Ziyalılardan «videoqalmaqala» sərt mövqe

12.10.2012
“Kriminal yolla zənginləşmə” siyasəti ölkəni sistemli böhranın astanasına gətirib çıxarıb

Ziyalılar Forumunun Məşvərət Şurası hakimiyyəti təcili addımlar atmağa çağırır

Azərbaycan Ziyalılar Forumunun Məşvərət Şurası oktyabrın 3 və 10-da ölkədəki cari ictimai-siyasi vəziyyətin və 2012-ci ilin sonunadək olan dövr üçün Forumun fəaliyyət proqramının müzakirəsinə həsr olunmuş növbəti toplantılarını keçirib. Toplantılarda Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Rafiq Əliyev, Ramiz Rövşən, Musa Yaqub, Cəmil Həsənli, Eldar Namazov, Gültəkin Hacıbəyli, Mehman Əliyev, Eldəniz Qulitev, Qulu Məhərrəmli, Erkin Qədirli və MŞ-nın digər üzvləri çıxış ediblər. Müzakirələrin yekunlarına əsasən Məşvərə Şurası aşağıdakı bəyanatı qəbul edib:

1) Ziyalılar Forumu Azərbaycan parlamentinin formalaşdırılması proseduruna işıq salan məlum “videoqalmaqalı”, həmçinin hakimiyyətin bütün çılpaqlığı ilə ortada olan və heç kimdə şübhə doğurmayan konkret cinayət faktına münasibətdə sərgilədiyi bu rüsvayçı hadisənin siyasi və hüquqi mahiyyətinə və miqyasına qeyri-adekvat ziddiyyətli və qətiyyətsiz movqeyini ölkənin dövlət idarəetmə orqanlarının yaşadığı dərin siyasi, hüquqi və mənəvi-əxlaqı böhranın bariz göstəricisi kimi qiymətləndirir.
2) Məlum cinayət faktına münasibətdə hüquq-mühafizə orqanlarının məlumatlı olduqları halda uzun müddət fəaliyyətsiz qalması, ölkənin siyasi rəhbərliyinə daxil olan bəzi yüksək vəzifəli məmurlar tərəfindən cinayət törətmiş şəxslərin himayə olunması, parlamentin onun işgüzar nüfuzunu zərbə altında qoyan və legitimliyinə kölgə salan bu rüsvayçı hadisənin müzakirəsindən belə imtina etməsi, faktiki olaraq, Azərbaycanda hakimiyyətin yeganə mənbəyinin Azərbaycan xalqı olması barədə Azərbaycan Konstitusiyasının fundamental prinsipi- birinci maddəsinin müasir gerçəklikdə heç bir əhəmiyyəti olmayan fiksiyaya çevrilməsinin əyani sübutudur.
3) Hakimiyyətin üst qatı ilə bağlı geniş korrupsiya faktlarının son zamanlar sistemli şəkildə ifşa edilməsi, hakim elitanın ölkənin bütün təbii sərvətlərinə, iqtisadiyyatına və maliyyə resurslarına qanunsuz yollarla sahiblənməsi və nəzarətinə dair təkzibedilməz sübutların əldə edilməsi, həmçinin seçkilərdə deputat mandatlarının hərraca çıxarılması, bu prosesin nəticəsi olaraq “qaliblərin” “siyahı üzrə” təyin edilməsinin artıq müəyyən olunmuş fakta çevrilməsi icra, qanunverici və məhkəmə qolları da daxil olmaqla, Azərbaycanın bütün siyasi sisteminin total şəkildə kriminallaşmasına dəlalət edir.
4) Ölkə hakimiyyətinin uzun müddət ərzində həyata keçirdiyi “kriminal yolla zənginləşmə” siyasəti ölkəni sistemli böhranın astanasına gətirib çıxarıb. Bu ağır durumdan yeganə optimal çıxış yolu siyasi, hüquqi və sosial-iqtisadi sahələri əhatə edən köklü və genişmiqyaslı sistem islahatlarının aparılmasıdır. Hakimiyyət tərəfindən bu yöndə gerçək siyasi iradənin olmaması bu böhranın daha da dərinləşməsini, cəmiyyət üçün təhlükəli radikalizm, siyasi və sosial sarsıntı risklərinin kəskin artımını stimullaşdırır.
5) Ziyalılar Forumu hal-hazırda mövcud olan və hakimiyyətin yalnış siyasəti nəticəsində gündən-günə dərinləşən siyasi, hüquqi və sosial-iqtisadi deqradasıyanın dövlətimizin və millətimizin maraqları baxımından ciddi və real təhdidlər doğurduğu qənaətindədir. Bu təhlükəli tendensiyanın qarşısının alınması zərurəti, ilk növbədə, Azərbaycan vətəndaş cəmiyyətindən, onun ölkənin gələcəyini qanunun aliliyi, vətəndaşların hüquq və azadlıqlarını qorunması kimi prioritet dəyərlərə söykənən demokratik cəmiyyətin qurulmasında görən bütün qüvvə və təbəqələrindən səylərinin koordinasiyasını və bütün potensialının konsolidasiyasını tələb edir.

Ziyalılar Forumu bu istiqamətdə davamlı və məqsədyönlü fəaliyyət göstərmək əzmindədir.

Bəyanatın sonunda Ziyalılar Forumu hakimiyyəti bütün siyasi məhbusları azadlığa buraxmasına çağırır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button