Zərərçəkənlər “AMAY Abdulla”dan şikayətçi olmadı

abdulla 1Abdulla Abdullayev “Texnikabank” əməkdaşına əsəbiləşdi: “Başa düşmədiyinizdən, savadsızlığınızdan, təcrübəsizliyinizdən və qərəzliliyinizdən işləri bu yerə gətirib çıxarmısınız”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesi keçirilib. Saat 10.50-də başlayan prosesdə “Xudafərin” MMC epizodu üzrə zərərçəkən şəxslərdən bir neçəsi dindirilib. Zala daxil olan Abdulla Abdullayev “bax bu zal o biri zaldan, dəmir “reşotka”, şüşə qəfəsdən yaxşıdır” deyib və zalın dəyişdirilməsindən razılığını bildirib. Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsində hər hakimin öz zalı var və bugünkü məhkəmə prosesi “Ramella Allahverdiyevanın zalı” kimi tanınan zalda keçirilib.

Zərərçəkənlər siyahısında 88-ci adam olan Əmirəli Yusifov ifadəsində deyib ki, 2003-cü ildə “Xudəfərin” MMC-dən ev alıb və hazırda həmin evdə yaşayır. O, heç bir ziyan çəkmədiyini və şikayətçi olmadığını bildirib.

Zərərçəkənlər siyahısında 217-ci adam olan Nihad Faiq oğlu Qurbanov təqsirləndirilən Abdulla Abdullayevi tanıdığını deyib. O, qeyd edib ki, “Xudafərin” MMC-dən mənzil alıb və müqavilə sənədlərinə əsasən pulunu tam ödəsə də, hələ də mənzilini almayıb və buna görə də hüquq-mühafizə orqanlarına müraciət edib. O, müqaviləni MMC-də Anar müəllimlə bağladığını deyərək, təqsirləndirilən şəxslərə heç bir şikayəti olmadığını, ancaq mənzilinin yaşamaq şəraiti qurulmaqla təhvil verilməsini istədiyini deyib. O, qeyd edib ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində “Xudafərin”ə qarşı mülki iddia qaldırıb. “Məhkəmədə mənzilin tikintisinin başa çatması ilə bağlı qətnamə qəbul edilsə də, bu günə kimi icra edilməyib” – deyə zərərçəkən bildirib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bir dəfə olduğunu deyən zərərçəkənin sözlərinə görə, həmin vaxt müstəntiq tərəfindən ifadəsi alınıb. O, məhkəmədə Abdulla Abdullayevə qarşı şikayəti və tələbi olmadığını vurğulayıb.

Bu yerdə özünü saxlaya bilməyən Abdulla Abdullayev “evinizi məndən istəməyin, gedin Korrupsiyaya qarşı Mübarizə İdarəsindən istəyin, onlar qoymurlar bizi işləməyə” deyə replika atıb.

Digər zərərçəkənlər də – zərərçəkənlər sırasında 259-cu olan Əsədov Nurəddin Hüseyn oğlu, 118-ci olan Miriyeva Səmayə Məmməd qızı, 231-ci olan Hüsaməliyev Abbasqulu Mirzə oğlu, 254-cü olan Şeydayev Namiq Rza oğlu, 261-ci olan Bağırov Əyyub, 129-cu olan Abdullayeva Mahirə Nəriman qızı  və 188-ci olan Ələkbərov Fizuli Əsgər oğlu oxşar ifadələr verərək, aldıqları mənzilin pulunu tam ödədiklərini, mənzili alsalar da, yaşama vəziyyətində olmadığını bildiriblər. Lakin bununla belə, Abdulla Abdullayevə qarşı şikayətlərinin olmadığını, sadəcə mənzili hazır alaraq yaşamaq istədiklərini bildiriblər.

Daha sonra iş üzrə zərərçəkmiş kimi tanınan “Texnikabank”ın nümayəndəsi Rüstəm Umudov tərəflərin suallarını cavablandırıb. O, bildirib ki, 3 milyon manat kredit verilməsi üçün Samir Baxşəliyevə müraciət olunub və danışıqlar onunla aparılıb. “Kredit verilməsi ilə bağlı iclasda həmin məbləğdə kreditin verilməsi qərara alınıb və 2009-cu ilin fevralın 25-də kredit verilib. Həmin məbləğdə kreditin verilməsi ilə bağlı risk bankın üzərindədir. Buna görə də kreditin verilməsi ilə bağlı sənəddə hər hansı bir rəy yoxdur. Mən rəsmi sənədlərə istinad edərək bunları deyə bilirəm. Amma qeyri-rəsmi danışıqlar olubsa, mənim bundan xəbərim olmayıb” – deyən Rüstəm Umudov da Abdulla Abdullayevə və digər təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını vurğulayıb. Abdulla Abdullayev isə bildirib ki, bankdan götürülən pullar təyinatı üzə xərclənib və götürülən kreditlər də vaxtında bağlanıb”. Əkbər Bağırov isə  “Texnikabank”ın 2010-cu ildə Baş prokuror yanında Korrupsiyaya qarşı  Mübarizə İdarəsinə müraciət etməsini əsassız adlandırıb. O qeyd edib ki, bu, müqavilə öhdəliklərindən yaranan məsələ olduğu üçün mülki qaydada məhkəməyə müraciət olunmalı idi. O, qanunvericiliyin tələbinə uyğun olaraq hansı səbəbdən mülki qaydada məhkəməyə müraciət olunmadığını soruşsa da, Bank nümayəndəsi konkret cavab verə bilməyib və “biz bu yolu seçdik” deyə kifayətlənib.

Abdulla Abdullayev bank əməkdaşının heç bir suala cavab verə bilmədiyini görərək, hakim qarşısında sorğu-sualın dayandırılması məsələsini qaldıraraq: “Başa düşmədiyinizdən, savadsızlığınızdan, təcrübəsizliyinizdən və qərəzliliyinizdən işləri bu yerə gətirib çıxarmısınız. Möhtərəm hakim, bu uşaq heç bir suala cavab verə bilmir, hadisələrdən tam xəbərsizdir, ona görə də bu məsələni bağlayaq” deyib və üzünü bank əməkdaşına tutaraq ironiya ilə davam edib: “Bir də bizdən şikayət etməyəcəksiniz ki?”

Proses sabah – 07 apreldə saat 11.30-da davam edəcək.

Abdulla Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Abdulla Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İttihama əsasən, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib.

Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız Abdulla Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

İntiqam Adilxan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button