Zaur Qurbanlının həbs müddəti uzadıldı

zaur24.06.2013

İyunun 24-də Nəsimi Rayon Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

“Media forum” saytının məlumatına görə, proses zamanı gənc fəalın vəkili Xalid Bağırov həbs qətimkan tədbirinin artırılmasının qanunsuz olduğunu bildirib. Vəkil qeyd edib ki, Zaur həbs olunandan bəri heç bir istintaq hərəkəti aparılmayıb, deməli, onun həbsdə saxlanmasına da ehtiyac yoxdur.

Lakin məhkəmə Zaur Qurbanlının həbs müddətinin 3 ay uzadılması barədə qərar çıxarıb.

Prosesdə Zaur Qurbanlının özü də iştirak edib. Xalid Bağırov “Media forum”a deyib ki, Zaurun səhhəti hazırda normaldır: “Onun sağlamlıq durumunun belə qalması üçün çox ehtiyatlı rəftar etmək lazımdır ki, vəziyyəti pisləşməsin”.

Zaur Qurbanlı aprelin 1-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb.

Zaur Qurbanlı talassemiya xəstəsidir. O, bronxial astma və böyrək xəstəliyindən də əziyyət çəkir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button