Zəlimxan Məmmədli “Elat” bayramından yazdı

Borçalı Elat Bayramı – regionda etnik separatçılığı durdurmanın ən klassik modelidir

Zaman-zaman “Borçalı” Cəmiyyətinin fəaliyyətini aşağılayan “professional eloğlu” qiyafəli kəslərin hədyanlarına əməli fəaliyyətlə cavab vermişik. Fəaliyyətimizdə önəm verdiyimiz “Dədə Camal Məclisi” və 26 iyul “Borçalı Türklərinin Elat Mədəniyyəti günü” – Elat bayramının fəlsəfəsini açıqlamaq zərurəti yaranmışdır. Bu gündən silsilə yazılarımız bu müqəddəs amallı strukturlar və fəaliyyətimizin özəllikləri haqqında olacaqdır.

Elat bayramının doğuşu

2009-cu ildə, cəmiyyəti yeni dönəm üçün fəaliyyətə başlayanda ilkin hədəf toplumu bir araya yığma və bir arada tutma yolunu aramaq, söykənəcəyimiz ideolojini müəyyənləşdirmək, strateji xətti aydınlaşdırmaq idi. Uzun müzakirələr və axtarışlardan sonra Borçalı Türklərinin həyat tərzində, poetik dünyasında, folklorunda, məişətində, Elat ənənələrinin mühüm, bəlkə də üstün yer tutduğunu müəyyənləşdirdik. Qıfıllı qapıların açılmasının, bu yerləri tərk edənlərin öz yurdlarına dönmələrinin, türk milli kimliyinin tarixi yaddaş prinsipi ilə formalaşmasının, onun gerçək-sağlam, dupduru bulaq suyu kimi RUHUNU aparıcı etmənin, Gürcüstana vətən demənin və onu sevmənin yolu bu idi.

Elat nədir?

Elat – hüdudları bəlli olan konkret coğrafi bölgə daxilində mövsümi – yaylaq-qışlaq yerdəyişməsindən ibarət təsərrüfat məişətinə malik olan insanların sosial birliyidir. Belə mədəni-təsərrüfat tipinə malik insan qruplarının – sosial birliklərin yaratdığı mədəniyyət tipi isə elat mədəniyyətidir. Özündə olduqca zəngin mənəvi-etnik və mədəni-sosial dəyərləri ehtiva edən bu mədəniyyət tipi Gürcüstanın şərqində, hazırda Kvemo-Kartli adlanan Borçalı-Qarayazı tarixi bölgəsində əsasən, kompakt məskunlaşmış, həmçinin qonşu bölgələrdə yaşayan Azərbaycan türklərinin məişət və təsərrüfat həyatının bu gün də tərkib hissəsi olaraq qalmaqdadır.
Gürcüstan türklərinin tarixən yaşadığı bölgə təbii-coğrafi şəraitinə görə düzən, dağətəyi və dağlıq ərazilərə bölündüyündən, bu ərazidə yaşayan əhalinin təsərrüfat məşğuliyyətində düzən ərazilərdə maldarlıq-əkinçilik, dağlıq ərazilərdə isə maldarlıq olmuşdur.
Yaylaq-qışlaq təsərrüfat məişətinə malik əhali qrupu elmi ədəbiyyatda “elat” “tərəkəmə” adlandırılsa da, bəzən tarixi, etnoqrafik ədəbiyyatda belə maldar əhali qrupu səhvən və ya qərəzli şəkildə köçəri adlandırılır. Halbuki köçəri tayfa və xalqların mənlik şüurunda “yurd” anlayışı olmadığı halda, elat dünyaqavrayışında “yurd” ən müqəddəs anlayışlardandır. Bunu Gürcüstan yer adlarında –toponimlərdə də aydın görmək olar.
Gürcüstanın şərqində yüzillərlə formalaşıb təkmilləşən elat mədəniyyəti özünəməxsus maddi və mənəvi mədəniyyətin – yaşayış məskənləri və evlərin, geyimlərin, yeməklərin, nəqliyyat vasitələrinin, məişət tərzinin, nağılların, əfsanələrin, dastanların, musiqinin, rəsmlərin, oyunların, eləcə də sənətkarların, eyni zamanda sosial birliklərin yaranmasına, formalaşmasına səbəb olmuşdur.
Eyni zamanda, Azərbaycan türklərinin yaşadığı Şərqi Gürcüstan digər millətlərin də (az da olsa ) yaşadığı polietnik regiondur. Bu amil də qarşılıqlı etnik əlaqələrin təsərrüfat məişətinin, məişət–mədəniyyətinin, maddi və mənəvi mədəniyyətinin formalaşmasında müəyyən təsirə malik olmuş, dostluq münasibətlərinə yardım göstərmişdir.

