Yeni İl Kutlaması

Safruh
Mütləqə İnam Ocağının Ruhani Başçısı

Mütləqim, Müqəddəsim, Peyğəmbərim İnam Ataya (Asif Ataya) Səcdəylə!

(İçsəs)

Günaydın, Azərbaycan xalqı! Ruhani tarixinin 33-cü Yeni İli öncəsi sənə sevgi sözümü çatdırmaq istəyirəm. Bu Sevginin içində ruhani məzmun da var, məsuliyyət də, qınaq da.

Şpenqlerin almanı, Məhəmmədin ərəbi, Firdovsinin farsı, papaların italyanı, Rablenin fransızı, Puşkinin rusu, Konfusinin çini, Buddanın hindi, İsanın Batılısı, hətta Musanın yəhudisi, daha kimlər, kimlər… sənin boynundadır!
Biz onları sənin boynundan endirmək istəyirik. Bunun üçün sənin öz Şpenqlerin, öz dinin və onun başçıları və ya öz Konfusin və ya öz Buddan və ya öz Məhəmmədin… yetişməlidir (Sənin isə bugün bircə İnam Atan var). Bu, əlyetməzmi gəlir sənə? Ancaq, tutalım, ingilisin də Musası yoxdur, farsın da Məhəmmədi yoxdur, rusun Konfusisi yoxdur və habelə… Deməli, yabançıları boynundan endirmək üçün sənə öz İnam Atan yetər! Sənin “axıb qovuşacağın dənizin” var – özünü balaca sayma və sanma.

İçin müstəqil deyil, Yurdum, Ulusum! İçinin məzmunu özünün deyil, sənin deyil. Evladlarının içi yabançılarla doludur – yabançı “dühalarla”. Onlar bundan utanmaq əvəzinə, yoxluq ağrısı yaşamaq əvəzinə – öyünürlər bununla. Biri cinsi imsiləşmə ədəbiyyatını, biri şitəngəliyi (“postmodernizmi”), biri bəndəlik ədəbiyyatını, biri yırtıcılıq ədəbiyyatını… Azərbaycana gətirməsiylə öyünür. Buna görə də sənin öz bağrından qopan Dühan deyir: “Azərbaycandan iyrənməyən Azərbaycanı sevməz”.

Gərək elə sevəsən ki, onun iyrəncliyini yox eləyib, sevimliliyini yaradasan.

İnam Ata (Asif Ata) Öz Ocağını bu istəklə qalayıb – balalarının qəlbini və ağlını səninlə doldurmaq üçün. Bu quruculuq isə tamamilə müstəqil ruhaniyyatla mümkündür. İnam Atanın sənin üçün qaladığı Mütləqə İnam Ruhaniyyat Ocağı özünün 33-cü Yeni İlini qarşılamağa doğru gedir – Günəş ayının (martın) 1-ə doğru.

Ötən 32 ildə sənin yüzillərə yetən idrakı özümləşmə uğurlarına imza qoyub İnam Atan. İndi sən Atalı (Peyğəmbərli), Mütləqli, Kutsal Bitiqli (Müqəddəs Kitablı), Ruhaniyyat Ocaqlı, İnsanilik Bayraqlı, uca gələcəkli bir xalqsan – bu Ocağın gözündə. Oğul-qızlarının qarşısında gözişləməz ruhani bahadırlıq üfüqləri açılıb.

Boynundakıları boynundan endirəcəksən, ancaq onların boynuna minməyəcəksən, çünki İnamın səni ruhani insana doğru bəşər gəlişməsinə bələdçi kimi görəvləndirib. Onun inamına görə, sənin buna qüdrətin yetər – axı sən – axıb qovuşacağın dənizlə birlikdə ucsuz-bucaqsız Türksən! Ucsuz-bucaqsız, ancaq ruhani dühası hələ gerçəkləşməmiş… Boynundakılara borclu!..

