“YENİ MÜSAVAT” MÜDAFİƏ KOMİTƏSİ YARADIR

“Yeni Müsavat” qəzeti

2011-11-23

Rauf Arifoğlu: “Gələn həftədən müqavimətə başlayırıq”

3 nazirin “Yeni Müsavat” qəzetinə qarşı məhkəmə yürüşünü dəf etmək üçün redaksiya Müdafiə Komitəsi yaratmağı qərara alıb.

Qəzetimizə qarşı məhkəmə davası açanların kimliklərinə və tələblərinə nəzər yetirəndə istər-istəməz mənzərə aydınlaşır. Müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov “Yeni Müsavat”dan 100 min manat təzminat tutulmasını və yazı müəlliflərinin cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Bundan başqa Səfər Əbiyevin tapşırığı ilə barəmizdə daha 2 iddia ərizəsi məhkəmələri dolaşır. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Gilan” Qəbələ Konserv Zavodu” “Yeni Müsavat”da dərc olunmuş “JALƏ 100 FAİZ TƏHLÜKƏLİ ŞİRƏDİR” başlıqlı yazını işgüzar nüfuzuna xələl gətirdiyini düşünür və nə az, nə çox düz 1 milyon manat təzminat istəyir.
Oliqarx nazir Ziya Məmmədovun oğlu, ZQAN Holdinq-in rəhbəri Anar Məmmədov “ayı işı”nə görə qəzetimizdən cəmisi yarım milyon manat tələb edir. Hazırda üst-üstə üzərimizdə 2 milyon dollarlıq maddi isk var. Bu, Azərbaycanın media tarixi üçün bir ilk və rekorddur.

Qəzetimizin 22 illik tarixində bizlərə qarşı belə iddialarla çıxış edən nazir-oliqarxlar, məmurlar çox olub.
Amma həmişə olduğu kimi, mətbuatla döyüşə atılanlar bu döyüşlərdən mənən və siyasətən məğlub çıxıblar. “Yeni Müsavat” hazırki iddialara qarşı sərt təpki göstərəcək, sona kimi mübarizə aparacaq. Qəzetimizin baş redaktoru Rauf Arifoğlu dedi ki, artıq Müdafə Komitəsinin vitrin simaları müəyyənləşib: “ Deputat dostlarımız, hüquq müdafiəçiləri, ictimai-siyasi xadimlər, media kapitanları, ziyalılar, çoxsaylı oxucularımız “Yeni Müsavat”ı müdafiə kampaniyasına qoşulmaq üçün redaksiyaya müraciət ediblər. Biz bu müraciətlərin hamısına müsbət cavab vermişik. Gələn həftədən etibarən, proses ictimailəşəcək. Eyni zamanda, qəzetimizi çökdürmək istəyən nazirlərin hər üçünün ofislərinin qarşısında əməkdaşlarımızın etiraz piketlərini keçirəcəyik. Biz imkan verə bilmərik ki, 22 illik şərəfli tarixi olan “Yeni Müsavat”ı məhkəmə yolu ilə cəzalandırıb, faktiki olaraq, qapatsınlar. Eyni zamanda, ölkənin siyasi hakimiyyətinə və konkret olaraq, prezident İlham Əliyevə də şəxsən müraciətim olacaq. İnanıram ki, ictimaiyyətin, qəzet kollektivinin və ölkənin siyasi rəhbərliyinin birgə fəaliyyəti ilə 3 nazirin 2 milyon dollarlıq bəd niyyətli iddiaları məhkəmə qapılarından geri qaytarılacaq ”.

E.MƏMMƏDƏLİYEV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button