El və Elat ruhu

Taixi Borçalı (Kvemo Kartli) bölgəsində elat ənənələri, elat ruhu hər bir ailədə hiss olunmaqdadır. ELAT – Elat köç ənənələri, ona hazırlıqlar, borcların ödənilməsi, küsülülərin barışması, yol tədarüklərinin hazırlanması, harayçıların halayı, köç qabağı evlərin, həyətlərin ideal təmizlənməsi kimi müqəddəs, toplumsal inanc sisteminin hopduğu ruhani mədəni-məişət birgəyaşayış və kollektiv əmək vərdişləri ilə zəngindir.
Elat ənənələrində “xap” (ağartının həftəlik, aylıq və ya günlük bir ailəyə verilməsi, bunun bərabər şəkildə dövriyyəsi), “alışma” (kəsilən ətin tərəzi olmadan bərabər bölünməsi) kimi insanlar, ailə və nəsillər arasında etimad yaratma, inam, etibar sistemi qurulubdur.
Düşünürdük ki, sınanmış, effekt verməyən, quru siyasi texnologiyaların vasitəsilə Borçalı Türklərinin gerçək mahiyyətini üzə çıxartmaq mümkün olmayacaq. Toplumun öz ruhunun, mahiyyətinin iştirakçısı olmayan hər hansı quruluşun faydası, xüsusilə toplumun maraqlarına uyğun nəticələrin əldə olunması qeyri-mümkündür. Yorucu siyasi çəkişmələrə aludə olmuş, materialist düşüncənin bu xətti – ruhani bir yolu qavramaq probleminin mövcudluğu da bizi durdurmadı. Çünki alternativ, daha rasional yolun mövcud olmaması reallığı da bizi bu yola çıxmağa vadar etdi.

Niyə 26 iyul?

Elat ənənələrinin dirçəldilməsinin toplumun gerçək mahiyyətinin üzə çıxmasında mühüm rolu artıq yüz minlərin, milyonların gözü qarşısında baş verməkdədir. 26 iyul tarixinin seçilməsi isə apardığımız tətqiqat nəticəsində həmin tarixdə statistik olaraq havaların nisbətən yağmursuz keçməsi ilə bağlıdır. Tarixin dəyişməməsi isə həmin tarixin simvollaşması, bayramlaşması, Gürcüstan həyatında toplumun toparlanma günü kimi təqvimə düşməsini istəməyimizlə bağlıdır.

