçilikdən uzaqlaşdırdı. Çox təhlükəli tendensiyalar meydana çıxır. Millət artıq sanki özü-özünə qarşı yadlaşıb, laqeydləşib. Heç kimə inam, güvən yoxdur. Bezginlik var. Bu da cəmiyyəti çöküntüyə aparır. Bunun qarşısını almaq üçün çox sadə bir yol var – müxalifəti gücləndirmək. Müxalifətin günahı yoxdur? Sözsüz ki, var. İstər insan, istərsə də maliyyə resursları olsun – çox azdır. Onu da fikirləşmək lazımdır ki, bizim özümüz müxalifətin güclənməsi naminə hansı addımları atırıq? Nə köməklik edirik? Nə dəstək veririk? Ancaq suçlayırıq. Burada suçlanacaq kimlər var? Millətin hər cür imkanlarından, resurslarından istifadə edən, onu soyub-parçalayan insanları suçlamaq lazımdır. Onlara qarşı mübarizə aparılmalıdır ki, bu millət bu cür etinasız, hörmətsiz münasibətə layiq millət deyil. Bu millət çox şeyə və artıqlarına layiqdir. Biz müqəddəs ideallarla yaşayan insanlar olmuşuq. Özümüzü yetişdirdik – Azərbaycan dövləti, milləti üçün. Bu gün onun naminə canımızı belə fəda etməyə hazırıq. Amma təəssüf ki, bu siyasətin şahidi oldum. Heç istəməzdim, amma oldum. Daha yaxşı şeylər ümidində idim, görünür, bu ümidin də yeri boş qaldı. Bir təklif vermək istərdim. Müxalifətdə olan və bir-birinə qarşı iddialarla çıxış edən insanlar artıq bütün umu-küsüləri bir kənara qoysunlar. Bu millətin gələcəyi üçün çıxış yolunu hakimiyyətdəkilərdən gözləmək olmaz. Bunu müxalifətdə olan insanlardan gözləmək lazımdır. Belə davam edə bilməz…

Gənclər yeni bir hərəkat yaratmalıdırlar…

Qiyas Sadıqbəyli
63 saylı Sabirabad seçki dairəsindən namizəd:
– Burada edilən çıxışların ümumi nəticəsi olaraq demək istəyirəm ki, həqiqətən də xalq hərəkatını yaratmaq haqda düşünülməlidir. Partiyaların hər birinin özünəməxsus proqramları var və onların hər birinin ideologiyası əksər hallarda müsavatçılıqdır. Tək proqram yazmaqla dağı-dağ üzərinə qoymaq olmur. Xalq Cəbhəsi 1988-ci ildə yarananda kütləvi şəkildə mitinqlərin başlanması, millətin ora toplanması təbii şəkildə hərəkatı yaratdı. O zaman AXC hərəkatın kütləviləşməsindən istifadə edərək ona müəyyən istiqamət verdi və bu da AXC-nin 1992-ci ildə hakimiyyətə gəlməsi ilə nəticələndi. O vaxtlar Əbülfəz Elçibəyə xalqın inamı böyük idi. Amma 1993-cü ildə hakimiyyətin dəyişməsi, buraxılan səhvlər təəssüf ki, bu gün də analiz edilmir. Bu, tamamilə başqa bir söhbətin mövzusudur. Bu cür prosesdən çıxış yolu gənclərin yeni bir hərəkat yaratması və millətin bu hərəkata qoşulması və artıq bu şəraitə hazır olan müxalifətin həmin hərəkatı yönləndirməsindən ibarət ola bilər. Onu da qeyd etmək lazımdır ki, müxalifətin zaman-zaman taktikasında səhvlər olub. Məsələn, 2005-ci ildə yaradılan «Azadlıq» blokunun fəaliyyətindən nəticə çıxararaq xalq hərəkatına keçmək lazım idi. Qalan məsələlərin hansında fədakarlıq olubsa, ona xalq da inanıb.

