Zurna da var, zurna da var…

Babalıq

Zurna da var, zurna da var,
Bizdəki başqa zurnadı.
Zurnanı elə çaldılar,
Bir kişi toyda durmadı.

Toyda qol oynadan “gözəl”,
Uydu havaya bilməsəl,
“Rüşvətə-yox!” – ağır məsəl,
Bolt yivə düz oturmadı,
Bizdəki başqa zurnadı.

Mən bu gölə daş atmaram,
Sağ əli solla tutmaram,
Söz deyərəm, yarıtmaram,
Söz elə sözdü – formadı,
Bizdəki başqa zurnadı.

Qəsd ilə fırlasan hara,
Kilkə balıq düşür tora,
Misir deyil, balam, bura,
Kimsəni kimsə vurmadı,
Bizdəki başqa zurnadı.

Ölkədə pul və zor – mənəm,
Hər sahəsində “…xor” – mənəm,
Düzlüyə kar və kor – mənəm,
Məmur üçün bu, normadı,
Bizdəki başqa zurnadı.

Rüşvəti salmıram saya,
Pul inhisarda – bir taya,
Küveyti atma ortaya,
Burda o imkan hardadı?
Bizdəki başqa zurnadı.

Mən yola tökmürəm pulu,
Yolla, cibim olur dolu,
Çox çəkəcək bunun dalı,
Pul ki zibildi, urnadı,
Bizdəki başqa zurnadı.

Ay Baba, açma qalmaqal,
Söz ilə tən deyil amal,
Hər nə ki var, tamam-kamal,
Saxta şalaxdı, qurmadı…
Zurna da var, zurna da var,
Bizdəki başqa zurnadı.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button