«Putinin dostu» Eldar Həsənovla görüşdü

Rumıniyadakı səfirimiz Rusiya hakimiyyəti ilə əlaqələr qurmağa çalışır…

Rusiyanın baş naziri Vladimir Putinin yaxın dostu vəzifəsində çalışan azərbaycanlı İlham Rəhimov, hazırda Bakıda olduğu söylənilən Rumıniyadakı səfirimiz Eldar Həsənovla görüşüb.

Bu barədə XuralTAC-a məlumat verən mənbənin sözlərinə görə, görüşdə məqsəd Eldar Həsənovun Rusiyanın siyasi iradəsini ifadə edən insanlarla şəxsi münasibətlərini qurması yönümündə çalışmalardır.

Xatırladaq ki, Azərbaycanın keçmiş baş prokuroru, hazırkı səfir Eldar Həsənovla İlham Rəhimovun dostluq münasibətləri var. Onların vaxtaşırı olaraq Rumıniyada da görüşləri gerçəkləşib və bu haqda zaman-zaman yazdıqlarımız elə zaman-zaman da öz təsdiqini tapıb. Hətta İlham Rəhimovun Rumıniyada ömürlük həbsdə yatan azərbaycanlı zabit Ramil Səfərovla görüşünün baş tutmasının səbəbkarı da Eldar Həsənov olub.

Məlumat üçün bildirək ki, E.Həsənov və İ.Rəhimovun dostluq münasibətləri işgüzar əlaqələrə də təsir edir və hər iki şəxs Beynəlxalq Hüquqşünaslar İttifaqının rəhbərliyində təmsil olunurlar.

XuralTAC-ın əldə etdiyi digər məlumata görə, Rusiyada 2012-ci ildə baş tutacaq prezident seçkisində Putinin seçilmə ehtimalını dəyərləndirən postsovet məkanındakı Rusiyameylli qüvvələr aktiv fəaliyyətə keçiblər. Siyasi müşahidəçilərin fikrincə, qərbmeyilli Medvedyevdən fərqli olaraq, avtoritar xarakterə malik Putin prezident seçiləcəyi təqdirdə Rusiyanın təsir dairəsində olan ölkələrdəki hakimiyyət strukturunda Moskva «öz adamlarını» yerləşdirməyə çalışacaq. Siyasi mənzərənin bu yönə dəyişəcəyi halda indidən öz səflərini müəyyənləşdirən tanınmış simalar isə təşkilatlanmaq yolunu tutublar.

Qeyd edək ki, uzun müddətdir ölkədə olmamasına və səfir kimi fəaliyyət göstərməsinə baxmayaraq, E.Həsənov ictimai nüfuzuna görə fərqləndirilir və onun siyasi hakimiyyətdə təkrar yüksək görəv almaq perspektivi yüksək qiymətləndirilir. İlham Rəhimovla bu yaxınlarda Bakıda baş tutan görüşdə məqsədin də Putinin cinahında yer almağa və gözlənilən hakimiyyət bölüşməsində iştirak etməyə kökləndiyi bildirilir.

Məlumatı dəqiqləşdirmək istəyən XuralTAC maraqlı fakt aşkarladı. Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun doğrudan da Bakıda olduğunu bir neçə mənbə təsdiqlədi. Ancaq E.Həsənovun özü ilə əlaqə yaratmaq mümkün olmadı.

Yazı-xəbərdə adı çəkilənlərin mövqeyini də dərc etməyə hazırıq.

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button