“Yeni qüvvə” toplumun fəallaşmasına təkan ola bilər?

Nəsimi Məmmədli

II yazı 

“Köhnə iqtidarın “yeni müxalifət” arzusu dəyişməyib” başlıqlı yazının davamını Oxucularımızın rəyinə təqdim edir və mövzu ətrafında əsasən siyasi hazırlıqlı şəxslərin müzakirələrinin faydalı olacağını düşünürük. Bu yazıda “yeni qüvvə” haqqında hakimiyyətin, toplumun fəal kəsiminin və “yeni qüvvə” iddiasında olanların bir-birindən fərqlənən yanaşmalarını göstərməyə çalışacağıq. Həmçinin, müxalifət adına iddialıların real təsnifatına və “yeni qüvvə”nin necə təsəvvür olunduğuna birlikdə nəzər salmağımız məqsədə uyğun olar.

Hakimiyyətin görmək istədiyi “yeni qüvvə”

 

Hakimiyyət birmənalı olaraq “yeni qüvvə”dən toplumu siyasi baxımdan manipulyasiya etmək üçün yararlanmaq niyyətindədir. Onun təsəvvürü və arzusu budur ki, toplumun ictimai şüurunda qəbul edilən müxalifətə qarşı istifadə edəcəyi yeni, daha cəlbedici bir müxalif platforma ortaya çıxsın. Demokratiyadan əsər-əlamət olmayan bir sistemdə müxalifətdaxili çoxtərəfli siyasi rəqabətin, demaqogiyadan başqa nəticə doğurmadığı təcrübələri uğurla sınaqdan keçib.

Müxalifət adına iddialıların rəngarəngliyi hakimiyyətin uzun illərdir böyük maliyyə sərf edərək tətbiq etdiyi sistemli siyasətinin tərkib hissəsidir. Hakimiyyət müxalifətin sırasını geniş göstərmək üçün siyasət vitrininə süni şəkildə sırınmış şəxsləri və qurumları müxtəlif üsullarla ayaqda tutmağa çalışır. Bu siyasətlə real alternativlərin təsir gücünü azaltmaq, siyasi yetkinliyi aşağı olan əhalidə tərəddüd yaratmaq, toplumun fəal kəsimində isə ümidsizliyi dərinləşdirməyə əsasən nail olur.

Müşahidələr göstərir ki, avtoritar rejimlərin mövcud olduğu heç bir ölkədə yeni demokratik qüvvələrin yaranması baş verməyib. Demokratiyanı imitasiya edən ölkələrdə isə hökumət “yeni qüvvə” tezisi ilə ya öz korporotiv maraqlarını təmin etmək, ya da diqqəti siyasi baxımdan özünə təhlükə hesab etdiyi əsas qüvvədən yayındırmaq məqsədilə yararlanıb.

Avtoritar idarəetmə təfəkkürünü mənimsəyən rejimlər ölkənin demokratikləşməsi və inkişafı naminə yeni qüvvənin formalaşmasına qətiyyən imkan verməz. Belə “təhlükə”ni hiss etdiyi andan mütləq onun sonuna çıxmaq istəyəcək.

 

“Yeni qüvvə” iddiasında olanların ənənəvi baxışı

 

Siyasi fəaliyyətin qanunvericiliyə söykənən demokratik müstəvisi yoxdursa, belə şəraitdə yeni və kütləvi demokratik qüvvənin yaranması olduqca çətindir. Həyatın davamlılığı tədricən nəsil dəyişmələri ilə siyasi elitada təbii dəyişikliklərə gətirib çıxarsa da, bu dəyişiklik yeni siyasi qüvvənin doğulması anlamına gələ bilməz.

İndiyə kimi özünü “yeni qüvvə” adlandıraraq meydana atılan şəxslərin və qurumların öncəliklə hədəfi əsasən müxalifət olub. Sanki hər dəfə meydana yeni atılan şəxslərin və qurumların siyasətdə ilk sınağı ənənəvi müxalifətə vurduğu zərbələrlə ölçülür. “Yeni qüvvə” iddiasında olanların müxalifətin indiyə kimi tətbiq etdiyi siyasi-təşkilati metodlardan kəskin şəkildə fərqlənən hər hansı yeniliyə imza atdığını da müşahidə etməmişik.

