Zərərçəkənlər məhkəmədə ifadə verib – Binəqədidə yanan bina ilə bağlı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Təyyar Cavadov təqsirləndirilən şəxsləri tanımadığını deyərək, hadisə baş verən zaman qızı və nəvəsinin mənzildə olduğunu açıqlayıb. O qeyd edib ki, hadisə nəticəsində nəvəsi dünyasını dəyişib, eyni zamanda ona 74 min manatlıq maddi ziyan dəyib: “Hadisə baş verəndə mən işdə idim. İşdən gəlib 4 saat binanın qabağında qalıb qışqırmışam. Amma mən insanların xilas edilməsi prosesində xilasedicilərin fəallığının şahidi oldum. Yanğın isə zibillik olan yox, əks tərəfdən başlayıb”.

Zərərçəkmiş Səbinə Manafova yanğın baş verən zaman işdə olduğunu deyib:”.“Mənə günorta xəbər verdilər ki, bina yanır. Ora çatanda anamı tapa bilmirdim. 30 dəqiqədən sonra anam yanğından xilas ola bilmişdi və biz görüşüb xəstəxanaya getdik. Anam danışır ki, yanğın olanda o evdə tüstündən boğulub, ancaq qonşumuz onu xilas edib. Blok çox ensiz idi. Hərəkət etmək olmurdu”.

İlqar Vahabov yanğın nəticəsində ona 43 min manat ziyan dəydiyini deyib. Onun sözlərinə görə, yanğından 4-5 gün öncə binanın işıqları söndürülüb. İ. Vahabova binanın siqaret tullantısı nəticəsində yandığını ehtimal etdiyini qeyd edib.

Zərərçəkən Naibə Mahmudova deyib ki, yanğın başlayan zaman binaya bitişik tikilinin damında iki yerdə topa kağızların yandığını görüb: “Mətbəxdən qabda su götürüb o kağızların üstünə tökdüm. 2 dəqiqə sonra isə yanğının yayıldığını görüb, aşağı düşdüm. Mən orda kağızların yanması barədə müvafiq orqanlara məlumat vermişəm”.

Zəhra Babayeva hadisə zamanı nəvəsinin boğulub öldüyünü deyib. O, nəvəsini morqda tapdığını, lakin ölüm kağızına azyaşlının dəm qazından zəhərlənib öldüyü barədə məlumat yazıldığını qeyd edib: “Guya onlar bilmirlər ki, uşaq yanğın nəticəsində dünyasını dəyişib?”

Digər zərərçəkən Elmira Bağırova isə qeyd edib ki, binanın həyəti hadisə baş verən zaman təmiz olub. O, qadın məsləhətxanasının damında hər hansı alışan maddə görmədiyini qeyd edib.

Rəna Əhmədova isə deyib ki, hadisə baş verən gün həyətdə 5-6 nəfər tanımadığı şəxsi görüb: “Gördüm ki, binanın aşağısından ağ tüstü çıxır və onlar da buna görə yığışıblar”

Prosesdə FHN əməkdaşı Xətayi Şahverdiyev da ifadə verib. O bildirib ki, həmin gün növbədə olmasa da, yanğının baş verdiyini eşidəndə könüllü kömək üçün müraciət edib: “Temperaturdan, tüstüdən içəri keçmək mümkün deyildi. Binaya daxil olanda yuxarı qalxdıqca temperatur daha da artırdı. 4-cü mərtəbədən yuxarı qalxmaq qeyri-mümkün idi. Mən birtəhər 7-ci mərtəbəyə qalxdım və bir nəfər şəxsin huşsuz vəziyyətdə olduğunu gördüm. Onunla danışdım, su verdim. Sonra öz maskamı, paltarımı ona geyindirdim. Ona dedim ki, birlikdə aşağı düşək, ancaq o, gələ bilmədiyini deyərək, geri qayıtdı, gəlmədi. Mən ona kömək etdim, lakin təxminən 6-cı mərtəbədə tüstüdən zəhərlənib yıxıldım, qolum kəsildi. Bir neçə dəqiqə sonra əməkdaşlarımız onu da məni də xilas etdi”.

Zərərçəkmişlər dövlət ittihamçısı və müdafiə tərəfinin suallarını cavablandırıblar.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib

Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəriAğacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. (APA)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button