Qovuşma məkanı

Elat bayramı ideyası yarandığı gündən təhrikçi qüvvələr onu gözdən salmağa çalışmaqdadırlar. 2010-cu uldə sayca II Elat Bayramının keçirilməsinin qeyri-mümkünlüyü haqda Gürcüstanın ovaxtkı hakimiyyətinin rəsmi məktubunu da almışdıq. Ancaq həmin məktubda bir neçə ciddi xətalara yol verilmiş, Borçalı Cəmiyyətini siyasətləşdirmə cəhdi açıq sezilirdi. Siyasi yetkinlik və İdarə Heyətinin çox dəyərli üzvlərinin iradəsi ilə bu qərarın yanlış olduğunu gürcü dostlarımıza inandırmağı bacardıq.
Bu il jurnalist dostlarımızın hesablamalarına görə, Elat bayramında 30 min nəfərdən çox insan iştirak etdi. Gürcüstanda soydaşlarımızın məskunlaşdığı 200-dən çox kənd bu tədbirdə əksəriyyət ziyalıları ilə təmsil olundu. Elat bayramı artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Toplumsal, sağlam, barış və sülh gücü meydanlardadır. Hesab edirik ki, Elat xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrini gücləndirməklə, düşmənlərə dirəniş üçün ictimai güc vasitəsinə çevrilməkdədir.
Elat tədbiri həm də el qarşısında hesabatımız və yeni hədəflərin müəyyən olunduğu məkandır. Bu müddətdə yüzlərlə ailələr “Borçalı” Cəmiyyəti vasitəsilə bir-birinə qovuşublar. Türkiyəyə bir zamanlar köç etmiş soydaşlarımız öz əqrəbalarına qovuşmaqdadırlar.
Hər il elat tədbirində Türkiyə, Güney Azərbaycan, Şimalı Azərbaycan, MDB, Avropa ölkələrindən də çoxsaylı insanlar iştirak edir. Qonaqlar arasında Qars bələdiyyə başqanı Murtaza Karaçanta, Bursa Bələdiyyə rəsmisi Sadəttin Turan, Qars Sərhəd Bolu Dərnəyi başqanı Məhərrəm Yıldız, Uluslararası İpəkyolu Strateji Araşdırmalar vəqfinin qurucusu, telejurnalist Seyfullah Türksoy, Bursadan ünlü iş adamı Zəkəriyyə Kutlucanı, Tərəkəmə -Karapapak dərnəyinin başqan və üzvlərini, media mənsublarını, Güney Azərbycandan aşıqlar və rəqqasları, Azərbaycan Millət Vəkili, DAK həmsədri Sabir Rüstəmxanlı, Nəsib Nəsiblini, Abbas Abdullanı, şair Oktay Rzanı xüsusi qeyd etmək olar. Bayram tədbirində hər üç dövlətin diplomatik nümayəndələri, QHT sektoru, gürcü ziyalıları, ictimaiyyət nümayəndələri, Gürcüstan parlamentinin və hökumətinin üzvləri iştirak etdilər. Amma bunu yetərli hesab etmirik.

Dövlətlər əl qoymalı!

Düşünürük ki, hər üç dövlətin əlaqədar qurumları bu layihədə yaxından iştirak etməlidirlər. Bu layihə rəsmi status qazanmalı, hər üç dövlətin ortaq mədəniyyət tədbirinə çevrilməlidir. Bizim üçün milli və dövlət maraqları hər şeydən ucadır. Bunu dövlət rəsmiləri belə də qəbul etməli, sağlam iradə nümayiş etdirməlidirlər.
Problemlərin həllində, mədəniyyətlərin yaxınlaşmasında, dövlətlərin dostlaşmasında xalq, mədəniyyət, insanların ruhu birbaşa iştirak etmirsə, bu siyasət qusurludur və əldə edilən nəticə dayanıqlı ola bilməz. Artıq Elat mədəniyyəti tədbirinin ümumilli xarakterli proseslərə, pozitiv cərəyanlara ictimai dəstəyi göz önündədir.

Güney Qafqazın gələcəyi

2009-cu ildən mənəvi məsuliyyət yükünü öz üzərimizdə hiss edərək, üç dövlətin bayrağını və “Güc birlikdədir!” şüarını başımızın üstündən asmışıq. Hesab edirik ki, Azərbaycan, Gürcüstan və Türkiyə dostluğunun möhkəmlənməsi Cənubi Qafqazın daha güvənli gələcəyə gedişinin əsasıdır. Birbaşa siyasətlə məşğul olmasaq da, bu və digər formada siyasətin milli və dövlət maraqlarımızın təmininə yönəldilməsində ciddi təsir mexanizminə çevrilməkdəyik. Bu il Türk dünyası və Gürcüstan bir yerdə idi. Düşünürük ki, regionda sülh və barış layihəsi olan və artıq milyonlara nüfuz etmiş bu layihəyə kənardan baxılmayacaq. Ən yaxın zamanlarda – Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin illik zirvə toplantılarının məhz Elat törənində gerçəkləşəcəyinə inanırıq. Dövlət başçılarına zaman-zaman müraciətlərimizdə də bunu vurğulayırıq. Regionda etnik separatçılığı durdurmanın ən klassik, ortaq modeli Elat bayramıdır.

