Zərərçəkənlər A.Abdullayevin üzünə durmur

1421068682_hebs_001444 (1)16.06.2015

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesi keçirilib. Prosesdə “Xudafərin” MMC epizodu üzrə istintaq tərəfindən zərərçəkmiş qismində tanınmış şəxslərdən  11 nəfəri dindirilib.

İlk ifadə verən Şakir Niyazov bildirib ki, təqsirləndirilən şəxsləri tanımır. “Xudafərin” MMC-dən ev aldığını deyən zərərçəkmiş narazılığının binanın gec təhvil verilməsindən olduğunu deyib və təqsirləndirilənlərə qarşı maddi tələbinin olmadığını bildirib.

Ağayev Orxan da eyni məzmunlu ifadə verərək, tələb və şikayətinin olmadığını deyib.

Dilşad Əhmədova bildirib ki, müqavilə əsasında ödədiyi pula görə məzil verilib, hətta təmir də edib. Lakin bina tam hazır olmadığı üçün yaşamaq mümkün deyil.

Rəna Axundova da bildirib ki, bina tam komplektləşdirilməyib. Bu səbəbdən də yaşamaq mümkün deyil. O, evini tam hazır tələb etdiyini bildirib. Vəkillər isə ona bildiriblər ki, binanın tam hazır olmaması müqavilə öhdəliklərinin tam yerinə yetirilməməsidir və buna görə mülki qaydada məhkəmədə iddia qaldırılmalıdır.

Eynur Hacıyev bildirib ki, mənzil almaq üçün müqaviləni “Xudafərin” MMC-də Anar adlı şəxslə bağlayıb. 2003-dən müqavilə bağlandığını deyən zərərçəkmiş binanın yaşamağa hazır vəziyyətdə olmamasından narazı olduğunu deyib. Vəkillərin suallarına cavab olaraq o, bildirib ki, müqaviləni oxumayıb və bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməyib.

İsgəndər Bayramov 2004-cü ildən  “Xudəfərin” MMC-dən mənzil aldığını, lakin binanın tam hazır olmadığını deyib. Bununla bağlı məhkəməyə müraciət etdiyini deyən zərərçəkmiş bildirdi ki, məhkəmənin qətnaməsi olmasına baxmayaraq, bina müqavilə şərtlərində nəzərdə tutulmuş formada təhvil verilmədiyi üçün Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də ərizə ilə müraciət edib. O, vurğulayıb ki, hazırda müqavilə şərtlərində nəzərdə tutulmayan öhdəliklərə görə dəymiş ziyanın ödənilməsini tələb edir. Bayramovun dediyinə görə, mənzili tımir etdirib. “Lakin müqavilədə göstərilirdi ki, mənzil bizə işıq xətti çəkilməklə və suvaq vurulmaqla təhvil verilməlidir. Buna görə də tələb edirəm ki, bu işlərin görülməsi ilə bağlı çəkdiyim xərc – 30 min manat mənə ödənilsin” – deyə zərərçəkən bildirib.

Abdulla Abdullayev isə bildirdi ki, onun dedikləri həqiqətə uyğun deyil. “Həmin binada işıq xətti çəkilib. O ki qaldı suvağın vurulmamasına, əgər belədirsə, bunu da xərci 300 manat edir. Bəs 30 min manat hardan çıxdı? 30 min manata gərək qızıldan unitaz da qoyaq mənzilə?

Hörmətli hakim, mən vəsatət qaldırıram ki, ekspertiza təyin edilsin və mənim o binaya çəkdiyim xərc qiymətləndirilsin. Əgər mənim çəkdiyim xərc onların ödədiyi məbləğdən artıq olsa, həmin artıq vəsaiti mən də bu şəxslərdən tələb edirəm” – deyə A.Abdullayev bildirdi.

Hakim zərərçəkmişə bildirdi ki, müqavilə şərtlərində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirlməməsi ilə bağlı hər hansı tələbi varsa, buna mülki məhkəmlər baxır. Bu iş üzrə mülki iddia tələbi vermək hüquq olsa da, bu, məhkəmə istintaqı başlanana qədər edilməli idi.

İlyas Babayev da mənzilini aldığını, lakin binaın tam təhvil verilmədiyini deyərək, işlrin tamamlanmasını istəyib. “Abdulla Abdullayevin içəridə olmasının bizə bir xeyri yoxdur, çıxıb binanı təhvil versə biz daha çox xeyirdir” – deyən zərərçəkmişə A.Abdullayev sərt cavab verib:

– Mənim fikrikimi çəkmə, mənə içəri eşikdən yaxşıdır…

Vəkillərin suallarına cavab olaraq zərərçəkmiş bildirib ki, A.Abdullayevə qarşı şikayət və tələbi yoxdur, narazılığı “”Xudafərin”dəndir.

Əlifağa İsmayılov bildirib ki, binanın gec təhvil verilməsi ilə bağlı dəfələrlə A.Abdullayevlə görüşüb. O, bildirib ki, müştərilərdən əlavə pul toplanaraq binada işlərin tamamlanması ilə bağlı təkliflər versələr də, A.Abdullayev tərəfindən qəbul edilməyib. “Bildirdilər ki, özümüz tamamlayacağıq. Lakin hələ də bina hazır deyil” – zərəçəkmiş bildirdi.

A.Abdullayev isə bildirib ki, 2008-ci ildən bir neçə dəfə prokurorluq orqanları tərəfindən binaya həbs qoyularaq tikinti dayandırıldığı üçün işlər vaxtında təhvil verilməyib. Son olaraq sifariş verdim, 6.5 milyon da ödədim ki, binanı tam bitirsinlər. Liftlərin alınması üçün də 1.2 milyon pul ödəyib İrana getdim. İranda olanda zəng etdilər ki, Korrupsiya İdarəsinə çağırırlar. Korrupsiyanın adını eşidəndən sonra binadakı işlərin görülməsi ilə bağlı sifariş verdiyim şirkət də işdən imtina etdi. Hətta o vaxtadək gördükləri işlə bağlı sənəd verməkdən də imtina etdilər” – deyə A.Abdullayev bildirdi.

Daha sonra ifadə verən İsmayıl Tamayev, Tahir Mirzəyev və Elçin Kərimov isə zərərçəkən olmadıqlarını bildiriblər.

Qeyd edək ki, vəkillər ifadə verən bütün zərərçəknlərə suallar verərək, korrupsiya idarəsinə özləri getdiklərini, yoxsa çaöırıldıqlarını, onlara zərərçəkn kimi tanınmaları barədə məlumat verilib verilmədiyini də soruşublar. İstintaq tərəfindın zərərçəkmiş qismində tanınan şəxslər bildirirlər ki, onları idarəyə çağırdıqları üçün gediblər. Bəziləri izahat, bəziləri isə idarədə ərizə yazdıqlarını deyiblər. Yalnız bir dəfə idarədə olduqlarını deyən zərərçəkənlər bildirilər ki, sonradan onlara heç bir bildiriş, zərərçəkən olmaları barədə sənəd təqdim edilməyib və cinayət işinin materialları ilə tanış olmayıblar.

Vəkillər bildirirlər ki, cinayət işi materiallarında onların zərərçəkən kimi tanınmaları barədə qərar yoxdur.

Növbəti məhkəmə prosesi 17 aprel saat 10.15-ə təyin edilib.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Abdulla Abdullayev, Novruzov  Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button