Hamı bilir ki, hansı dairədən hansı deputatlar hansı üsullarla seçilib. Hökumət deputatları da həmin proqramla, tutaq ki, mənim alternativim Ceyhun Osmanlı özünün dediyi kimi 80 bənddən ibarət platforma ilə çıxış edib. Mən onun özünə dedim ki, əgər bilsəm ki, o 80 bənddən 8-ni növbəti 5 ildə həyata keçirə biləcək, o zaman namizədliyimi geri götürərdim. Amma xalq bilir ki, bu vədlər yalnız vəd olaraq da qalır və ümumiyyətlə, 5 il ərzində 80 bəndlik proqramı heç bir deputat həyata keçirməyə qadir deyil. Mən şahidəm ki, camaat özlərinin inandığı adama, bu istər müxalifət olsun, istərsə də müstəqil bir insan – onun arxasınca hər zaman getməyə hazırdır. Mən bunu Sabirabadda da gördüm. Çox kasıb yaşayan insanlar var. Bir manata ehtiyacı olan adamı min manata yola gətirə bilmədilər. Həqiqətən də çox böyük fədakarlıqlar göstərdilər. Kim ki, özlərinin sözü olmasın, YAP-ın çörəyini yeyirdi, onlar öz şərəf və ləyaqətlərini pula sataraq, saxtakarlıqla məşğul oldular, digərlərinə zor işlədərək, təzyiqlər etdilər.

«MSK-da Tofiq Həsənov gözləyir, yanına gedin…»

MSK-ya müraciət etmişəm, 4 gündür Rayon İcra Hakimiyyətinin başçısı qardaşımdan əl çəkmir (Dəyirmi masa noyabrın 15-də keçirilib – Red.). Bir qardaşımı artıq işdən çıxarıblar, ikincisi də namizəddir. Amma bütün bu təzyiqlərə baxmayaraq – mən bunu tək qardaşıma görə demirəm – insanlar mübarizə əzmindədirlər. Bu gün mənim beş qardaşımı da işdən çıxarsalar, mübarizəmi daha da artıq davam etdirəcəyəm. Mən bu mübarizəyə qoşulanda nələrin baş verəcəyini təxmin etmişdim, ona görə də bundan sonra nə olsa belə mübarizəmi sonadək aparmaqda davam edəcəyəm. Dörd gündür rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov qardaşımı yanına çağırıb, deyib ki, mənim üçün pis olacaq, qardaşından xahiş elə ki, şikayəti geri götürsün. Mən də gördüm qardaşımı çox incidirlər, o da şəkər xəstəliyi olan adamdır, əsəbləri pozulmasın deyə dedim ki, nəzərə alaram. Mənim «nəzərə alaram» sözümü bunlar deyəsən, başqa cür başa düşüblər. Utanmaz-utanmaz dairə seçki komissiyasının sədri Məstan Nuriyev mənə zəng vurub. Görürəm, çəkinə-çəkinə nəsə demək istəyir, dedim, «sözünü de». Axırda birtəhər dedi ki, «MSK-ya gedin, şikayətinizi geri götürün.» Onu təhqir etməmək üçün özümü birtəhər saxladım, soruşdum ki, «MSK-da kimin yanına gedim?» Dedi ki, «Tofiq Həsənov sizi gözləyir, onun yanına gedin.» Dedim, «yaxşı, gedərəm…» 15 dəqiqədən sonra mənə zəng elədi ki, «xahiş edirəm, saat 1-ə kimi özünüzü ora çatıdırın…» Daha özümü saxlaya bilmədim, «mən sizin tapşırığınızı yüyürə-yüyürə yerinə yetirəcəm, bu saat özümü çatdırıram MSK-ya» dedim. Həqiqətən də ora gedib bu Tofiq Həsənovun kim olduğunu, mənə nə deyəcəyini öyrənmək istədim, ona görə də MSK-ya getdim. Tofiq Həsənovla görüşəndə, «Siz məni çağırtdırmısınız…?» dedlim, o da bildirdi ki, o çağırtdırmayıb, sadəcə rayondan ona məlumat veriblər ki, guya mənim səlahiyyətli nümayəndm gəlib şikayətini geri götürəcək. Tofiq Həsənov da bildirib ki, kiminsə səlahiyyətli nümayəndəsinin şikayəti geri götürmək hüququ yoxdur. Özü gələrsə, gəlib götürə bilər. Mən Tofiq müəllimlə söhbət etdim, o da bildirdi ki, məsələyə obyektiv yanaşacaq, obyektiv rəy yazacaq.