Bu təsisatlar həm də toplumu inandırmağa çalışır ki, siyasi dəyişikliklərin uğursuzluğa düçar olmasının səbəbi elə müxalifətdir. Müxalifətin tənqidinə istiqamətlənən tezislər isə istisnasız olaraq hakimiyyət tərəfindən hazırlanan və topluma təlqin edilən total anti-təbliğatın qalib gələn nümunəsidir.

Özünü təsdiq etmək üçün mövcud şərtlər altında siyasi uğur qazanmaq xeyli çətin olsa da, mümkünsüz də deyil. Siyasət müstəvisində belə uğurlu nümunələr də var. Müxalifət adına iddia edərək hər addımbaşı müxalifəti hədəfə almaqla siyasi gündəmdə mövcud olmaq acı istehza ilə qarşılanır.

Xüsusilə də, AXCP-Müsavat iqtidarında təmsil olunmamağı hansısa üstünlük kimi təqdim edərək siyasi iddia irəli sürmək, tamamilə hakimiyyətin müxalifətə qarşı anti-tezislərini gücləndirmək üçün sərgilənən davranış kimi görünür.

Gerçəkdən səmimi şəkildə yeni qüvvə olmaq iddiasında olanlar hakimiyyətə sərf edən ənənəvi baxış bucağını dəyişməlidir. Müxalifəti qətiyyən hədəf almamalıdır. Əvvəlki dövrün şərtləri indi çox dəyişib. Sosial media, sosial şəbəkələr yeni ictimai mühit yaradıb. Toplumu manipulyasiya etmək üçün meydana çıxan “yeni qüvvə” çox da nəzərə çarpacaq uğur qazana bilməz və qısa müddət içərisində ifşa olunacaq.

 

Toplumun fəal kəsimi “yeni qüvvə” axtarır?

 

Real siyasi qüvvələrin uzun illər müxalifətdə qalması toplumda belə təsəvvür yaradıb ki, bəlkə də yeni demokratik qüvvənin meydana çıxması siyasi durumu köklü surətdə dəyişə bilər. Hətta iqtidarın yeni qüvvələrlə dil tapacağına və siyasi islahatlara meyllənəcəyinə hələ də sadəlövhcəsinə inanan insanlar var. İqtidar yetkililəri də toplumun bu yanaşmasından faydalanmaq, əsas müxalifəti siyasi səhnədən sıxışdırmaq və müxalif elektoratda tərəddüd yaratmaq üçün yararlanmağa cəhd edir.

Təəssüf ki, bəzən toplumun fəal kəsimi də prinsipial müxalifətçiliyin müsbət ənənəsi ilə, ənənəvi müxalifəti ucdantutma eyniləşdirir. Əslində isə ənənəvi müxalifət kimi təqdim edilənlərin heç də hamısı prinsipial müxalifətçilik ənənəsinə sadiq deyil. Ölkədə mövcud olan prinsipial müxalifətçilik ənənəsi kifayət qədər dərin köklərə və nüfuza malikdir. Təsadüfi deyil ki, toplumun siyasi hazırlıqlı fəal kəsimi üçün də yeni qüvvə deyil, əsas qüvvə daha cəlbedicidir.

Hakimiyyəti ənənəvi müxalifət deyil, prinsipial müxalifətçilik ənənəsi daha çox narahat edir və heç bir vasitə ilə bu yanaşmanı dəyişdirməyə nail ola bilməyib. Hətta tamamilə gənc nəslin nümayəndələrindən ibarət yeni simalar var ki, ən ağır şərtlər altında belə prinsipial müxalifətçilik ənənəsini uğurla davam etdirirlər

Müxalifət adına iddia edənlərin real təsnifatı

Fürsətdən istifadə edərək müxalifəti ümumi şəkildə təsnifatlaşdırmaqla qeyd etmək istəyirik ki, yeni yaranacaq istənilən qüvvə bu mövcud təsnifatdan kənarda ola bilməz. Qısa zaman içərisində onun harda olduğunu müəyyən etmək mümkün olacaq.