Sənin Mütləqə İnam Ocağının (əsl ruhaniyyat tarixinin) 33-cü ili gəlir. Bu il ərəfəsində Ocağının bəlli strukturu – özünüidarə quruluşu yaranıb: Ümum Ocaq Odqoruyanı (Ruhani Başçı – bu gün üçün Safruh Atalı), Ocaq Yükümlüsü (32-ci ilin ilk günündən bəri – İşıqlı Atalı), Ailə Yükümlüləri (“Ulu Fərəh” – Uluruh Atalı, “Ümid” – Yolruh Atalı, “Nur Yolu” – Yolnur Atalı), Evladlar (Ocaqçılar), İnamçılar, Ocaqsevərlər, ta Mütləqə İnam xalqına (yəni sənə) qədər!..

Yola saldığımız ilə “Ruhani Oturuşma İli” adını vermişdik. Özünü doğrultdu! Atanın ölümündən sonrakı müddətin yeganə münaqişəsiz, mübahisəsiz ili oldu. İş hünəri bəhrələri də xalq miqyasıyla ölçüləsi: 7 yeni Evlad, çoxlu Ocaqsevər, İnamçılar gəlişi, 4 kitabın nəşri – hər biri özünəməxsus hadisə: “Mütləqə İnam”, “Mütləqləşmək – Var olmaq”, “Kutsal Öyrəti” (“Müqəddəs Təlim”) kimi Ata Kitabları, “İnamın Gəlişi” kimi Evlad Kitabı, Ocaq-Ruhaniyyat ilsırasının ilk dövri (aylıq) nəşri olan “İnama Doğru” dərgisi (32-ci ildə 6 sayı çıxıb); Atamızın vaxtilə buyurmuş olduğu Ocaqçı geyiminin gerçəkləşdirilməsi, saysız-hesabsız mətbuat çıxışları, görüşlər, toplantılar, radio-televiziya vasitəsiylə yayılmalar, hər gün yenilənən internet saytımız vasitəsilə dünyalaşmalar, Ulumuzun (Atamızın) və Ulusumuzun adı ilə bağlı olan Mütləqə İnam Sivilizasiyasının ilk cizgilərinin verilməsi (mətbuatda, kitablarda, şifahi yayımda); Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyatı yönündə Ocağımızın ətrafında ciddi publisistikanın və ilk ədəbiyyat axınının formalaşmağa başlaması və gerçəkdən çoxlu başqa işlər Ocağımızın öz 33-cü Yeni İlinə sanballı, ölməz töhfələridir.

Ey Xalq! Biz hansı zamanda yaşadığımızın fərqindəyik: kürəsəlləşmə-kürəsəlləşdirmələr, mənəviyyatsızlaşma (insani simasızlaşma), milli ümidsizliklər, qlobal-ekoloji təhlükələr, savaş təhdidləri, bütün dünyada millət fəlsəfəsi ilə dövlət fəlsəfəsinin kəllə-kəlləyə gəlməsi (millətin sıxışdırlması yönündə), əhali artıqlığı…

Bununla belə, biz sənə səslənir və sənə əsaslanırıq (səni dayaq nöqtəsi kimi alırıq) – bir şərtlə ki, sən də bizə (yeni dünyabaxışa, onun Atasına) inanıb, bizə arxalana və güvənəsən. Səndən (xalqdan, millətdən) qıraqda xilas axtaranlar hələ heç bir çıxış yolunun işartısını da göstərməyiblər. Biz isə Yer üzündə yaşamın qurtuluşunu səninlə birlikdə Mütləqə İnam Sivilizasiyasında, ruhani insanlıqda axtarır, göstərir və gözləyirik; belə bir ardıcıllıqla: Fərd fəlsəfəni – Mütləqə İnamı yaradır, Millət İnamı yaşadır, İnam – insanı var edir.

…Köç daha irəli gedə bilməyib, “geri” qayıdır, sən onun önündə olmalısan. “Azərbaycan dünyanın ruhaniyyat mərkəzi olmalıdır!” deyirdi var səsiylə İnam Ata.

Və bu “Mərkəz” aşağıdakı qayğıya xidmət edəcəkdir: İnsanlar, insanlaşın! Xalqlar, xalqlaşın! Yəni sürüləşməyin indiki kimi – fərdləşin, bənzərsizləşin!

Kutlu olsun, uğurlu olsun ruhaniyyat tarixinin 33-cü Yeni İli, ey Xalq!

Atamız var olsun!

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button