Ceyhun Osmanlı Fətullah Gülənin Azərbaycandakı nurçu şəbəkəsindəki liderlərindən biridir…

Bizim dairədə vəziyyət çox pisdir. 21 protokol düz gəlmir. Bir məntəqə haqqında üç protokol var. Altı potokolda saylar ümumiyyətlə, 200-250 say fərqindədir. DSK-nın verdiyi rəsmi məlumatla MSK-nın rəsmi saytında yerləşdirilən say arasında kəskin fərq var. Böyük Britaniya səfirliyinin həmin dairədən pozuntular haqqında 12 səhifəlik hesabatı var. O gün səhər yenidən mənə təkliflər olundu. Tanıdığım bir adam var ki, o da bu təyinatlı seçkilərdə parlamentə düşüb, mənə zəng vurub deyir ki, «onsuz da bir şey eləyə bilməyəcəksən…» Mən də dedim ki, «eləyə bilməyəcəmsə, sən niyə narahatsan?» Bir şeylər artıq baş verməyə başlayır. Mən sadəcə fədakarlıq və əzmkarlıq nümayiş etdirib, mübarizəmi sonadək davam etmək niyyətindəyəm. Demək istəyirəm ki, bu da bizim insanlardan asılıdır, usanmasınlar, döyüşsünlər və heç bir şeyə baxmadan mübarizələrini davam etdirsinlər. Mənim dairəmdən təyin olunan Ceyhun Osmanlı Sabirabada heç bir aidiyyatı olmayan adamdır. Göyçayın Gülküraban kəndindəndir. Fətullah Gülənin Azərbaycandakı nurçu şəbəkəsindəki liderlərindən biridir. Bu gün biz tək iqtidar nümayəndələri ilə deyil, xarici maliyyə şəbəkəsi ilə əlaqələri olan insanlarla da mübarizə aparırıq. Bu dəqiqə bizim dövlətçiliyimiz bu cür insanların hesabına zərbə altındadır. Mən özümü tanıyandan dövlətçilik uğrunda canımı qurban vermişəm, bu gündən sonra da dövlətçiliyimizə xələl gətirən hər bir şey uğrunda mübarizəmi davam etdirəcəyəm. Təsəvvür edin, bu hadisədən sonra böyük bir nurçu şəbəkəsi ortaya çıxdı. Mənim Türkiyədəki dostlarım kasetlər veriblər və onları yayımlayıblar. Orada məlumat verilib ki, bunlar necə zaman-zaman dövlətin içinə girərək, dövləti süquta aparıblar. Cəmiyyət bu təhlükədən xəbərdar olsun. Bizim kütləvi informasiya şəbəkəsinə çıxışlarımız olmadığı üçün istənilən vaxt bizə çatdırılanlar haqda xalqı məlumatlandıra bilmirik. Ceyhun Osmanlı heç də varlı adam deyil. Amma onun deputat seçilməsi üçün sərf olunan pulları görəndə vahimələndim. Mənə çox sayda məlumatlar gəldi ki, ona bu maliyyə dəstəyi haradan gəldi, kimlər onu maliyyələşdirdi? Onların «abi»ləri ortaya çıxdı. Bu gün Azərbaycanda tütrk litseylərində oxuyan tələbələrin valideynləri də o şəbəkəyə daxildirlər. Sabirabadda Əsgər Əsgərov adlı bir nəfər var, onun da oğlu Türkiyədə təhsil alır və deyilənlərə görə o da nurçu şəbəkəyə daxildir və oradan maliyyə alır. Eşitdiyimə görə onu Sabirabada «imam» təyin ediblər. Belə faktlar var. Yəni demək istəyirəm ki, bizim tək iqtidar problemimiz yoxdur, ondan da ciddi problemlərimiz var. Azərbaycan üçün belə bir təhlükəli dönəm olduğu dövrdə hesab edirəm ki, hamı birləşməli və mübarizə aparmalıdır.

