ZİYALILAR ADINDAN ƏLİ HƏSƏNOVA QARŞI KAMPANİYA

İnternetdə 22 il öncənin teleqramları yayılıb

Noyabrın 26-da ölkənin bir çox aparıcı mətbuat orqanlarının e-mail ünvanına maraqlı məktub daxil olub. E.Abdullayev imzası ilə göndərilmiş elektron məktubun bir nüsxəsi də “Yeni Müsavat”a ünvanlanıb. Məktubda bildirilir ki, “Molodecğ Azerbaydcana” qəzetinin 18 may, 1989-cu il tarixli sayında Mərkəzi Komitənin o vaxtkı katibi Əbdürrəhman Vəzirova ünvanlanmış bir teleqramdan bəhs edilir.

Həmin teleqramı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin azərbaycanlı tələbələrinin bir qrupunun imzaladığı bildirilir. Məktubda göstərilir ki, həmin tələbələrin arasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin və keçmiş deputat Rza İbadovun da imzaları var. Məktub müəllifi isə öz şərhində vurğulayır ki, Vəzirovu və yenidənqurmanı dəstəkləmək Heydər Əliyevə qarşı çıxmaq kimi anlaşılır: “Tələbələr o dövrdə aparılan yenidənqurma kampaniyasına dəstək olduqlarını bildirir. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin dekanı ilə (o dövrdə dekan Yaqub Mahmudov olub) keçirdikləri görüşdən sonra Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin (KP MK) apardığı ”yenidənqurma siyasəti”ni dəstəklədiklərini bildiriblər”.
Redaksiyamıza daxil olan məktubda daha sonra deyilir: “Ən yeni tariximizdən məlumatı olanlar bilirlər ki, 1988-1989-cu illərdə Azərbaycan KP MK-nın bu ”perestroyka” şüarı məhz Heydər Əliyevə qarşı aparılan siyasətin tərkib hissəsi idi və Əli Həsənov, Nuşirəvan Məhərrəmli, Rza İbadov və başqaları həmin siyasətin davamçıları olmağa söz vermişdilər. Həm də Əbdürrəhman Vəzirovun qarşısında… O Vəzirov ki, onun əli Azərbaycan xalqının qanına batıb”.
Məktub müəllifi bu gün Ziyalılar Forumunu tənqid edənləri vaxtilə Heydər Əliyevə xəyanət etməkdə suçlayır: “Vaxtilə Heydər Əliyevə xəyanət etmiş, indi isə Heydər Əliyevin sayəsində yüksək vəzifələr tutmuş Əli Həsənovlar, Nuşirəvan Məhərrəmlilər… onların bizlərə, ziyalılara ləkə atmağa haqqı çatırmı?! Məncə, yox!”
E.Abdullayevin kimliyi bilinməsə də yazının təqdim olunma texnologiyasından məlum olur ki, müəllif əsasən Əli Həsənovu hədəfə alan bu zərbənin ünvanının Ziyalılar Forumu kimi görünməsində maraqlıdır. Yazının girişində belə bir cümlə də var: “Ziyalılar Forumunu tənqid edən bəzi hakimiyyət nümayəndələri öz yaxın keçmişlərinə nəzər yetirsinlər”.
Qeyd edək ki, haqqında danışılan teleqram əvvəllər də bir neçə dəfə Azərbaycan mətbuatında dərc olunub.

“Yeni Müsavat” qəzetinin

Xəbər xidməti

2011-11-27

link:    

http://www.musavat.com/new/Siyasət/112973-ZİYALILAR_ADINDAN_ƏLİ_HƏSƏNOVA_QARŞI_KAMPANİYA

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button