«Söz adamlarını boğmaq istəyənlər var»

Musa Yaqub: “Təklif yumşaq olanda, ona qulaq asmırlar, sərt olanda isə adamı tutub dama basırlar»
«Sovet vaxtı sözə görə hücum olmurdu, uzağı yazdıqlarım çap olunmurdu, indi isə …»

Söz Azadlığı Müdafiə Fondunun sədri, şair-publisist Musa Yaqub «Bizim Yol» qəzetinin suallarını cavablandırıb. O, ölkədə baş verən son hadisələrlə bağlı fikirlərini açıqlayıb. Müsa Yaqubla müsahibəni təqdim edirik.

– Musa müəllim, sədri olduğunuz Söz Azadlığının Müdafiə Fondunun fəaliyyəti görünmür. Maraqlıdır, fəaliyyətiniz hansı istiqamətdədir?

– Ölkəmizdə sözə aid çoxlu fondlar var. Biz beynəlxalq mətbuatla inteqrasiya, beynəlxalq standartları ölkəmizdə tətbiq etmək, dilimizi qorumaq istiqamətində işləyirik. Dilin qorunması ilə bağlı müzakirələr təşkil edirik, əsasən də söz necə qorunur, azad söz varmı kimi suallara cavab axtarırıq.

– Yazıçı-publisist Rafiq Tağının qətlini necə qarşıladınız?

– Rafiq Tağı istedadlı jurnalist, qələm sahibi idi. Bəzi yazıları xoşuma gəlməsə də, istedadına şübhə ola bilməzdi. Qloballaşmaya dair gözəl yazıların müəllifi idi. Hərənin öz fikri var. Həm də Rafiq Tağının səhvi var idisə də, cəzasını da çəkmişdi. Daha onu cəzalandırmaq doğurdanda qatil işi, böyük cinayətdir. Təəssüf edirəm ki, söz adamlarına qarşı hücumlar var, onları boğmaq istəyənlər mövcuddur. Bəzən söz azadlığını eşitməyənlər də var. Deyirlər bizdə yüzlərlə qəzet, jurnal var. Sözü deyəndə onu eşitmirlərsə, onu deyənə hücum olursa, deməli söz azadlığı yoxdur.

– Bu fakt nədən xəbər verir?

– Biz mətbuatımızı, haqq sözü müdafiə edirik. Deməli ölkəmizdə azad sözə qarşı hücumlar var ki, biz belə qurum yaratmışıq. Məndə istəyirəm ki, söz azadlığı istiqamətində iş görüm. Sizə deyim ki, mən şerimi yazanda, kitabım çap olunanda azad olmuşam. İndi deyirlər ki, sovetlər vaxtı təzyiq var idi, gərək hamı onların dediyini yazardı. Amma mən elə o dövrdə də ürəyimdən keçəni yazırdım. Həm də həmin vaxt sözə görə mənə hücum olmurdu. Uzağı yazdıqlarım çap olunmurdu, qalırdı sandıqda. Daha buna görə adamı vurmurdular. Amma indii…Şübhəsiz ki, söz adamı sözün məsuliyyətini bilməlidir. Söz yaranıbsa, onun qədrini bilmək, yerində demək lazımdır.

– Bizə müsahibə verən şairlər, yazıçılar Rafiq Tağının qətlini ədəbiyyata zərbə adlandırır, Yazıçılar Birliyinin bu hadisəyə laqeyd münasibət bəslədiyini deyir, dəfn mərasimində, yasda yazıçıların əksəriyyətinin görünməməsini pisləyir…

– Yazıçılar Birliyi də, yazıçıların hamısı da, Rafiq Tağını müdafiə etmək, haqqı söyləmək haqqına malikdir və bunu etməlidir. Bu hadisəni ümumiləşdirib söz azadlığına zərbə kimi qiymətləndirmək lazımdır. Əlbəttə ki, buna münasibət hökmən bildirilməlidir. Yazıçılar İttifaqı yazıçıya sahib çıxmalıdır. Şəxsən mən də Rafiq Tağının yasında olmamışam. Çünki rayonda yasda idim. Yasa getmək, yazıçını müdafiə etmək məsələnin insani tərəfidir. Əslində yazıçının ailəsi və ya özü ilə bağlı bəla, itkilər olanda mütləq orada olmaq lazımdır. Biz bir-birimizdən uzaq düşməməliyik. Yazıçılar bir-birindən uzaq düşüblər. Sovet vaxtı biz birləşib rayonlara gedər, toplantılar keçirər, məktəblərdə, universitetlərdə görüşlərimiz olardı. Yazıçıların bir yerə yığışmasını istəməyən qüvvə var. Biz nə deyirik ki? Yığılırıq sözümüzü deyirik, vətənimizə, xalqımıza, dövlətimizə, elimizə xidmət edirik. Fikirlərin toqquşduğu məqamda isə sözümüzü deməliyik. Daha biz bunun cəzasını çəkməməliyik.

