«Əkinçi»dən gələn yol

safruh atalıSafruh
Mütləqə
İnam Ocağının Ruhani Başçısı

Mütləqim, Müqəddəsim, Peyğəmbərim İnam Ataya (Asif Ataya) ali səcdəylə!

 Mətbuatı şərə xidmətə yönəldəndə böyük fəsadlar, Xeyirə yönəldəndə böyük məziyyətlər yaranır…

Mətbuat ictimai həyatın içərisinə tutulan güzgüdür. Bu güzgü olanı olmalı ilə müqayisədə əks etdirir. Bu baxımdan, mətbuat tərbiyəçidir. Bir də mətbuat mənafelərə xidmət edir. Bu baxımdan, o, güclü xidmətçidir, həm də azdırıcıdır, mənafeləri ağardandır, ağı qaraya qatandır. Başqa bir baxımdan, mətbuat öz işçiləri və başqaları üçün özünü ifadə vasitəsidir.

Məncə, bu sonuncu iş mətbuatın ən uca görəvidir. Çünki mətbuatda özünüifadəyə can atan insanlar adətən ictimai ideal daşıyıcıları olurlar. Onların özümlükləri ilə ictimai ideal çox vaxt bir-birinə uyğun olur.

Bizim müqəddəs «Əkinçi»miz, «Molla Nəsrəddin»imiz vardı. Xalq, halallıq, Vətən üçün canını qoymağa insanlarımız vardı. Onlar öz daxili ehtiyaclarını mətbuat vasitəsilə xalqa verdilər, qəlbən rahat oldular. Xalq da ağı qaradan seçməyi öyrəndi. Mətbuat həm də zamanın və bölgənin, çıxdığı məkanın simasıdır. Məkan, bölgə, cəmiyyət özünü gizləməyə, bəzəməyə nə qədər can atsa da, mətbuatçıdan asılı olmayan obyektivlik cəhəti cəmiyyətin portretini yaradır.

Mətbuat çox güclü vasitədir. Onu şərə xidmətə yönəldəndə böyük fəsadlar, xeyirə yönəldəndə böyük məziyyətlər yaranır. Bizim son çağ mətbuatımız (yüzlərlə qəzet, jurnal) çox qarışıq, başıpozuq durumdadır. Milli, insani məsləkli olan qəzetlər yox dərəcəsindədir. Çünki Quzey Azərbaycan balaca məmləkətdir. Burada yüzlərlə qəzetin çıxmağı xeyirliyə deyil. Mövzu qıtlığı hər cür hədyanı qəzet mövzusu etməyə insanları zorlayır.

Qəzetlərdən mənim umduğum bəzi şeylər var. Həddindən artıq dava-dalaşdan, eybəcərliklərdən yazılmasın. İnsanın, millətin, dövlətin, idrakın gözəllikləri də var. İnsanlar arasında dostluqlar var, onlar mövzuya çevrilmir, çevrilsə, nə gözəl olar. Qəzetlərimiz xariciliyə həddindən artıq meyllidirlər. Bəziləri bilərəkdən, bir çoxları dəbə uymaqla, bəziləri heç bir şey öyrənməməklə, bilməməklə. Çox qəzetlər ədəbsizlik yayırlar. Mən qəzetdə özünü ifadəyə üstünlük verirəm.

İnam Ata mətbuata böyük önəm verirdi. İlk dəfə «Asif Ata» imzasını mərhum amaldaşımız Bağban Atalı Mingəçevirdə çıxan «Mingəçevir işıqları» qəzetində təqdim etmişdi. Ata bu hadisədən çox sevinmişdi. Ata hər həftə Ocaq mövzularının mətbuatda görünməsini uğurlu sayırdı, mətbuat işinə son dərəcə ciddi yanaşırdı.

Bu gün Mütləqə İnam Ocağı ardıcıl şəkildə çap olunur. Hər həftə 10-a qədər və daha çox qəzetdə imzamız, yazılarımız görünür. Mətbuatda yazılarımın çapını ictimai mühitə açılan pəncərə sayıram. O pəncərə vasitəsilə xalqla danışıram. Söhbət o yazıların çox, ya az adam tərəfindən oxunmasından getmir. Bu məqamda sevimli «Xural» qəzetimi yada salmaya bilmirəm. Əvəz bəy Zeynallıya, «Xural»çılara dərin sayğımı, sevgimi bildirirəm.

Hər şeyin mərkəzi isə şübhəsiz, insandır. Güclü vasitəni güclü xeyirə çevirən olur İnsan, güclü vasitəni şərə çevirən olur İblis. Vasitənin özü hələ nə iblisdir, nə mələk: o, vasitədir. Mətbuatçıdan asılı olmayan bir obyektivilik var.

Mətbuat deyilən vasitə tamamilə şəxssiz deyil – kimin əlində olmasından asılı olmayaraq, ondan nəsə gözlənilə bilər. Mətbuat – amaldaşım, Ocaq Yükümlüsü İşıqlı Atalının ictimai mühitdə ruhani əkinçilik etməsi, mühitin barometri kimi görünməsidir. Bizim üçün mətbuatın başı «İnama Doğru» dərgimizdir.  Qurucusu və redaktoru Yolruh Atalını mətbuat günü münasibətilə bağrıma basıram. «İnama Doğru» bizim zəmanənin daha geniş və dərin anlamda «Əkinçi»si və «Molla Nəsrəddin»idir. Zaman keçdikcə hər şey daha aydın görünəcək. Təki ortada iş olsun, necə ki, var.

Qoy mətbuatımız müstəqilliyimizi sevsin və sevdirsin, ali insanlığımızın öyücüsü və aşiqi olsun!

Asif Atanın Ocağı bu döyüşün, gedişlərin ön sırasındadır.

 Qaranlıqlar yarılsın!

Yükümüzdən böyük fərəhimiz yoxdur!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button