Birincisi, mövcud rejimi dəyişmək uğrunda prinsipial və güzəştsiz mübarizə aparanlardır. Bunlar hakimiyyəti bütövlükdə sərt tənqid edərək bütün resurslarını narazı insanları səfərbər etməyə və fürsət düşdükcə etirazların təşkil olunmasına çalışırlar. Təzyiqlərə, mərhumiyyətlərə və həbslərə baxmayaraq hakimiyyəti zəiflətmək, demokratik dəyişikliklərə məcbur etmək istiqamətində göstərdikləri siyasi fəaliyyətdən bir addım da geri çəkilmirlər. Toplumun maraqlarını öz siyasi maraqlarından üstün tutmağa çalışan bu qüvvələrə qarşı hökumət və ona yaxın qüvvələr ən barışmaz mövqe sərgiləyir.

İkincisi, hakimiyyətə açıq müxalifətçilik etməklə yanaşı, onun dəyişməsində də maraqlıdırlar. Lakin iqtidar davam etdiyi müddətdə onun zərbələrindən maksimum yayınmağa və hətta fürsət düşdükcə ondan yararlanaraq öz mararaqlarını təmin etməyə çalışırlar. Maraqlarına uyğun gəldikdə gah prinsipial müxalifətlə birgə mübarizədə yer alır, gah da hakimiyyətin imitasiya siyasətində vasitəyə çevrilirlər. Bu qüvvələri hər bir cinahda müşahidə etmək mümkündür. Onlar müxalifətin bütün spektri ilə əməkdaşlığa və dialoqa açıqdırlar.

Üçüncüsü isə müxalifət adı altında rejimə xidmət edənlərdir. Onlar hakimiyyəti gücləndirmək məqsədilə açıq və gizli fəaliyyət göstərirlər. Hər bir strateji addımları hökumətə dəstək üçün atılır. Əsas hədəfləri isə prinsipial müxalifətçilik ənənəsinə sadiq olan müxalifətdir.

“Yeni qüvvə” tezisləri kimin marağındadır?

 

Məqsədimiz yeni qüvvələrin yaranmasına kölgə salmaq yox, onun daha sağlam əsaslar üzərində formalaşmasına yardımçı olmaqdır. Nə qədər ki, “yeni qüvvə” anlayışı yeni yanaşmalarla deyil, yeni simalarla və qurumlarla təsəvvür edilir, hansısa yeni qüvvədən danışmaq əbəsdir.

               

Ölkədə yeni qüvvə varmı və onlar hansıdır? 2018-ci ilin Prezident seçkisində “yeni qüvvə” tezisi aktual olacaqmı? Yaxın vaxtlarda meydana yeni demokratik qüvvələr çıxa bilərmi? Hakimiyyət daxilindən və ya radikal dini qüvvələrin sırasından meydana yeni qüvvə çıxması perspektivi varmı? Anti-demokratik şəraitdə yeni qüvvə tədricən formalaşacaq, yoxsa anidən meydana çıxacaq? Bu kimi suallar ətrafında bəzi aydın cavablar olsa da, peşəkar müzakirələrin hələ davam edəcəyini də istisna etmirik.

İlkin qənaətimiz budur ki, “yeni qüvvə” tezisləri daha çox iqtidarın və ona yaxın çevrələrin təqdimatında qabardılacaq. Tamamilə təsadüfi seçmə üsulları ilə apardığımız monitorinqlər əsasında deyə bilərik ki, problemlərdən, hüquqsuzluqdan, qanunsuzluqdan əziyyət çəkən narazı toplumun siyasi müzakirələrində yeni müxalif qüvvə axtarışlarına çox az rast gəlinir.

(Bu mövzu ətrafında araşdırmalarımız davam edəcək)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button