Partiyaları buraxıb ümumi hərəkata keçməyin zamanıdır…

Pərviz Səmədbəyli
19 saylı Nərimanov birinci seçki dairəsindən namizəd:
– Çox maraqlı bir məqama toxunuldu. Əvəz bəyin özü də şahiddir ki, Türkiyədə nurçuları parlamentdə təmsil edən insanlarla yaxın münasibətldə olmuşam. Baxmayaraq ki, onların ideyasına boyun əyməmişəm, insanlara olan münasibətimə dəyər verib, bu dostluğu indi də davam etdirirəm. Azərbaycanda həmişə bu təhlükələri gördüyümə görə, dövlətçilik mənafeyindən çıxış etmişəm. Həqiqətən də bu dövləti hakimiyyətdə oturub, onu quldur yuvasına çevirənlər dağıdacaq. Bu, şübhəsizdir. 1993-cü ildə «Bozqurd» qəzetində «Parçalandıqca cılızlaşırıq» adlı bir məqaləm dərc olunmuşdu. İnanın ki, 17 il əvvəl yazdığım həmin məqalədə verdiyim proqnozla bu günkü dövrümüz uzlaşır. O gün də Azərbaycanın ana problemləri həll olunmamışdı. Həddən artıq partiyalaşmanın əleyhinəyəm. Onları buraxıb ümumi hərəkata keçməyin zamanıdır. Bu, əhalinin son şansıdır. Nə üçün? Bir vaxtlar Türkiyəyə gələn İsa Qəmbərə deyəndə ki, «təkbaşına hakimiyyətə gələ bilməyəcəksiniz», o, elə bilirdi ki, biz onun düşməniyik. Əli Kərimli də gələndə eyni fikri ona çatdırırdıq. Onların hər biri bir şeyə inanırdılar – təkbaşına hakimiyyətə gələcəklər. Bunun yanlış bir strategiya olduğunu hər birimiz yaxşı bilirdik. Siz də bu birləşmənin vaxtından çox-çox gec baş tutduğunun şahidisiniz. Eləcə də bu hərəkat, bu birlik gecikərsə, onu da əlimizdən buraxmış olacağıq. Mən seçkilərdə şahid oldum ki, əhalinin 70 faizi Azərbaycanı belə görmək istəmir, bu qaydalarla yaşamaq istəmir. Ona görə ki, əhalinin böyük bir hissəsinin mənə «sən hansı ağılla Azərbaycana qayıdıbsan» sualını eşidəndə anladım ki, o insanlar bu gün Azərbaycanda yaşamaq istəmirlər. Əgər əhali bu vəziyyətdən çıxış yolu tapan xilasedici liderini görəcəksə, onun arxasınca da gedəcək, yox, belə bir adam olmasa, əhali heç bir halda fəallıq göstərməyəcək. Bunun da səbəbləri var. Mən fanatik deyiləm və burada Milli Azadlıq Hərəkatının iştirakçıları var ki, onlar qədər fanatikcəsinə çox şeyə inanmıram. Heç kim də məndən inciməsin. Amma həqiqətin bir üzü var. Azərbaycan Milli Azadlıq Hərəkatı dövründə mən rəhmətlik Məhəmməd Kəngərlinin evində olanda o dedi ki, əslində Əbülfəz Elçibəyin fikri fərqli idi. Biz Əbülfəz Elçibəyi fikrindən döndərmək üçün hətta genelkurmayı gətirdik və onu inandırmağa çalışdıq ki, əgər sən bu yolu seçsən, Türkiyə sənə əsgəri dəstək verməyəcək. Mən çox gözəl bilirəm ki, o xarici dəstəklər də bu gün Azərbaycandakı partiyalar arasındakı münasibətlərin kəskinləşməsində böyük rol oynayıb. Onun şahidiyəm. Hər kəs öz mənafeyindən çıxış etdiyindən ümumi maraqlar kənarda qaldı. Türkiyədən gələn həmin TürkPA-nın sədri Mustafa Kabakçının da – onun mənim üçün bir qabaq qədər dəyəri yoxdur – açıqlaması onu göstərdi ki, Azərbaycanı yalnız Azərbaycan əhalisinin özü bu pis vəziyyətdən çıxara bilər. Başqa heç bir qüvvədən biz xilas və ümid gözləyə bilmərik.