Problemlər və elat ənənələri

Gürcüstanda məskunlaşmış soydaşlarımızın siyasi mahiyyət daşıyan problemlərindən danışmaq daha doğru olar. Sosial mənşəli problemlər əsasən ümumi xarakterlidir və zaman, həmçinin aparılan islahatların ardıcıllığı bu problemlərin həllinin açarıdır. Soydaşlarımızın siyasi mahiyyətli – tarixi yaddaşın məhvinə və etnik qarşıdurmaya hesablanmış tarixi türk toponimlərinin gürcüləşdirilməsi yolverilməzdir. Bolnisi rayonunda 1991-92-ci illərdə saxtakarlıqla dəyişdirilmiş toponimlər bərpa olunmalıdır. Bu, alternativsiz yoldur. Bunu ağıllı Gürcüstan ziyalıları, siyasətçiləri dərk etməli və nə qədər gec deyil bu addımı cəsarətlə atmalıdırlar. Burada toplumsal dirəniş çox önəmli görünür. Elat bayramı toplumsal sağlam güc mənbəyi olmaqla, bizi separatçılıqda suçlamaq istəyənlərə ən tutarlı cavabdır.

Yeni hədəflərimiz

Bu ildən gələcəyə yeni hədəflərmizi bəyan eləmişik. Növbəti ildən Elat qurultayı Gürcüstanın ərazi bütövlüyünün təmini üçün Abxaziya və Cənubi Osetiya ilə Gürcüstan siyasi hakimiyyəti arasında vasitəçilik missiyasını öz üzərinə götürmək niyyətlindədir. Bölücü təşkilatlanmanı önləmənin ən ideal yolu xalqlarının və mədəniyyətlərin birlik modeli olan elat ruhunu önə verməkdir.

İcma təmsilçisi olmaq istəyirik

Azərbaycan siyasi hakimiyyətinə “Borçalı” Cəmiyyətini Gürcüstan türklərinin icma təmsilçisi kimi tanıtmaq iddiamız var. Hesab edirik ki, haqlıyıq və milli maraqlarımız bu modellə daha dolğun təmin oluna bilər. Eyni zamanda Gürcüstan tərəfdən bizi Gürcüstanın Azərbaycanda diaspor quruluşu kimi qəbul etməklərini istəmişik.

Azərbaycanda Gürcüstanın diasporası olmaq istəyi

Diaspor etnik sərhədləri aşmalıdır. Diasporda gürcü milli kimliyi ilə Gürcüstanı sevən türk kimliyi arasında fərq qoyulmamalıdır. Hesab edirik ki, “Borçalı” Cəmiyyəti Gürcüstanın Azərbaycanda diaspor siyasətini daha dolğun yerinə yetirə bilər. Bu təkliflərimizlə rəsmi müraciətlərimiz Azərbaycan və Gürcüstan rəhbərliyinə ünvanlanmışdır. Bu idealların baş tutması Borçalı türklərinin gerçək mənəvi körpü möhürünü vurmuş olacaqdır.

Etnik separatçılara sözümüz var

“Borçalı” Cəmiyyətinin üzv və tərəfdaşları Gürcüstana milli dövlət kimi baxır və onları hər zaman Gürcüstanın pozulmuş ərazi bütövlüyünün təmini üçün hər cür fədakarlığa səsləyir. Məkrli güclərin Cənubi Qafqazı etnik münaqişələrlə məhv etmək istəyi sirr deyil. Bu problemin həllini o problemi yaradan gücdən gözləmək absurd olmaqla istiqlal yolunun bağlanmasına hesablanmışdır. Borçalı Cəmiyyəti Gürcüstanda milli azlıq olaraq etnik separatçılarla, konkret halda Abxaziya və Cənubi Osetiya separatçıları ilə Gürcüstanın mərkəzi hakimiyyəti arasında vasitəçilik etmək iddiasını təqdim edir. Bu, yeni baxışdır və hər iki dövlətin siyasi hakimiyyətləri və ictimaiyyətindən sağlam yanaşma tələb edir. Proseslərin inkişafı vahid gücə çevrilməni diktə edir. Bu yol əbədi istiqlal və firavan həyat deməkdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button