«Heroin Bormanı» – Mehdi Məmmədov!

Rusiyadakı ən böyük narkoticarətə azərbaycanlı başçılıq edir?

II-Son yazı

 Xüsusi xidmət və hüquq-mühafizə orqanlarında güclü əlaqələri olan Məmmədov reyder əməliyyatları ilə kifayətlənməyərək, daha gəlirli işlərlə məşğul olmaq qərarına gəldi. Operativ məlumatlara görə, Məmmədov artıq bir neçə ildir ki, postsovet məkanına narkotik gətirən qrupun ən fəal üzvlərindən biridir. 2007-ci ildə Milli Təhlükəsizlik Komitəsinin Jambul üzrə departamentinə Məmmədovun Qazaxıstan üzərindən olan narkotrafikin fəal iştirakçısı olması barədə gələn məlumata əsasən, 20.06.07 tarixdə 5-116/07 nömrəli operativ-müşahidə işi açılmışdı. Bu işin materiallarında Məmmədovun narkotrafikə nəzarət edən cinayətkar qruplarla əlaqəsi olduğu izlənilir.

 Heroin Bormanı

 

Müəyyən edilib ki, Məmmədov Tacikistanın prezidenti İmomali Rahmonun kürəkəni ilə dostdur. Onun vasitəsi ilə Məmmədov Tacikistan prezidentinin qardaşı Nuritdin Rahmonun oğlu ilə tanış olub. Rusiya və özbək xüsusi xidmət orqanları onu Əfqanıstandan gələn tacik narkotrafikinin əsas nəzarətçisi hesab edir. Narkotacirlər Qazaxıstana gəlmişdilər və Məmmədovla Alma-Atada görüşləri qeydə alınmışdı. Məmmədov bir neçə dəfə danışıqlar aparmaq üçün Tacikistana gedib. İz itirmək üçün birbaşa Düşənbəyə deyil, Daşkəndə uçub və yolun qalan hissəsini maşınla gedib.

Qazax narkotrafikinin qarışıq yumağını cözdükcə, müstəntiqlər aydınlaşdırdılar ki, Məmmədov 1995-ci ildə Soçi şəhərində «qanuni oğru» adı alan Serik Djamanayevin – «Serik-qolova»nın başçısı olduğu  «Djambulskie» və digər mütəşəkkil cinayətkar dəstə üzvləri ilə birlikdə ümumi koordinasiya edir, qonşu torpaqlara tranzitinə və malın təhvilinə nəzarət və Qazaxıstan narkotrafikinin bütün üzvlərinin bir-biri ilə əlaqəsini təmin edir. Məmmədov özü «Borman» ləqəbi ilə tanınır. Djamanayev həbsxanada olduğu üçün bütün işi Məmmədov – «Borman» görür. Əlbəttə, o, həbsxanaya «Serik-qolova»nın da yanına məsləhətlər üçün gəlir. Məmmədovun həbsxanaya Djamanayevin  yanına gəldiyi bir neçə ziyarət qeydə alınıb. Djamanayevin yatdığı həbsxanaya gələn ziyarətçilərin qeydiyyat kitabında Məmmədovun 01.04.2009 və 21.11.2009-cu ildə ziyarətləri qeyd olunub. Həmçinin məlum olub ki, Məmmədov əlaqələrindən istifadə edərək mütəşəkkil cinayətkar dəstənin bəzi üzvlərini operativ qeydiyyatdan çıxartmaq istəyib və onlar haqda olan məlumatın məhv edilməsini xahiş edib. 

 

Məmmədovun yükü aeroportda yoxlanılmır

 

Operativ müşahidə nəticəsində Məmmədovun bir neçə dəfə Düşənbədən gələn təyyarəni qarşılayaraq quru meyvə adı ilə hansısa qutuları götürdüyü qeydə alınıb. Məmmədovun adamları xüsusi xidmət orqanlarının işçisinin müşayiəti ilə birbaşa yük zalına girir, yükü alır, yoxlamasız oranı tərk edirdilər, baxmayaraq ki, təyyarənin bütün yükü mütləq yoxlanılmalıdır.

O, bir neçə dəfə tacik səfirliyinin əməkdaşı olan və qazax xüsusi xidmət orqanlarının narkotik alverində şübhələndiyi Fal Düşənbinskiyə yükünü almağa kömək edib. Məmmədov Milli Təhlükəsizlik Komitəsinin Alma-Ata şəhər Departamentindəki əlaqələrindən istifadə edərək, narkotiklərin hərəkətini ört-basdır edir. Buna sübut Məmmədovun bu gün də sıcaq əlaqələrdə olduğu MTK-nın Alma-Ata şəhər Departamentinin keçmiş rəisi general N.Mirzaliyevin tapşırığı ilə iş üzrə operativ qeydiyyatın dayandırılmasıdır.

 

Bir dəfəyə 500 kq heroin!

 

 Alma-Atadan başqa, Məmmədov Xoroqos gömrük məntəqəsində «mal idxalı» işinə də baxır. Axı gömrükçülər onun dostlarıdır! Keçmiş Cənubi Qazaxıstan Vilayətinin prokuror müavini, indiki Dəniz Donanması Gömrük Komitəsinin sədr müavini J.Ospanov vasitəsi ilə Məmmədov Gömrük Komitəsinin sədri K.Karbuzov ilə tanış olub.

Ekspertlərin hesablamalarına görə, Xorqosda cinayət əməlindən gələn nəğd gəlirin miqdarı ildə 800.000.000 dollardır.