Rəfael Cəbrayılovun səsini 4200-dən çox artırmağa imkan vermədik…

Elşad Musayev
9 saylı Binəqədi seçki dairəsindən namizəd:
– Aparılan söhbətlərdən belə nəticə çıxarmaq olar ki, əhalinin seçkilərdə aktiv iştirak etməməsi, bunu da nəticəsində seçkilərdə saxtakarlıqların olmasında müxalifət günahkardır. Hakimiyyətin apardığı siyasət – müxalifətin bütün imkanlarını məhdudlaşdırması, medianın, televiziyaların bütünlüklə ələ alınaraq müxalifətə cəmiyyətə çıxış məhdudiyyətinin qoyulması, keçirilən mitinqlər zamanı hakimiyyətin güc strukturlarının dərhal işə düşməsi və s. kimi ağır təzyiqlərin yanında, hesab edirəm ki, müxalifətin günahı varsa da, çox azdır… Əgər burada müxalifətin hansısa bir günahı və ya səhvi varsa, mən o fikirlə razıyam ki, onlar da təhlil olunmalıdır. Müxalifətin müqavimət göstərməməsi ilə bağlı narazılıqlar səsləndirildi. Gəlin səmimi olaq. Bu qədər saysız-hesabsız pulun qabağnda, total saxtakarlığın qarşılığında artıq nə etmək olardı? 9 saylı seçki dairəsindən bizim gücümüz yalnız ona çatdı ki, hakimiyyətin təyin etdiyi Rəfael Cəbrayılovun cəmi 4200 səsi yazıldı – bizim səslərdən nə qədər oğurlandı, «karusel» oldu, başqa üsullardan istifadə etdilər – səsləri 4200-dən artıq artıra bilmədilər. Mən özüm haqda danışıram. Media ilə də iş apara bilmədik. Buna sadəcə vaxtımız çatmadı. Təsəvvür edin ki, namizədliyimi verdiyim dairənin 6 məntəqəsində vaxt tapıb iştirak edə bilmədim. Bütün məntəqələrlə əlaqə saxlayırdıq. Birində deyirdilər k, filankəs gəlib filan qədər pul payladı, filan yerdə komissiya sədri bu saxtakarlığa əl atdı, filan yerdə «karusel» var, yəni ayrı-ayrı lokal dairələrdə bizim gücümüz ona çatdı ki, cəmi-cümlətanı 4200 səs yaza bildilər.

Seçki saxtakarlarına salam verməyək!

Bundan başqa, seçki vaxtı saxtakarlıqla məşğul olan müəllimlər, həkimlər, tibb bacıları, başqa dövlət strukturlarında işləyən insanlara türmədə «üzdəniraq» adamlara baxılan kimi – sındırılmış adam kimi baxmaq lazımdır. Görüşəndə əl vermək lazım deyil, onları ictimai qınağa düçar etmək lazımdır ki, nə etdiklərinin fərqində olsunlar. Elə alçaldıcı münasibətlər bəsləmək lazımdır ki, nə səbəbdən onlara bu münasibət bəslənildiyini dərk etsinlər.

Gənclər, hakimiyyətin bostanından alma yeyənləri boykot edin!

