«Valeh Məmmədov qoçuluq edir?!..»

«Botanika bağı» MTK rəhbəri mənzil satdığı gənc ailənin həyatını zəhərə çevirib…

Emin Hüseyn oğlu Abdullayev «Botanika bağı» MTK-dan 2006-cı il avqust ayının 29-da yeni mənzil alıb. Evin 78 kvadrat metr sahəsi var, iki otaqdan ibarətdir. Emin Abdullayev «Botanika bağı» MTK-dan evi pulsuz da almayıb. Hələ 2006-ci ildə, pulun pul vaxtı bir kvadrat metrinə 450 dollardan 35.000 dollar pul sayıb. Gənc ailədir, başının üzərində bir damı, yandırmağa bir işığı olsun deyə düz 35 min dollar saydığı evini təbii ki, sıfırdan götürüb. Yəni heç bir təmir işləri aparılmadan aldığı evi sonra yavaş-yavaş «dama-dama göl olar» misalı təmir edib araya-ərsəyə gətirib. Amma işlər bu qədər asan getsəydi nə vardı ki. İşlər asan getməyib və «Botanika bağı» MTK-nın işləkləri Emin Abdullayevi qəzet səhifələrinə qədər gətirib: ««Botanika bağı» MTK-nın rəhbərləri tam bir dələduzluq və fırıldaqçılıqla məşğuldurlar. Təsəvvür edin ki, müqaviləyə görə 2006-cı ildə hamı evinə köçməli idi. Mənzil sahibləri pullarını versələr də, düz 5 il gözləməli oldular. Elə işin türklər demiş, «çivisi» də burada çıxdı. Düz 5 il gözlədəndən sonra camaatın evlərini verdilər. Amma təbii ki, heç bir təmir işləri aparılmadan. «Botanika bağı» MTK-nın Valeh Qulu oğlu Məmmədov adlı sədri isə tam mənada «burada mənəm, Bağdadda kor xəlifə» deyir».

Valeh Məmmədov sözün bütün mənalarında reketçiliklə məşğuldur. Belə ki, bütün mənzillərin qazlaşdırmasını həyata keçirən bina rəhbəri təkcə Emin Abdullayevin evinin qazını qoşmur: «Bu adamla danışmağın başqa yolunu bilmirəm. Ağzımı açan kimi «get kimə istəyirsən şikayət elə» deyir. Məni təxribata çəkir və istəyir ki, əlimdən bir xəta çıxsın. Adam hamıdan mənzil başına 450 manat qaz sayğacı üçün pul yığıb. Mən bu pulu verməkdən imtina edirəm. Çünki prezidentin müvafiq sərəncamlarına görə, vətəndaşlar qaz sayğaclarının pulunu ödəməli deyillər. Yəni qazın sayğacını şirkətin özü ödəməlidir. Amma Valeh Məmmədov buradan da pul yığmağı qarşısına məqsəd qoyub və hamının pulunu qazını versə də, mənim mənzilimin sayğacının kartını vermir. Evdə körpə uşaqlar var və onların xəstələnməməsi üçün ayda nə qədər işıq pulu verirəm. İnanmazsınız, ayda 105-130 manat işıq pulu verirəm. Təsəvvür edin, gənc ailələr yeni mənzil alanda sevinirlər, amma mən sevinə bilmirəm. Evdə palto ilə yatmaq olar? Bəzən elə olur ki, palto ilə yatırıq»

İş-gücü yalnız pul qazanmaq olan və vətəndaşlarla bağladığı müqavilənin şərtlərinə əməl etməyən «Botanika bağı» MTK-nın sədri Valeh Məmmədov özünü binanın İdarə Heyətinin sədri təyin edib. Bu adam hər şey üçün pul yığır. Telefon üçün, işıq üçün, qaz üçün, nə bilim, ağlına gələn hər şey üçün. Adamda nə qədər tamah olar? Etiraz edən kimi də «mən hər şeyə pul verirəm, gedin kimə istəyirsiniz şikayət edin» deyir.

Emin Abdullayev çıxış yolunu ölkənin ali rəhbərliyinə müraciət etməkdə görüb. Prezident İlham Əliyevə, DİN Ramil Usubova və «Azəriqaz» ASC-nin sədri Əkbər Hacıyevə məktublar ünvanlayan gənc ailə başçısı heç bir yerdən cavab almayıb. Bizə danışan Emin sözlərini hələlik bunlarla bitirdi: «Daha kimə müraciət etməliyəm? Pul verib ev almışam. İndi mənim evimin qazı gəlmir. Sayğac başımın üzərində asılsa da, kartını vermirlər ki, istifadə edim. «Botanika bağı» MTK-nın direktoru Valeh Məmmədov isə qoçuluq edir. Bu tərəfdən də hörmətli Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev əhalini incitməmək haqqında sərəncam və tapşırıqlar verir. Bunlar da bizi veclərinə də almırlar. Neyləməli? Bəlkə siz mənə bir çıxış yolu göstərəsiniz?!»

Emin Abdullayevin şikayət məktubunu çapa hazırladıqdan sonra «Botanika bağı» MTK ilə əlaqə saxlamaq istədik. Valeh Məmmədovun bizdə olan telefon nömrələrinə zəng etdik. Valeh Məmmədov Emin Abdullayevin pulu ödəməli olduğunu bildirdi: «Emin pulu ödəməlidir. O, fiziki şəxs deyil ki, «Botanika bağı» MTK-nın payçısıdır. Hələ evin «kubça»sını alandan sonra o ev Emin Abdullayevin olacaq. Bu, ona bənzəyir ki, bir restoranda oturub yemək yeyəsən, amma pulunu ödəməkdən imtina edəsən. Müqavilə də elə bağlanıb. Məndə Eminin Prezident Administrasiyasına yazdığı məktubların cavabları var, orada da elə yazılıb.»

Valeh Məmmədovun açıqlamalarından sonra bir daha Emin Abdullayevin özü ilə əlaqə saxladıq. Emin Valeh Məmmədovun açıqlamalarına belə cavab verdi: «Mən payçıyamsa, o zaman gəlirə də ortaq olmalıyam, elə deyilmi? Mən necə payçı ola bilərəm ki, bu adam bizi soğan kimi soyur. Payçını soğan kimi soyarlar? Valeh Məmmədov 400 manat da orderin alınması üçün yığır. Ona payçı kimi bu pulu verməliyəm? Necə olur bu? Prezident Administrasiyasından gələn məktublara gəlincə, necə olur ki, mənə məktub gəlmir, amma Valeh müəllimə gəlir. Bəlkə mənə gələn məktubları da ona verirlər?»

Məsələnin ədalətli həlli üçün onu gündəmdə saxlamağa çalışacağıq…

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button