«Vikiliks» müxalifət liderlərinin gizli danışıqlarını açıqladı

Əli Kərimli, İsa Qəmbər, Lalə Şövkətin Heydər və İlham Əliyevlər haqqında heç vaxt yerli mediaya demədikləri açıqlandı

 “Qafqazinfo” «Vkiliks»də səfir Enn Dersiyə istinadən “Yox olmaqda olan Azərbaycan müxalifəti” adı altında 2009-cu ildə təqdim olunan materialının ikinci hissəsini tərcümə edib.

Materialda qeyd olunur: «Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov (guya heç bir partiyanı təmsil etmir) deyib ki, 70 illik sovet qaydalarında azərbaycanlıların hökuməti idarəetmədə təcrübələri var, lakin müxalifətin yox: “Bütün müxalifətin proqramı eyni görünür və onlardan heç birinin siyasi platforması yoxdur. Onların platformaları belədir; “Gəlin gedək meydanda nümayiş keçirək”.

 Sərdar Cəliloğlu 2008-ci ildə İlham Əliyevi dəstəkləyəcəyini deyib 

 Keçən bir neçə il ərzində çoxlu sayda kiçik partiyaların böyük eqoları olan lazımsız liderlərin ətrafında toplaşması nəticəsində müxalifət parçalanmağa davam etdi. Bəlkə də ən parlaq nümunə bu ildə Azərbaycan Demokratik Partiyasının parçalanması oldu. Partiya əvvəllər parlamentin keçmiş spikeri, sürgündə olan Rəsul Quliyevin ətrafında birləşmişdi, hansı ki, 2005-ci ildə Azərbaycana qayıtmaq üçün uğursuz cəhd etmişdi. ADP adını saxlayan partiyaya Quliyev rəhbərlik edir, keçmiş müavini Sərdar Cəlaloğlu isə yaxın vaxtlarda elan etmişdi ki, 2008-ci il prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Quliyev hazırda yerdə qalan bir neçə tərəfdaşı ilə birgə Açıq Cəmiyyət Partiyasını qurur ki, bununla da Quliyevin vətənə dönmək üçün daha bir potensial imkanı yaranmış olur.

Lalə Şövkət qeyd etdi ki, “İnsan sözünün üstündə durar. Əgər (Quliyev) geri qayıtmış olsaydı, o, bir neçə ilini həbsdə keçirəcəkdi və lider kimi ortaya çıxacaqdı. İndi isə o, heç kimdir”.

 «İlham Əliyev neft pullarını özü üçün istəyir, bu, narkotik kimi bir şeydir»

 Müxalifət liderləri onlara nisbi azadlıqla işləməyə icazə verən Heydər Əliyevin “qızıl dövrü”nü xatırlamağa tələsdilər. Onlar dəyişiklikləri İlham Əliyevin şəxsi zəifliyi və özünə inamsızlığının üstünə atırlar. «İlham Əliyevlə atası arasındakı fərq ondadır ki, İlham Əliyev neft pullarını özü üçün istəyir. Bu, narkotik kimi bir şeydir. Lakin Heydər Əliyev pulu şəxsi deyil, siyasi məqsədləri üçün alət kimi görürdü. Heydər Əliyev müxalifət liderlərini balanslaşdırmağı bacarırdı. Bu, onun üçün teatr kimi bir şey idi» – deyə Lalə Şövkət vurğulayıb. «O, başa düşürdü ki, demokratiyanın təqlidi vacibdir. İndi bizim təqlidimiz belə yoxdur» – Lalə Şövkət əlavə edib.

«Heydər Əliyev siyasi fəaliyyətə icazə verirdi»

 Əli Kərimlinin sözlərinə görə, hakimiyyət İlham Əliyevin şəxsi qorxularına görə müxalifəti boğmaq siyasətini yürüdür: “Heydər Əliyev siyasi fəaliyyətə icazə verirdi, lakin ona nəzarət edə bilirdi. O, Qərb məsələsində həmişə çox diqqətli idi. İlham Əliyev Qərb siyasi standartlarına malik olduğunu iddia edir, lakin reallıqda onun maraqları şəxsi və biznes yönümlüdür, qeyri-peşəkardır. O, debatlardan və mətbuat konfranslarından çəkinir və rəqabət istəmir”.

İsa Qəmbər isə əksinə, düşünür ki, İlham Əliyev neft gəlirləri ilə möhkəmlənib və onda atasında olmayan özünəinam hissi var. Qəmbər Rusiyanın sabiq Maliyyə Naziri Yegor Qaydarı sitat gətirib və qeyd edib ki, bu, eyni dərəcədə Azərbaycana da aiddir: “Bir ölkənin neft sərvəti artanda onun hökumətinin intellektual potensialı azalır”.

Qəmbər iddia edirdi ki, Heydər Əliyev əcnəbilərdən qorxurdu və beynəlxalq ictimaiyyət tərəfindən təyin olunan sərhədlərə qədər gedə bilirdi. Onun oğluna isə pulları sayəsində beynəlxalq ictimaiyyətin təsir qüvvəsi daha da azalır.

 Müxalifətin demokratikliyi şübhəlidir

 Azərbaycan hökuməti göründüyü kimi “radikal» adlanan Müsavat, Xalq Cəbhəsi, Liberal kimi partiyaları əvəzləmək və alternativ müxalifət yaratmaq üçün artıq bir neçə ildir ki, davamlı olaraq çalışır. Onlar müntəzəm olaraq hökumət mövqelərini dəstəkləyirlər. Ana Vətən Partiyası 2006-cı ildə prezident səlahiyyətlərinin müddətinin yeddi ilə qədər uzatmaqla bağlı təklif irəli sürür. Digər əsas müxalifət partiyaları kimi, bu yeni “cib müxalifət” qrupu da qaranlıq maliyyəsi və təmtəraqlı avtomobilləri ilə xalqın gözündə inamı itiriblər».

Sonda şərh verən səfir Enn Dersi ənənəvi müxalifətin gücünü itirdiyini yazıb, hətta güclü dövlət təzyiqi olmadan belə, onların əksər azərbaycanlıların gözündə legitimliklərini itirdiklərini qeyd edib. Səfir onların daxili dayaqlar tapmaq yerinə vaxtlarının çoxunu özlərinin beynəlxalq görünüşlərinə sərf etdiyini bildirib: «Onlar hökuməti korrupsiyada ittiham edirlər, lakin özləri izah edə bilmirlər ki, öz məhdud fəaliyyətlərini necə maliyyələşdirirlər. Ana müxalifət partiyalarından heç biri yeni lider yetişdirmir, bu, onların təşkilatlarını idarəetmədə nə qədər demokratik olmaları ilə bağlı sual doğurur».

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button