Burada gənclərlə bağlı fikirlər söylənildi. Çox obyektiv bir şey deyək. Gənclər də hamı kimi hər şeyi görür. Ölkə balaca ölkədir. Hamı hamını tanıyır. Kim nə ilə məşğul olur, hansı partiyaların fəaliyyəti necə qurulub və s. Məsələn, (üzünü Ruslan İzzətliyə tutur – Red.) bir tədbir keçirirsiniz və siz də bilirsiniz ki, filankəs hakimiyyətin tulasıdır, ilk olaraq çıxış üçün söz də ona verilir. Söhbət burada gənclərdən gedir. Həmin adamlara qarşı daha hörmətli münasibətləri hiss olunur. Mən dəfələrlə belə tədbirlərdə olmuşam. Adam məəttəl qalmaya bilmir. Bilin. Bilin ki, kim hakimiyyətin bostanından alma yeyir və o adama qarşı da haqq etdiyi münasibəti bəsləyin. Çünki o adamın özü də, təmsil etdiyi partiya da hakimiyyətdən qidalanır. Heç kəs heç kəsin fəaliyyətini yasalamasın, üstünü malalamasın. Kimin nəsə iddiası varsa, hakimiyyətdən nə vaxtsa nəsə götürübsə, o vaxtkı və indiki hakimiyyət dövründə hansısa neqativ fəaliyyəti olubsa, ictimai qınağa tuş gəlməlidir. Hər bir halda sıravi insanların sayı onlardan çoxdur. Gənclərdən yeganə xahişim odur ki, təşkilatlansınlar. Bir nəfər elə adam varsa, ümumi qınağa qoysunlar, qoya bilmirlərsə ümumi söz deyilməsin. Cənclər istər siyasi təşkilat qursunlar, istər artıq hansısa siyasi təşkilata dəstək versinlər, fərq etməz, bircə loyal münasibət bəsləməsinlər.

Sabir Rüstəmxanlını, Fəzail Ağamalını başda oturdursunuz…

Tədbirlər də olanda bir daha deyirəm ki, həmin adamları boykot etsinlər. 72 saylı Masallı-Yardımlı seçki dairəsindən bizim bir namizədimiz vardı. Sabir Rüstəmxanlını deputat seçmək üçün onun başına min oyun açdılar. Bilmirsiniz bəyəm bunu? Amma tədbirləriniz olanda başda oturdursunuz. Eləcə də 60-cı dairədən Fəzail Ağamalının seçilməsi üçün hansı üsullara əl atdılar, nə oyunlardan çıxdılar, Allah bilir. Bunu bilmirsiniz? Amma bütün tədbirlərinizin başında Fəzail Ağamalı dayanır. Sonda maraqlı bir nüansa toxunmaq istəyirəm. Bu seçkilərdə hakimiyyətə dəstək verən, özünü ağsaqqal və ağıllı adam sayan çoxları mənimlə görüşdülər. Maraqlıdır ki, qətiyyən hakimiyyətin bu saxtakarlığını qəbul etmədiklərini söylədilər. Heç bir bölgədə, dairədə olan insanlar öz ərazilərinin bu qədər təhqir olunmasını istəmirlər. Hakimiyyətə dəstək verən, bir vaxtlar bu hakimiyyətin kursunda işləyən adamlar belə mənə dedilər ki, bu addımını hakimiyyətə bağışlamayacaqlar. Bir misal da çəkdilər ki, «namusu itə atıblar, it yeməyib.» Yəni Rəfael Cəbrayılovu Binəqədidən – bütün düşüncəli, xalqa faydalı insanların üzərindən keçirib deputat seçdirmək insanlara ağır gəlir. Heç kəs bunu bağışlamır. Bütün bölgələrdə belədir. İstər Qarabağ olsun, istər şimal, istərsə də cənub. Heç kəsi etdiyi bu əməllərə görə bağışlamaq lazım deyil. Bu adamları cəmiyyətdən təcrid etmək lazımdır ki, bir şeyləri anlasınlar. O zaman bunun özü də hakimiyyətə çox ciddi zərbə olacaq.

Sözdən işə keçməyin vaxtı çatıb…

Sonu gələn sayımızda

Hazırladı:
XuralTAC


“Xural” qezeti
il: 9, sayı: 045(405), 05-11 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button