«Avroviziya-2012» ərəfəsində İnterpol Bakını yoxlayacaq

Azərbaycan hakimiyyəti “Avroviziya-2012”mahnı yarışması ərəfəsində İnterpolun baş ofisindən mühüm hadisələr zamanı bu təşkilatın yerli bürolarını dəstəkləyən qrupun Bakıya səfər etməsinə razılıq verib.

“Media forum” saytı bildirir ki, razılaşma oktyabrın 5-də İnterpolun baş katibi Ronald Noblunun Bakıda prezidenti İlham Əliyevlə görüşündə əldə olunub. Görüşdə daxili işlər naziri Ramil Usubov da iştirak edib. İnterpol komandasının Bakıya səfərində məqsəd “Avroviziya-2012”keçirilən vaxt İnterpolun Azərbaycanı hansı səviyyədə dəstəkləməsinin lazım olacağını müəyyənləşdirməkdir.

“Avroviziya-2011”mahnı müsabiqəsində Azərbaycan dueti – Eldar Qasımov və Nigar Camal qalib gəlib. Müsabiqənin qaydalarına əsasən, növbəti “Avroviziya” yarışı qaliblərin təmsil etdiyi ölkədə keçirilməlidir.

“Avroviziya-2012”nin hazırda Bakıda, Dövlət Bayrağı Meydanı ərazisində tikintisi üçün hazırlıq işləri gedən “Bakı Kristal Zalı”nda keçiriləcəyi gözlənir. Müsabiqənin Azərbaycanda keçirilmə vaxtı bəllidir: mayın 22-si və 24-ü yarışmanın yarımfinal, 26-da isə final mərhələsinin keçirilməsi qərara alınıb.

“Avroviziya-2012”mahnı müsabiqəsinin Bakıda keçirilməsi üzrə təşkilat komitəsinə ölkənin birinci xanımı Mehriban Əliyeva sədrlik edir. Komitənin üzvləri nazirlər Elmar Məmmədyarov, Ramil Usubov, Şahin Mustafayev, Əbülfəs Qarayev, Əli Abbasov, Azad Rəhimov, paytaxt meri Hacıbala Abutalıbov, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadədir.

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button