Zəlimxan Məmmədlidən anlamlı təbrik

Zəlimxan Məmmədli

“Borçalı” Cəmiyyətinin sədri  

Nəfslə yanan gözləri həqiqət adlı alov kor edər!

2016-ci il tarixə qovuşur. Bu il dünya diplomatiyasının silahla əvəzlənməsi, Orta Doğuda tökülən qanlar, Bayırbucaq, Kərkük, Mosul, Hələb qırğınları ilə, Türkiyənin hadisələrin gərginlik mərkəzinə daxil olması ilə tarixiləşməkdədir. Siyasi və hərbi güclər arasındakı strateji və taktiki xəritələri yenilənməkdə, ideoloji qütblər arasında mübarizə sərtləşməkdədir. Türkiyə dost bildiklərindən dostca davranış gözləsə də, qarşılığını ala bilmir. Bu səbəbdən Türkiyə-Rusiya münasibətləri yeni müstəviyə qədəm qoymaqdadır. Dünyamız üçün xeyirli sonucun, Türk dünyasının və Qafqazın bu mürəkkəb proseslərdən zəfərlə çıxacağına dua edirik. 

“Borçalı” İctimai Cəmiyyəti  il ərzində təməl prinsiplərinə sədaqət nümunəsi göstərərək, Azərbaycan və Gürcüstanın milli maraqlarının uzlaşdırılması xəttini yürütmüş, zaman-zaman süni şəkildə Gürcüstan yetkililəri tərəfindən yaradılmış problemlərin həlli istiqamətində düzgün mövqe sərgiləmişdir. Buna baxmayaraq, bəlli mərkəzlər son 100 ildə ilk dəfə ayaq üstə durmağı bacarmış təşkilat forması olan “Borçalı” İctimai Cəmiyyəti ərtafında elimizin və təşkilatın vahidliyinə xələl gətirən addımlar atmışdır. Bütün təbəqələri bir araya yığmaq gücünə qadir olan Elat bayramının əngəllənməsi istiqamətində soydaşımın var olmasını arzulamayan, özəl çıxarılarını milli maraqların üzərində hakim görən zümrə işbirliyinə keçdilər. Həmin zümrə Elat bayramında “Türkiyə bayrağını endirin!”, “Borçalı sözünü pozun!” əmri ilə komandamızın üzərinə yürüyən xatalı zehniyyətlə eyni platformu bölüşüb, ironik təbəssümlə qalib qismində poz verdilər.

Elat Komandası möhtəşəm “tavır” sərgiləyərək XXI əsr insanının sərgiləyə biləcəyi sivil protest ilə tarix yazdılar. Anlatdılar ki, bizim üçün Bayraq rəngə boyanmış əski parçasi deyildir, o, bizim namusumuzdur. Bayrağa dəyən, Borçalı sözünə xor baxan göz və zehniyyət bizim dostumuz ola bilməz. Bu gün nəfsin eşqi ilə alışıb yanan gözləri sabah həqiqət adlı alov kor edər!  Zaman ən böyük hakimdir.

Ən son – 25 dekabr həmrəylik-dayanışma bayramı da artıq tarixə yazıldı. Türkiyə Cumhurbaşkanı səlahiyyətlisi Yalçın Topçu cənabları Borçalı türkü deyərək uzun yolu yaxın elədi.  Sayılıb-seçilən qonaqların şahidliyi ilə dünya və region, eyni zamanda Gürcüstan, Borçalı türkləri, Azərbaycan-Türkiyə-Gürcüstan münasibətləri ilə bağlı əhəmiyyətli mesajlar verdi.  Biz də durmadıq, yola davam dedik.

Biz ayrı-ayrı qrupların öz məsləkləri və bacarıqlarına uyğun təşkilatlar qurmasını və bu quruluşlar arasında ortaq maraqlara uyğun əməkdaşlığı hər zaman təqdir etmişik.  Artıq “Borçalı” İctimai Birliyi adlı yeni bir təşkilat var. Olsun! Bütün keçmişlərə baxmayaraq onlara çalışmaq, fədakarlıq etmək arzulayırıq. Hər uğurlarına əllərini sıxıb, alınlarından öpmək qoy bizim vəzifə borcumuz olsun.

Biz isə yeni – “Borçalı” Cəmiyyəti adlı təşkilatda yolumuzu davam etdirəcəyik. Bir-birimizə mane olmayaq. Millətdən çox aralı düşən zehniyyət ötən əsrin 20-ci illərində istiqlalımızın istismarı kimi milli faciəyə vəsilə oldu.

XXI əsrin insanı – bizlər olub keçənlərdən düzgün nəticə çıxarmasaq tarix nə elimizi, nə dövlətimizi, nə də millətimizi əfv etməyəcəkdir.

Əziz millətimiz, fədakar eloğlularımız, soydaşlarımız! Birlik və sabaha inam ruhlu çağrı ilə həmrəylik gününüzü və yeni təqvim ilinizi təbrik edirik. Ulu Tanrı Türkiyəmizə, Gürcüstanımıza, Azərbaycanımıza, Türk dünyasına yar olsun, Azərbaycan-Gürcüstan-Türkiyə dostluğunun əbədiliyini nəsibimiz eləsin!

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button