Məmmədovun daha bir narkotrafikinin marşrutu kimi özbək-qazax sərhəd keçid məntəqəsini göstərmək olar. Məmmədov tərəfindən korrupsiyaya bulaşdırılan özbək Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları yükü özbək torpaqlarında müşayiət edirlər. Qazaxıstan torpaqlarında isə yükə qazax hüquq mühafizə orqanlarının (DİN və MTK) işçiləri nəzarət edir və mənzilə çatdırırlar. Sonra mal Rusiya torpaqlarına tərəf hərəkət edir. Bir dəfəyə 500 kq heroin keçirilir.

Ərzaq malı kimi qeydiyyatdan keçən yükü bütün yol boyu heç kim yoxlamır. Özbəkistan DİN-də olan məlumatlı qaynağın dediyinə görə, özbək tərəfi çoxdan Məmmədov qardaşlarının narkomafiya ilə əlaqələri olduğundan şübhələnirdilər. Onlarda olan məlumata görə, Məmmədov Mehdi və Vidadi qardaşları hələ 90-cı illərdə Sibirə quru meyvə adı altında narkotik göndərirlərmiş.

Amma indi Mehdi Məmmədov beynəlxalq səviyyədə böyük işlərlə məşğul olur. O, MDB məkanında narkotrafikin təşkilatçıları ilə görüşmək üçün dəfələrlə Moskva şəhərinə səfər edib. Onun Rusiyada etnik azərbaycanlı kriminal qrupların liderləri ilə sıx əlaqələri var. O, bir neçə dəfə Amsterdama səfər edərək, burada əfqan narkotikinin Rusiyadan Avropaya tranzitini təşkil edən cinayətkar strukturların liderləri ilə görüşmüşdür. Məmmədov öz qara işlərindən qazandığı pulları da bura, postsovet məkanının xaricinə çıxarır. Qazaxıstandan yuyulmaq üçün saxta sazişlərlə köçürülən böyük pulların hesabları vasitəsi ilə Məmmədovun bir neçə ofşor şirkəti üzə çıxarılıb. Operativ məlumatlara əsasən, Məmmədov qeyri-qanuni nəğd olmayan tenqe hesablarını nəğd valyutaya çevirmək və ya əksinə əməlliyatlar aparmaq üçün bir neçə struktur yaradıb. Bu əməliyyatlar Məmmədovun nəzarətində olan və ciddi gizlədilən kommersiya strukturlarının hesablarının köməyi ilə həyata keçirilir. Bütün bu  nəğdləşdirmə kontorlarına şəxsən Məmmədov özü nəzarət edir. Mənbə burada on milyonlarla dolların fırlandığını deyir.

 

Ostap Benderin sələfi

 

Olsun ki, «qapıdan buraxmırlar, pəncərədən girərik» deyə Məmmədov fikirləşib və prioritetləri dəyişib. Onun təzə hədəfi prezidentin qardaşı – Bulat Nazarbayev oldu. Lakin burada da etimada girmək müyəssər olmadı. Burada Məmmədova Edqar Sulduzi imkan vermədi. Bulat Nazarbayevin ətrafından olan bu biznesmen başa düşürdü ki, əgər Məmmədov onun şefinin etimadını qazansa, o, həm təsir gücünü, həm də biznesini itirəcək. 

«Şerşe lya fam» («sat olun» – fransızca) – deyərək bizim qəhrəman yenidən prioritetləri dəyişdi. Burada onun doğrudan da bəxti gətirdi. Nazarbayevin kiçik qızı Aliyənin yaxın ətrafına daxil olan ümumi tanışlar vasitəsi ilə ilişki quruldu. Deyilənə görə, bu ilişki Qazaxıstanın Konstitusiya Məhkəməsinin sədri İ.İ.Roqovun arvadı vasitəsi ilə qurulmuşdu. Düzdür, Məmmədovun hələ birbaşa ilişkisi yoxdur və o, Aliyə Nazarbayevaya xahişlərini umumi tanışları vasitəsilə çatdırır. Olsun, əsas siftə artıq edilmişdir.

Məmmədov Qazaxıstan prezidentinin böyük qızı Dəriğə Nazarbayevanı da diqqətindən kənarda qoymayıb. Qazaxıstanın siyasi və ictimai həyatında aktiv iştirak edən Dəriğəyə yaxınlaşmaq üçün Məmmədov Dəriğənin yaxın ətrafından olan Avroasiya Səhiyyə Forumunun İcraiyyə Komitəsinin üzvü Mirgül İsanova ilə tanış olur. Məmmədov İsanovaya cox diqqətlə qulluq eləməyə başlayır. Bahalı hədiyyələr verir, xaricdə dincəlmək təklif edir. Bir qədər sonra onlar birlikdə xaricə səfər edirlər. İsanovanın köməyi ilə onun adını Səhiyyə Forumun siyahılarına daxil edirlər. Məmmədovun adı 2007-ci ildən nümayəndələrin siyahısında yer alır. Bununla Məmmədov müxtəlif tanışlar tapmaq və əlaqələr qurmaq üçün özünə meydan yaradır.

Deyilənə görə, Məmmədovun bu məqsədyonlü işləri deyəsən öz bəhrəsini verəcək. Məmmədov prezidentin sevimli qızının ürəyinə yol tapandan sonra Nursultan Nazarbayevlə tanış olmaq arzusuna çatacaq. Nə isə, bir türk vətəndaşının yaddan çıxmayan oğlu bununla əlaqədar deyərdi, «bu bəxtlə – Azadlığa!»

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button