Yol kənarında maşın saxlamaq müddətli olacaq

05.02.2012

Bakının bir sıra mərkəzi küçələrində yol kənarında avtomobil saxlamaq müddətli olacaq. Belə bir qərar Nəqliyyat Nazirliyində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin və digər qurumların nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə alınıb.

Məlumata görə, Bakının bir sıra mərkəzi küçələrində, nəqliyyatın hərəkətinin intensiv olduğu yollarda xüsusi yol nişanlarının quraşdırılmasına ehtiyac yaranıb. Belə ki, həmin yollar qanunvericiliyə uyğun olaraq birdəfəlik ağ (yəni saxlamaq olar) və sarı (saxlamaq olmaz) rənglərlə rənglənir. Hərəkətin intensiv olduğu vaxt bu xətlər üzərində saxlanılmış avtomobilləri daşımaq əlavə çətinlik yaradır və vaxt aparır. Həmçinin həmin avtomobillər üzərinə cərimə qəbzləri yazılması da effekt vermir. Çünki bu halda da nəqliyyat vasitəsi yerində qalır və hərəkətə mane olur.

O baxımdan yollarda daha işlək və effektli vasitələrə ehtiyac yaranıb. Qərara alınıb ki, bəzi küçə və prospektlərdə günü müəyyən vaxtlarında, hərəkətin intensivliyinin aşağı olduğu vaxtlarda nəqliyyat vasitəsinin saxlanılmasına icazə verilsin. Hərəkətin intensiv olduğu vaxtlarda isə yol kənarında avtomobil saxlanılması qadağan olunsun. Bunu sürücülərə çatdırmaq üçün isə yol kənarlarına elektron tablolar quraşdırılacaq. Bir sıra informasiya monitorlarında da sürücülər bu barədə məlumatlandırılacaq. Qeyd olunan tələbləri pozan sürücülər isə cəzalandırılacaq. Hazırda gözlənilən dəyişikliklərin qanuniləşdirilməsi üçün qanunvericilik aktlarında dəyişiklik edilməsi üzərində iş aparılır.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button