Yeni siyahı: azad olunanların yerinə 6 nəfər əlavə edilib

“Siyasi məhbus siyahısı” yenilənib. Bunu Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev bildirib.

Onun sözlərinə görə, Mərkəz aprelin 1-də keçirdiyi toplantısında müxtəlif ittihamlarla həbs olunan ictimai fəalların, müxalifət partiyalarına mənsub şəxslərin durumu müzakirə edilib.

“Müzakirələr zamanı dövlət başçısı İlham Əliyevin 16 mart tarixli əfv sərəncamı siyasi məhbusların azadlığa çıxması baxımdan növbəti imitasiya kimi qiymətləndirildi”, Oqtay Gülalıyev deyib.

Onun sözlərinə görə, həbsdə olan bəzi fəallar azadlığa çıxdıqlarına görə, Mərkəzin tərtib etdiyi “siyasi məhbus siyahısı”ndan 9 nəfərin adı çıxarılıb, 6 şəxsin adı isə əlavə edilib: “Jurnalist İkram Rafiqoğlu, prezident qvardiyasının keçmiş əməkdaşı Asif Lətifov, bloqçu Əbdül Əbilov, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin qohumlarının, dini fəallar Namiq Kişiyev və Nicat Əliyev, o cümlədən, AXCP üzvü Zeynalabdin Bağırzadənin adı siyahıdan çıxarılıb”.

Oqtay Gülalıyev deyir ki, bu yaxınlarda həbs olunan jurnalist Elçin İsmayıllı, bloqçular Mehman Qələndərov və Mehman Hüseynov, dini fəal Sərdar Babayev, AXCP üzvü Elnur Fərəcəov və MBH üzvü Elxan İsgəndərovun adı siyahıya daxil edilib:

“Bu şəxslərə saxta ittihamlar verilib, əslində, ictimai və siyasi fəaliyyətlərinə görə həbs ediliblər. AŞPA- nın siyasi məhbuslarla bağlı məlum ktirteryiyasının tələblərinə cavab verdiyindən onları siyasi məhbus adlandırırıq”, koordunator vurğulayıb.

Siyasi Məhbusların Müdafiə Mərkəzinin tərtib etdiyi siyahıda hazırda 162 nəfərin adı var.

Oqtay Gülalıyev deyir ki, ötən ilin yanvarında bahalaşma əleyhinə etiraz aksiyasında iştirak etdiyinə görə həbs olunan bir qrup Siyəzən sakininin də “potensial siyasi məhbus kimi tanınması” qərara alınıb.

Gülalıyev həmçinin Göyçayda hüquq müdafiəçisi Taleh Xasməmmədova polis tərəfindən təzyiq edilməsini də pisləyib.

Azərbaycan hakimiyyəti ölkədə siyasi və ictimai fəaliyyətinə görə heç kəsin təqib olunmadığını dəfələrlə bəyan edib, vurğulayıb ki, həbs edilən fəalların qanunun tələblərini pozmaqda suçlandırılırlar və buna görə də hər bir Azərbaycan vətəndaşı kimi qanun qarşısında cavab verməli olublar.

Həbs edilən ictimai və siyasi fəallar, adətən, xuliqanlıq, polisə müqavimət və ya qanunsuz narkotik maddə saxlamaqla bağlı ittihamlarla üzləşiblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button