«Vəhşi Azərbaycan»a hücum başladı!

 Avropadan tələblər, təhdidlər bir-birinin ardınca gəlir. ABŞ-ın ölkəmizdəki mövcud elçisi Metyu Brayzanın dəhşət saçan açıqlaması, ardınca bu ölkənin keçmiş səfiri Ross Uilsonun təhqir dolu bəyanatı, Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Ketrin Eştonun demokratiya tələbi və Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqin hesabatı…

Metyu Brayza Azərbaycanı xanlıqların idarə etməsini, iqtisadi monopoliyaları, iş adamlarına heç bir şərait yaradılmamasını püskürür, Ketrin Eşton ölkəmizdəki demokratiyanın vəziyyətini tənqid edir, Hammarberq insan haqlarındakı bərbad durumunu göstərən hesabatını yayır və… Ross Uilson bəyanat verir: «Dünyada Cənubi Qafqazdan vəhşi bir yer təsəvvür etmirəm!»

Cənubi Qafqazın üç respublikası içindən Gürcüstanı ayıran keçmiş səfir Azərbaycanı və Ermənistanı «vəhşi» kimi nişam verir.

Metyu Brayza öz təşəbbüsü iləmi belə bir çıxış etdi? Ross Uilson dünənə qədər niyə Azərbaycanın vəhşi olduğunu demirdi? Niyə məhz indi başladı «vəhşiliklər»in etirafı?

Çünki ABŞ qərar verdi; çünki Avropa artıq başqa dillə danışmaqdan ayrı yol görmür.

Azərbaycan hakimiyyəti ard-arda gələn bu tənqid dolu təhqiramiz bəyanatlara hətta ölkə daxilində belə cavab vermək iqtidarında deyil. Sanki dilləri tutulub, boğazları quruyub, özlərini itiriblər. Niyə cavab vermirlər? Niyə barəmizdə deyilən bu təhqir dolu tənqidlərə heç bir reaksiya yoxdur?

Nə deyəcəklər? Deyəcəklər ki, vəhşi deyilik?

Türkiyənin 5 ulduzlu otelinin restoranını gündə 3 dəfə, hər birində 80 min avro verməklə bağladan və 3 nəfərlik ailəsi ilə «rahat-rahat» yemək yeyən azərbaycanlı məmuru görəndə, Avropa nə fikirləşməlidir?

Bir milyon dollara ayı basıb yeyən, İsrailə getdiyi iki günlük səfərə 50 kilo quzu əti aparan, saxladığı cins itlərə hər gün 60 qoyun kəsdirən məmur və məmur balalarını görəndə Qərb nə düşünməlidir?

Dünyanın ən bahalı və ən çox əməkhaqqı alan şəhərlərindən 2-3 dəfə baha qiymətə yol tikməklə daşı, çınqılı, armaturu, taxtanı, asfaltı, körpünü, «yol ötürücüsü»nü, yep-yekə «Kamaz»ı, traktoru, ekskvatoru basıb yeyən məmurların mövcudluğunu görüb də Avropa Azərbaycana və azərbaycanlılara nə deməlidir?

Vətəndaşlarını – illərlə məskunlaşdığı xüsusi mülkünü başına uçurub küçələrə tökən və yerində turp əkdirən, «Qış bulvarı» tikdirən, nə var-nə var, ildə bir dəfə sürüşəcək deyə, Qusarda «Qış istirahət kompleksi» layihəsinə 2 milyard pul ayıran ölkəyə necə baxmalıdırlar?

Bu ölkədə hansı vəhşiliklər baş vermir ki! Bu məmləkətdə kimlərin hüquqları pozulmur ki! Dünya bunları müşahidə etmirmi? «Heç kim bizim daxili işlərimizə qarışa bilməz» ritarikası ilə dünyaya meydan oxumaq nə qədər davam etməlidir? Sivil bəşəriyyətin demokratiya çağırışlarını və tövsiyələrini nə qədər qulaqardına vurmaq olar? Dünya xəritəsində nöqtə kimi görünən 86 min kv.km.-lik bir ölkə – onun da 20 faizi işğal olunubsa – fövqəlgücləri strateji planlarındanmı daşındıracaq?

Qətiyyən! Bir tərəfdən israrlı demokratiya tələbləri, tənqid və təhqirlərlə hücum qərarı verilirsə, digər tərəfdən, Böyük Britaniyanın ən nüfuzlu şirkəti Azərbaycana «daha 31 milyard dollar» sərmayə qoyulacağını bəyan edir. Avropanın və Qərbin bu ölkədən «küsüb getmək» niyyəti yoxdur və onlar şirkətlərinin işləməsi üçün «normal iqtisadi mühitin» yaradılmasında israrlıdırlar. Azərbaycan Avropanın tərkib hissəsidir və istəsə də, istəməsə də bu coğrafi şəraitin iqtisadi-siyasi və hüquqi tələbləri ilə yaşamağa məhkumdur. Ölkənin torpağını torbalara doldurub Şərqə daşımayacaqlar ki? Hara gedə və neyləyə bilərlər?

Yalnız və yalnız «dünyanın heç bir yerində olmayan vəhşilikdən» əl çəkməyə məhkumdurlar. Zatən «vəhşilərin» qətliamı da başlayıb –  ya vəhşilər əhliləşəcək, ya da Avropa məkanında peyda olan və əhalini qorxuya salan canavarlar məhv ediləcək!

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button