– Ölkədə ziyalılar arasında da gərginlik var. Ziyalıların bir qrupu Rafiq Əliyevi müdafiə edsə də onu ittiham edənlər də var. Niyə ziyalılar həmrəy ola bilmir?

– Ziyalıların bir olmağına, forum yaratmağına qarşı deyiləm. Bu mütləq olmalıdır. Biz bir yerə yığılmalı və sözümüzü deməliyik. Cəmiyyət haqqında, çatışmamazlıqlara dair bir ağsaqqal olaraq, söz adamı kimi fikrimizi deməliyik. Bunu biz deməsək, kim deyəcək. Bundan qorxmaq lazım deyil. Rafiq Əliyev böyük elm adamıdır. Necə olur ki, bu vaxta qədər onun elmi araşdırmalarından, alimliyindən danışmır və qiymət vermirdilər? Özü də AMEA-nın müxbir üzvü idi. Düşünürdük ki, yaxın aylarda həqiqi üzv də seçəcəklər. Ona layiq olduğu halda həqiqi üzvlüyü vermirlər. Amma bir söz deyəndə ölkədəki alimləri, professorları ona qarşı qaldırırlar. Bu şübhəsiz ki, kampaniya xarakteri daşıyırdı. Bunlar köhnədən belə xarakterli kampaniyalara öyrəniblər. Həm də biz onların çoxunu tanıyırıq. Daha mən təhlilə getmirəm. Təəssüflər olsun ki, bəzən ziyalı ziyalını müdafiə eləmir. Bu bizim çox yaralı yerimizdir. Bu bizik də.

– Həbsxanada jurnalistlərdə var. Bəs bu istiqamətdə işləyirsinizmi?

– Əvəzlə bağlı işin təfsliatını bilmirəm. Onun həbs edilməsinin nə ilə əsaslandırdıqlarından məlumatsızam. Amma Əvəz adam öldürməyib, cinayət törətməyib. Söz yazıb. Ona qarşı da söz demək olar. Zorla tutub həbsxanaya basmaq əlbəttə ki, doğru deyil. Mən Əvəzi müdafiə edirəm.

– Azərbaycanda kiayət qədər problemlər olsa da ziyalı adlandırdığımız şəxslərin çoxu bu barədə danışmaq istəmir. Siz bunun səbəbini nədə görürsünüz?

– Ziyalı çəkinmir! Vətənini torpağını, elini, dövlətini sevən ziyalı gərək onun qəbahətlərini də desin. On adamın rəhbərliyi ilə dünya düzəlmir ki. Hərənin öz təklifləri var və bu təklifləri eşitmək lazımdır. Təəssüflə deyim ki, təklif yumşaq olanda, ona qulaq asmırlar. Deyirlər ki, əşi sözdü deyir də. Sərt deyəndə isə tutub onu türməyə salırlar. Bəzi insanlarda abrına qısılır, sözündən çəkinir, qorxur. Arada qorxu olmamalıdır, azad söz olmalıdır. Keçmişdi elçi daşı var idi və orada keçəldə oturub şahın qızını istəyirdi. Keçələ də deyirdilər ki, sən də insansan, qızı almaq üçün bu şərtlər tələb edilir. Keçəl şərtləri yerinə yetirəndə qızı alırdı, bilməyəndə deyirdilər ki, get öz yeməyini tap. Yəni bu insani münasibətdir. Yəni biz haqq sözümüzü deyə bilmərikmi, bu nə deməkdir?

– Amma Siz də ictimai maraqlı elə də aktiv müdafiə etmirsiniz…

– Mən yazıram, yarıdıcılığımla məşğulam. Sonuncu ictimai məsələlərə həsr etdiyim yazılarım var. İstəyirəm onları “Dövrün Dərmanı” adı altında çap edim. Vallah ziyalılar yatmayıb, öz sözünü deyir.

Nemət Hüseynli

“Bizim Yol”

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button