Yol polisindən 20 Yanvar günü döyuşçüyə hörmətsizlik
Sumqayıt şəhər yol polisi əməkdaşları keçmiş döyüşçü, ehtiyata buraxılmış baş gizir Bakir Məmmədova qarşı kobudluq və qanunsuzluq edib.
Bu barədə mia.az-a məlumat verən B.Məmmədov bildirib ki, 20 Yanvar hüzn günündə Sumqayıt şəhər Yol Polisinin əməkdaşları ona qarşı hazsızlıq edib:
«Bu gün səhər saat 10.50 radələrində idarə etdiyim KİA markalı, 90 VA 414 nömrə nişanlı avtomobilimlə Sumqayıt Şəhidlər Xiyabanına ziyarətə gedərkən yol polisi tərəfindən saxlanıldım. Sülh Küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində dönməni qadağan edən nişanın olmadığı yerdə saxladılar. Sumqayıt şəhəri DYPŞ Yol patrul xidmətinin inspektoru polis serjantı Aslanov Şamil Aslan oğlu heç bir əsas olmadan məni cərimələdi. 327,2 maddəsinə əsasən mənə 60 manat cərimə və 3 bal cəza yazdı. Etirazımı bildirəndə isə mənə kobud cavab verdi. Onu da nəzərə çatdırım ki, 20 Yanvar hüzn günü olduğundan Şəhidlər Xiyabanına gedən istiqamət bağlanmışdı. Yəni mənim hərəkət etdiyim istiqamətin əksinə heç bir hərəkət də yox idi. Bundan əlavə, məndən öncə iki avtomobil də eyni yolu keçib. Əgər qayda pozuntusu var idisə, niyə yalnız mənə tətbiq olundu? Yol polisi əməkdaşı əvvəlcə həmin yerdən dönmənin qadağan olduğunu, daha sonra isə qırmızı işıqdan keçdiyimi söylədi. Halbuki protokolda başqa məqamlar göstərilib. Buradan görünür ki, yol polisi mənə qarşı qərəzli olub və qanunsuzluq edib».