«TuranBank» sahibkarı müflisləşdirib…

Son 20 ilə yaxın müddət ərzində yerli sahibkarlığın inkişaf etdirilməsi məqsədilə paralel yaradılan banklar nəinki sahibkarlara kömək edir, hətta qanuni şəkildə onları müflisləşdirməyə xidmət edir. Kredit müddətinin azlığı, böyük faizlər sahibkarları banklardan asılı vəziyyətə salır. Statistik məlumatlara əsasən, Azərbaycanda son illər sahibkarlığın inkişafı üçün banklara ayrılan kreditlərin həcmi günbəgün artır. Bununla belə, istənilən nəticə əldə olunmur. Sahibkarlar müflisləşir, əvəzində bankların maliyyə kapitalı durmadan artır. Bu göstəricinin özü Azərbaycanda kredit strukturunun ağır vəziyyətdə olmasının əsaslı göstəricisidir.

«TuranBank» 1992-ci ildə yaradılıb. Fəaliyyətdə olduğu ilk 5 il ərzində bu bankın fəaliyyəti o qədər də nəzərə çarpan olmayıb. Dövlət tərəfindən bankların inkişafı üçün yandırılan yaşıl işıqdan sonra bu bank da digərləri kimi «sahibkarlığın inkişafı məqsədilə» müxtəlif həcmdə pul kreditlərini ödəməyə başlayıb. «İnşaatçı» Tikinti Quraşdırma və Mexanizasiya Müəssisəsinin direktoru Arif Məmmədovun bu imkandan istifadə etmək istəyi isə onun müflisləşməsi ilə başa çatıb. Çünki bankın ayırdığı müddətdə bürokratik əngəllikləri aşa bilməyən Arif Məmmədov, sonunda «TuranBank»ın tətbiq etdiyi 22 faizlik borcun məngənəsində sıxılmağa başlayıb. Bankdan götürdüyü 1.527.000 manat əsas borcu ödəmək istəsə də, bankın onun qarşısına qoyduğu gündəlik sayğaca vurulan – 237.964 manatlıq faiz borcunu qaytara bilmir. Əvəzində «TuranBank»ın Sumqayıt şəhər filialı Sumqayıt şəhər məhkəməsi qarşısında iddia qaldırır və Arif Məmmədova məxsus bütün mal-mülkün onun əlindən alınaraq banka verilməsini tələb edir. Birinci instansiyadan uğurla addımlayan bank niyyətinə çatmaq üçün işi icraya yönləndirməyə çalışır. Bu azmış kimi çatışmayan məbləğ olarsa, digər əmlaka tutmanın yönəldilməsini məhkəmədən tələb edən bank cavabdehlərin adına hansı daşınar və daşınmaz əmlakın olmasına dair heç bir sənəd göstərə bilmir. Digər tərəfdən, «TuranBank» Milli bankın 17 dekabr 2008-ci il tarixli «Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında» Qaydalarına əsasən, əsas məbləği və faizləri yaxşı təmin edilmiş» və «yığılma prosesində olan» kreditlər istisna edilməklə kreditlərin qaytarılma müddətindən asılı olmayaraq, faizlərin və yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə, faizlərin hesablanması dayandırılır. Bu səbəbdən faizlər 90 gün müddətinə hesablanmalı olduğu halda, «Turanbank» sahibkara son günə qədər olan faiz borclarını yükləyir. Sumqayıt şəhər məhkəməsinin «TuranBankı»n hüquqlarını müdafiə edən Qətnaməsi ilə tam razılaşmayan Arif Məmmədov birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını, işə yenidən baxılmasını tələb edir və Apellyasiya Məhkəməsinə etdiyi şikayətə əlavə vəsatət qaldırır. Onun fikrincə, məhkəmə AR MPM-nin 14.1 maddəsinə əsasən, əsl həqiqətə nail olmaq üçün işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı idi: «Çox təəssüf ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmadan qətnamə çıxarmış və obyektiv nəticəyə gələ bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, «TuranBank» ASC-nin Sumqayıt filialı ilə «İnşaatçı» Tikinti Quraşdırma və Mexanizasiya Müəssisəsi arasında ilkin olaraq bağlanan müqaviləyə əsasən Bank borclarına bu müqavilənin şərtlərinə uyğun olaraq 24 ay müddətinə illik 20 faiz olmaqla 800 min manat məbləğində kreditdən istifadə limitini təyin edir. Alınmış hər kredit məbləği müqavilənin şərtinə görə alndığı tarixdən ən çoxu altı ay müddətinə qaytarılmalı idi. Həmin müqavilənin 1.3 bəndinə görə kredit müvafiq məbləğin borclarının hesabına köçürüldüyü gündən verilmiş sayılır… Mülki işin materiallarında həmin kredit müqaviləsi üzrə «TuranBank» tərəfindən bizim hesabımıza 800 min manatın verilməsi və ya köçürülməsi, habelə kredit borcunun və faizlərin qaytarılması barədə heç bir sübut yoxdur. Əslində isə 21 yanvar 2008-ci il tarixli kredit müqaviləsinə əsasən «TuranBank» «İnşaatçı» Tikinti Quraşdırma və Mexanizasiya Müəssisəsinin hesabına 800 min manatı müqavilə bağlanandan təxminən 2-3 ay müddətinə köçürmüşdü. Həmin kredit müqaviləsinə əsasən, hər ay illik 20 faizin aylıq payını qrafikə müvafiq olaraq «TuranBank»a tam ödənilmiş, qrafikdə göstərilmədiyinə görə əsas borc ödənilməmişdi.»
Mövzu diqqətimizdə olacaq…

İntiqam Adil

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button