Zülfüqarlıların iddiası Avropa Məhkəməsinə göndəriləcək

Aslan İsmayılov: “Yerli məhkəmələr faktiki olaraq bu iddialara baxmaqdan imtina edir”

Yüksək vəzifəli məmurlar tərəfindən hədə və silahlı basqınla mülkləri əllərindən alınan Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılov jurnalistlərə bildirib ki, sahibkarlara qarşı baş verən özbaşınalıqlarla bağlı hazırda üç rayon məhkəməsində 7 iddia qaldırılıb. Birinci iddia 1 saylı İqtisad Məhkəməsində, ikinci iddia Nərimanov Rayon, üçüncü isə Binəqədi Rayon Məhkəməsindədir: “İddialar müxtəlifdir, konkret olaraq Zülfüqarlıların əmlaklarının əllərindən alınmasını, onların qanunsuz həbslərini, eyni zamanda zavodlara aid olmayan mülklərinin zəbt edilməsini özündə ehtiva edir”.
Vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsində Poladtökmə Zavodu üzrə iddia ilə bağlı beş proses keçirilib: “Yaxud elə iddia var ki, 7 proses keçirilib. Ancaq qarşı tərəfdən Rasim Məmmədovla Gəray Məmmədov iclaslara gəlmədiklərindən proses təxirə salınır. Hətta mən adlarını xatırlatdığım şəxslərin mobil telefonlarının nömrələrini, ev ünvanlarını təqdim etsəm də, bu adamları məhkəməyə gətirə bilmirlər. Dəfələrlə izah etmişəm ki, Bakı Poladtökmə Binəqədi Rayon Məhkəməsinin 10 metrliyindədir, Rasim Məmmədov da zavodun icraçı direktorudur, gedin gətirin. Sadəcə, bu adamlar toxunulmaz olduğundan hakim Tərlan Əkbərov heç nə edə bilmir, mənim hakimə yazığım gəlir.”
Aslan İsmayilov deyib ki, 1 saylı İqtisad Məhkəməsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova qarşı iddia qaldırıb: “Səbəb odur ki, mən aylarla bu məmurlara Zülfüqarlıların əmlakının zorla alınması haqqında müraciət etsəm də, cavab verməyiblər. Ona görə də məhkəməyə müraciət etməli oldum.”

Bir sözlə, məhkəmələr faktiki olaraq Zülfüqarlı qardaşlarının iddiaların baxmaqdan imtina edir. Amma vəkil düşünmür ki, məhkəmə prosesləri “tıxaca” düşüb: “Yol açıqdır, ancaq qırmızı işıq yanır. Yəni məhkəmə cavabdeh tərəfi prosesə gətirə bilmir. Amma mülki-prosessual qanunvericiliyə görə tərəflərin gəlməməsi səbəbindən məhkəmə baxışı təxirə salınmamalıdır. Sonuncu dəfə mən hakim Tərlan Əkbərova dedim ki, bütün respublika bu işi bilir, hətta Əmlak Komitəsinin nümayəndəsi bir prosesə gəlmişdi, sonra vəziyyətdən halı olandan sonra gəlmədilər. Baş verənlər Azərbaycan məhkəmələrində müstəqillik adlı bir şeyin olmadığını göstərir”.

Bu hal tezliklə aradan qalxmazsa, vəkil Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək. O, Avropa İnsan Haqları Məhkəməsinin praktikası ilə kifayət qədər tanış olduğunu söyləyərək əlavə etdi ki, hələ 1998-ci ildən bu qurumla təmasdadır və iki dəfə praktika keçib: “Bu cür vəziyyətlərdə mən artıq ölkə məhkəmə prosedurunu keçmədən birbaşa Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququm var. Ancaq sabiq deputat Hüseyn Abdullayev məsələsinə qədər Avropa İnsan Haqları Məhkəməsinə çıxmamışdım, çünki bir kompleksim vardı. Düşünürdüm ki, Azərbaycan dövlətini məhkəməyə verməyimə necə baxıla bilər?! Artıq 2010-cu ilin parlament seçkilərindəki özbaşınalığın böyük miqyasından sonra bu kompleksi adlamışam. Bu saxtakarlıqdan sonra öz işimlə bağlı məhkəməyə müraciət etdim və sonuncu iş Hüseyn Abdullayevin şikayəti olub. Zülfüqarlıların iddiası da üçüncü iş olacaq”.

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button